17 Avqust 2018 12:08
650
Mədəniyyət
A- A+

Azadlıq fədaisi - Nəriman bəy Nərimanbəyli

 

Elə bir ailədə dünyaya gəlmişdi ki, oxumağa meyil göstərməməsi, mükəmməl təhsil almaması mümkünsüz idi. Atası Haşım bəy Nərimanbəyov İrəvan Müəllimlər Seminariyasının müəllimi olmuşdu. Ömrünün xeyli hissəsi savad verməklə, elm öyrətməklə keçmişdi. 

XIX əsrin sonlarından yeni tipli məktəblər açmaq üçün göstərilən böyük səylər az da olsa, bəhrəsini verirdi. O dövrdə yaradılan məktəblərdən biri də 1898-ci ildə fəaliyyətə başlayan İrəvandakı rus-tatar məktəbi oldu. Haşım bəy Nərimanbəyov İrəvanda azərbaycanlılar üçün ana dilində məktəblərin açılmasında, xeyriyyə cəmiyyətinin təşkilində fəallıq göstərdi. Azərbaycan məktəbləri üçün başqa müəllimlərlə birgə “Ana dili” kitabı tərtib etdi. Bu kitab 1907-ci ildə İrəvanda, sonralar isə üç dəfə Tiflisdə çap olundu. Dövrünün ziyalılarının bir çoxu kimi, Haşım bəy Nərimanbəyov da aktual mövzularda məqalələr yazırdı. O illərin mətbuat orqanlarında Haşım bəyin məqalələri, teatr tamaşaları haqqında resenziyaları dərc olunurdu. Ancaq müəllimlik onun əsas peşəsi idi. 1909-cu ildə “Kavkazskiy kalendar” məcmuəsində Haşım bəy Nərimanbəyovun rus-tatar məktəbinin müəllimi oldugu qeyd edilirdi. Sonralar o, Rus-Azərbaycan qız məktəbinin müdiri vəzifəsini yerinə yetirdi...
Nəsildə elmə, təhsilə böyük maraq göstərən yalnız atası Haşım bəy Nərimanbəyov olmamışdı. O, Şuşada tanınmış nəsillərdən birinin nümayəndəsi idi. Ulu babası Nəriman bəy Qarabaği bu şəhərin nüfuzlu, savadlı, sayılıb-seçilən əsilzadələrindən olub. Onun Allahverən bəy və Nəriman bəy adında oğlanları vardı. Oğlanlarından biri - 1807-ci il təvəllüdlü Allahverən bəy mükəmməl mədrəsə təhsili aldı. Praporşik rütbəsi ilə rus ordusunda xidmət etdi. Sonralar isə dövlət idarələrində çalışdı.
Şuşanın bu soylu-köklü nəslindən sonralar da tanınmış ziyalılar, təəssübkeş vətənpərvərlər, fədakar milli mücahidlər yetişdi. Onlar Nərimanbəyov və ya Nərimanbəyli olaraq bu soyadı qürurla daşıdılar, ləyaqətlə yaşatdılar.
Belə bir nəslin övladı olan Nəriman bəy Nərimanbəyli 1889-cu ildə Şuşa şəhərində dünyaya göz açdı. Ailəsi İrəvana köçdüyündən Nəriman bəyin uşaqlıq illəri orada keçdi. İrəvan gimnaziyasına daxil oldu. Gimnaziyanı bitirdi və təhsilini davam etdirmək üçün Rusiyaya yollandı. Moskva Universitetinin fizika-riyaziyyat, sonra isə Xarkov Universitetinin hüquq fakültələrində oxudu.
Nəriman bəy Nərimanbəylinin tələbəlik illəri inqilab havası ilə süslənmiş, siyasi iğtişaşların sədasına köklənmiş elə bir zamana düşdü ki, bu coşqun gəncin bir kənarda dayanıb hadisələrin izləyicisi olması mümkünsüz görünürdü. Nəriman bəy Nərimanbəyli dövrün səsinə səs verdi, gənclik arzusu, gələcəyə sonsuz ümidlərlə Rusiya imperiyasını bürümüş inqilabi hərəkata qoşuldu. Xarkov Universitetinin fəal tələbələrindən sayılan Nəriman bəy orada “Azərbaycanlı tələbələrin həmyerlilər cəmiyyəti”nin rəhbərliyinə seçildi. Nəriman bəy Nərimanbəylinin iştirakı ilə cəmiyyət üzvlərinin verdikləri tamaşaların gəliri Birinci Dünya müharibəsindən zərər çəkmiş müəllimlərin ailələrinə paylanırdı.
Təhsilini 1915-ci ildə başa vurdu. Vətənə qayıtdı. Vəkil işləməyə başladı. Yenə də ictimai həyatda fəallığı ilə seçildi. O, vəkillik etməklə bərabər, “Müsəlman Xeyriyyə Cəmiyyəti”nin rəhbərlərindən oldu.
O dövr Azərbaycanının Nəriman bəy Nərimanbəyli kimi qəlbi vətənə məhəbbətlə dolu gənclərinə böyük ehtiyacı var idi. Onlar millətin gələcəyini düşünənlər, məmləkəti işıqlı sabahlara aparacaq yenilməz güc, sarsılmaz qüvvələr idilər. Azərbaycan bu gənclərin çiyinləri üzərində nurlu gələcəyə yol gedirdi.
Dövrün qarışıq, təlatümlü siyasi-ictimai mənzərəsi, mürəkkəb, ziddiyyətli hadisələri mənəvi təbəddülata, milli oyanışa şərait yaradırdı. Millət üçün, vətən üçün belə məsuliyyətli zamanda yaxasını kənara çəkmək, şəxsi mənafeyini, mənfəətini düşünmək ən böyük xəyanət idi.
Azərbaycanın istiqlalı naminə çalışan Nəriman bəy Nərimanbəyli kimi vətənpərvərlər yaranmış siyasi-ictimai vəziyyətdən istifadə edərək milli düşüncələrdə kök salmış müstəqillik arzularını həyata keçirməyə can atırdılar.
O illərdə müxtəlif siyasi partiyalar yaranmaqda idi. Bu təşkilatların əksəriyyətinin proqramı kifayət qədər cəlbedici görünürdü. Amma ictimai-siyasi fikirlərin qarışdığı, bəzən kələf kimi bir-birinə dolaşdığı bir vaxtda gənc Nəriman bəy Nərimanbəyli üçün öz yolunu müəyyənləşdirmək çətin olmadı. Çünki məqsədi bəlli idi. Ona görə də o öz əqidə yoldaşlarının, məsləkdaşlarının sırasında yer tutmağa qərar verdi. 1917-ci ildə baş verən Fevral inqilabından sonra Nəriman bəy Nərimanbəyli “Müsavat” partiyasına daxil oldu. Həmin ilin aprelində Bakıda çağırılan Qafqaz Müsəlmanlarının qurultayında, oktyabrında isə Türk Ədəmi-Mərkəziyyət Müsavat Partiyasının birinci qurultayında fəal iştirak etdi.
1918-ci il başlanğıcından Nəriman bəyin həyatına yeni ab-hava gətirdi. O il bir-birinin ardınca mühüm hadisələr baş verdi. 1918-ci ilin fevralında Nəriman bəy Nərimanbəyli Zaqafqaziya Seyminin üzvü seçildi. Fevralın 28-də Seym tərəfindən təsdiq edilmiş Müsəlman fraksiyasının tərkibindəki Müsavat və bitərəflər qrupunun üzvü oldu. Həmin ilin 26 mayında Seymin Müsəlman fraksiyası, Zaqafqaziya Federasiyası süqut etdi. Bir gün sonra - mayın 27-də Azərbaycan Milli Şurasının üzvləri sırasında Nəriman bəy Nərimanbəyli də yer aldı. O, 1918-ci il 28 mayda qəbul edilən Azərbaycanın İstiqlal Bəyannaməsini imzalayanlardan biri oldu. Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadə ölkənin müstəqilliyinə dair Batumda Osmanlı imperiyası ilə danışıqlar apardığından, İstiqlal Bəyannaməsinin elan olunduğu iclasa Milli Şuranın sədr müavini Həsən bəy Ağayev sədrlik etdi. Mustafa Mahmudovun katib olduğu iclasda Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli, Mirhidayət Seyidov, Heybətqulu Məmmədbəyov, Nəriman bəy Nərimanbəyli, Mehdi bəy Hacınski, Ələsgər bəy Mahmudbəyov, Aslan bəy Qardaşov, Sultanməcid Qənizadə, Əkbər Ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firudin bəy Köçərli, Cəmo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyli, Xosrov Paşa bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad Məlik-Yeqanov və Hacı Molla Səlim Axundzadə iştirak etdilər. İclasda bitərəf Fətəli xan Xoyskinin rəhbərliyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin ilk müvəqqəti hökumətinin tərkibi də təsdiqləndi. Azərbaycan Xalq Cümhuriyyəti elan olunarkən Bakı Stepan Şaumyanın rəhbərlik etdiyi bolşevik-daşnak birləşmələrinin işğalında idi. Bu səbəbdən Azərbaycan hökuməti Tiflisdən köçərək müvəqqəti olaraq Gəncə şəhərində fəaliyyət göstərdi.
Nəriman bəy Nərimanbəyli 1918-ci il dekabrın 7-də Bakıda təntənəli surətdə açılan Azərbaycan parlamentinə üzv seçildi. Parlamentdə Müsavat fraksiyasının tərkibinə daxil oldu. Nəriman bəy Nərimanbəyli 1919-cu il aprelin 14-də Azərbaycan Respublikası Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəylinin təşkil etdiyi cümhuriyyətin 4-cü hökumət kabinetində dövlət müfəttişi vəzifəsini yerinə yetirdi. Bakıda keçirilən bir sıra mədəni tədbirlərdə o da yaxından iştirak etdi.
1920-ci ilin 28 aprelində bolşeviklərin Azərbaycanı işğal etməsi, Azərbaycan Xalq Cümhuriyyətini süquta uğratması Nəriman bəyin də arzularını yarımçıq qoydu. Çətin günlər hələ qabaqdaydı. Amma aprel işğalından sonra Nəriman bəy Nərimanbəyli vətəni tərk etmədi. Sovet hökumətinin ilk vaxtlarında savadlı, geniş məlumatlı, bacarıqlı mütəxəssislərə ehtiyacı böyük olduğundan onları işlə təmin edirdi. Nəriman bəy də müxtəlif idarələrdə hüquq məsləhətçisi kimi çalışdı.
Ancaq Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında, fəaliyyətində sonsuz istəklə iştirak etmiş, bolşevik işğalına qarşı çıxmış şəxsiyyətlərə qarşı sovet hökumətinin kin-küdurəti, qəzəbi də heç kimə sirr deyildi.
Nərimanbəylilər nəslindən cümhuriyyət hökumətinin bərqərar olunmasında səylə çalışan isə təkcə Nəriman bəy Nərimanbəyli olmamışdı. Onun əmisi - Əmir bəy də, Nəriman bəy kimi, milli istiqlalımızın qorunması uğrunda səy göstərmişdi. Əmir bəy Nərimanbəyov ali təhslini Ukraynada Xarkov Universitetinin Hüquq fakültəsində almışdı. Universiteti müvəffəqiyyətlə bitirdikdən sonra bir müddət Ukraynada pedaqoji fəaliyyətlə məşğul oldu. Daha sonra o, bir sıra dövlət idarələrində məmur işlədi. Azərbaycan Xalq Cümhuriyyəti dönəmində əvvəlcə Naxçıvanın general-qubernatoru oldu. Sonra Azərbaycan Cümhuriyyəti daxili işlər naziri əvəzi general-mayor M.S.Ağabəyzadənin 2 sentyabr 1919-cu il tarixli əmri ilə 48 yaşlı Əmir bəy Nərimanbəyov Bakı şəhərinin general-qubernatoru vəzifəsinə təyin olundu. O, bu vəzifənin verdiyi səlahiyyətlərdən bəhrələnərək gənc azərbaycanlı kadrları vəzifəyə təyin etməyə, irəli çəkməyə çalışırdı. Bakı şəhərinin general-qubernatoru vəzifəsində Əmir bəy Nərimanbəyov 1920-ci ilin aprelinədək qaldı. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Əmir bəy Nərimanbəyov əsilzadə nəslindən olduğuna və Azərbaycan Xalq Cümhuriyyətinə xidmətinə görə repressiyaya məruz qaldı.
Əmir bəyin oğlu Fərman bəy Nərimanbəylini isə 1920-ci ilin yanvarında Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Fransaya ali təhsil almağa göndərdi. O, Kann şəhərindəki Politexnik Universitetini bitirdikdən sonra Azərbaycana döndü. Fərman bəy ixtisasca energetik idi. Azərbaycan Dövlət Plan Komitəsində Elektrikləşdirmə bölməsinin rəisi işlədi. 1937-ci ildə həbs olundu. Həmin vaxtlar o, Bakı Sovetinin Energetika bölməsində çalışırdı. Fərman bəy ziyankarlıqda ittiham olunurdu. Ona 5 il iş kəsildi. 1938-ci ilin 11 sentyabrında cəzasını çəkmək üçün Kolımaya həbs düşərgəsinə aparıldı. Beş il sonra sürgündən qayıdan Fərman bəyə Bakıda yaşamağa icazə verilmədi. Mingəçevir şəhərinə getdi, orada SES-də işləməyə başladı. Ömrünü 72 yaşında həmin şəhərdə başa vurdu.
Sovet hakimiyyətinin nəzərində düşmən olan Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ictimai-siyasi və dövlət xadimi Nəriman bəy də daim təqiblərə məruz qaldı. Onu səbəbsiz yerə işdən çıxardılar. Bir müddət sonra yenidən vəkil işlədi.
1937-ci ilin amansız repressiya siyasəti Nəriman bəyin də faciəsini yaxınlaşdırdı. Onu həbs etdilər və bir qrup tanınmış müsavatçı ilə birgə məşhur Solovki həbs düşərgəsinə yolladılar. Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçılarından, 1918-ci il mayın 28-də Azərbaycanın Müstəqillik Aktını imzalayanlardan biri, Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin üzvü, ictimai-siyasi və dövlət xadimi Nəriman bəy Nərimanbəyli 48 yaşında sovet hökumətinin qərarı ilə güllələndi...

Zöhrə FƏRƏCOVA,
“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video