15 Avqust 2018 03:08
257
Mədəniyyət
A- A+

“The Jerusalem Post” qəzetində X Qəbələ Beynəlxalq Musiqi Festivalı haqqında məqalə dərc edilib

Mən bir neçə gün əvvəl gözəl Qəbələ şəhərində oldum, israilli dostlarımla birgə Yerusəlim Simfonik Orkestrinin ifasında Sergey Raxmaninovun fortepiano və orkestr üçün 4 nömrəli konsertini dinlədim. Bu zaman mən Azərbaycan Respublikasının – Cənubi Qafqazın gözəl və qonaqpərvər ölkəsinin, İsrailin Avrasiyada strateji tərəfdaşının dünya səviyyəli gözəl musiqiçilərin bir araya gəldiyi məkana, əsl dostluq, əməkdaşlıq, tərəfdaşlıq, tolerantlıq və həqiqi multikulturalizm platformasına necə çevrilməsi barədə düşündüm. Qürur duyuram ki, məşhur Yerusəlim Simfonik Orkestri X Qəbələ Beynəlxalq Musiqi Festivalında iştirak edib.

AZƏRTAC xəbər verir ki, bu barədə beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert, İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri Arye Qut İsraildə çıxan nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetində dərc edilmiş “Azərbaycan-İsrail mədəni əməkdaşlığı inkişaf etməkdə davam edir” sərlövhəli məqaləsində yazıb.

Məqalə müəllifinin sözlərinə görə, bu mövsümdə 80 illik yubileyini qeyd edən Yerusəlim Simfonik Orkestri 1930-cu illərin sonunda Fələstin radiosunun orkestri kimi yaradılıb. 1948-ci ildə Milli Radionun Orkestrinə çevrilib və “Kol Israel Orchestra” kimi tanınıb. 1970-ci illərdə orkestrin heyəti genişləndirilib və İsrail radiosunun Yerusəlim Simfonik Orkestrinə çevrilib.

“X Qəbələ Beynəlxalq Musiqi Festivalı Heydər Əliyev Fondunun dəstəyilə keçirilib. Ongünlük festival pianoçuların yubiley müsabiqəsini, klassik musiqi axşamlarını və ənənəvi folklor musiqisindən ibarət konserti əhatə edib”, - deyə Arye Qut məqaləsində yazır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın festival iştirakçılarına müraciətində qeyd edilir ki, Azərbaycan xalqı öz mədəniyyətini, dilini, ədəbiyyatını, poeziyasını və musiqisini həmişə qiymətləndirib. Muğam, aşıq sənəti, xalq mahnıları və rəqsləri əsrlərin dərinliklərindən müasir dövrümüzə qədər bizə gəlib çatıb.

Arye Qut məqaləsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın beynəlxalq festivalın iştirakçılarına təbrik məktubundan sitatlar da gətirib: “2018–ci il bizim üçün əlamətdar bir ildir. Bu il Azərbaycan Xalq Cümhuriyyəti – bütün müsəlman Şərqində ilk dəfə çoxmillətli və çoxpartiyalı parlamenti olan, qadınlara kişilərlə bərabər seçki hüquqlarının verildiyi respublikanın yaranmasının 100 illiyi qeyd edilir. Yüz il əvvəl də, indi də xalqımızın demokratiya və azadlıq uğrunda tarixi seçimi dəyişməz qalıb… Azərbaycanda klassik musiqi sənəti hər zaman yüksək qiymətləndirilib. Şərq və müsəlman aləmində ilk opera məhz Azərbaycanda yaranıb və səhnəyə qoyulub. Təsadüfi deyil ki, ölkəmiz regionun qeyri-rəsmi “musiqi paytaxtı" adını qazanıb. Azərbaycanda mütəmadi olaraq müxtəlif növ və janrlar üzrə çoxsaylı musiqi festivalları təşkil edilir. Qəbələ festivalı onların arasında xüsusi yer tutur... Qəbələ festivalı Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni həyatında yeni və gözəl ənənənin təməlini qoyub, beynəlxalq musiqi tədbirlərinin sırasında öz layiqli yerini tutub. Klassik musiqi peşəkarları və pərəstişkarları arasında onun nüfuzu getdikcə artır”.

Dünya şöhrətli dirijor və violonçel ifaçısı, festivalın bədii rəhbərlərindən biri Dmitri Yablonski isə “The Jerusalem Post” qəzetinə məxsusi müsahibəsində deyib: “Qəbələ Beynəlxalq Musiqi Festivalı – Heydər Əliyev Fondunun gözəl təşəbbüsüdür. Bu tədbir təşkilatçılığına görə dünyada keçirilən beynəlxalq musiqi festivalları arasında ən yaxşılarından biridir. Ənənəvi olaraq hər il keçirilən festivalda dünyanın ən məşhur musiqi qrupları, kamera və simfonik orkestrləri, dünya şöhrətli ifaçılar və musiqiçilər öz bacarıq və vərdişlərini nümayiş etdirmək məqsədilə bir yerə toplaşırlar”.

Dmitri Yablonski mədəniyyət və incəsənət sahələrində Azərbaycan və İsrail arasında dostluq münasibətlərinə öz dəstəyini ifadə edərək deyib: “Azərbaycan, həmçinin bir neçə etnik və dini qrupun, o cümlədən zərdüştilik, xristian və yəhudi icmalarının vətənidir. Yəhudi xalqı Azərbaycanda hər hansı diskriminasiya, sıxışdırma, təhqir, təqib və ya antisemit hərəkətlə heç vaxt qarşılaşmayıb. İsrail Dövləti Azərbaycanda yəhudi icmasına olan səmimi və xüsusi münasibətə görə Prezident İlham Əliyevə minnətdarlığını və dərin ehtiramını dəfələrlə bildirib”, - deyə Dmitri Yablonski əlavə edib.

Yerusəlim Simfonik Orkestrinin direktoru Yair Ştern “The Jerusalem Post” qəzetinə məxsusi müsahibəsində bildirib ki, Azərbaycan-İsrail münasibətləri pozitiv strateji tərəfdaşlıqdır. “Azərbaycan sivilizasiyalararası və konfessiyalararası dialoqun həqiqi modelidir. Tolerantlıq və multikulturalizm Azərbaycan cəmiyyətinin mühüm əsaslarıdır. Azərbaycan multikulturalizm və tolerantlığın milli ənənələrinin inkişafı və möhkəmləndirilməsi üçün zəruri siyasi və sosial şəraitin yaradılması üzrə razılaşdırılmış səylər həyata keçirib”, - deyə Ştern qeyd edib.

Arye Qut məqaləsində diqqətə çatdırır ki, X Qəbələ Beynəlxalq Musiqi Festivalı təkcə xarici qonaqlar üçün deyil, Qəbələ sakinləri üçün də mənəvi birliyin uğurlu platformasına çevrilib. “Bu cür festivalların məqsədi xoşməramlı insanlar arasında əlaqələri genişləndirməkdir. Bu cür tədbirlərin böyük əhəmiyyəti var. Birincisi, incəsənətin istənilən forması kimi musiqi sərhəd və milliyyət tanımır. O, insanlarla hər hansı diplomatdan daha yaxşı dildə danışa bilər. Elə bir dildə ki, insanlar tərəfindən qəlbən başa düşülür və bəşəriyyət tərəfindən yaradılmış bütün ciddi sərhədləri aşaraq insanları birləşdirir. İkincisi, Azərbaycanın musiqi mədəniyyəti dünya mülkiyyətinə çevrilir. Azərbaycan bəstəkarlarının əsərləri dünyanın ən yaxşı musiqiçilərinin proqramlarına daxil edilib”, - deyə Arye Qut vurğulayır.

Məqalə müəllifinin fikrincə, Qəbələ festivalının özünəməxsusluğu həm də bu möhtəşəm konsertlərə girişin sərbəst olmasındadır. “Musiqisevərlər hər axşam yaxşı yer üçün kamera musiqisi zalının ətrafına yığışırdılar. Sonra insanlar daha böyük konsert üçün açıq səma altında quraşdırılmış səhnənin yerləşdiyi məkana toplaşdılar. Açıq səma altında konsertlər müstəsna dərəcədə populyardır. Bu konsertlərə faktiki olaraq o qədər tamaşaçı gəlmişdi ki, festivalın təşkilatçıları bir neçə dəfə yük maşınlarında əlavə stullar gətirərək onları səhnəyə baxan yaşıl yamacda quraşdırmalı olmuşdular. Hər konsert alqışlarla başa çatırdı”, - deyə məqalə müəllifi nüfuzlu “The Jerusalem Post” qəzetində qeyd edir.

Arye Qutun fikrincə, festival günlərində Qəbələdə isti və günəşli günlər, sakit axşamlar və aylı gecələr dünyanın ən yaxşı musiqiçilərinin ürəyincə idi. “Qəbələ Beynəlxalq Musiqi festivalı Qafqaz dağlarının düz ətəyində, ağacların sıx-sıx olduğu gözəl məkanda keçirilib. Festival dərhal valeh edir, gözəllik və musiqi mükəmməlliyi haqqında dərin təəssürat oyadır. Bu festival mahiyyətcə, klassik musiqi bayramıdır, lakin muğam - Azərbaycanın ənənəvi xalq musiqisi X Qəbələ Beynəlxalq Musiqi Festivalını çox gözəl tamamlayırdı. Muğam festivalın ayrılmaz hissəsidir.

Azərbaycanın multikulturalizmi reallıqda da Qəbələ Beynəlxalq Musiqi Festivalında öz əksini tapmışdı. Bu, xalqların, mədəniyyətlərin, dinlərin və musiqinin yanaşı yaşamasının və harmoniyasının əks olunmasında idi ki, bunları yalnız Azərbaycanda tapmaq mümkündür”, - deyə Arye Qut İsrailin nüfuzlu “The Jerusalem Post” qəzetində fikrini yekunlaşdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video