Alternative content

09:46 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan regional əməkdaşlıq üçün əvəzolunmaz ölkəyə çevrilib
Azərbaycan regional əməkdaşlıq üçün əvəzolunmaz ölkəyə çevrilib
ANA SƏHİFƏ / SİYASƏT
01:08 17.08.2018

 

Abşeron Logistika Mərkəzi ölkəmizin iqtisadi tərəqqisinə böyük töhfə verəcək

 

Əlverişli coğrafi mövqe, son illər nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, həyata keçirilən irimiqyaslı layihələr Azərbaycanın tranzit və yükdaşıma potensialından daha səmərəli istifadə etməklə bu sahədən daxil olan gəlirlərin həcminin artmasına geniş imkan yaradır.
Qeyri-neft sektorunun inkişafı üzrə prioritet sahələrdən biri kimi logistika iqtisadiyyatın bütün digər sektorlarının bir-biri ilə əlaqələndirilməsində mühüm amil kimi çıxış edərək, bu sektorların irəliləməsində təkanverici qüvvə rolunu oynayır. Ümumi iqtisadi tərəqqi baxımından logistika sektorunun gücləndirilməsinin labüdlüyü və mövcud potensial nəzərə alınaraq bu sahədə mühüm hədəflərə nail olmaq qarşıya məqsəd kimi qoyulub.

 

Bütün işlər Strateji Yol Xəritəsinə uyğun həyata keçirilir

 

Öncə onu vurğulayaq ki, Azərbaycanın 2020-2025-ci illər və 2025-ci ildən sonrakı dövr üçün qısa, orta və uzunmüddətli perspektiv istiqamətlərini müəyyən edən “Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”ndə bu sahə üzrə inkişaf perspektivini özündə əks etdirən strateji məqsəd və hədəflərlə yanaşı, həmin məqsəd və hədəflərə nail olmaq üçün bir sıra prioritetlər göstərilib, habelə əsas və digər icraçıların, icra müddətlərinin, nəticə indikatorlarının əks olunduğu təfsilatlı tədbirlər planı hazırlanıb.
Regionda əhəmiyyətli logistika və ticarət qovşağına çevrilmək məqsədilə ölkənin strateji coğrafi mövqeyindən səmərəli istifadə edilməklə, tranzit yüklərin ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinə cəlb olunması, bölgələrdə logistika və ticarət mərkəzlərinin yaradılması, həmçinin ölkənin cəlbediciliyinin artırılması qarşıya qoyulan əsas məqsədlərdir.
Strateji Yol Xəritəsində göstərilir ki, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində Azərbaycanın rəqabətqabiliyyətliliyini təmin etmək üçün idxal-ixrac əməliyyatlarına və tranzit yüklərin daşınmasına sərf olunan vaxt və xərclər optimallaşdırılmalı, sərhəd keçid prosedurları sadələşdirilməli və bu sahədə digər vacib addımlar atılmalı, beynəlxalq dəhlizlər boyu yol infrastrukturu genişləndirilməli, yenidənqurma işləri və tikinti layihələri başa çatdırılmalı və beynəlxalq standartlara uyğunlaşdırılmalıdır.

 

Hədəf 2025-ci ilədək 5-6 logistika və ticarət mərkəzi yaratmaqdır

 

Bundan başqa, ticarət həcminin artırılması məqsədilə Azərbaycanda logistika və ticarət sahəsinin inkişafı istiqamətində bir sıra təşəbbüslərin həyata keçirilməsi, o cümlədən ölkənin regional əhəmiyyətli logistika və ticarət qovşağı kimi aparıcı rolunun təmin edilməsi, logistika və ticarət fəaliyyətinin təkmilləşdirilməsi nəzərdə tutulur.
Ümumiyyətlə, iki əsas ticarət marşrutu - Şimal-Cənub, Şərq-Qərb üzərindəki əlverişli mövqeyindən istifadə etməklə Azərbaycanın mühüm regional əhəmiyyətli logistika və ticarət qovşağına çevrilmək potensialı vardır ki, bu da regional logistika və ticarət gəlirlərində ölkənin payının artırılmasına imkan verəcək.
Yol xəritəsində nəzərdə tutulan əsas istiqamətlər logistika və liman xidmətləri də daxil olmaqla Azad Ticarət Zonasının fəaliyyətinin təşkili, Azərbaycanda 5 və ya 6 logistika və ticarət mərkəzinin yaradılmasıdır. Bu mərkəzlərdən dördü 2020-ci ilədək tamamlanmalıdır.
Xatırladaq ki, iki il öncə, 2016-cı il mart ayının 17-də Prezident İlham Əliyev Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla Azad Ticarət Zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamın əsas məqsədi iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, Azərbaycanın logistika və nəqliyyat mərkəzi kimi mövqeyinin gücləndirilməsi, ölkədə çoxşaxəli nəqliyyat infrastrukturunun yaradılmasıdır. Hazırda mərkəzin təşkili istiqamətində ciddi işlər görülür. Azad İqtisadi Zonanın yaranması həm Bakının beynəlxalq qovşağa çevrilməsinə, həm də bir çox sənaye sahələrinin inkişafına mühüm təkan verəcək.
Prezident İlham Əliyev bu mərkəzlə bağlı fikir səsləndirərkən qeyd edib ki, belə layihələrin həyata keçirilməsi təkcə Azərbaycana iqtisadi mənfəət gətirməyəcək, ölkəmiz nəqliyyat potensialından çox böyük səmərə ilə istifadə edərək öz iqtisadi vəziyyətini daha da yaxşılaşdıracaq: “Bu layihələr Azərbaycanın geosiyasi önəmini böyük dərəcədə artırır. Azərbaycan Avrasiya məkanında regional əməkdaşlıq üçün əvəzolunmaz ölkə kimi öz fəaliyyətini davam etdirəcək”.

 

Tranzit prosedurları asanlaşdırılır və daha da təkmilləşdirilir

 

Ölkəmizin tranzit daşımaları sahəsində potensialından daha geniş və səmərəli istifadə edilməsi məqsədilə dövlət başçısının 21 oktyabr 2015-ci il tarixli fərmanı ilə Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası yaradılıb.
Koordinasiya şurasının əsas vəzifələri daşımaların vahid prinsip və şərtlərinin müəyyən olunması, tariflərin optimallaşdırılması, daşıyıcılar ilə dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, şəffaflığın təmin olunması, tranzit prosedurlarının asanlaşdırılması və təkmilləşdirilməsi, onların sayının və müddətinin azaldılması, tranzit yükdaşımalar sahəsində tam əlverişli sistemin tətbiqi, yüklərin daşındığı ölkələr və aidiyyəti qurumlar arasında əməkdaşlığın genişləndirilməsi, ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinin təşviqindən ibarətdir. Bu qurum mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi və fiziki şəxslər tərəfindən tranzit yüklərlə bağlı dəmir yolları və dəniz nəqliyyatı ilə tranzit yükdaşıma, dəniz limanları və dəniz terminalları xidmətlərinin göstərilməsinə görə tariflərin dövlət tənzimləməsini həyata keçirir, bu sahədə daşıma prosesinin bütün iştirakçılarının fəaliyyətini əlaqələndirir.

 

Xarici ölkələrdə yaradılan logistika mərkəzlərinin əhəmiyyəti

 

Həm Bakı-Tbilisi-Qars dəmir yolunun, həm də Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovşağında yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin fəaliyyətə başlaması Azərbaycanın tranzit imkanlarını daha da genişləndirib.
Ölkəmizin tranzit imkanları ilə bağlı fikir səsləndirərkən Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Xəzər dənizinin nəhəng enerji ehtiyatlarını dünya bazarlarına çıxaran ilk ölkədir. Xəzər dənizinin şaxələndirilmiş boru kəmərləri sistemi vasitəsilə Qara və Aralıq dənizləri ilə birləşdirilməsi ölkəmizin ən mühüm nailiyyətlərindəndir. Üstün coğrafi mövqeyə malik olan Azərbaycan etibarlı nəqliyyat dəhlizinin yaradılması istiqamətində mühüm işlər görür.
Tranzit imkanlarını genişləndirən Azərbaycan dövləti ölkə daxilində olduğu kimi, qonşu ölkələrlə sərhədlərdə də logistika mərkəzləri yaradır. Bunun bariz nümunəsi kimi Qazaxıstanın Aktau limanında tikilən Logistika Mərkəzini göstərə bilərik. Təməli 2014-cü ilin 28 iyun tarixində qoyulan və 2015-ci ilin dekabrında fəaliyyətə başlayan bu mərkəzin ümumi anbar sahəsi 8730 m2 olan quru və soyuducu anbarlar və digər infrastrukturdan ibarətdir. Dəyəri 20 milyon dollar olan Logistika Mərkəzi Almaniya, Niderland, İtaliya, Yaponiya və Türkiyə istehsalı olan müasir sistemlər, müxtəlif anbar avadanlıqları, iri və xırdatonnajlı nəqliyyat vasitələri ilə təchiz edilib. Bu, Azərbaycanın xarici ölkələrdə ilk Logistika Mərkəzidir. Logistika Mərkəzi Azərbaycanda istehsal olunan sənaye, kənd təsərrüfatı və ərzaq məhsullarının Qazaxıstan və digər Mərkəzi Asiya ölkələrinə, həmçinin Qazaxıstan mallarının ölkəmizə ixracı üçün əlverişli şərait yaradır. Azərbaycan və Qazaxıstan arasında iqtisadi-ticarət əlaqələrinin və regionda nəqliyyat infrastrukturunun inkişafı, beynəlxalq yükdaşımaların artırılması baxımından Logistika Mərkəzinin fəaliyyəti xüsusilə əhəmiyyətlidir.

 

Qafqazın coğrafi logistik inkişafına töhfə verəcək mərkəz

 

Ümumiyyətlə, ölkəmizdə logistik mərkəzlərin yaradılması istiqamətində ciddi işlər görülür. Prezident İlham Əliyevin yeni iqtisadi strategiyasına uyğun olaraq belə mərkəzlərin sayı getdikcə artır. Avqustun 13-də dövlət başçısının paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsində açılışını etdiyi Abşeron Logistika Mərkəzi də bunlardan biridir.
Mərkəzin inşasına 2017-ci ilin aprelində başlanılıb. Tarixi İpək yolunun üzərində yerləşən Abşeron Logistika Mərkəzinin sutkalıq yükaşırma gücü 30 min ton təşkil edir ki, bu da ildə təqribən 11 milyon ton yükə bərabərdir. Bu mərkəz vasitəsilə Azərbaycanın kənd təsərrüfatı məhsullarının xarici ölkələrə ixracı planlaşdırılır. Abşeron Logistika Mərkəzi bütün xidmətləri təklif etməklə vaxta qənaəti və xərclərin azalmasını təmin edir.
Müəssisə ilk mərhələdə 28 hektar ərazidə dəmir yolu və avtomobil yollarının qarşılıqlı əlaqəsini təmin edərək logistika xidməti göstərməyə başlayacaq. İkinci mərhələdə isə 35 hektar ərazi üçün layihə hazırlanıb. Bu mərhələnin yekunlaşmasından sonra Logistika Mərkəzi həm Azərbaycanın, həm də Qafqazın coğrafı logistik inkişafına, həmçinin ölkəmizin iqtisadi tərəqqisinə böyük töhfə verəcək.

 

İxrac və idxal əməliyyatları “vahid pəncərə” sistemi ilə təmin edilir

 

Logistika Mərkəzi vahid gömrük məntəqəsi kimi qəbul olunub. İdxal, ixrac və tranzit gömrük əməliyyatları ərazidə yerləşən gömrük orqanları tərəfindən həyata keçirilir. Əlbəttə ki, logistik xidmət tərəfdaşlarının əməkdaşlığı məhsuldarlığı və səmərəliliyi daha da artıracaq.
Mərkəzin yaradılmasında əsas məqsəd ən müasir üsullarla müştərilərin istəklərini təmin etməkdir. Bunun üçün bütün xidmətlər “vahid pəncərə” sistemi ilə bir nöqtədən təmin olunur. Müəssisədə ümumilikdə 350 nəfər işlə təmin edilib.
Burada həmçinin 2400 konteyner tutumu olan terminal, tutumu 21 min ton olan iriölçülü yük terminalı, 8100 kvadratmetrlik qapalı anbar sahəsi, açıq yük platforması və ən müasir texnikalar xidmət göstərəcək. Mərkəzdə yük maşınları üçün 200 yerlik park yaradılıb, dəmir yolu körpüsü və avtomobil yolları inşa edilib. Burada üçmərtəbəli gömrük, inzibati və müştəri xidmətləri binası, həmçinin giriş-çıxışa nəzarət, texniki, ictimai obyekt binaları inşa edilib.
Mərkəzdə 6-sı qatar qəbulu, 2-si konteyner, 2-si açıq yük və 2-si anbar sahələrinə boşaltma və yükləmə xətləri olmaqla, ümumilikdə 12 kilometr uzunluğunda dəmir yolu xətti var. Müəssisədə illik yükaşırma qabiliyyəti 3,5 milyon ton olan terminal vasitəsilə idxal, ixrac və tranzit yüklərin daşınması da icra olunacaq.

 

Ticarət, logistika və sənaye zonalarının kəsişməsi

 

Logistika Mərkəzinin əsrlər boyu mədəniyyətləri və qitələri birləşdirən tarixi İpək yolunun mərkəzində yerləşən paytaxtımızın Lökbatan qəsəbəsi ərazisində inşa edilməsi xüsusilə əhəmiyyətlidir. Çünki mərkəzin ərazisi ticarət, logistika və sənaye zonalarının kəsişməsində və nəqliyyat şəbəkələrinin mərkəzində yerləşir.
Bu müəssisənin “Meyvəli” MMC-yə, Bakı Baş Gömrük İdarəsinə, Bakı Beynəlxalq Dəniz Ticarət Limanına, “Sədərək” və “Binə” ticarət mərkəzlərinə, həmçinin digər biznes strukturlarına yaxınlıqda yaradılması onun iqtisadi əhəmiyyətini daha da artırır. Təxmini hesablamalara görə, gün ərzində 750-800 yük maşını şəhər mərkəzində yerləşən stansiyalardan boşalan yükləri şəhərdaxili anbar və tikinti materialları bazarlarına daşıyır. Bu yüklərin şəhərdəki məntəqələrə, inşaat materialları mağazalarına və bazalarına çatdırılması paytaxtda nəqliyyatın hərəkətində sıxlıq və digər problemlər yaradır.
Logistika mərkəzinin yaradılması bu problemi həll etməklə yanaşı, həm də Bakının ekoloji durumunu daha da sağlamlaşdıracaq. Bakıətrafı dəmir yolu stansiyalarından Abşeron Logistika Mərkəzinə yönəldiləcək yüklərin həcminin 0,8 milyon ton olacağı ehtimal edilir. Beləliklə də Bakıya gələn 2 milyon ton yük şəhərdən kənarda yerləşən Logistika Mərkəzinə yönəldiləcək. Bu da orta hesabla 125 min yük avtomobili deməkdir.
Bu mühüm infrastruktur obyektinin Bakı-Tbilisi-Qars, İran-Astara-Bakı, Rusiya-Yalama-Ələt dəmir yolu marşrutları ilə əlaqəsi var. Bakı-Tbilisi-Qars dəmir yolu tam gücü ilə fəaliyyətə başladıqdan sonra bu mərkəz vasitəsilə qonşu ölkələrlə idxal-ixrac əməliyyatlarını, eləcə də Azərbaycan ərazisindən multimodal yükdaşımaları daha çevik yerinə yetirməyə imkan yaranacaq.

 

Astara, Xaçmaz, Qazax və Yevlaxda logistik mərkəzlər yaradılacaq

 

Xatırladaq ki, ötən ay milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin 2017-ci il üzrə nəzərdə tutulan hissəsinin monitorinq və qiymətləndirmə nəticələri açıqlanıb. 2017-ci ildə “Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”ndə müəyyən edilmiş tədbirlərin 60 faizi tam icra edilib, 27 faizi qismən icra edilib, 13 faizi isə icra edilməyib.
Hesabatda vurğulanıb ki, Bakıda və ölkənin müxtəlif yerlərində logistika və ticarət mərkəzlərinin yaradılmasına dair məlumatlar əsasında Astara, Xaçmaz, Qazax rayonu və Yevlax şəhərində logistika və ticarət mərkəzlərinin yaradılması ilə bağlı təkliflər var.
Əlbəttə ki, bütün bunlar onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin yeni iqtisadi strategiyasının tələblərinə uyğun həyata keçirilən bütün layihələr Azərbaycanın strateji dəyərini də artırır. Çünki dünyanın 2 ən böyük nəqliyyat layihəsinin Azərbaycandan keçərək reallaşması regionun bütünlükdə strateji dəyərini artırmaqdadır. Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri hər iki istiqamətdə iqtisadi əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək. Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində beş Xəzəryanı ölkənin dövlət başçılarının iştirakı ilə keçirilən V Zirvə görüşündə verilən qərarlar və imzalanan konvensiya isə müstəqil Azərbaycanın nəqliyyat-tranzit, logistik imkanlarını daha da getişləndirəcək.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”