Alternative content

10:09 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Gənclər vətənin müdafiəsinə hər zaman hazırdırlar
Gənclər vətənin müdafiəsinə hər zaman hazırdırlar
ANA SƏHİFƏ / CƏMİYYƏT
12:08 15.08.2018

 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlayandan Tovuz rayonu yüzlərlə şəhid vermişdir. Rayonun həmsərhəd kəndlərinin sakinləri bu gün də atəş altında yaşayırlar. Lakin müzəffər Azərbaycan Ordusunun əsgərləri düşmənin bütün təxribatlarının qarşısını almaqla onların hər bir atəşinə layiqincə cavab verirlər. Artıq ermənilər də yaxşı başa düşürlər ki, Azərbaycan Ordusu 90-cı illərin ordusu deyil. İndi Silahlı Qüvvələrimiz ən müasir silahlarla təmin olunmaqla yanaşı, həm də yüksək döyüş texnikasına malikdir.

İndi Tovuzda bütün gənclər vətən təəssübkeşliyi ilə böyüyürlər. Onlar dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmrini gözləyirlər ki, işğal olunmuş torpaqlarımızı düşməndən azad etsinlər. Bunu bu günlərdə gənclərin həqiqi hərbi xidmətə yola salınma mərasimində çıxış edənlər də bir daha vurğuladılar. Diqqətə çatdırıldı ki, Azərbaycan xalqı gənc nəslin vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşmış və ona həyati əhəmiyyətli məsələ kimi baxmışdır. Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir.

Mərasim iştirakçıları əvvəlcə müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzdülər. Sonra Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov çıxış edərək ölkəmizdə ordu quruculuğu sahəsində qazanılan uğurlardan danışaraq qeyd etdi ki, ermənilər Azərbaycan Ordusunun gücünü 2016-cı ilin Aprel döyüşlərində aydın şəkildə gördülər. Cəmi dörd gün ərzində işğal altında olan ərazilərimizin bir hissəsi azad edildi.

Sonra əmək və müharibə veteranları, valideynlər ürək sözlərini söylədilər. Mərasimin sonunda iştirakçılar Heydər Əliyev Mərkəzini ziyarət etdilər. Sonda gənclər üçrəngli Azərbaycan bayrağının altından keçərək hərbi hissələrə yola düşdülər.

 

Sabir ƏLİYEV,

“Azərbaycan”