Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

02:47 21 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Fərqli taleli oxşar adamlar...
Fərqli taleli oxşar adamlar...
ANA SƏHİFƏ / Mədəniyyət
12:08 15.08.2018

 

Onların taleləri bənzərsiz görünə bilər. Birinin Şuşada başlanan ömür yolu 1948-ci ildə, altmış üç yaşında Bakıda bitdi. Dəfnində dövlət rəsmilərindən tutmuş sadə insanlara qədər böyük kütlə iştirak etdi. Sevənləri onu göz yaşları içərisində son mənzilə yola saldılar. Digəri ömrünün bahar ovqatlı çağında, 1938-ci ilin 6 yanvarında sovet hökumətinin repressiya siyasətinin güdazına getdi. İyirmi doqquz yaşında Xəzər dənizinin Nargin adasına aparılaraq güllələndi. Bir qəbir yerini də ona çox gördülər. Anım mərasimlərində sevənləri hələ də məzarının üstünə düzəcəkləri gülləri rəmzi məzarına - Xəzər dənizinə səpirlər.

 

İki qəlbdə bir arzu...

 

Nə ömür payları, nə də son aqibətləri bir-birinə bənzəyən millətin bu iki övladının arzularında, xəyallarında, sevgilərində eyni məqsəd, eyni məram qərar tuturdu. Üzeyir Hacıbəyli də, Mikayıl Müşfiq də vətənin azadlığına, müstəqilliyinə aşiq idilər. Ancaq Üzeyir bəy bu gənc soydaşından daha bəxtəvər idi ki, Azərbaycanın müstəqilliyini görmüşdü. 1918-ci ilin 28 mayında elan olunan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətində onun da xidmətləri olmuşdu.
Azərbaycanın müstəqilliyinə son qoyaraq hakimiyyətə gələn bolşeviklər bütün millətsevərlərin, vətənsevərlərin düşməni idi. Bunu sovet hökuməti sonuna qədər unutmadı. Üzeyir Hacıbəyli, Mikayıl Müşfiq və daha neçə-neçə millətin öncülləri buna görə əzab-əziyyətlərə, faciələrə məruz qaldılar. Onların xatirələrinə sonsuz sevgi, ehtiram isə bəzən gizli, bəzən aşkar daim yaşadı. Bu duyğular incəsənətin bütün sahələrində yaradılan ölməz əsərlərdə təcəssümünü tapdı. Heykəltəraşlarımız da bu fədakar millətdaşlarımızı - Üzeyir Hacıbəylini və Mikayıl Müşfiqi abidələşdirdilər.

 

İstedadlıların himayədarı - Üzeyir Hacıbəyli...

 

Adı vətəni bir boy da ucaldan Üzeyir Hacıbəyli sağlığında əməlləri ilə könüllərdə öz abidəsini ucaltmışdı. İctimai xadim, pedaqoq, publisist, dramaturq, bəstəkar Üzeyir bəy fəaliyyətinin bütün istiqamətlərində mükəmməl şəxsiyyəti, əzəmətli işləri ilə müasirlərini heyrətləndirirdi. Zaman keçdi, nəsillər bir-birini əvəz etdi. Üzeyir bəy şəxsiyyətinə, yaradıcılığına heyrət isə bitmədi.

Onun surəti incəsənət əsərlərində əks etdirildi. Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı bədii və sənədli filmlərdə, poeziya nümunələrində, rəsm əsərlərində təcəssümünü tapdı. Respublikamızda neçə-neçə elm, təhsil, mədəniyyət ocağına onun adı verildi. Millətin bu təəssübkeş, cəfakeş övladına ehtiramın bir nümunəsi də Azərbaycanın paytaxtında heykəlinin ucaldılması oldu...
Dahi Üzeyir bəyin monumental abidəsinin hazırlanması heykəltəraş Tokay Məmmədova və memar Q.Muxtarova həvalə olundu. Heykəltəraş 1957-ci ildə dahi bəstəkarın fərdi xarakeri, özünəməxsus cizgiləri dəqiqliklə əksini tapan portretini yaratmaqla abidənin icrasına başladı. Tuncdan hazırlanmış portretdə müəllif qəhrəmanının daxili aləminin, mürəkkəb dünyasının qüvvətli ifadəsini verə bildi. Bu da heykəltəraşa əsərin psixoloji həllini müvəffəqiyyətlə əks etdirmək imkanı verdi.
Üzeyir Hacıbəylinin abidəsini yaratmağın qarşısına qoyduğu tələblərin böyüklüyünü və məsuliyyətini dərk edən Tokay Məmmədov gərgin axtarışlarını davam etdirdi. Onun yaratdığı “Üzeyir Hacıbəyov” abidəsi heykəltəraşın istedadının, zəhmətinin və Üzeyir bəyə sevgisinin birliyindən yoğruldu. Sovet hakimiyyətinin qılıncının ən kəsərli vaxtlarında da “bəy” deyə müraciət olunan bu millətin sevgili övladının ağayanalığı, şəxsiyyətinin bütövlüyü, xalqına sədaqəti, eyni zamanda ona olan xalq sevgisi daş əsərdə təcəssümünü tapdı.
Abidələşən Üzeyir Hacıbəyli kreslosunda əyləşib, yaradıcılıq düşüncələri, millətinin sabahından ümidli və narahat korifey yenə qayğılı görünür...
Üzeyir Hacıbəylinin heykəlinin fiquru Azərbaycan SSR Bədii Fondunun əritmə emalatxanasında tuncdan tökülərək hazırlandı, tünd qəhvəyi çalarları olan çəhrayı rəngli qranit postament - özül üzərində qoyuldu. Postamentin frontonunda qranitdə çapıldı, kiril əlifbasının hərfləri ilə Azərbaycan dilində “Üzeyir Hacıbəyov. 1885-1948” yazıldı. Abidənin postamentlə hündürlüyü 6 metr, oturmuş fiqurun hündürlüyü isə 2 metr 90 santimetrdir.
Heykəlin qoyulması üçün yer də çox böyük həssaslıqla seçildi...
Üzeyir Hacıbəyli ölməz əsərləri ilə Azərbaycan musiqisinin şöhrətini dünyaya yayan dahi bəstəkar deyil. O, XX əsrin birinci yarısında Azərbaycan musiqi sənətinin yolunu cızan, onu tərəqqiyə çatdıracaq keçidləri müəyyənləşdirən ustaddır. Ötən əsrdə, belə demək mümkünsə, musiqi sənətimizin qədərini Üzeyir bəy yazdı. “Leyli və Məcnun”, “Koroğlu” operaları, “Ər-arvad”, “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyaları, instrumental müşayiətli xor, orkestr əsərləri, kamera-instrumental əsərləri, xoreoqrafik miniatürləri, romansları, mahnıları ilə Azərbaycan musiqi xəzinəsini zənginləşdirən Üzeyir Hacıbəyli istedadlıların himayədarı oluğu üçün də böyük nüfuz, dərin sevgi qazandı. Yetirmələri sonralar öz əsərləri ilə nə qədər şöhrətlənsələr də, ən yüksək mükafatlarla təltif olunsalar da, “Üzeyir bəyin tələbəsi” adını ən böyük qürurları, fəxri adları, titulları kimi daşıdılar.
Üzeyir Hacıbəylinin nəhəng kölgəsi bu günədək də uzun illər çalışdığı Azərbaycan musiqi sənətinin, bu sənətin məbədi olan Bakı Musiqi Akademiyasının üzərindədir. Bu mənada, dahi şəxsiyyətlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılan monumental abidənin yerləşdirilməsi üçün yer seçimi olduqca uğurlu və diqqətəlayiqdir.
Şəmsi Bədəlbəyli küçəsi, 98 ünvanında, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının əsas girişinin - ön qapısının qarşısındakı meydançada qoyulan monumental abidənin təntənəli açılışı 1960-cı il aprelin 30-da keçirildi. Dövrün qaydalarına uyğun olaraq heykəlin açılış mərasimində səlahiyyətli dövlət nümayəndələrindən biri - Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi N.Hacıyev iştirak etdi. Tədbiri giriş sözü ilə Azərbaycan SSR-in mədəniyyət naiziri A.Bayramov açdı. Sonra söz Azərbaycan Bəstəkarlar İttifaqının sədri, SSRİ xalq artisti Qara Qarayevə verildi. Mərasimdə SSRİ xalq artistləri Bülbül və Niyazi, respublikanın xalq yazıçısı Süleyman Rəhimov, “Leninneft”in 8-ci mədəninin rəisi, Sosialist Əməyi Qəhrəmanı Musa Bayramov, professor K.Səfərəliyeva çıxış etdilər, şair Əliağa Kürçaylı bəstəkara ithaf etdiyi şeiri oxudu.
Heykəlin memar Q.Muxtarov tərəfindən hazırlanan postamenti də uğurlu oldu. Memar abidənin ucaldıldığı meydançaya küçədən girişdə və akademiyaya tərəf çıxışda iki geniş daş pilləkən yaratdı. Bu da əsərə müxtəlif istiqamətlərdən tamaşa etmək imkanı verdi. Abidənin yerləşdiyi meydança, ona birləşən ərazi burada tədbirlər keçirməyə, konsertlərdə orkestr meydançası kimi istifadə etməyə şərait yaradır.
...Əlli səkkiz ildir Azərbaycanın ali musiqi məktəbinin qarşısında öz kreslosunda “əyləşən” Üzeyir Hacıbəylinin monumental abidəsi Azərbaycan xalqının dahi övladının xatirəsinə ehtiramın təcəssümüdür. Heykəltəraş Tokay Məmmədovun qranit postament üzərində tuncdan yaratdığı monumental heykəl əsər kimi də Azərbaycan heykəltəraşlığının ən uğurlu nümunələrindəndir.
“Üzeyir Hacıbəyov” paytaxta yaraşıq verən abidələrimizdən biridir. Bakı Musiqi Akademiyasının binasının altısütunlu eyvanının fonunda bu abidə olduqca təsirli, gözəl mənzərə yaradır.

 

“Altmış yaşlı” Mikayıl Müşfiq...

 

Nə qədər qəribə də olsa, sovet hökuməti ictimai-siyasi düşüncəsinə, əqidəsinə görə zindanlara atdığı, “xalq düşməni” adı ilə sürgünlərdə əzablara məruz qoyduğu, kimilərini 15 dəqiqə davam edən məhkəmələrinin hökmü ilə güllələdiyi şəxsiyyətlərin əksəriyyətinə 1956-cı ildə bəraət verdi. Sonralar onların bəzilərinə hətta heykəl də qoydu. Mikayıl Müşfiqi də gənc yaşında həyatdan qoparan sovet hakimiyyəti 1968-ci ildə 60 illiyini qeyd etməyə hazırlaşırdı...
Şairin heykəli üzərində işə də heykəltəraş Münəvvər Rzayeva və memar Şəfiqə Rzayeva həmin vaxtlarda, şairin altmış illik yubileyi ərəfəsində başladılar. O günləri sonralar Münəvvər Rzayeva belə xatırlayırdı: “Qarşımda Müşfiqin şəxsiyyətini psixoloji olaraq heykəldə açmaq kimi məsuliyyətli bir vəzifə dururdu. Müşfiqi şəxsən tanımaq qismətim olmadığından yalnız fotosənədlər və onu şəxsən tanımış insanların xatirələri mənə kömək etdi. Bu işdə mənə Müşfiqin xanımı Dilbər Axundzadə, həmçinin onu yaxından tanımış Rəsul Rza, Əkrəm Cəfər və başqaları kömək etdilər”.
Abidənin açılış mərasimi 1970-ci ilin 9 iyununda keçirildi. Tədbirdə xalq yazıçısı Mirzə İbrahimov, Mikayıl Müşfiq irsinin tədqiqatçısı Gülhüseyn Hüseynoğlu çıxış etdilər. Xalq şairləri Rəsul Rza və Süleyman Rüstəm, şairlər Hikmət Ziya, Məmməd İbrahim və Ələkbər Ziyatay Müşfiqə həsr etdikləri şeirləri oxudular.
Bakı şəhərinin Yasamal rayonunda, İnşaatçılar prospekti və Nəriman Nərimanov küçələrinin kəsişməsində yerləşən heykəlin hündürlüyü 1.5 metr, postamentlə birikdə hündürlüyü isə 3.2 metrdir. Əvvəlcə abidə daha sadə postamentə malik idi. Sonradan yenidənqurma işləri zamanı abidənin postamenti dəyişdirildi, bədii və memarlıq baxımından daha maraqlı olan pilləli və stella-pyedestal formalı postament yaradıldı. Postament güzgü kimi cilalanmış çəhrayı qranitlə üzləndi. Horizontal postamentin hündürlüyü 60 sm-dir. Müasir pyedestalın hündürlüyü 1.53 metr, eni 1.02 metrdir. Pyedestal üzərində qızılı hərflərlə şairin adı yazıldı.
Heykəltəraş bədii vasitələrdən istifadə edərək böyük inandırıcılıqla Müşfiqin daxili dünyasını göstərməyə müvəffəq ola bildi. Şairin lirikasında xüsusi emosionallıq, romantizm var. Abidəsində bu, dolğun ifadəsini tapdı. Ömrü təlatümlər içərisində keçən şairin dərin fikirlər içərisində olması heykəltəraşın təsvirində də əksini tapıb. Onun düşüncəli siması, intizarlı baxışları, sanki kitabı sinəsinə sıxan əli tamaşaçılara güclü təsir bağışlayır.
Mikayıl Müşfiq 1935-ci ildə, repressiya tufanının soyuq nəfəsi getdikcə yaxınlaşdığı zamanda yazdığı “Həyat sevgisi” adlı şeirində qəlbinin nigaran duyğularını dilə gətirirdi. Bu dünyadan nakam getmiş gənc şair elə bil daşlaşmış baxışları ilə yenə də dalğın-dalğın yazdıqlarını pıçıldayır:

Ah, mən gündən-günə bu gözəlləşən
İşıqlı dünyadan necə əl çəkim?
Bu yerlə çarpışan, göylə əlləşən
Dostdan, aşinadan necə əl çəkim?

Zöhrə FƏRƏCOVA,
Ağaəli MƏMMƏDOV (foto),
“Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM