Alternative content

05:54 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisi ilə bağlı hazırlıq işləri davam etdirilir
“ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisi ilə bağlı hazırlıq işləri davam etdirilir
ANA SƏHİFƏ / CƏMİYYƏT
03:08 16.08.2018

Müdafiə Sənayesi Nazirliyinin (MSN) təşəbbüsü və təşkilatçılığı ilə sentyabrın 25-dən 27-dək Bakıda “ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisi keçiriləcək.

MSN-dən AZƏRTAC-a bildiriblər ki, regionda ilk dəfə 2014-cü ildə “ADEX” adı altında Azərbaycanda keçirilmiş və iki ildən bir təkrarlanan bu sərgi, silah və hərbi texnikanın nümayişi üçün təşkil olunan ən genişmiqyaslı tədbirlərdəndir. Üçüncü dəfə təşkil olunan “ADEX” sərgisi müasir silah və avadanlıqların möhtəşəm nümayişi ilə yanaşı, Azərbaycanın müdafiə sənayesi kompleksinin gücünün və qüdrətinin aydın göstəricisi olacaq. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ənənəvi olaraq sərgini ziyarət etməsi bu tədbirin əhəmiyyətini daha da artırır.

Bakı Ekspo Mərkəzində keçiriləcək “ADEX-2018” sərgisində dünyanın inkişaf etmiş ölkələrindən 200-dən çox şirkətin iştirakı nəzərdə tutulur. Azərbaycan, Türkiyə, Fransa, Rusiya, İsrail, Belarus, Pakistan, Serbiya, Ukrayna və digər ölkələr bu sərgidə milli qruplarla çıxış edəcəklər. İştirakçı ölkələr arasında Bolqarıstan, Çin, İtaliya, Litva, Niderland və digər dövlətlərin müdafiə sənayesi sektorunu təmsil edən aparıcı şirkətlər də yer alacaq. Sərgi Bakı Ekspo Mərkəzinin üç pavilyonunu, eləcə də açıq havada yerləşən meydançanı əhatə edəcək.

Müdafiə Sənayesi Nazirliyinin pavilyonu mərkəzin üçüncü zalında yerləşəcək. Bu pavilyonda nazirliyin müəssisələrində yaradılan və istehsal edilən ən son silah və hərbi texnikalar nümayiş olunacaq. Burada iştirakçılar və ziyarətçilər Azərbaycan müdafiə sənayesinin yenilikləri, inkişaf etməkdə olan potensialı ilə yaxından tanışlıq imkanı qazanacaqlar.

Sərginin işgüzar proqramı çərçivəsində ölkənin müdafiə və təhlükəsizliyi üçün nəzərdə tutulmuş innovativ tədqiqat, məhsul və texnologiyalar sahəsində təqdimatlar, eləcə də xarici nümayəndə heyətləri, istehsalçı şirkətlər və sifarişçilər ilə ikitərəfli görüşlər keçiriləcək. Beləliklə, “ADEX-2018” sərgisi ən son silah nümunələrini nümayiş etdirmək və beynəlxalq hərbi-texniki əməkdaşlıq sahəsində yeni müqavilələr imzalamaq üçün ideal platformaya çevriləcək.

“ADEX-2018” sərgisinə yerli və xarici kütləvi informasiya vasitələri tərəfindən də böyük maraq göstərilir. Artıq sərgi 60-dan çox yerli və beynəlxalq aparıcı medianın - xəbər agentliklərinin, veb saytların, jurnalların informasiya dəstəyi ilə təmin olunub.

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə keçiriləcək sərgiyə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi dəstək verir. Sərginin təşkilatçısı qismində “Caspian Event Organisers” (CEO) şirkəti iştirak edir.