Alternative content

10:03 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycana bir gələn bir də gəlmək istəyir
Azərbaycana bir gələn bir də gəlmək istəyir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:08 15.08.2018

 

Yay fəslində Bakıda, bölgələrdə, xüsusilə dağlıq və Xəzərətrafı ərazilərdə yerli və xarici turistlərlə daha çox rastlaşırıq. Məlumat üçün deyək ki, bu ilin əvvəlindən bəri Azərbaycana gələn turistlərin sayı təxminən iki milyondan, Bakıya gələnlərin sayı isə bir milyondan artıq olub. Bu ilin 6 ayında xarici vətəndaşlar Azərbaycanda ancaq bank kartları ilə 513 milyon manat pul xərcləmişlər. 

Bank kartları ilə xərclənən pullar keçən illə müqayisədə 21 faiz çox olmuşdur. Bu, ilk növbədə Prezident İlham Əliyevin “Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 20 fevral 2017-ci il tarixli sərəncamının uğurlu nəticəsidir. Sərəncama əsasən, hava limanında “ASAN Viza” sisteminin tətbiqinə başlanılması ölkədə turizmin inkişafına yeni yollar açıb. Cari il mayın 15-dən etibarən “ASAN Viza” özünəxidmət terminalları vasitəsilə Heydər Əliyev Beynəlxalq Hava Limanında 15 ölkənin - Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Çin, İran, İsrail, İndoneziya, Küveyt, Qətər, Malayziya, Oman, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə və Yaponiya vətəndaşlarına birbaşa vizalar verilib. Quraşdırılmış “ASAN Viza” özünəxidmət terminalları xüsusi təyinatlı ümumvətəndaş pasportu oxuyucuları, elektron ödəmələr üçün pos-terminallar və nağd ödəmələr üçün əsginas qəbuledicilərlə təmin olunub. “ASAN Viza” portalı və özünəxidmət terminalları 7 dildə - Azərbaycan, ingilis, fransız, ispan, ərəb, fars və rus dillərində fəaliyyət göstərir. Özünəxidmət terminalları ilə yanaşı, dörd pəncərədə viza verilməsi və bank xidmətləri həyata keçirilir ki, bu da ölkəyə gələn əcnəbilərə vizaların verilməsində əlavə köməkdir. Orta hesabla bir əcnəbiyə viza verilməsi 2 dəqiqə ərzində təmin olunur.
Yaradılan hüquqi baza respublikamızın turizm potensialından daha səmərəli istifadəyə geniş imkanlar açıb. Həyata keçirilən tədbirlər Azərbaycanı turizm həvəskarları üçün cəlbedici məkana çevirib. Yaxşı xidmətdən və gəzintidən razı qalan qonaqlar yenidən Azərbaycana gəlmək arzusunda olurlar. Faktlar da belə deməyə əsas verir. Əgər 2016-cı ildə ölkəmizə gələn turistlərin sayı 22 faiz, 2017-ci ildə 20 faiz, bu ilin 6 ayında isə 15 faiz artıbsa, deməli, artıq Azərbaycan dünyada turizm ölkəsi kimi tanınır. Qürur doğuran odur ki, yalnız yay aylarında deyil, ilin digər fəsillərində də gəzməyə və istirahətə gələnlərin sayı çoxalıb. Cari ilin yanvar-iyun ayları ərzində Azərbaycana dünyanın 189 ölkəsindən 1 milyon 325 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,2 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 30,5 faizi Rusiya Federasiyası, 21,1 faizi Gürcüstan, 11,1 faizi İran, 10,8 faizi Türkiyə, 3,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,1 faizi İraq, 2 faizi Ukrayna, 18,7 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub.
Yarım ildə Körfəz ölkələrindən (İran istisna olmaqla) gələnlərin sayında daha çox artım müşahidə edilib. Ümumilikdə ölkəmizə gələnlərin, demək olar ki, hər 5 nəfərindən biri Körfəz ölkələrindən olub. Yanvar-iyun aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 6,3 faiz artaraq 53,5 min nəfərə, MDB ölkələrindən səfər edənlərin sayı 7,5 faiz artaraq 478,3 min nəfərə çatıb. Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 59,9 faizi dəmir yolu və avtomobil, 39,2 faizi hava, 0,9 faizi isə su nəqliyyatından istifadə edib.
Hazırda respublikamızda turizmin daha da inkişaf etdirilməsi üçün bir neçə istiqamət üzrə tədbirlər görülür. Bakının kommunikasiya və marketinq planı hazırlanır, turizm brendi formalaşdırılır. Paytaxtın marketinq strategiyası, xüsusən də biznes strukturları ilə əlaqələr genişləndirilir.
Məhz buna görədir ki, hələ başa çatmayan cari ilin yayında rusiyalı turistlərin MDB-də üz tutduqları Bakı Minsk, Almatı, Astana, Bişkek, Daşkənd, Kişinyov, Düşənbə və Aşqabad kimi şəhərlərin onluğunda yer alıb. Bu il turistlərin üz tutduqları səfalı yerlərdən biri də Gəncə şəhəri və onun yaxın ətrafındakı rayonlardır.
Bu ilin birinci yarısında Gəncə Turizm İnformasiya Mərkəzinə 11 min 243 müraciət olub. Mərkəzə müraciət edən turistlərdən 7 min 328-i yerli, 3 min 915-i xarici ölkə vətəndaşıdır. Bu il Gəncəyə ən çox turist İran və Türkiyədən gəlib. Gəncə sakinlərinin isə səfər etdiyi ölkələr Türkiyə və İran olub. Bu sıraya Gürcüstan və Rusiya da daxildir. Mərkəz ötən aylar ərzində “Gəncə-Göygöl”, “Gəncə-Daşkəsən-Xoşbulaq”, “Gəncə-Qəbələ” və “Gəncə-Şəki” turizm marşrutları üzrə turlar təşkil edib. Bu turlarda 2 min 660 yerli və xarici turist iştirak edib.
Gəncə yerli və xarici turistlərin daha çox ziyarət etdiyi şəhərlərdən biridir. Bu şəhərin tarixi məkanları, abidələri, dini ziyarətgahları, müasir tikililəri, istirahət və əyləncə mərkəzləri, həmçinin zəngin mətbəxi turistlərin diqqətini cəlb edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il Gəncəyə gələn turist sayında 5-6 faiz artım qeydə alınıb.
Son illər yaradılan yüksəksəviyyəli turizm obyektlərindən biri də “Şahdağ” Qış-Yay Turizm Kompleksidir. Dəniz səviyyəsindən 1300-2300 metr yüksəklikdə yerləşən bu kompleksin ərazisi 2058 hektardır. Nəinki Azərbaycanda, dünyada ən mükəmməl layihələrdən olan “Şahdağ” Qış-Yay Turizm Kompleksi bənzərsizliyi ilə fərqlənir və il boyu fəaliyyət göstərir.
Başqa bir beynəlxalq səviyyəli turizm mərkəzi - “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksi isə Qəbələ rayonundadır. Kompleksin birinci mərhələsinin açılışı dörd il bundan öncə (2014-cü il, yanvar) dövlət başçısının iştirakı ilə reallaşdırılıb. Bu möhtəşəm istirahət məkanı ilin bütün fəsillərində turistlərə kanat gəzintisinə, qış mövsümündə xizəklə sürüşməyə, xizəkçilik məktəbi, hotel və digər xidmətlərdən istifadə etməyə imkan verir.
Respublikamızın dilbər guşələrindən olan Qəbələnin beynəlxalq səviyyəli turizm mərkəzinə çevrilməsi istiqamətində məqsədyönlü işlər aparılır. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransındakı nitqində Qəbələdə turizm sektorunun inkişafı istiqamətində son illər həyata keçirilən layihələrdən məmnunluğunu ifadə edərək demişdir: “Qəbələ Bakıdan sonra ölkəmizin ikinci turizm mərkəzidir və beynəlxalq turizm mərkəzinə çevrilir”.
Hazırda Qəbələdə irili-xırdalı 100-ə yaxın turizm obyektində gün ərzində 4500 qonağı qarşılamaq, onlara yüksək səviyyədə yemək və hotel xidməti göstərmək mümkündür. İstirahət mərkəzlərində qonaqlara müasir hotel xidmətləri ilə yanaşı, Azərbaycan və Avropanın ləziz yeməkləri təklif olunur. Qonaqlar üçün kanatla dağ gəzintisi, güllə atıcılığı, meşə gəzintisi, atla gəzinti, balıq ovu, qayıqla göldə üzmək, rayonun görməli yerlərinə və tarixi abidələrinə səyahətlər təşkil edilir. Qəbələyə ailəvi gələn və bir neçə gün rayonda dincəlmək istəyən turistlər əsasən meşə və çay kənarındakı kotteclərdə və kirayə verilən yüksək şəraitə malik kənd evlərində istirahət etməyə üstünlük verirlər. Rayonun dağlıq və meşəlik ərazilərində yerləşən Vəndam, Nohurqışlaq, Duruca, Qəmərvan, Bum və Bunud, Həmzəli kəndlərindəki evlərin təxminən yarısı kirayə verilir ki, bu da yerli əhalinin dolanışıq şəraitinin yaxşılaşmasına səbəb olur.
Hazırda şimal bölgəsində, Qubanın unikal yaşayış məskəni olan Xınalıq kəndinin turizm imkanları genişləndirilir. Xınalığın füsunkar görünüşünün və qədimliyinin, eləcə də tarixi, mədəni, arxeoloji xüsusiyyətlərinin qorunub saxlanılması ilə bağlı yeni infrastruktur layihələrinin reallaşdırılması qərara alınıb.
Respublika ərazisindəki digər turist marşrutları üzrə də yeni infrastruktur və turistyerləşdirmə obyektləri yaradılır. Prezident İlham Əliyev “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. Sənədə əsasən, “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu müasir standartlara uyğunlaşdırılaraq ərazisində müasir turizm infrastrukturu yaradılacaq, bir sıra dövlət qoruqlarında turizm imkanları genişləndiriləcək.

Rəhman SALMANLI,
Ağaəli MƏMMƏDOV (foto),
“Azərbaycan”