Alternative content

04:21 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakı-Supsa marşrutunun son məntəqəsi
Bakı-Supsa marşrutunun son məntəqəsi
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:08 17.08.2018

 

Azərbaycan neftini dünya bazarlarına daşıyan boru xətlərindən biri də Qərb İxrac Boru Kəməridir (QİBK). QİBK-i çox zaman sadəcə Bakı-Supsa kəməri də adlandırırlar. Bu kəmər “Əsrin müqaviləsi” imzalanandan sonra Azərbaycanın qısa müddətdə yaratdığı neft ixracı sisteminin ayrılmaz bir hissəsidir.

QİBK başlanğıcını Səngəçaldan götürür, onun son ünvanı isə Supsadır.

QİBK-in Səngəçaldakı terminaldan Supsadakı terminaladək uzanan yolu 830 kilometr təşkil edir. Azərbaycan və Gürcüstan arasında “Əsrin müqaviləsi”nin ilkin neftinin nəqlinə dair 1996-cı ilin mart ayında imzalanmış hökumətlərarası saziş üç il ərzində icra olunmuş, yəni QİBK bu dövrdə tikilmişdir. Diametri 530 millimetr olan kəmərin çəkilişi əsasən 1997-1998-ci illər ərzində aparılmışdır.

Xəttin borularının doldurulmasına 1998-ci ilin dekabrında başlanmış və bu iş 1999-cu ilin martına qədər davam etmişdir. Supsada ilk dəfə neft 1999-cu il aprelin 8-də gəmilərə yüklənmişdir. Aprelin 17-də isə kəmərin rəsmi açılış mərasimi keçirilmişdir. Həmin gün Supsa terminalının və Varna-Poti-Batumi-İliçovsk bərə keçidinin açılışı da olmuşdur. Bu, həm də Xəzərin Azərbaycan sektorundakı “Çıraq” yatağından hasil edilmiş 80 min ton neftlə yüklənən ilk tankerin dünya bazarlarına yola salındığı tarixdir. 

Qərb İxrac Boru Kəməri vasitəsilə nəql olunan xam neft Supsa terminalında saxlanılır. Azərbaycan neftinin dünya bazarına ixracında mühüm əhəmiyyət kəsb edən infrastrukturların sırasında bu terminalın özünəməxsus yeri var.  

Supsa terminalı Qara dənizin Gürcüstan sahilində, Lançxuti rayonunda yerləşir. QİBK-in daşıdığı xam neft bu terminaldakı çənlərə yığılır və lazım gəldikcə  dənizdəki yükləmə qurğuları ilə tankerlərə vurulur. Daha sonra neft tankerlər vasitəsilə Bosfor boğazından keçərək dünya bazarlarına çatdırılır.

Terminal yüz faiz milliləşdirilib və Gürcüstan iqtisadiyyatının ayrılmaz bir elementi kimi mühüm əhəmiyyət kəsb edir.

Terminalın stansiyaya girişi QİBK-də hər hansı bir buxar sızmasının qarşısını almaq, münasib təzyiqi saxlamaq, həmçinin obyektin borular sistemini qorumaq üçün tənzimləmə klapanından ibarətdir.

Xam neft kommersiya uçotu qovşağından keçərək hər birinin tutumu təxminən 40 min ton olan saxlama çənlərinə ötürülür. Supsa terminalında həmçinin xam neftin qəbulu və ixracı obyektlərini idarə etmək üçün mərkəzi dispetçer otağı yerləşir. Saxlama çənlərinin sayı dörddür. Onların ümumi tutumu 1 milyon bareldir. Kəmərin gəmiyükləmə qabiliyyəti 600 min bareldən 1 milyon barelə qədərdir.

İxracyükləmə sisteminə isə dizel ilə işləyən üç yükləmə nasosu daxildir. Onlar xam nefti saxlama çənlərindən çəkir və ixrac sisteminin kommersiya uçotu qovşağına ötürür. Uzunluğu 5,6 kilometr olan 36 düymlük boru kəməri terminaldan dənizə qədər davam edir və PLEM (boru kəməri sonundakı manifold) dəsti ilə qurtarır. 16 düymlük elastik şlanqlar PLEM manifoldunu lövbər tipli yanalma buyuna (CALM) birləşdirir. Xam nefti tankerlərə ötürmək üçün isə 20 düymlük üzən şlanqlardan istifadə olunur.

Xatırladaq ki, Bakı-Supsa kəməri sözügedən terminala çatanadək Azərbaycanın və Gürcüstanın bir çox bölgələrindən, dağlarından, dərələrindən,  çaylarından keçir. Boru xətti dağlarda hətta 1190 metr yüksəkliyə qalxır. Kəmərin ümumi uzunluğunun 456 kilometrdən çoxu Azərbaycanın, 372 kilometrdən çoxu Gürcüstanın payına düşür.

QİBK-in inşa olunmasında 4 min nəfərdən çox insan çalışmışdır. Onların 70 faizi Azərbaycan və Gürcüstan vətəndaşları olmuşlar. Kəmər obyektlərinə 3-ü Azərbaycanda, 3-ü Gürcüstanda olmaqla 6 nasos stansiyası, 2 təzyiqazaltma stansiyası, 1 ərsinburaxma stansiyası daxildir

Cari və əsaslı təmir işlərinə ayrılan vaxtı nəzərə almasaq, QİBK 19 ildən çoxdur fasiləsiz və təhlükəsiz fəaliyyət göstərir. Bu ilin birinci rübü ərzində  kəmər Səngəçal terminalından Supsa terminalınadək 8 milyon bareldən çox neft daşıyıb.

 

Flora SADIQLI,

“Azərbaycan”