Alternative content

06:41 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Şagirdlərinin xoş sorağını alanda qürurlanırdı
Şagirdlərinin xoş sorağını alanda qürurlanırdı
ANA SƏHİFƏ / Təhsil
12:08 18.08.2018

 

Müəllim elmi üstün olan, təhsil verən böyük örnək, qəlblərdə əbədi həyat quran şəxsiyyətdir. Şagirdlərinin parlaq gələcəyi naminə həvəslə çalışan və ömründən ömürlərə pay verən, qəlblərə nur çiləyən müəllim ömrü elə bir ömürdür ki, gözlərinin nurunu, ürəyinin hərarətini təmənnasız olaraq şagirdləri ilə paylaşır, onların gələcək həyat yollarında nurlu mayaka çevrilir. Çəkdiyi zəhmətin bəhrəsini gördükcə, sevimli şagirdlərinin xoş sorağını aldıqca qəlbi fərəhlənir, ürəyi qürurla dolur.

Ömrünün düz 55 ilini gənc nəslin təlim-tərbiyəsinə həsr etmiş Məmməd Hüseynov müəllim sənətinin adını ucaldan xoşbəxt insanlardan biridir. O, şagirdlərinin yolunda ömrünü şam kimi əridən, onların parlaq gələcəyi naminə həvəslə çalışan və ömründən ömürlərə pay verən, qəlblərə nur çiləyən müəllim idi.
Hüseynov Məmməd İman oğlu 1930-cu ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Nüs-Nüs kəndində dünyaya göz açıb. Məmmədin də uşaqlıqdan təhsilə böyük marağı yaranıb və bu həvəs onun gələcək yoluna işıq saçıb. 1950-ci ildə Məmməd Hüseynov Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin məntiqi-psixologiya şöbəsinə qəbul olaraq tələbəlik həyatına başlayır. Çox keçmədən bütün fakültə onun istedadlı bir gənc olduğunu anlayır. Düz 5 il şəkli şərəf lövhəsini bəzəyən Məmməd Hüseynov universitetin ictimai və elmi həyatı üçün həqiqətən bir tapıntı idi. Onun ilk tədqiqatları da hər kəsin diqqətini cəlb edir. Universitetin elmi nəşrlərində dərc olunan tədqiqatları müəllimlərin böyük marağına səbəb olur. Məhz bu istedadı onu daha çox tanıtmağa başlayır və o, bacarığı sayəsində universitetin tələbə elmi cəmiyyətinin sədri, Azərbaycan ədəbiyyatı dərnəyinin rəhbəri seçilir.
Ali məktəbi fərqlənmə diplomu ilə bitirən gənc Məmmədə universitetdə qalıb işləmək təklif olunur. Ancaq qəfil xəstələnməsi onu doğma yurduna qayıtmaq məcburiyyətində qoyur.
Ordubad rayonunun Dəstə kənd orta məktəbində müəllim kimi fəaliyyətə başlayan M.Hüseynovun sənətinə vurğunluğu və peşəkarlığı burada da tezliklə özünü büruzə verir və bunun nəticəsi kimi cəmi 4 ay sonra həmin məktəbin direktoru təyin olunur. Məmməd müəllim bu məktəbdə 8 il çalışır. Gənc direktor işlədiyi müddətdə bir çox yeniliklərə imza atır, nizam-intizamı gücləndirir və tədrisin keyfiyyətini yüksəltməyə nail olur. Tezliklə bütün rayonda onun təcrübəsindən, bacarığından, uğurlarından danışılır və yetirmələrinin müxtəlif institutlara daxil olması, sonra isə onların elmin müxtəlif sahələri üzrə fəaliyyətlərini davam etdirərək elmi ad almaqları Ordubad rayonunda ona böyük nüfuz qazandırır.
Təhsildə əldə etdiyi uğurlarını nəzərə alan Naxçıvan Muxtar Respublikası Maarif Nazirliyi tərəfindən Məmməd müəllim Ordubad-Culfa birləşmiş rayonlararası Maarif şöbəsində metodkabinetin müdiri təyin edilir. Bir ildən sonra Məmməd müəllim Ordubad şəhərindəki 3 saylı orta məktəbə, daha sonra isə rayon təhsilinin flaqmanı olan Məmməd Tağı Sidqi adına 1 saylı tam orta məktəbə tədris işləri üzrə direktor müavini göndərilir. İxtisasca Azərbaycan dili və ədəbiyyatı müəllimi olan Məmməd Hüseynov həmin məktəbdə 35 il fasiləsiz olaraq çalışır.
M.T. Sidqi adına Ordubad şəhər 1 saylı tam orta məktəbi Azərbaycanın ən qədim təhsil ocaqlarından biridir. 150 il bundan qabaq böyük maarifçi şair M.T.Sidqi tərəfindən yaradılmış bu təhsil ocağını xalq arasında “Ordubad akademiyası” adlandırırlar. Məktəbin məzunları arasında 15 akademik, 250-dən artıq elmlər doktoru və elmlər namizədi vardır.
Bu məktəbdə görkəmli pedaqoqlar - Bəşir İsmayılov, Şərəf Əkbərova, Mirağa Rəhimov, Qulam Əhmədzadə, Əkbər Quluzadə, Oruc Əkbərov, Oruc Əliyev, İslam Əkbərov, Həmdi Abdullayev, Xanım Əsgərova, Şəmsi Kərimova, Xumar Abbasova, Qəmər Sadıqzadə və başqaları elmin sirlərini yorulmadan şagirdlərə öyrətmiş, nəinki Ordubad rayonunda, eləcə də ölkə miqyasında ad-san qazanmışlar. Ömrünün 55 ilini gənc nəslin təlim-tərbiyəsinə həsr etmiş Məmməd Hüseynovun adı da bu siyahıda xatırlanır.
M.T.Sidqi adına məktəbdə çalışdığı müddətdə təhsil sahəsində əldə etdiyi uğurlara görə Məmməd Hüseynov Naxçıvan Maarif Nazirliyi tərəfindən “Qabaqcıl maarif xadimi” fəxri adına layiq görülüb və Naxçıvan Ali Sovetinin Fəxri fərmanı ilə təltif olunub.
Məmməd müəllim yerini bilən, özünə və ətrafdakılara qiymət verməyi bacaran, çəkinmədən sözü mərdi-mərdanə üzə deyən, təmiz qəlbli, möhkəm iradəli bir insan olub. Onunla birlikdə çalışmış pedaqoqların fikirləri də deyilənləri bir daha təsdiqləyir. İş yoldaşı Məmməd Sadıqovun sözlərinə görə, M.Hüseynov sadə, təvazökar insan olmaqla yanaşı, həm də tələbkar, şagirdlərini çox sevən müəllim idi. Şagirdlərin təlim-tərbiyəsində aşkar etdiyi nöqsanlarla heç vaxt barışmaz, çalışqanlardan isə nəvazişini əsirgəməzdi. O, xeyirxah insan kimi hər zaman hamının köməyinə çatmağa çalışar, gənclərə daim yardım edər, qayğı göstərərdi. Məhz bu keyfiyyətlərinə görə də o, çalışdığı kollektivin, geniş ictimaiyyətin rəğbətini qazanmışdı. Məmməd müəllimlə birgə çalışmaq xoş idi. Bu sadə insan öz mənalı ömrünü gənc nəslin təlim-tərbiyəsinə həsr etməkdən böyük zövq alırdı. Elə bir ictimai iş olmazdı ki, Məmməd müəllim öncüllər sırasında olmasın. Ötən əsrin 70-ci illərində 1 saylı məktəbdə baş vermiş qəza zamanı həyatını riskə ataraq onlarla şagirdi ölümün pəncəsindən xilas etməsi heç vaxt xatirələrdən silinməyəcək.
Uzun illər Məmməd müəllim və onun həyat yoldaşı Xanım Əsgərova ilə birlikdə çalışan riyaziyyat müəllimi Xumar Abbasova onları belə xatırlayır: “Bu gözəl insanlar çoxsaylı şagirdləri ilə bərabər, övladlarını da kamil bir vətəndaş kimi yetişdirə biliblər. Valideynlərinin çalışdığı məktəbdə onların 4 övladı təhsil alaraq elmin müxtəlif sahələri üzrə aparıcı mütəxəssis kimi formalaşmışlar”.
Məktəbin digər bir müəllimi Şərqiyyə Əsgərova isə Məmməd və Xanım müəllim ilə birlikdə çalışdığı üçün özünü çox xoşbəxt sayır: “İşlədiyim illər ərzində onlar mənim üçün örnək olublar. Mən bu insanlardan əsl pedaqoqluğun nə demək olduğunu öyrənmişəm”.
Məmməd Hüseynov hələ Dəstə kənd orta məktəbində işləyərkən onunla birlikdə çalışan biologiya müəllimi Xanım Əsgərovaya könül verib ailə həyatı qurur. 1932-ci ildə Ordubad şəhərində doğulan Xanım Əsgərova Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsinin məzunu idi. Dəstə kənd orta məktəbindən sonra Xanım müəllimə Məmməd Tağı Sidqi adına Ordubad şəhər 1 saylı tam orta məktəbində 27 il ömür-gün yoldaşı Məmməd Hüseynovla birlikdə çiyin-çiyinə çalışıb. Qəlbən bir-birinə bağlanan bu cütlük xoşbəxt ailə həyatı sürürlər. Onların bir-birinə qarşı davranışları gənc ailələr üçün əsl örnək idi. Onların üç oğlan və bir qız övladı dünyaya göz açır.
Hüseynovlar ailəsinin övladları da valideynlərinin çalışdıqları M.T.Sidqi adına Ordubad şəhər 1 saylı tam orta məktəbdə təhsil alıblar. Hər zaman müəllim valideynləri ilə fəxr edən bu uşaqlar da məktəbi əla qiymətlərlə bitiriblər. Müəllimlər öz övladlarında da təhsilə böyük maraq yaratmağa nail olublar. Məhz bunun nəticəsidir ki, onlar elmin çətin yolları ilə inamla addımlayaraq həyatda böyük uğurlara müvəffəq olublar. Onlarda da zəhmətkeşlik, elmə sonsuz sevgi, insanpərvərlik və sadəlik xüsusi yer tutur.
Ailənin ilki - mərhum Nazim Hüseynov Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib. Tələbəlik illərindən fəlsəfə elminə böyük maraq göstərən Nazim böyük şair, sərkərdə, Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətainin elmi irsini tədqiq edib. O,1998-ci ildə dissertasiya işini müdafiə edərək fəlsəfə elmləri namizədi elmi dərəcəsini alıb. N.Hüseynov uzun illər AMEA-da müxtəlif vəzifələrdə çalışıb.
Hüseynovlar ailəsinin digər üzvü Azər Hüseynov Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun məzunudur. İqtisad elmləri namizədidir. Hazırda Azərbaycan İqtisad Universitetinin müəllimidir. Böyük elmi əsərlərin müəllifidir.
Ailənin yeganə qız övladı akademik İradə Hüseynovanın adı elmi ictimaiyyətə yaxşı tanışdır. İradə Hüseynova 1987-ci ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsini fərqlənmə diplomu ilə bitirərək AMEA-nın Botanika İnstitutunun “Molekulyar biologiya” ixtisası üzrə aspiranturasına daxil olub və 1994-cü ildə namizədlik dissertasiyasını müdafiə edib.1990-cı ildən Botanika İnstitutunun Məhsuldarlıq proseslərinin molekulyar-genetik əsasları şöbəsində kiçik elmi işçidən laboratoriya müdiri vəzifəsinə kimi yüksəlib. 2004-cü ildə doktorluq dissertasiyasını müdafiə edib, 2007-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilib. 2016-cı ildə AMEA-nın Molekulyar Biologiya və Biotexnologiya İnstitutunun direktoru vəzifəsinə təyin olunub. 2018-ci ildə AMEA-nın vitse-prezidenti vəzifəsinə seçilib. Alim 350-dən artıq elmi əsərin, o cümlədən 3 monoqrafiyanın, çoxsaylı kitab fəslinin, bukletlərin müəllifidir. Rəhbərliyi altında onlarla fəlsəfə və elmlər doktoru, magistrlər yetişib.
Ailənin sonbeşiyi Elçin Hüseynov Azərbaycan Tibb Universitetini bitirib. O, 2004-cü ildə Ukraynanın paytaxtı Kiyev şəhərində yerləşən Epidemiologiya və Yoluxucu Xəstəliklər İnstitutunda “Malyariyanın Azərbaycan Respublikasında diaqnostikası, müalicəsi və profilaktikası” mövzusunda dissertasiya müdafiə edərək tibb elmləri namizədi elmi dərəcəsini alıb. İnsanların sağlamlığının keşiyində dayanan Elçin Hüseynov bu sahədə böyük uğurlar qazanıb. E.Hüseynov hazırda Bakı şəhəri 19 saylı Birləşmiş şəhər xəstəxanasının baş həkimidir. Doktorluq işi üzərində çalışır. Elçinin qızı Əsmər ailə ənənələrini uğurla davam etdirir. O, bu il BDU-nun biologiya fakültəsini qırmızı diplomla bitirərək universitetin magistraturasına daxil olub.
Ümumiyyətlə, hər bir insanın həyat yolunu onun mənəvi dünyası, xarakteri müəyyən edir. Bəşər övladının mahiyyəti, mənəvi keyfiyyətləri onun əməllərində, fəaliyyətində real təcəssümünü tapır. Dərk edilmiş məsuliyyətdən irəli gələn bu fəaliyyət həm də şəxsiyyət ucalığına qovuşmuş bu insanların cəmiyyətdəki layiqli mövqeyini, ictimai statusunu müəyyənləşdirir. Yəqin elə buna görədir ki, xeyirxah və alicənab insan kimi tanınaraq ömrün kamillik zirvəsinə yetişmək, bu dünyada iz qoymaq xoşbəxtliyi heç də hamıya nəsib olmur.

Bəxtiyar ƏZİZLİ,
“Azərbaycan”