05:58 25 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
00:35 24.01.2021

Xalq artisti Eldar Quliyevə


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Xəzər konvensiyası beş ölkə üçün yeni imkanlar açır
ANA SƏHİFƏ / SİYASƏT
12:08 17.08.2018

 

Azərbaycan mühüm iqtisadi və strateji layihələrin reallaşmasında böyük dəstək qazanacaq

 

Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində “Xəzər beşliyi” dövlət başçılarının imzaladığı konvensiya xoş məram, etimad, qarşılıqlı ehtiram, müştərək mənafe və mehriban qonşuluq əlaqələri sayəsində gerçəkləşdi. Sənədə əsasən Xəzərin karbohidrogen ehtiyatlarının Qərb bazarlarına daşınması üçün dənizin dibindən kəmərlər çəkilməsi üzərində maneələr aradan qaldırılacaq, Xəzəryanı ölkələrin, xüsusən də Azərbaycanın daha çox iqtisadi dividendlər qazanmasına imkan yaranacaq.
Siyasətçilərə, iqtisadçı ekspertlərə görə, bu konvensiya mübahisəli yataqların Xəzərdə tarixi razılaşma nəticəsində birgə işlənməsinə gətirib çıxaracaq. Əməkdaşlıq əlaqələri xüsusilə iqtisadi baxımdan bütün Xəzəryanı dövlətlər üçün mənfəətli olacaq. Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi yeni kəmərlərin inşası baxımından da əhəmiyyətlidir. Bu isə Xəzəryanı dövlətlərin əməkdaşlıq imkanlarını daha da genişləndirəcək.

 

Bütün ziddiyyətlər aradan qaldırılacaq

 

“Xəzər dənizinin hüquqi statusuna dair imzalanan konvensiya tarixi anlaşmadır və Xəzər regionunda əməkdaşlığın inkişafına, eləcə də sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edir. Bu konvensiyanın imzalanmasında Azərbaycanın da rolu danılmazdır”.
Bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov söyləyib. Komitə sədri bildirib ki, neçə ildir Xəzərin hüquqi statusu barədə konvensiya ilə bağlı sahil dövlətlərinin ikitərəfli və çoxtərəfli görüşləri öz məntiqi yekununa yaxınlaşdı: “İndiyədək Xəzərin hüquqi statusuna hər bir dövlət milli maraqlarından çıxış edərək fərqli yanaşırdı. Azərbaycan sözügedən məsələ ilə bağlı danışıqların aparıldığı müddətdə Xəzərin beynəlxalq hüquq normaları və prinsipləri çərçivəsində ədalətli bölgüsünü təklif edirdi. Aktau Zirvə toplantısında sənədlərin imzalanması mərasimindən sonra prezidentlərin mətbuata bəyanatlarla çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də diqqətə çatdırdı ki, Azərbaycan bu sənədin hazırlanmasının bütün mərhələlərində konstruktiv işləyib və digər Xəzəryanı ölkələr kimi, bu sənədin imzalanmasına öz töhfəsini verib”.
Eldar İbrahimovun sözlərinə görə, Xəzər dənizinin hüquqi statusuna dair konvensiyanın imzalanması beş sahilyanı ölkə üçün dönüş nöqtəsidir: “Yaranmış əməkdaşlıq mühiti beynəlxalq yükdaşımalarda Xəzəryanı ölkələrin payının artmasına mühüm töhfələr verməklə yanaşı, Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin inkişafına da əlavə stimul olacaq. Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısında çıxış edən Prezident İlham Əliyev diqqətə çatdırdı ki, Azərbaycanın Xəzəryanı ölkələrlə dostluq və mehriban qonşuluq münasibətləri uğurla inkişaf edir. Dövlət başçısı ölkələr arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrinin Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amili olduğunu diqqətə çatdırdı”.
Azərbaycanın Xəzərin ekoloji inkişaf, ekoloji sabitlik zonasına çevrilməsi istiqamətində mümkün olan hər şeyi etdiyini deyən komitə sədri əlavə edib ki, ölkəmiz regional sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi işinə dəyərli töhfəsini verməkdədir.

 

Konvensiya regionda sülhə, barışa, iqtisadi inkişafa xidmət edəcək

 

Konvensiyanın imzalanmasını Azərbaycan da daxil olmaqla, bütün Xəzəryanı ölkələrin tarixində çox mühüm hadisə adlandıran Milli Məclisin deputatı Musa Quliyev dedi ki, bu məsələ uzun illərdir müzakirə olunurdu, bununla bağlı müxtəlif formatlarda danışıqlar aparılırdı, nəhayət, Xəzərin hüquqi statusu ilə bağlı sahil dövlətlərinin ikitərəfli və çoxtərəfli görüşləri öz məntiqi nəticəsini verdi.
Mətbuata bəyanatı zamanı Prezident İlham Əliyevin qeyd etdiyi kimi, imzalanmış konvensiya Xəzəryanı ölkələrin sıx qarşılıqlı fəaliyyəti, iqtisadi, nəqliyyat xarakterli məsələlərin, xalqlarımızın həyat səviyyəsinin yaxşılaşmasına kömək edəcək məsələlərin həlli üçün geniş perspektivlər açır.
Musa Quliyevin sözlərinə görə, beynəlxalq əməkdaşlığa xüsusi önəm verən Azərbaycan qonşu dövlətlərlə birgə irimiqyaslı layihələr həyata keçirir. Eyni zamanda, Azərbaycan öz əlverişli coğrafi yerləşməsinə görə Asiya və Avropa qitələri arasında körpü rolunu oynayır və Avrasiya məkanında aparıcı rola malik olan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində önəmli yer tutur. Azərbaycan mövcud nəqliyyat potensialını və tranzit imkanlarını artırmaq məqsədilə böyük sərmayələr qoyur, ölkə daxilində və regionda irimiqyaslı infrastruktur layihələrini həyata keçirir: “Dövlət başçısının vurğuladığı kimi, Azərbaycan qitələri birləşdirəcək nəqliyyat infrastrukturuna fəal surətdə sərmayə yatırır və reallaşdırdığı layihələr Xəzəri mühüm nəqliyyat arteriyası kimi nəzərdən keçirməyə imkan verir. Bu baxımdan qeyd edə bilərik ki, Azərbaycanın yaratdığı müasir infrastruktur Xəzəri mühüm nəqliyyat arteriyasına çevirə bilər”. Konvensiyada Azərbaycanın təkliflərinin yer almasını ölkəmizin regiondakı nüfuzunun göstəricisi kimi dəyərləndirən deputat bildirib ki, bu, Xəzər dənizinin karbohidrogen, su, bioloji ehtiyatlarının səmərəli istifadəsi üçün çox mühüm bir sənəddir. Bu konvensiya regionda sülhə, barışa, iqtisadi inkişafa, dostluğa xidmət edəcək”.

 

Xəzər dənizi əməkdaşlıq və inkişaf bölgəsinə çevriləcək

 

Milli Məclisin deputatı Asim Mollazadə də həmkarları ilə həmfikirdir. Konvensiyanın çox mühüm sənəd olduğunu deyən deputat hesab edir ki, bu saziş Xəzər dənizini əməkdaşlıq və inkişaf bölgəsinə çevirəcək.
Deputat bəyan edib ki, V Zirvə görüşündə imzalanan ortaq sənəd Azərbaycanın mənafeyinə çox uyğundur: “Azərbaycan mühüm iqtisadi və strateji layihələrin reallaşmasında böyük dəstək qazanacaq. Bu sənəd həm enerji sahəsinə, həm də nəqliyyat sektorunun inkişafına mühüm töhfə verəcək. Anlaşma Xəzəryanı ölkələrin əməkdaşlığını da xeyli gücləndirəcək. Həmçinin Orta Asiya ölkələrinin dünyaya çıxışı üçün əlverişli şərait yaradacaq”.
Deputatın fikrincə, burada ekoloji məsələlər də əhəmiyyətli rol oynayır. Xəzər suyunun qorunması və xüsusən nərə balığının çoxaldılması Xəzəryanı ölkələr üçün vacib amil sayılır. Dənizin ekoloji cəhətdən mühafizəsi üçün saziş faydalı olacaq. Asim Mollazadəyə görə, konvensiya mühüm layihələri həyata keçirmək üçün zəruri anlaşmadır.

R.BAXŞƏLİYEV,
“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM