Alternative content

12:51 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Mədəniyyətlərin qovuşması multikulturalizmin nümunəsidir
Mədəniyyətlərin qovuşması multikulturalizmin nümunəsidir
ANA SƏHİFƏ / Mədəniyyət
12:08 16.08.2018

 

Ölkəmizdə keçirilən beynəlxalq tədbirlər dünya xalqlarının Azərbaycanla yaxından tanışlığını təmin edir

 

Mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu Azərbaycanın humanitar sahədəki təcrübəsi son illər dünya xalqlarının marağına səbəb olub. Mədəni dəyərlərin öyrənilməsinə və onlardan istifadə edilməsinə daha çox diqqət ayrılmasının səbəbləri az deyil. Çünki mədəniyyət xalqları bir-birlərinə yaxınlaşdırır. Hər bir xalqın mədəni dəyərlərinə hörmətlə yanaşılması mühüm məsələdir. Məhz buna görə mədəni əlaqələrin daha da genişlənməsi xalqlar arasında ünsiyyəti vacib faktor kimi ortaya çıxarır.
Son illər ölkəmiz həm Qərbin, həm də Şərqin mədəniyyət məsələlərinin təbliğində aparıcı rol oynayan beynəlxalq qurumlarda fəal iştirak edir. Azərbaycan bu sahədə demək olar ki, beynəlxalq mədəni konvensiyaya, sənədə, təşəbbüsə qoşulur, onun icrasına dəstək verir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın mədəniyyət sahəsindəki xidmətləri bu mənada əvəzsizdir.
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 2014-cü ildən Qəbələdə keçirilən Üzeyir bəy Hacıbəyli beynəlxalq musiqi festivalları nəinki Azərbaycanın, iştirakçı ölkələrin də mədəniyyət tarixinə yazılır. Festivalın açılışında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın beynəlxalq musiqi bayramı iştirakçılarına təbrik məktubunda deyilir: “Beynəlxalq mədəni əlaqələr, qarşılıqlı mədəni inteqrasiya bu gün də Azərbaycanın dövlətlərarası siyasətinin əsas prioritetlərindən biridir. Xalqlararası mədəni-mənəvi inteqrasiyanın səmərəliliyini artıran layihələr bizim üçün çox dəyərlidir. Biz bu festivalı müxtəlif millətlərin musiqi mədəniyyətinin qarşılıqlı zənginləşməsinə, xalqlararası dostluq münasibətlərinin daha da möhkəmlənməsinə verilən böyük bir töhfə kimi dəyərləndiririk”.
Bu ilki isti yay günlərində paytaxt Bakı yenə bir sıra beynəlxalq tədbirlərə evsahibliyi edir. İyulun
16-da Heydər Əliyev Sarayında Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin 33-cü Dünya konfransının açılış mərasimində mədəniyyət naziri Əbülfəs Qarayev dünyanın musiqi ictimaiyyəti üçün mühüm tədbir olan belə bir konfransın ölkəmizdə təşkil olunmasının əhəmiyyətindən danışdı. Bildirdi ki, bu, eyni zamanda, Azərbaycanda musiqi təhsilinin təkmilləşdirilməsinə yönəlmiş uğurlu siyasətin göstəricisidir. Dövlət qayğısı musiqimizin dünyada təbliğinə zəmin yaradır.
Yarım əsr öncə UNESCO-nun himayəsi altında yaradılan və bu gün artıq 90 ölkəni birləşdirən Beynəlxalq Musiqi Təhsili Cəmiyyəti dünyada musiqi sahəsi və onun inkişafı ilə bağlı möhtəşəm layihələr həyata keçirir. O da vurğulandı ki, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təhsil sisteminin təkmilləşdirilməsi istiqamətində diqqətəlayiq işlər görülür. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu sahəyə xüsusi qayğısı var. Bu qayğı Azərbaycanın hüdudlarını aşaraq daha geniş miqyasda musiqimizin təbliğinə xidmət edir.
Bakını “dialoqlar mərkəzi” adlandıran Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un baş katibi Düsen Kaseinov son illər mötəbər beynəlxalq tədbirlərin paytaxtda keçirilməsini yüksək qiymətləndirdi. Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin növbəti konfransının Azərbaycanda keçirilməsinin də bu ənənənin davamı olduğunu dedi: “Bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü qeyd edilir. Eyni zamanda, bu il görkəmli bəstəkar Qara Qarayevin də 100 illik yubileyidir. Bütün bunlarla yanaşı, TÜRKSOY-un da yaranmasının 25-ci ildönümünü silsilə tədbirlərlə qeyd edirik. Azərbaycanda həyatın bütün sahələrinə dövlət tərəfindən diqqət və qayğı mövcuddur. Müasir Bakı idman və mədəniyyət, multikultural dialoqlar mərkəzidir. Bütün bunların fonunda musiqi ictimaiyyətinin Bakıda bir araya gəlməsi isə bu şəhərin bir daha mədəniyyət paytaxtı olmasına işarədir. Mən konfransın işinə uğurlar arzulayıram”.
İyulun 17-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin 33-cü Dünya konfransı çərçivəsində TÜRKSOY-un baş katibi Düsen Kaseinovun iştirakı ilə tədbir keçirildi. Tədbirdə çıxış edən baş katib Düsen Kaseinov dedi ki, TÜRKSOY-un fəaliyyət dairəsi çox genişdir: “Sibirdən Balkanlara qədər olan coğrafiyadakı ortaq türk mədəniyyətini bütün rəngləri ilə dünyada təmsil və təbliğ etməyə çalışırıq. Hər il üzv ölkələrin zəngin mədəniyyətini təmsil edən nümayəndələr keçirdiyimiz müxtəlif tədbirlərdə fəal iştirak edirlər. Bu illər ərzində rəssamlar, yazıçılar, şairlər, heykəltəraşlar, fotoqraflar, teatr və kino sənətçiləri, incəsənət nümayəndələri bizim tədbirlərdə bir-birləri ilə tanış olub, əlaqələr qurublar”.
2010-cu ildən başlayaraq TÜRKSOY hər ili türk dünyasının dahi şəxsiyyətlərinin şərəfinə xatirə ili elan edir, onlarla bağlı silsilə tədbirlər keçirilir, kitablar nəşr olunur. Həmçinin 2012-ci ildən etibarən “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsi həyata keçirilir, bu çərçivədə il ərzində “paytaxt” elan edilən şəhərlərdə silsilə tədbirlər gerçəkləşir.
Düsen Kaseinov türk xalqlarının zəngin mədəni irsində musiqinin xüsusi yer tutduğunu diqqətə çatdırdı: “Türk xalqlarının musiqi mədəniyyəti öz zənginliyi və müxtəlifliyi ilə dünya musiqi bilicilərinin, musiqi həvəskarlarının diqqətini daim cəlb edir. Müasir dövrdə türk xalqlarının musiqi mədəniyyəti öz möhkəm kökləri üzərində daha da inkişaf edir”.
16-20 iyul tarixlərində keçirilən Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin 33-cü Dünya konfransının Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında bağlanış mərasimində cəmiyyətin rəhbəri Li Higgins və konfransın sədri, Türkiyədəki Abant İzzet Baysal Universitetinin professoru Uğur Alpaqut 5 gün davam edən tədbirin mahiyyətinə toxunublar. Qeyd edilib ki, Bakı konfransında musiqi təhsili üzrə 52 ölkədən 700-dək mütəxəssis iştirak edib. Konfrans çərçivəsində müxtəlif tədbirlər - ustad dərsləri, mühazirələr, təqdimatlar və görüşlər keçirilib. Müxtəlif ölkələrdən olan artistlərin iştirakı ilə konsertlər təşkil edilib.
Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin yeni seçilmiş rəhbəri, finlandiyalı Susan Oneill Azərbaycanda olmağından və ölkəsinin 2020-ci ildə növbəti konfransa evsahibliyi edəcəyindən məmnunluğunu ifadə edib. Ölkəmizin belə beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməsinin səbəblərinə toxunarkən bildirib ki, bunun üçün münbit şərait yaradılıb. Finlandiyadan olan Adam Svitala Bakıda olmağından, Azərbaycan musiqisi və mədəniyyəti ilə tanışlığından məmnunluğunu ifadə edib: “Musiqinin dili yoxdur, deyirlər. Bir də deyirlər ki, musiqi insanları birləşdirir. İnanıram ki, müzakirələr və keçirilən görüşlərdə musiqinin problemləri və bu gün dünya musiqiçilərini düşündürən məsələlər müzakirə edildi”.
Refik Saydam (Türkiyə) isə konfrans günlərində unudulmaz, yaddaqalan görüş və konsertlərin müvəffəqiyyətlə reallaşdığını dilə gətirib. Onun sözlərinə görə, burada önəmli bir təməl də atılmış oldu: “Ortaq türk musiqisi məsələləri bir arada müzakirə edildi. Qarşıdakı illərdə bu əlaqələr daha da güclənəcək. Bir musiqiçi olaraq öz qardaş dövlətimiz olan Azərbaycanın musiqisini dinləyən, sevən, tədrisimizdə təbliğ edən pedaqoq kimi konfrans nəticəsində bu musiqi ilə daha da yaxından tanışlıq imkanı qazandıq”.
İtaliya musiqiçisi Antonella Coppi konfransın Azərbaycanda təşkilinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb: “Konfransın Azərbaycanda təşkil edilməsi bu ölkənin qazandığı uğurlarının nəticəsidir. Biz dünya üzrə musiqi təhsili sahəsindəki yeniliklər və digər məsələlərdən əlavə, Bakıda həm də bütövlükdə Azərbaycan mədəniyyəti ilə yaxından tanış olduq. Mədəni proqram çərçivəsində tarixi məkanları gəzdik. Musiqi insanları birləşdirir, savadlı musiqi isə bu yaxınlığı daha da sülhsevər şəkildə reallaşdırmağa imkan yaradır”.
Bu kimi beynəlxalq tədbirlərin ölkəmizdə reallaşması bir daha göstərir ki, Azərbaycan dünyadakı mədəni inkişaf prosesindən kənarda deyil. Milli mədəniyyətini bəşəriyyətə layiqincə təqdim edən xalqımız eyni zamanda, tolerantlığı və multikulturalizmi dövlət səviyyəsində qoruyub saxlayır ki, bu da özünəməxsus xüsusiyyətlərdən biridir.

Məhəmməd NƏRİMANOĞLU,
“Azərbaycan”