Alternative content

15:59 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Serj Sarkisyan həbs ediləcəkmi?
Serj Sarkisyan həbs ediləcəkmi?
ANA SƏHİFƏ / SİYASƏT
12:08 15.08.2018

 

Yanlış siyasət Ermənistanın tənəzzülünü sürətləndirir

 

Daxili və xarici narazılıqlara baxmayaraq, Ermənistanda keçmiş prezident Serj Sarkisyan komandasında təmsil edilənlərə, onların yaxınlarına qarşı həbs dalğası davam edir. Son məlumatlara əsasən, Ermənistanın keçmiş baş naziri Ovik Abramyanın qardaşı Henrix Abramyan iki ay müddətinə həbs olunub. Henrix Abramyana qanunsuz olaraq silah əldə etmə, saxlama və daşınma ittihamı irəli sürülüb.
Xatırladaq ki, bu günlərdə Ermənistanın Milli Təhlükəsizlik Xidməti Ovik Abramyana aid olan keçmiş mexanika-təmir zavodunun ərazisində böyük miqdarda silah-sursat aşkar edib. İdarədən verilən məlumata görə, zavodun ərazisində Milli Təhlükəsizlik Xidməti və Xüsusi İstintaq Xidmətinin əməkdaşları axtarış aparıblar. Nəticədə ərazidən 3 qumbaraatan, 7 “AK-74” avtomatı, 2 snayper tüfəngi, 3 ov tüfəngi, 2 tapança və külli miqdarda patron aşkarlanıb. Hesab edilir ki, bu gedişlə Ovik Abramyanın da həbs olunması qaçılmazdır.
Həbs təhlükəsi tədricən Serj Sarkisyana da yaxınlaşır. Bunun üçün isə maraqlı səbəblər də tapılıb. Belə ki, Ermənistan İstintaq Komitəsi yenidən Rusiyada oğurlanan Marinist İvan Ayvazovskinin “Dəniz mənzərəsi” adlı rəsm əsərinin alınma şəraitini və realizə olunmasını araşdırır. Bu rəsm Ermənistanın keçmiş prezidenti Serj Sarkisyana onun qardaşı Levon Sarkisyanın rəhbəri olduğu “Pyunik” xeyriyyə fondu tərəfindən hədiyyə verilib.
İstintaq komitəsi məsələ ilə bağlı bildirir: “13 yanvar 2011-ci ildə rusiyalı biznesmen, “Rus qızılı” Şirkətlər Qrupunun prezidenti Aleksandr Tarantsevin şəhərkənarı evinə basqın edilib. Evə silahlı basqın edən şəxslər Marinist İvan Ayvazovskinin “Dəniz mənzərəsi” adlı rəsm əsərini də oğurlayıblar. Ermənistan İstintaq Komitəsində rəsm əsərinin ölkəyə gətirilməsi faktı ilə bağlı cinayət işi açılıb, bütün halların araşdırılması üçün istintaq və digər tədbirlər həyata keçirilir”.
İndi rəsmin Serj Sarkisyanda olması onun həbsi üçün əsas yaradır. Həbsindən sonra Serj Sarkisyana qarşı əlavə ittihamlar irəli sürülməsi də tamamilə gözləniləndir. Bu isə təkcə Ermənistanın daxilində yox, elə Rusiyada da ciddi narazılıq yaradır. Xüsusən də sabiq prezident Robert Koçaryanın həbsi fonunda bu məsələ özünü daha qabarıq şəkildə büruzə vermişdi. Xatırladaq ki, məhz onun həbsindən sonra Kreml açıq şəkildə hadisələrin bu şəkildə inkişafından narazılığını bildirmişdi.
Artıq avqustun 13-də Yerevan Apelyasiya Məhkəməsi R.Koçaryan barəsində onun vəkillərinin həbs qətimkan tədbirini dəyişdirmək haqqında vəsatətini təmin edib və Koçaryan azadlığa buraxılıb.
Xatırladaq ki, 2008-ci il martın 1-də Ermənistanda keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü və ölkədə konstitusiya quruluşunu devirmək cəhdi ilə əlaqədar açılan cinayət işi çərçivəsində Robert Koçaryan həbs edilmiş, KTMT-nin fəaliyyətdə olan baş katibi Yuri Xaçaturova qarşı ittiham irəli sürülmüşdü. Bununla əlaqədar Rusiya xarici işlər naziri Sergey Lavrov bəyanat vermişdi. O vurğulamışdı ki, Ermənistanda cərəyan edən hadisələr ölkənin yeni rəhbərliyinin siyasi sələflərini təqibə məruz qoymayacağına dair bəyanatları ilə ziddiyyət təşkil edir: “Bir müttəfiq kimi Ermənistanda baş verənlər Moskvanı narahat edir və bu narahatlıq bir neçə dəfə Ermənistan rəhbərliyinin diqqətinə çatdırılıb”.
Amma Ermənistanın baş naziri Nikol Paşinyanın son açıqlamaları Rusiyanın narazılığına məhəl qoyulmadığını üzə çıxarır. Elə bu fonda da Ermənistanın yeni hakimiyyəti ilə Kreml arasında etimadsızlıq getdikcə dərinləşir.
Düzdür, Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Rusiyaya müttəfiq görüntüsü yaratsa da, siyasi bəyanatlarında ABŞ və Avropameyilli fikirlər səsləndirməsi rəsmi Moskvanı qıcıqlandırır. İndi ölkədə aparılan həbslər fonunda Nikol Paşinyan Moskvanın Ermənistanın daxilində baş verən son siyasi proseslərdən narahatlığının əsassız olduğunu bildirib: “Ermənistanda artıq yeni vəziyyət yaranıb və biz hamımız, o cümlədən də rusiyalı tərəfdaşlarımız bu yeni vəziyyətə adaptasiya olmalıyıq. Hər şey qaydasındadır. Nəhayət ki, Moskva Ermənistandakı dəyişikliklərə uyğunlaşmalıdır”.
Analitiklər Ermənistan hakimiyyətinin Qərbyönümlü siyasət yürütməsi və bunun Rusiya hakimiyyət dairələrində ciddi reaksiyalarla qarşılanmasının forpost ölkə üçün yaxşı heç nə vəd etmədiyini bildirirlər. Rusiyanın “Nezavisimaya qazeta” nəşrində isə Ermənistana güzəştli kreditlə silah satışından və əvəzində Yerevanın indiki rəhbərliyinin NATO, Qərblə yaxınlaşmaq səylərindən bəhs edən məqalə dərc edilib. Məqalədə silahların Ermənistana daha kreditlə yox, nağd pula təklif edilə biləcəyinə eyham vurulur. Qəzet qeyd edir ki, Ermənistanın indiki rəhbərliyi kredit hesabına müasir silahları Rusiyadan aldığı halda son vaxtlar Qərblə münasibətlərini möhkəmləndirməyə çalışır. Bu kontekstdə Nikol Paşinyanın NATO sammitində iştirak etmək üçün Brüsselə səfər etməsi, Avropa İttifaqı ilə danışıqları xatırladılır: “Üstəlik KİV xəbər verir ki, erməni tərəfi Cənubi Qafqazda vahid qaz nəqli sisteminə qoşula və Ermənistanın NATO-nun, ABŞ-ın strateji tərəfdaşı kimi nəzərdən keçirildiyi “yol xəritəsi”ni qəbul edə bilər”.
“Nezavisimaya qazeta” Ermənistanın indiki rəhbərliyinin günahları sırasında KTMT-nin baş katibi Yuri Xaçaturovu Rusiya ilə məsləhətləşmədən cinayət məsuliyyətinə cəlb etməsini, hətta barəsində ev dustaqlığı qərarı çıxarmasını xatırladır: “Axı belə hərəkətlər KTMT-yə elə zərbə vurur ki, onu blokun üzvlərinə qarşı birbaşa təcavüzlə müqayisə etmək olar. Hələ bu yandan Ermənistanın müdafiə naziri David Tonoyan jurnalistlərin qarşısında Rusiyadan alınan silahları tərifləyir, onların modernizə edildiyini və müasir silahlar olduğunu deyir. Və dərhal da əlavə edir ki, Ermənistanla Rusiya arasında hərbi müttəfiqlik müqaviləsinə yenidən baxıla, bəzi bəndlər oradan çıxarıla bilər. Bəlkə daha sadə davranmaq, müasir silahları kreditlə yox, - belə ki, tarixi təcrübəyə əsasən, bu cür kreditlər axırda geri qayıtmır, - nağd pula satmaq lazımdır? O zaman hər şey ədalətli olardı, qarşılıqlı inciklik yaranmazdı”.
Hesab edilir ki, Ermənistanın Rusiya ilə problemlərinin yaranması işğalçı ölkənin tənəzzülünü daha da sürətləndirəcək. Çünki Ermənistanın bir dövlət olaraq mövcudluğu sırf Rusiyadan asılıdır.

Elçin CƏFƏROV,
“Azərbaycan”