Alternative content

19:54 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Nazir İnam Kərimov arıçıları Dövlət Aqrar İnkişaf mərkəzləri ilə sıx əlaqə qurmağa çağırıb
Nazir İnam Kərimov arıçıları Dövlət Aqrar İnkişaf mərkəzləri ilə sıx əlaqə qurmağa çağırıb
ANA SƏHİFƏ / CƏMİYYƏT
12:08 17.08.2018


Azərbaycan Arıçılar Assosiasiyasının İdarə Heyətinin üzvləri ilə görüşdə ölkədə arıçılıq sektorunda mövcud vəziyyət müzakirə olunub

 

Kənd təsərrüfatı naziri İnam Kərimov Azərbaycan Arıçılar Assosiasiyasının üzvləri ilə görüşüb. Görüşə assosiasiyanın rəhbər heyəti, fərdi arıçılıq təsərrüfatının təmsilçiləri qatılıblar.

Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, görüşdə kənd təsərrüfatı naziri İnam Kərimov nazirliyin assosiasiyalarla əməkdaşlığı vacib saydığını deyib. Bu məqsədlə nazirlikdə struktur dəyişiklikləri aparıldığını deyən nazir qurumun tərkibində fermerlərlə, assosiasiyalarla və kooperativlərlə iş şöbəsinin yaradıldığını xatırladıb. İnam Kərimov nazirliyin öz fəaliyyətində fermerlərə yaxın olmaq prinsipini əsas götürdüyünü vurğulayıb, indiyə kimi bir çox ixtisaslaşmış assosiasiyaların nümayəndələri ilə görüşdüyünü diqqətə çatdırıb. Bildirib ki, assosiasiyaların nümayəndələri ilə görüşlərdə məqsəd problemləri təhlil etmək, aqrar sektorun konkret sahələrini inkişaf etdirmək məqsədilə hazırlamaqdır. İnam Kərimov daxili bazarda keyfiyyətli, ekoloji təmiz arıçılıq məhsullarına böyük ehtiyac olduğunu deyib, bal və digər arıçılıq məhsullarının ixrac potensialının artırılmasının vacibliyini vurğulayıb.

Azərbaycan Arıçılar Assosiasiyasının sədri, “Api-Delta” arıçılıq şirkətinin direktoru Bədrəddin Həsrətov qurumun 2015-ci ildə yaradıldığını, hazırda 5 şəhər və 44 rayonda assosiasiyanın yerli bölmələrinin fəaliyyət göstərdiyini vurğulayıb. Arıçılığın spesifik sahə olduğunu bildirən assosiasiya sədri qeyd edib ki, ölkə üzrə təsərrüfatlarda təxminən 300 min arı ailəsi var. Azərbaycanda ildə 3 min ton bal istehsal olunduğunu deyən Bədrəddin Həsrətov bu sahəyə subsidiya verilməsini, arıçılıq sektoruna dövlət dəstəyini vacib sayıb. Subsidiyaların verilməsi ilə əlaqədar arı ailələrinin qeydiyyata alınması prosesinə Arıçılar Assosiasiyasının da cəlb olunmasını təklif edən sədr bildirib ki, bu sahədə görüləcək kompleks tədbirlər daxili bazarın tam şəkildə yerli məhsulla təmin olunmasına və xarici ölkələrə məhsul ixracına imkan verəcək.

Görüşdə çıxış edən “Dəlidağ” arıçılıq təsərrüfatının rəhbəri Sabir Mustafayev, “AQS Group” şirkətinin rəhbəri Natiq Mədətov, “Balçı” arıçılıq təsərrüfatının rəhbəri, fərdi təsərrüfatçılar Şahin Cəfərov, Şəhriyar Nurullahi, Qadir Mustafayev arıçılıq sektorunda mövcud vəziyyəti təhlil edib, bu sahənin inkişafına dair çoxsaylı təkliflər səsləndiriblər. İştirakçılar bal yarmarkalarının təşkili, daimi bal satışı mərkəzlərinin, arılar üçün yem bazasının yaradılması, arıçılıq kooperativlərinin təsis olunması, seleksiya işlərinin aparılması, arı xəstəliklərinə qarşı mübarizənin düzgün təşkili, təsərrüfatların mexanikləşdirilməsi, “Aqrolizinq”in xətti ilə ölkəyə arı pavilyonlarının gətirilməsi, nektar bazasını artırmaq üçün xüsusi bitkilərin əkilməsi, arıçılıq təsərrüfatlarının işinin düzgün təşkilinə yardım üçün kredit ittifaqlarının yaradılması, Assosiasiyanın beynəlxalq əlaqələrinin genişləndirilməsi ilə bağlı təkliflər səsləndiriblər.

Nazir İnam Kərimov arıçılar arasında maarifləndirmə işinin aparılmasının vacib olduğunu deyib. Rayon və şəhərlərdə Dövlət Aqrar İnkişaf mərkəzlərinin (DAİM) yaradıldığını xatırladan nazir bildirib ki, DAİM-lərdə aqrar sektorun müxtəlif sahələrinə dair qrafik üzrə təlimlər keçiriləcək, bu təlimlərə arıçılar da aktiv cəlb olunacaqlar. İnam Kərimov arıçıların yaxın müddətdə DAİM-lərin fəaliyyətinin effektini açıq şəkildə hiss edəcəyini bildirib, onları bu mərkəzlərlə sıx əlaqə qurmağa çağırıb.

Bal ilə bağlı ekoloji təmiz məhsul standartının müəyyənləşməsinə ehtiyac olduğunu vurğulayan nazir arıçılıq məhsulları ilə bağlı brendlərin yaradılmasını vacib sayıb. İnam Kərimov arıçılıq təsərrüfatlarının assosiasiya şəklində birləşməsini müsbət hal kimi dəyərləndirib, zamanla bu sektorda kooperativləşmə gedəcəyinə ümidvar olduğunu bildirib. Görüşdə assosiasiya üzvlərinin irəli sürdüyü təkliflərin proqram şəklində nazirliyə təqdim olunmasını təklif edən nazir diqqətə çatdırıb ki, ölkədə fəaliyyət göstərən assosiasiyalarla rübdə bir dəfə görüşməyi nəzərdə tutur.

Görüşdə ölkədə arıçılığın inkişafına dair təkliflər ətraflı müzakirə olunub.