16 Avqust 2018 12:08
107
İQTİSADİYYAT
A- A+

Strateji yol xəritələri iqtisadi uğurlarımızın təməli kimi

 

İyulun 26-da Nazirlər Kabinetinin 2018-ci il üçün iş planında nəzərdə tutulmuş məsələlərə dair aidiyyəti qurumların iştirakı ilə keçirilən iclasında strateji yol xəritələrinin icrasına dair hazırlanmış monitorinq və qiymətləndirmə hesabatları müzakirə edildi. Baş nazir Novruz Məmmədov Prezident İlham Əliyevin uzaqgörən və müdrik rəhbərliyi nəticəsində Azərbaycanda yeni keyfiyyətli inkişaf modelinin formalaşmasına xüsusi diqqət yetirildiyini, bu istiqamətdə böyük işlərin görüldüyünü qeyd etdi.

Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı və davamlı islahatlar ölkənin iqtisadi müstəqilliyinin təminatında dönüş yaratmağa imkan vermişdir. Atılan mühüm addımlar sayəsində bu proses uğurla davam edir. Baş nazir sosial və iqtisadi infrastruktur quruculuğunda, özəl sektorun inkişafında, sənayeləşmədə, aqrar sektorun istehsal və ixrac imkanlarının genişləndirilməsində, makroiqtisadi sabitliyin təmin olunmasında, əhalinin rifah halının yaxşılaşmasında dövlət başçısının böyük əməyi olduğunu vurğulamış və ölkənin iqtisadi potensialının artdığını bildirmişdir: “Dövlət proqramlarının uğurla reallaşdırılması sayəsində regionların da tarazlı şəkildə inkişaf etməsi ölkənin potensialının artmasına güclü təkan verib”.
Sistemli surətdə tətbiq edilən düşünülmüş iqtisadi addımlar, inamla reallaşdırılan rasional makroiqtisadi siyasət, aparılan köklü islahatlar qlobal və regional risklərin neytrallaşdırılmasına imkan yaratmaqla yanaşı, iqtisadiyyatın müxtəlif sahələrini dinamik inkişaf etdirməyə yeni təkan verir. Azərbaycan Prezidentinin müəyyən etdiyi strateji xətt bütün istiqamətlərdə dayanıqlı iqtisadi inkişafın təmin olunmasına yönəlmişdir.
Mükəmməl düşünülmüş kompleks islahatlar modeli makroiqtisadi sabitliyə, investisiya mühitinin daim yaxşılaşmasına xidmət etməklə bərabər, iqtisadiyyatın şaxələndirilməsinə də töhfəsini vermişdir. Bu baxımdan strateji yol xəritələrinin icrası ölkədə davamlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin, inklüzivliyinin və sosial rifahın daha da artırılmasına böyük töhfələr verəcək.
Sevindirici haldır ki, iqtisadi islahatların geniş spektri bu ilin birinci yarısında müsbət nəticələr əldə etməyə imkan vermişdir. Belə ki, ümumi daxili məhsul 1,3 faiz, qeyri-neft sektoru 2 faiz artmış, inflyasiya isə cəmi 3 faiz təşkil etmişdir. Bundan başqa, qeyri-neft sənayesində 8,8 faiz, kənd təsərrüfatında 7,6 faiz, informasiya və rabitə xidmətlərində 4,9 faiz, ticarətdə 2,5 faiz artım əldə edilmişdir. Bu müddət ərzində dövlət büdcəsinin gəlirləri 9,8 milyard manat, xərcləri 9,5 milyard manat olub. Yalnız qeyri-neft sektorundan dövlət büdcəsinə 4,1 milyard manat vəsait daxil olmuşdur ki, bu, ötən ilin müvafiq dövründəkindən 7,3 faiz çoxdur.
Bu ilin 6 ayı ərzində əsas kapitala yönəldilən vəsaitlər qeyri-neft sektoru üzrə 22 faiz, qeyri-neft sənayesi üzrə 69 faiz artmış, əhalinin gəlirləri də 9,3 faiz artmaqla inflyasiyanı 6,3 faiz üstələmişdir. Beynəlxalq və regional əhəmiyyətli strateji layihələrin ardıcıl reallaşdırılması tədricən Azərbaycanı regionda və dünyada söz sahibinə çevirmiş, etibarlı tərəfdaş kimi onun statusunu və beynəlxalq nüfuzunu nəzərəçarpacaq dərəcədə möhkəmləndirmişdir. Bu baxımdan, rəsmi açılışı olan “Cənub qaz dəhlizi” və TANAP qlobal mənada xalqları bir-birinə bağlayan qitələrarası sülh körpüləri kimi dünyanın enerji xəritəsini dəyişən strateji layihələrdir.
Aqrar sektorda meliorativ infrastrukturun daha da yaxşılaşdırılması tədbirləri çərçivəsində əkinəyararlı torpaq sahələrinə suvarma suyunun çatdırılması, şəhər və kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması çərçivəsində bir çox bölgələrdə ciddi layihələr reallaşdırılır. Təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial infrastruktur obyektləri istifadəyə verilir.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi Azərbaycanın regionun ən güclü nəqliyyat və logistika mərkəzinə çevrilməsini stimullaşdırdı. Dövlət başçısının rəhbərliyi altında uğurla reallaşdırılan sənayeləşmə hazırda istehsal və emal müəssisələrinin, sənaye parkları və məhəllələrinin yaradılmasında aparıcı qüvvəyə malikdir. Məhz Prezident İlham Əliyevin dəstəyi və qayğısı sayəsində Sumqayıt Kimya Sənaye Parkında artıq 7 müəssisə fəaliyyət göstərir, bu ilin sonunadək daha 7 müəssisənin istismara verilməsi nəzərdə tutulub. Balaxanı Sənaye Parkında 5 müəssisə işə salınmışdır. İkinci mərhələdə daha 5 istehsal sahəsinin tikintisinə start veriləcək. Pirallahı Sənaye Parkında 100 milyon dollar dəyərində əczaçılıq və şpris istehsalı müəssisələri yaradılır, Mingəçevir Sənaye Parkında investisiya dəyəri 85 milyon dollar olan 2 iplik fabriki, Neftçala Sənaye Məhəlləsində 8 müəssisə fəaliyyətə başlamışdır. Masallıda Sənaye Məhəlləsinin tikintisi başa çatmışdır. Hacıqabul və Sabirabad sənaye məhəllələri ilin sonunadək istifadəyə veriləcək. Diqqət çəkən odur ki, dünyanın heç bir ölkəsində belə geniş miqyasda reallaşdırılan iqtisadi islahatlar aparılmır.
Bu o deməkdir ki, ölkəmizdə iqtisadiyyatın bütün sahələri sürətlə inkişaf edir, ənənəvi sahələr bərpa edilir, Azərbaycan brendi adı altında dünya bazarına yeni məhsullar çıxarılır. Belə ki, xalçaçılığın inkişafı məqsədilə 10 rayonda xalça emalatxanası istifadəyə verilib, daha 10-u istifadəyə veriləcək, Sumqayıt Kimya Sənaye Parkında yunəyirici boyaq fabrikinin tikintisi davam edir. 251 sahibkarlıq subyektinə 283 investisiya təşviqi sənədi verilib, yerli istehsala 2,5 milyard manatdan artıq investisiya yatırılıb, bundan investisiya dəyəri 1 milyard manatdan çox olan 141 müəssisə artıq fəaliyyət göstərir.
Aqrar sektorun innovativ inkişafını təmin etmək məqsədilə 30 rayon üzrə 192 min hektar ərazidə ümumi dəyəri 1 milyard manatdan çox olan 45 aqropark yaradılır. Burada zəruri infrastrukturun yaradılmasına 207 milyon manat dövlət əsaslı vəsait qoyulub, 111 milyon manat dövlət güzəştli krediti ayrılıb. 4 aqroparkın açılışında dövlət başçısı iştirak edib, ilin sonunda 14 aqropark istifadəyə veriləcək.
Qeyri-neft məhsullarının ixracının artırılması məqsədilə 15 ixrac missiyası təşkil olunub, 11 önəmli beynəlxalq sərgidə vahid ölkə stendi ilə ixracatçılar iştirak ediblər. Rusiya, Çin, Birləşmiş Ərəb Əmirliklərində və Şərqi Avropada ticarət nümayəndələri fəaliyyət göstərir, Belarusda və Ukraynada ticarət evləri açılıb, ilin sonunadək Çində “Şərab evi”, Latviyada və Birləşmiş Ərəb Əmirliklərində ticarət evləri açılacaq.
Nazirlər Kabinetində keçirilən iclasda gündəlikdə duran məsələlər üzrə müvafiq qurumların rəhbərlərinin məruzələri dinlənilib, geniş fikir mübadiləsi aparılıb. Qəbul edilən qərarda göstərilir ki, aidiyyəti qurumlar strateji yol xəritələrinin icrası zamanı yaranan problemlərin, çatışmazlıqların vaxtında müəyyən edilərək aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsini təmin etsinlər və nəzərdə tutulmuş tədbirlərin tam, vaxtında, keyfiyyətlə icrasının daha da sürətləndirilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirsinlər.

Bahadur İMANQULİYEV,
“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video