Alternative content

03:09 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Turistlərin ən çox maraq göstərdikləri məkan - Gədəbəy
Turistlərin ən çox maraq göstərdikləri məkan - Gədəbəy
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:08 16.08.2018

 

Ölkə iqtisadiyyatında ən gəlirli sahələrdən biri də turizmdir. Bu gün turizmin inkişafı nəinki sosial-iqtisadi, eləcə də mədəni-siyasi əhəmiyyət kəsb edən vacib məsələlərdəndir. Məhz bunun nəticəsidir ki, son illər ölkə rəhbəri İlham Əliyevin diqqət və qayğısı sayəsində bu sahənin inkişafı ilə bağlı böyük layihələr həyata keçirilmişdir. 

Nəticədə dünya standartlarına uyğun yeni istirahət məkanları yaradılmışdır ki, bununla da ölkəyə böyük miqdarda valyuta gəlməklə yanaşı, xaricdə Azərbaycan haqqında, onun mədəniyyəti, mətbəxi, eləcə də multikultural dəyərlərə əsaslanan tolerantlıq mühiti haqqında müsbət fikir formalaşmışdır. Turizmin inkişafı iqtisadiyyatın güclənməsi, əhalinin gəlirlərinin atması, ən əsası isə regionların sosial-iqtisadi inkişafı deməkdir. Bu baxımdan flora və faunası zəngin olan Azərbaycanın bölgələri turizm üçün geniş imkanlar açır. Belə bölgələrdən biri də Gədəbəy rayonudur. Haqlı olaraq Gədəbəyi açıq səma altında muzeyə bənzədirlər. Zirvəsi buludlarda dayanan dağlarla, sonu görünməyən dərələrlə, dörd bir yanı sıx meşələrlə, güllü-çıçəkli çəmənlərlə, buz bulaqlarla, gur axan çaylar və şəlalələrlə zəngin olan bu qədim diyar çoxlu tarixi abidələrlə də zəngindir. Qonaqlar xüsusi marşrutlarla bu abidələrə səyahətlər edir, rayonun tarixi haqqında məlumat toplayırlar. Rayon mərkəzinə yaxın “Qız qalası”nı, Söyüdlü kəndindəki “Mahrasa” məbədini, Böyük Qaramurad kəndindəki məbədi, Gədəbəy şəhərindəki kilsəni, Əyrivənd kəndindəki “Vəng” abidəsini, Çanaqçı ərazisindəki kilsəni və məbədi, Qaraməmmədli, Novosaratovka, Çardaş, Kilsəli kəndlərindəki məbədləri misal göstərmək olar. Bundan başqa, Gədəbəy bir çox tarixi məqamları özündə yaşadan alban və alman tarixi izlərinin də qovuşduğu məkandır.
Bura gələn turistlər içərisində məhz çoxluq təşkil edən də almanlardır. Onlar səfər zamanı 1864-1914-cü illərdə Gədəbəydə məskunlaşıb fəaliyyət göstərən Simens qardaşları şirkətinə məxsus olan mis mədənlərinə, mis əritmə zavodlarına, Azərbaycanda ilk elektrik stansiyasının qalıqlarına maraqla baxırlar. 1883-cü ildə Cənubi Qafqaz dəmir yolu məhz Gədəbəydə çəkilib. Yolun uzunluğu 37 kilometrdir. İndi də həmin dəmir yolunun keçdiyi körpülər XIX əsr arxitektura abidəsi kimi qalıb. Rayona gələn alman turistləri onları qoruyub saxlayan Azərbaycan xalqına daim minnətdarlıq edirlər.
Gəncədən Şəmkirə, oradan da Gədəbəyə cəmi 80 kilometrdən bir qədər artıq məsafə var. 6 kilometrlik yasamalı qalxdıqdan sonra qarşıda təbiətin geniş panoramı açılır. Hər tərəf yaşıllığa bürünüb. Geniş və asfalt yolla irəlilədikcə bizi mühasirəyə alan meşəli dağlar sanki ruhumuza bir sərinlik gətirir.
Gədəbəyin rayon mərkəzinə qədər olan məsafədə onlarca turizm məkanı var. Aşağı və Yuxarı Narzan, “Eldorado”, “Meh”, “Şırxan” və sair istirahət mərkəzləri yay mövsümü ərzində yerli və xarici turistlərlə dolu olur.
Əlverişli coğrafi mövqeyi, gözəl təbiəti, zəngin heyvanat aləmi, özünəməxsus mətbəxi, eləcə də yüksək qonaqpərvərliyi ilə seçilən Gədəbəy əvvəllər olduğu kimi, indi də yerli və xarici turistlərin maraq dairəsindədir. İndi rayonun bütün ərazilərində infrastrukturun yenilənməsi kənd turizminin inkişafına təkan vermişdir. Dolanışıqlarını əsasən əkinçilikdən və heyvandarlıqdan əldə edən rayon sakinləri turizmə əlavə gəlir mənbəyi kimi böyük əhəmiyyət verirlər.
İsti yay günlərindən çıxaraq təbii kənd evlərində yaşayıb istirahət etmək, müvəqqəti də olsa, şəhər mühitindən uzaqlaşmaq, ekoloji cəhətdən təmiz ərzaq məhsulları ilə qidalanmaq indi hər kəsin arzusudur. Təmiz dağ havası, buz bulaqlar, hündür dağ zirvələri, şəlalə və gur axan çaylar kənddə istirahət edən hər kəsdə xoş ovqat yaradır. Bu baxımdan, Slavyanka kəndi Gədəbəyin ən çox turist qəbul edən kəndlərindəndir. Hər il minlərlə ailə bu kəndə üz tutaraq bəyəndiyi evi seçir və bütün yayı burada istirahət edir. Slavyanka kəndinin bələdiyyə sədri Firuddin Məmmədovla söhbət zamanı dedi ki, turist qəbuluna görə bu kənd rayonda öndə gedir. Bunun da əsas səbəbi kəndin səfalı yerdə yerləşməsidir. Burada bir neçə bulaq, o cümlədən narzan və məşhur slavyanka suyu çıxır. Hazırda kənddə 1280-ə yaxın ev var və bu ev sahiblərinin yarıya qədəri turist qəbul edir. Bütün həyətlərdə iribuynuzlu və xırdabuynuzlu mal-qara, eləcə də toyuq-cücə saxlanılır. Evdə qalan turistlər istədikləri vaxt bunlardan istifadə edə bilirlər. Hətta at saxlayan ev sahibləri həmin atlardan gəzinti üçün istifadə edilməsini təklif edirlər.
Slavyanka kəndinin sakini Azad İsmayılov neçə illərdir ki, evində turist qəbul edir. Eyni vaxtda 10 nəfər turistin qalması üçün üç otaq ayıraraq hər cür şərait yaradıb. Səliqə-sahmana da söz ola bilməz. Hər il mövsümdən əvvəl həmin otaqları təmir etdirir. Səhər yeməyində qonaqların istəyindən asılı olaraq bal, qaymaq, süd, yumurta, isti çay və təndir çörəyi verir. Əgər turistlər milli mətbəximizin yeməklərindən dadmaq istəsələr, onların istəyinə uyğun xörəklər də hazırlanır. Özü də bu xörəklərin qiyməti restoran qiymətindən 3-4 dəfə ucuz olur.
Slavyanka kəndinin digər sakinləri - Zahid Rüstəmov, Qızbəst Əlirzayeva, Mahir Verdiyev, Nazim Qurbanov və başqaları hər il turist qəbulundan xeyli gəlir əldə edirlər.
Kənd turizminin inkişaf etdirilməsində Gədəbəyin digər kəndləri, o cümlədən İvanovka və Novosaratovka kəndləri də fərqlənir. Novosaratovka kəndinin sakini Nikolay Bıçkov deyir ki, hər il evində onlarca turist saxlayır. Evi səliqə-sahmanlı olduğundan xarici turistlər də qonağı olur. Əslində, onun üçün turistin xarici və yaxud yerli olmasının o qədər də əhəmiyyəti yoxdur. Hamısına eyni gözlə baxan Nikolay həyətində muzey də yaradıb. Deyir ki, əsas məsələ qonaqların ölkəmizin tarixinə, milli-mənəvi dəyərlərinə diqqətini yönəltməkdir.

Sabir ƏLİYEV,
“Azərbaycan”