17 Avqust 2018 12:08
87
CƏMİYYƏT
A- A+

Əsgər Fəhmin Əbilovun ölümü ilə əlaqədar üç nəfər barəsində həbs qətimkan tədbiri seçilib

Avqustun 8-də Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsindən Qarabağ Hərbi Prokurorluğuna həmin hərbi hissənin əsgəri Fəhmin Əbilovun avtomat silahdan atəş açaraq özünü öldürməsi barədə məlumat daxil olub. Həmin məlumat əsasında Qarabağ Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən dərhal hadisə yerinə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, şahidlərin dairəsi müəyyənləşdirilərək izahatları alınıb. Silahlı Qüvvələrin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya (MTE və PA) Mərkəzi tərəfindən meyitin müayinəsi aparılıb.

Azərbaycan Respublikası Hərbi Prokurorluğunun mətbuat xidmətinin AZƏRTAC-a daxil olan məlumatında bildirilir ki, həmin tarixdə Qarabağ Hərbi Prokurorluğunda fakta görə Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Zərərçəkmiş şəxsin valideynləri və yaxın qohumları tərəfindən Silahlı Qüvvələrin MTE və PA Mərkəzində aparılmış müayinənin obyektivliyi şübhə altına alındığından, cinayət işinin istintaqı Azərbaycan Respublikası Baş Prokurorluğunun rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülərək işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasının təmin olunması məqsədilə istintaqın davam etdirilməsi respublika hərbi prokurorunun müavininə tapşırılıb, istintaq qrupu yaradılaraq hadisənin baş verdiyi hərbi hissəyə ezam olunub.

Avqustun 9-da Səhiyyə Nazirliyinin MTE və PA Elmi-Təcrübi Tədris Birliyində təcrübəli ekspertlər tərəfindən mərhumun yaxın qohumlarının iştirakı ilə meyitin təkrar müayinəsi aparılıb.

İlkin istintaqla müəyyən edilib ki, əsgər Əbilov Fəhmin Akif oğlu xidmət müddətində müxtəlif vaxtlarda post başçısı gizir Xəlilov Elmir Rəsul oğlu və həmin postun əsgərləri Tanrıverdiyev Sənan Səbuhi oğlu və Arazov Rəşad Xəqani oğlu tərəfindən zorakı və qanunsuz hərəkətlərə məruz qalıb. Həmçinin müəyyən edilib ki, avqustun 8-də saat 11:45-də növbədə olan əsgər S.Tanrıverdiyev xidmət yerindən vaxtından əvvəl çıxıb silahını nəzarətsiz qoyub. Bundan istifadə edən əsgər F.Əbilov həmin silahı götürüb özünü öldürüb.

Aparılmış ilkin istintaqla kifayət qədər sübutlar toplandığı nəzərə alınaraq üç hərbi qulluqçu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib. Əsgər S.Tanrıverdiyevə Cinayət Məcəlləsinin 230-cu (odlu silahı diqqətsiz saxlama), 332.2.1-ci, 332.2.3-ci (tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma), 338.1-ci (döyüş növbəsi çəkmə qaydalarını pozma) və 341.3-cü (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə), əsgər R.Arazova Cinayət Məcəlləsinin 332.2.1-ci və 332.2.3-cü, gizir E.Xəlilova isə həmin məcəllənin 331.2-ci, 341.2.3-cü və 341.3-cü maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Avqustun 13-də zərərçəkmiş şəxsin atası Akif Əbilov Azərbaycan Respublikası Baş Prokurorluğunun rəhbərliyi tərəfindən qəbul edilib. A.Əbilov cinayət işi üzrə istintaqın gedişi barədə məlumatlandırılıb, ona istintaqın tam, hərtərəfli və obyektiv aparılaraq övladının ölümündə təqsirli olan bütün şəxslərin cinayət məsuliyyətinə cəlb edilərək barələrində qanuna müvafiq tədbirlərin görüləcəyi bildirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video