17 Avqust 2018 12:08
626
Səhiyyə
A- A+

Psixologiya həyat amili kimi

 

“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin psixoloji maarifləndirmə fəaliyyəti genişlənir

 

Nə zamansa belə bir əfsanə oxumuşam. Şah atlı qoşunun başında sıldırımlı dağın ətəyi ilə gedirmiş. Onlar müəyyən bir yerə çatanda qayalarda əks-səda verən naməlum cisim dağın zirvəsindən üzüaşağı yuvarlanır. Qəfil qopan nərilti-gurultu qoşunu qorxudub pərən-pərən salır. Qəribədir ki, şah bu qəzaya fikir vermədən yoluna davam edir. Onun bu təmkinli davranışı ordunu ürəkləndirir və adamlar yenidən səf-səf düzülərək yollarına davam edirlər. Əyanlardan biri ürəklənib şahdan soyuqqanlılığının səbəbini soruşur. Şah cavab verir: “Məsləhətçilərim mənə əvvəlcədən xəbər vermişdilər ki, yolun filan yerində qoşunun sayıqlığını yoxlamaq üçün yuxarıdan bir əşya atılacaq”.
Aradan uzun əsrlər keçir, müdrik əfsanə və rəvayətlər isə dəyərliliyini qoruyub saxlayır. Bu gün dünya açıq-aşkar etiraf edir ki, cəmiyyətimizdə baş verən siyasi, sosial, mənəvi proseslərin yolu gözlənilməzliklərlə doludur. Əgər irəlidə bizi nələrin gözlədiyindən xəbərdar olsaq, ən azı hərəkətin sabitliyini qoruya bilmək ehtimalı qazanmış oluruq.
Psixoloji amil əslində həyat amilidir, daha doğrusu, psixologiya müasir insanın simasını tamamlayıb bütövləşdirən əlahiddə atributlardan biridir. Məhz bu atribut qaçılmazlığı cəmiyyətə psixoloji xidməti, bu çərçivədə psixoloji maarifləndirməni önə çıxarır.
Müasir dünyamızda insanların sağlamlığı keşiyində duran tibb mütəxəssislərinin müayinə və müalicə prosesində xəstəliyin xarakterindən asılı olmayaraq mütləq şəkildə psixoloji amilləri önə çəkməsi heç də təsadüfi deyil. Qloballaşan dünya, həyat tempinin yüksəlməsi, həyat mücadiləsində yeni təsir vasitələrinin meydana gəlməsi insan psixologiyasına yeni yanaşma tələblərini zərurətə çevirir.
Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən sonsuz enerji, səriştə və inamla davam etdirilir. Yeni Azərbaycanın quruculuğu davam etdirilir və əslində minlərlə digər dəyərli təşkilatlar kimi, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi də müasir Azərbaycanın övladıdır. Əsas iş metodumuz psixoloji maarifləndirmədir, insanların obyektiv və subyektiv səbəblərdən ortaya çıxan narahatlıqlarının gücümüz daxilində aradan qalxmasına kömək göstərməkdir.
Artıq on ünvanda yüksək hazırlıqlı, təcrübəli mütəxəssislər əhaliyə xidmət göstərir. Onlar yardım üçün müraciət edən hər bir şəxslə söhbətlər aparır, onlara psixoloji amilin insan həyatı üçün nə qədər əhəmiyyətli olduğunu izah edirlər. Fərdi xidmət öz yerində, insanlarla təmas imkanlarından istifadə edərək xüsusilə valideynlərə sağlam həyat tərzinin məqamlarını göstərməklə bərabər, psixoloji-mənəvi sağlamlığı qorumaq üçün lazımi məsləhətlər verirlər. Seminar, təlim və kurslardan sonra insanların çoxu açıq şəkildə etiraf edir ki, özümüzə dərd elədiyimiz bu və digər problemin açarı, sən demə, elə öz əlimizdə imiş, sadəcə, biz bunun fərqinə varmamışıq. Bu gün “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin filiallarının sayı 10-a çatıb. Bakının Nərimanov rayonunda üç, Nizami rayonunda bir, Yasamal rayonunda bir, Gəncədə iki, Lənkəran, Xaçmaz və Bərdə rayonlarının hər birində bir filialı var. Eyni zamanda problemə kompleks yanaşma səbəbindən, başqa sözlə, təcrübə ilə nəzəriyyəni birləşdirmək imkanını nəzərə alaraq, 2016-cı ildə Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyini təsis etdik. Bu ictimai birlik psixoloji problemləri araşdırmaq, nəticələri ümumiləşdirib təhlil etmək, daha dərin və geniş miqyasda maarifləndirmə işləri aparmaq, digər ölkələrin təcrübəsini öyrənmək, eləcə də səmərəli beynəlxalq əməkdaşlıq qurmaq istiqamətində uğurlar qazandıra biləcək.
Psixoloji maarifləndirmə “Loqos”un təcrübəsində lokal, başqa sözlə, qapalı deyil, yəni biz müraciət edən insanlarla iş zamanı yalnız fərdi təmaslarla kifayətlənmirik. Bilirik ki, cəmiyyətimizdə daxili psixoloji sarsıntı və gərginlikləri ilə təkbaşına qalan, bu və ya digər səbəbdən diskomfort yaşayan insanlar yalnız “Loqos”un, digər psixoloji dəstək mərkəzlərinin, xəstəxanaların qapılarını döyənlərdən ibarət deyil. Həyat ritminin təsir göstərib həyəcanlandırdığı, bəzən çıxılmazlıq, bəzən sarsıntı verdiyi ürəkləri və düşüncələri sayla yox, anla, qəfil və gözlənilməz məqamlarla ifadə etməli oluruq. Burada rəqəm statistikası özünü doğrultmur. Dünənə qədər normal yaşayan ailənin dağılması, yeni dil açmaq istəyən uşağın danışıq və davranış qüsurları, ali məktəbə daxil ola bilməyən yeniyetmənin intihar yolunu seçməsi, karyera qurmaq yolunda maneələrlə üzləşən gəncləri ruhdan salan natamamlıq kompleksi... bir də görürsən ki, bunların hamısı fərdləri həyatın adi axarı gedişində qəfil yaxalayır. Elə bu səbəbdən düşünürük ki, psixoloji problemlərin təyinatı yalnız psixoloqa, psixiatra, yaxud da nevropatoloqa müraciət edənlərin sayı ilə ölçülə bilməz. “Loqos” mütəxəssislərinin fəaliyyət dairəsinin əhatəliyi də məhz bu səbəblə izah edilməlidir.
Maarifləndirmə prosesində hansı imkanlarımız var, hansı yollardan istifadə edirik? Əlbəttə, bütün digər fəaliyyət sahələrində olduğu kimi, biz də ilk növbədə həm milli, həm də beynəlxalq KİV məkanının böyük təsir gücünü, kütlələrə əlyetərliyini birmənalı şəkildə nəzərə alırıq. Öz işini medianın imkanları ilə uzlaşdırmağı bacaran qurumların (istər dövlət, istər özəl) uğurları, intellektual və fiziki əmək sərf edilən problemin cəmiyyətə açıqlığı hər kəsə bəllidir. O da bəllidir ki, dünyanın yeni düzənində informasiya kosmik miqyasa hakimdir. Bizim “Loqos” konkret məqsədli, yığcam bir təşkilat olsa da, hər halda insan mühitinin bir parçasıdır və müasir informasiya resurslarından yararlanmağa, bu tribunadan öz xəbərlərini yaymağa çalışır. Kütləviliyinə görə heç bir digər informasiya vasitəsilə müqayisəyə gəlməyən virtual məkanda “Loqos”un da, obrazlı desək, təmkinli bir pəncərəsi var. Təşkilatımızın internet məkanda - həm feysbuk, həm də instaqram portallarında olan səhifəsini izləyənlərin sayı hər ay, hər il çoxalır. Bizim yaydığımız informasiyalar populizm və sensasiyadan uzaqdır, tam olaraq təşkilatın həyatında baş verən yenilikləri, bir növ, “Loqos”un rəsmi məlumatlarını, mərkəzin xidmətindən yararlanan sakinlərin rəylərini və psixoloji durumla bağlı yenilikləri işıqlandırır. Belə olan halda insanlar mənəvi durumlarında gedən proseslərə, sağlam həyat tərzi haqqındakı informasiyalara heç də laqeyd qalmırlar. Yeri gəlmişkən, bəzən virtual informasiya məkanının şəxsiqərəzliklərin savaş meydanına çevrildiyini də müşahidə edirik. Düzdür, hər kəsin fərdi düşüncəsini hər hansı vasitə ilə (internet, TV, qəzet, radio) ifadə etmək azadlığı var və bu, bizim ölkədə maneəsiz həyata keçirilir. Amma unutmamalıyıq ki, hər kəsin dediyi sözə, o ifadələrin cəmiyyətin xeyrinə, yaxud zərərinə olacağına görə məsuliyyəti də var. “Loqos”un informasiyaları, feysbuk və instaqram aynası göstərir ki, yalnız cəmiyyətin hüzuruna hesablanmış informasiyalarla da oxucuların (indiki halda belə deyək) marağını çəkmək mümkündür.
Bir neçə ildir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin təsisçisi olduğu “Psixoloq” qəzeti hər sayında “Loqos”un fəaliyyətinə qoşa səhifə həsr edir. Əslinə qalanda, qoşa səhifənin kollektiv müəllifi “Loqos”dur, bizim mətbuat xidməti, mütəxəssislərimiz dünyanın və ölkəmizin müvafiq sahədə olan durumu barədə informasiya ilə təcrübəni böyük məmnunluq hissi ilə oxucularla bölüşürlər.
Qeyd etmək xoşdur ki, ölkəmizdə nəşr olunan ciddi mətbuat psixoloji problemlərin vacibliyini bildiyinə görə “Loqos”un aksiyalarını dəstəkləyir, informasiyalarımıza yer ayırırlar. Milli mətbuatımızın salnamələrindən biri olan “Azərbaycan” qəzetinin səhifələrində də “Loqos”un xidmətləri, maarifləndirmə sahəsindəki təmənnasız tədbirləri barədə məlumatlar yer alır. Açıq informasiyanın ən təsirli vasitə olduğunu dərk edən “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi eyni zamanda Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyi mətbuatla, oxucu kütləsi ilə şəffaf təmasları bundan sonra da davam etdirəcək. Təşkilatımızın əsas mətbuat orqanı olan “LOQOS” jurnalı mövzu seçiminə görə oxucular tərəfindən sevilərək qarşılanır.
“Loqos” yenilikçi təşkilatdır. Hər ayın, hər ilin özünəməxsus uğurları var. Bu yay “Loqos” üçün daha bir yeniliklə yadda qaldı. “Xəzər” TV ekranından “LOQOS” adlı verilişlə tamaşaçılarla daha geniş təmas imkanı qazandıq. Həftədə bir dəfə ekranlara gələn, bir saata yaxın davam edən bu verilişin mövzuları hər kəsin istəyinə uyğun seçilir. Mütəxəssislərimiz günün ən aktual psixoloji mövzuları ilə tamaşaçı qarşısına çıxır, onları maraqlandıran, narahatlıq yaradan məqamlara aydınlıq gətirirlər.
Biz hədəflərə doğru yeniliklərlə irəliləyirik. Nədir bu hədəflər? Biz Rusiyanın dünya şöhrətli V.M.Bexterev adına Psixoanaliz Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlığa nail olmuşuq. “Loqos” bu elm ocağının Azərbaycanda rəsmi nümayəndəsidir və institut artıq mərkəzimizdə beynəlxalq dərəcəli klinik psixoloqlar hazırlayır.
Türkiyə Cümhuriyyətinin psixoloji xidmət göstərən bir çox qurumları ilə əməkdaşlıq edir, təcrübə mübadiləsi aparırıq. 2018-ci ilin yayında əldə etdiyimiz uğurlardan biri də Türkiyənin Üsküdar Universiteti ilə əməkdaşlıq sazişi imzalamağımız oldu. Yaxın gələcəkdə arzulayanlar “Loqos”da bu universitetin təhsil proqramlarını mənimsəyərək, ixtisaslara yiyələnə biləcəklər. Yeri gəlmişkən qeyd edim ki, Üsküdar Universitetinin təcrübə bazası olan klinikası dünya üzrə ikinci beyin xəstəxanasıdır. “Loqos” Üsküdar Universitetinin də Azərbaycanda rəsmi nümayəndəsidir.
Peşəkar psixoloq kadrların hazırlanması əsas hədəflərimizdəndir. Psixoloji maarifləndirməyə geniş meydan açan ali dərəcəli kadrlar, onların yetişdirilməsi istiqamətində daha ciddi addımlar atmağı düşünürük. Psixologiya zamanın tələbidir və hesab edirəm ki, yalnız psixoloji təhsil verən daha bir elm ocağının yaradılması faydalı olar. Hələlik bu, bir arzudur, amma əminik ki, güclü istək və əməli iş arzuları gerçəkləşdirməyin ən doğru yoludur.

Təranə MƏMMƏDOVA,
psixologiya üzrə fəlsəfə doktoru,
“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video