Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının akt zalında “İnkişaf edən Azərbaycan gənclərinin həyatında multikulturalizmin, dini dözümlülüyün və tolerantlığın yeri” adlı tədbir keçirilib.
Öncə multikulturalizmi, tolerantlığı və dini dözümlülüyü özündə əks etdirən sənədli qısametrajlı film izlənilib.
Sonra çıxış edən YAP Sumqayıt şəhər təşkilatı sədrinin gənclərlə iş üzrə müavini Elmar Xəlilov multikulturalizm, tolerantlıq və dini dözümlülük haqqında məlumat verərək bildirib ki, müasir dövrdə Azərbaycan multikulturalizmin əsas mərkəzlərindən biridir. Bu gün Azərbaycanda multikulturalizm dövlət siyasətidir. Multikulturalizmin ölkəmizdə dövlət siyasəti kimi formalaşması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu siyasət dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Natiq vurğulayıb ki, Prezident İlham Əliyevin 2016-cı ili “Multikulturalizm ili” elan etməsi ölkəmizdə böyük ruh yüksəkliyi ilə qarşılanıb. Bu, beynəlxalq aləmdə müsbət qarşılanaraq yüksək dəyərləndirilib: “Biz bir daha öz milli-mənəvi, tarixi dəyərlərimizi dünya ictimaiyyətinə çatdırmaq şansı əldə etdik. Həmçinin bir daha özümüzün özümüzə nəzər salmaq fürsətimiz oldu, öz imkan və arzularımızı bir daha reallıqla uzlaşdırmağa çalışdıq”.
YAP Sumqayıt şəhər təşkilatı sədrinin təşkilati məsələlər üzrə müavini Vəzirxan Ənsərov bidirib ki, ulu öndər Heydər Əliyev ilk növbədə multikulturalizmin siyasi modelinin assimilyasiya və izolyasiya kimi digər mümkün siyasi modellərdən üstün olduğunu bütün dünyaya nümayiş etdirib. “Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Biz bunu qiymətəndiririk və qoruyub saxlayacağıq” deyən ulu öndər bütün siyasi fəaliyyətində bu sərvətin əbədi olmasına diqqət yetirib.
Tədbirdə bildirilib ki, tolerantlıq xalqımızın həyat tərzidir. Nümunəvi birgəyaşam norması başqa millətlərin və dinlərin nümayəndələrinin iştirakı ilə ölkəmizdə keçirilən beynəlxalq forumlar və konfranslar vasitəsilə dünyaya uğurla təqdim edilir.
Akif ƏLİYEV,
“Azərbaycan”