17 Avqust 2018 06:08
110
CƏMİYYƏT
A- A+

Baş Prokurorluq, DİN və DTX Gəncə hadisələri ilə bağlı birgə məlumat yayıblar

Xəbər verdiyimiz kimi, iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı, iyulun 10-da isə Gəncədə kütləvi iğtişaş törətməklə həmin terror aktını dəstəkləyən radikal diniyönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşına zor tətbiq etməklə qətlə yetirməsi və sair faktlar üzrə cinayət işi başlanılaraq istintaq aparılır.

Respublika Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətlərinin AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilir ki, davam etdirilən prosessual araşdırmalar və əməliyyat-axtarış tədbirləri ilə iyulun 3-də törədilmiş cinayətin icraçısı, hazırda həbsdə olan Yunis Səfərovun yaxın münasibətdə olduğu Eldar Orucov, Azər Əliyev, Mahir Əzizov ilə birlikdə Azərbaycanda şəriət qaydaları ilə idarə edilən dövlət qurmaq niyyəti ilə hökumət orqanlarına qarşı partizan müharibəsi aparmaq qərarına gəldikləri müəyyən edilib. Bu məqsədlə onlar 2012-ci ildə xarici ölkələrdən birində döyüş təlimi keçmiş və həmin ilin yaz aylarında Gəncə şəhərinə gələrək şəhər sakini, hazırda həbsdə olan Hamlet Abdullayevdən 1 ədəd "Kalaşnikov" markalı avtomat silah və 1 ədəd "Makarov" markalı tapança alıblar. Lakin həmin dövrdə planlaşdırdıqları cinayətkar əməllər baş tutmadığından silahları Hamlet Abdullayevə qaytarıb ölkəni tərk ediblər.

Dini radikalizmə meyilli Hamlet Abdullayev həmin silahları və "Marqulin" markalı daha 1 ədəd tapançanı onunla eyni radikal dini baxışları bölüşən və 2018-ci il iyulun 21-də keçirilmiş xüsusi əməliyyat zamanı silahlı müqavimət göstərdiyinə görə məhv edilmiş Anar Bağırovla birgə Gəncə şəhər sakini Pərviz Bayramovdan və 2015-ci ildə avtomobil qəzasında ölmüş Məhəmməd Əzizovdan 500 manata alıb.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı terror aktı törətməkdə təqsirləndirilən Yunis Səfərov həmin silahları müvəqqəti qaytardıqdan sonra Hamlet Abdullayev "Makarov" tapançasını pul müqabilində Pərviz Bayramova və "Kalaşnikov" avtomatını dayısı, Gəncə şəhər sakini Aydın Qurbanova vermiş, "Marqulin" markalı tapança isə Anar Bağırovda qalıb.

Aydın Qurbanovun və Anar Bağırovun gizlətdikləri silahların və sursatın yerinin müəyyən edilməsi məqsədilə onların Gəncə şəhərində qeydiyyatda olduqları ünvanlarda axtarış aparılıb. Nəticədə Aydın Qurbanovun yaşadığı binanın çardağından "Kalaşnikov" avtomatı, ona aid 56 ədəd patron və 1 ədəd sandıqça, Anar Bağırovun yaşadığı binanın zirzəmisindən "Marqulin" markalı tapança, ona aid 47 ədəd patron, 132 ədəd avtomat patronu, "Teksun" yağ qabının içində gizlədilmiş daha 273 ədəd avtomat və tapança patronu, 8 ədəd sandıqça, habelə mənzilindən radikal dini məzmunlu materiallar olan və faşizmi təbliğ edən 36 ədəd kompakt disk aşkar edilərək götürülüb.

Aydın Qurbanov və Pərviz Bayramov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.3-cü (mütəşəkkil cinayətkar dəstə tərəfindən qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə, başqasına vermə, satma, saxlama, gəzdirmə, daşıma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

Müvafiq cinayət işi üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri intensiv surətdə davam etdirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video