16 Avqust 2018 12:08
237
İQTİSADİYYAT
A- A+

Brendin əfsanəvi üstünlükləri

 

Müxtəlif şirkətlər, nəhəng marketlər, hətta adi ticarət şəbəkələri belə öz brendlərini yaradır, brendinq adlanan araşdırmalar sistemini qururlar. Bu, nəyə lazımdır, brendinqin üzərində qızdırmalı adamlar kimi çalışmağa dəyərmi? Brendinq, sadə sözlə desək, istehsalçının saqqızını oğurlamağa hesablanan sistemli araşdırmalardır. Alınan nəticələr nə qədər reallığa bağlı olursa, brend də sizə bir o qədər çox imkan verir ki, şirkətinizi və məhsulunuzu digərlərindən fərqli təqdim edəsiniz, müştərilərin sayını artırıb, gəlirlərə sahib olasınız. 

Sizin rəngli televizor digərinkindən daha dolğun, şokoladınız daha şirin, videokameranız daha üstün təqdim edilə bilər. Quba alması Çin meyvələrindən, Göyçay narı ispan narından, Lənkəran portağalı Afrikanın ekzotik meyvələrindən nə ilə seçilir, nədə üstündür və bizim istehsalçılar hansı qüsurları aradan qaldırmalıdırlar? Bütün bunlar dünya bazarına çıxarılan məhsul və xidmətlərin fərqli brend təqdimatında mühüm rol oynayır. Bu gün istənilən istehsalçı can atır ki, onun ticarət markası, brend təqdimatı digərlərindən fərqli tərzdə dünyanın istənilən nöqtəsində müştəriyə daha yaxın olsun, onun qəlbini fəth etsin.
Maraqlısı odur ki, son zamanlar alıcıların bazarda davranışı yüz il əvvəl olduğu kimi deyil. Müasir istehlakçıların əksəriyyəti bir qayda olaraq ona meyillidir ki, kimlərsə onların seçimində fəal iştirak etsin, son qərarın verilməsi üçün lazım olan bütün məlumatları maraqlı tərzdə təqdim etsin. Zaman sanki inanılmaz sürətlə hərəkət edir, bazarda məhsul bolluğu seçim çətinlikləri yaradır. Alıcıların məhsulların dalğa-dalğa üstlərinə gəldiyi okean kimi nəhəng bazarda seçim etməyə nə vaxtları olur, nə də ki, gücləri çatır. Məhz belə vəziyyətdə hamının əlindən məşhur brendlər tutur. Onlar məlumatların bolluğu, incəliklərin təqdimatı ilə hamını qane edir. Sən özünə lazım olan məhsulu axtarmırsan, istədiyin mal özü səni axtarıb tapır. Lakin heç də həmişə istənilən məhsulun bazarda belə bəxti olmur.
Ona görə də brend sahəsində istehsalçılar tək çalışmır, marketoloqlardan başqa müxtəlif elmləri əhatə edən alimləri, psixoloqları, istedadlı qələm sahiblərini, kinematoqrafçıları, tarixçiləri cəlb edirlər. Bu nəhəng komanda brand-building - brendin yaradılması və inkişaf etdirilməsi üzərində yorulmadan çalışır, ideyaları mükəmməlliyə doğru cilalayır. Brendinq - brendi idarə etmək bacarığıdır və onun əsas məqsədi brendin səlis imicini formalaşdırmaqdır. Yəni mütəxəssislər bazar mühitini araşdırır, brendin adını, şüarını, eşitmə və görmə orqanlarına təsir gücünü yaradır, stilin, qablaşdırmanın, əmtəə nişanının, xüsusi səslərin və qoxuların üstündə çalışırlar. Əsas məqsəd odur ki, müştəri malı əlinə götürən kimi belə qənaətə gəlsin ki, onun axtardığı məhz budur.
Uğurlu brendinq bazara çıxarılan məhsulu eyni təyinatlı çoxsaylı, amma simasız - brendi olmayan məhsulların arasında anındaca seçməyə imkan verir. Rusiya bazarına dünyanın müxtəlif ölkələrindən kənd təsərrüfatı məhsulları daşınır. Bizim fermerlər etiraf edirlər ki, Azərbaycan məhsulları bu bazarda tamı və keyfiyyəti ilə ciddi seçilir. Di gəl ki, rəqabətdə çətinlik çəkir və hələ ki adına layiq tam üstünlüyü əldə edə bilməmişdir. Səbəblər müxtəlifdir: bizim meyvə-tərəvəzin digər ölkələrin məhsullarından üstünlükləri, hansı kimyəvi elementlərlə daha zəngin olması dəqiq araşdırılmayıb, məhsulların qablaşdırılmasında dönüş yaransa da, bu, hələ arzuolunan səviyyədə deyil. Nəticədə Çin və ya başqa ölkənin meyvəsi Quba almasından daha yaxşı və sürətlə satılır. Amma məsələ burasındadır ki, ölkəmiz yalnız meyvələri ilə məşhur deyil. Aqrar sektor şaxələndikcə bazara çıxarılan məhsulların sayı da, çeşidləri də artır. Xalçaçılıq, ipəkçilik, pambıqçılıq inkişaf etdikcə Azərbaycan brendi zənginləşir, saysız məhsulların vahid və unikal çələngini təqdim edir.
“Malın mal olmasın, bazarın bazar olsun” atalar sözü ilk baxışdan bayağı görünsə də, müasir dünya bazarının əsas şüarını təşkil edir. Belə ki, bazara çıxarılan məşhur siqaretlər, ziyanlı spirtli içkilər və bir sıra o qədər də əhəmiyyətli olmayan ikinci dərəcəli məhsullar yalnız güclü brendlərin hesabına istehsalçılara milyardlarla gəlir, istehlakçılara isə ziyan və xəstəliklərdən savayı heç nə gətirmir. Belə “məşhur” brendlərlə müqayisədə Azərbaycanın dünya bazarına çıxardığı faydalı ərzaq məhsullarının, xalçaların, sumağların, ipək və digər məhsulların xeyiri də, faydası da, gözəlliyi də göz qabağındadır. Biz bu rəqabətdə bir çox sahələrdə ən ciddi rəqibləri asanlıqla arxada qoya bilərik. Yəni Azərbaycan brendi uydurmalara yox, real həqiqətlərə söykənir.
Artıq Azərbaycan brendi kifayət qədər möhkəmlənmişdir və bu brend 10-20 il əvvəlki məzmununda deyildir. Biz müharibəyə sövq edilsək də, sülhsevər, tolerant ölkə adını qazanmışıq. Qafqazda sülhün təminatçısı da bizik. Bütün bunlar dünyada Azərbaycan haqqında müsbət fikir yaradır, istehsal etdiyimiz məhsullara maraq oyadır. Ölkənin brendi olduğu kimi, şəhərlərin də brendi olur. Bu baxımdan Bakı artıq dünyanın istənilən şəhəri ilə rəqabətə girməyə qadirdir. Bakı bulvarı, İçərişəhər, məşhur memarların paytaxtda ucaldılan layihələri şəhərimizə elə gözəllik, elə yaraşıq verib ki, dünyada on minlərlə insan, sözün əsl mənasında, Bakıya aşiq olur, bu şəhərin gözəlliyinə, insanların sadəliyinə və qonaqpərvərliyinə heyran qalır. Bu, artıq o deməkdir ki, mükəmməl turizm brendi uğurla formalaşmışdır. Eyni zamanda, rayonlarda görülən quruculuq işləri, tikilən yeni binalar, salınan parklar, ölkənin zəngin təbiəti əcnəbilərə Azərbaycanı özləri üçün yenidən kəşf etməyə imkan yaradır. Brend nöqteyi-nəzərindən isə bu həm ölkə, həm də ərazi brendlərinin mükəmməlləşməsi deməkdir. Beləliklə, Azərbaycan brendi bütün istiqamətlərdə çoxşaxəli inkişaf edir, ölkənin imicini mükəmməlliyə doğru cilalayır.
Müasir dünya düzənində ərazi brendlərinin inkişaf etdirilməsi bütünlükdə insanların həyat səviyyəsinin yaxşılaşdırılmasına, xaricdən investisiyaların cəlb edilməsinə təsir göstərir. Ölkəmizə investisiya axınlarının aramsız gəlişində şəhər və rayonların simasının dəyişməsi, müasirləşməsi də müəyyən rol oynayır və investorlarda əminlik yaradır.
Lakin Azərbaycan brendinin ən mükəmməl üstünlüklərindən biri də yalnız ölkənin yox, həm də onun istehsal etdiyi bir çox məhsulların əfsanəvi çalarlara sahib olması ilə bağlıdır. Dünyada ən uğurlu brendlərin əfsanəvi tərtibatı olur. “Odlar yurdu”, “Küləklər şəhəri”, Yanardağ istənilən səyyah üçün əfsanəvi anlayışlardır. Turistlər bunları görmək, hiss etmək, bu dəyərlərin ruhundan keçmək həsrəti ilə yaşayırlar. Azərbaycanın elə məhsulları var ki, hərəsi bir əfsanəyə bağlıdır. Nağıllarımızda, dastanlarımızda və əfsanələrimizdə bu məhsullar elə gözəl təqdim edilir ki, onları unutmaq olmur.
Azərbaycan brendinin əfsanəvi məqamları müştərinin və ya səyyahın şüurunda unudulmaz iz buraxa bilir, onu dəqiq məkana və ya məhsula qırılmaz tellərlə bağlayır. Sovet dönəmində İçərişəhərdə “Dərviş” adlı restoranın Məmmədəli adlı müdiri vardı. O, sağlığında danışardı ki, necə dadlı xörək bişirirsən bişir, ən gözəl nemətləri süfrəyə düz, sən onu bir nağılla müştəriyə təqdim etməsən, nüfuz qazana bilməzsən. İnsanlar nağılları sevirlər, onun həsrətini çəkirlər. Xoşum gələrdi ki, qonağa əti necə seçdiyimi danışım. Deyəndə ki, quzu ətini Şahdağın ətəyindəki Şah düzündəki sürüdən gətiriblər, cöngə ətini Qırız Dəhnə ilə Susay arasındakı Gül dərəsində bəsləyiblər, - müştərimin, turistin sevinci yerə-göyə sığmazdı. Bir az da orada çəmən kimi bitən müalicəvi otlardan danışanda sanki sehrlənərdilər, min dəfə çox sağ ol deyərdilər. Doğrudan da, bizim təbiətimiz, xörəklərimiz, məhsullarımız elədir ki, onların hərəsini unudulmaz nağıl kimi təqdim etmək mümkündür.
Bir dəfə Moskvadan gələn tələbə dostlarımı gecə yarısı Yanardağa apardım, oradan şəhərə Dağüstü parka qayıtdıq. Onlar geniş meydançada dayanıb heyranlıqla sinəsində ay doğan Xəzərə baxırdılar. Sol cinahda Alov qüllələrində Azərbaycan bayrağı dalğalanırdı. Onlardan biri dedi ki, ən çox sevdiyi şəhər Parisdir. Orada yüksəklikdən Sena çayının sahillərini seyr etmək olur. Amma sinəsində Ay doğan Xəzər, işıqları ilə sayrışan Bakı bulvarı və Alov qüllələrinin yanında Paris acizdir! Gördüklərimiz nağıla, əfsanəyə bənzəyir. Azərbaycan brendinə istənilən rakursdan baxanda onun bənzərsiz olduğu aydın görünür. Sadəcə, dünya bazarında ayaq tutub yerimək üçün biz hamıdan əvvəl öz məhsullarımıza fərqli münasibət sərgiləməli, onları yenidən kəşf etməli və elə sevməliyik ki, bu, xaricilərin də marağına səbəb olsun.
Əgər amerikalılar “Xarley Devidson” motosikletlərini ABŞ-ın hüdudlarını fəth edən əfsanə kimi təqdim edə biliblərsə, bizim də əfsanələrlə birbaşa bağlı olan, elə sözün əsl mənasında, əfsanələrdən yaranan məhsullarımızı təqdim etməkdə heç bir çətinliyimiz olmalı deyil.
Azərbaycan brendinə müxtəlif ölkələrdə maraq getdikcə artır. Lakin ayrı-ayrı məhsullar üzrə dünyanın istənilən ölkəsində alıcının inamını qazanmaq üçün brendimizlə xarici alıcı auditoriyası arasında əlaqələrin inkişaf etdirilməsi vacibdir. Bunun üçün brend müəyyən dəyərlərə malik olmalıdır. Əslində, bu dəyər məhsulun keyfiyyəti ilə yox, artıq fərqli təqdimatı ilə bağlıdır. Yəni məhsulun keyfiyyətindən öncə onun qeyri-maddi tərəfləri digər ölkələrin istehsal etdiyi eyni məhsullardan fərqləndirən cəhətlərlə bağlıdır.
Dünyanın əksər ölkəsində nar yetişir və satılır. Amma Azərbaycan nağıllarında narla tapmaca göndərilir. Bundan başqa, cavanlar sevdikləri qıza eşqlərini bircə nar göndərməklə elan ediblər. Bunu bilən ingilis, norveçli və rus üçün nar əfsanəvi meyvəyə çevrilir, sevgi rəmzinə dönür. Qərb alıcısı üçün keyfiyyətdən başqa, malın ona hansı əlavə stimullar verəcəyi xüsusi önəm kəsb edir. Bu isə məhsul seçimində həlledici rol oynayır. Biz istənilən məhsulumuzu bazara çıxararkən onu özümüzün nə qədər sevdiyini, özümüz üçün hansı dəyərləri kəsb etdiyini də düşünməliyik.
Brendin dəyəri onun mahiyyətindən başqa, təqdim edə biləcəyi hislər və bənzərsiz emosiyalarla bağlıdır. Tutaq ki, avropalı xalça alır, xalçanı isə, demək olar ki, nəinki əksər Şərq ölkələri, hətta Qərb də istehsal edir. İnsanlar aldıqları məhsulda nə olursa-olsun bir qədər də nağıla bənzəyən məqamlar axtarırlar. Azərbaycan xalçaları belə nağıllarla zəngin deyilmi?
Brendin dəyərinin işlənilməsi üçün arzu edilən alıcı auditoriyasının öyrənilməsi vacibdir. Bu dəyər müxtəlif üsullarla yaradılır. Məsələn, “Head & Sholders” şampununu alanda artıq bilirsiniz ki, saçlarınızı təmiz saxlayan vasitədən başqa kəpəkdən xilas olmaq üçün də faydalıdır. Amma ölkəmizdə istehsal olunan malların “Head & Sholders”dən fərqli üstünlükləri göz qarşısındadır. Bütün məhsullarımızı və turizm xidmətlərini özündə birləşdirən Azərbaycan brendinin dünya şöhrəti getdikcə artır. Biz onu öyrəndikcə, inkişaf etdirdikcə uğurlarımız da artacaq.

Bahadur İMANQULİYEV,
“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video