Alternative content

20:24 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanın Daxili İşlər Nazirliyi Türkiyənin müvafiq qurumları ilə əməkdaşlığa böyük önəm verir
Azərbaycanın Daxili İşlər Nazirliyi Türkiyənin müvafiq qurumları ilə əməkdaşlığa böyük önəm verir
ANA SƏHİFƏ / CƏMİYYƏT
05:08 14.08.2018

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun dəvəti ilə Türkiyə Respublikası Jandarm Qüvvələrinin Baş Komandanı, ordu generalı Arif Çetinin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Arif Çetin və onu müşayiət edən şəxslər Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarı önünə əklil qoyub, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə tər çiçəklər düzülüb.

Daha sonra qardaş ölkənin təmsilçiləri Şəhidlər xiyabanındakı “Əbədi məşəl” kompleksini və türk şəhidliyini ziyarət ediblər.

Avqustun 14-də daxili işlər naziri, general-polkovnik Ramil Usubov ordu generalı Arif Çetinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları salamlayan nazir dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Türkiyə ilə əlaqələrinin hər zaman yüksələn xətlə inkişaf etdiyini, ulu öndər Heydər Əliyevin bu sahədəki xidmətlərini, onun “Bir millət, iki dövlət” siyasətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini, dövlət başçılarının siyasi iradəsi və qarşılıqlı səfərləri nəticəsində dost və qardaş ölkələrimiz arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu məmnunluqla xatırladıb.

Nazir rəhbərlik etdiyi qurumun Türkiyənin Daxili İşlər Nazirliyi, o cümlədən Jandarm Komandanlığı ilə əməkdaşlığın genişləndirilməsinə böyük önəm verdiyini, Daxili Qoşunların formalaşmasında, ən müasir tələblərə cavab verən quruma çevrilməsində, şəxsi heyətin peşəkarlığının daha da yüksəldilməsində Türkiyə Jandarm Komandanlığının böyük xidməti olduğunu xüsusi vurğulayaraq buna görə təşəkkürünü bildirib.

Sonra qonağa müstəqilliyin ilk illərində respublikamızın qarşılaşdığı problemlər, Ermənistanın silahlı qüvvələri tərəfindən torpaqlarımızın işğalı, bir milyondan çox soydaşımızın doğma yurdlarından qaçqın düşməsi, ölkəmizdə cərəyan edən gərgin ictimai-siyasi proseslər barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin ali hakimiyyətə tarixi qayıdışından sonra onun rəhbərliyi ilə cəmiyyət həyatının bütün sahələrində, o cümlədən cinayətkarlıqla mübarizə, ictimai təhlükəsizliyin təmini sahəsində həyata keçirilən qətiyyətli tədbirlər nəticəsində Azərbaycanda kriminogen durum tam nəzarətə götürülüb. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin son illərdəki sürətli inkişafını şərtləndirən əsas amillərdən olan dönməz ictimai-siyasi sabitlik təmin olunub, əmin-amanlıq yaradılıb.

Nazir Türkiyə Jandarm Qüvvələri Baş Komandanının ölkəmizə səfərinin əlaqələrimizin inkişafına və daha da dərinləşməsinə müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib.

Səmimi görüşə və ətraflı məlumata görə minnətdarlığını bildirən ordu generalı Arif Çetin Azərbaycana səfərindən, Bakının dünyanın ən gözəl paytaxtlarından, ən təhlükəsiz şəhərlərindən biri olmasından, ölkəmizin dinamik, sürətli inkişafından, eyni zamanda, Daxili Qoşunların yüksək peşəkarlığa və döyüş qabiliyyətinə malik mobil quruma çevrilməsindən məmnun olduğunu bildirib. O, iki ölkənin müvafiq orqanları arasındakı faydalı işbirliyini yüksək qiymətləndirib, “Bir millət, iki dövlət” olaraq Türkiyənin hər zaman Azərbaycanın yanında yer aldığını, onun ordusunun, Daxili Qoşunlarının inkişafı üçün bundan sonra da səylərini əsirgəməyəcəklərini, belə əməkdaşlığın, təcrübə mübadiləsinin qardaş xalqlarımızın və ölkələrimizin mənafelərinə xidmət etdiyini vurğulayıb.

Türkiyə Respublikasının ölkəmizdəki səfirinin birinci müavini Volkan Öskiperin də iştirak etdiyi görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında müzakirələr aparılıb.

Daha sonra Daxili Qoşunların Baş İdarəsində daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədovun ordu generalı Arif Çetinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü olub. General-leytenant Şahin Məmmədov Türkiyə Jandarm Baş Komandanlığı ilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunları arasında dostluq və hərbi əməkdaşlıq münasibətlərinin daha da genişləndiyini qeyd edib, qonaqlara Daxili Qoşunların yaranma tarixi, strukturu, normativ-hüquqi bazası, döyüş yolu və inkişafı barədə ətraflı məlumat verib.

Ordu generalı Arif Çetin respublikamıza səfərindən məmnunluğunu ifadə edərək iki ölkənin müvafiq qurumları arasında əlaqələri yüksək qiymətləndirib.

Avqustun 16-dək davam edəcək səfər zamanı dost və qardaş ölkənin nümayəndə heyəti Daxili Qoşunların Ali Hərbi Məktəbində təlim-tədrisin təşkili, kursantlar üçün yaradılmış şərait, o cümlədən Bakıda yerləşən “N” saylı hərbi hissə ilə tanış olacaq. Sonra türkiyəli qonaqlar Qoşunların Təlim Mərkəzində xüsusi-taktiki təlimi izləyəcək, həmçinin Heydər Əliyev Mərkəzini və paytaxtımızdakı digər tarixi, mədəniyyət abidələrini ziyarət edəcəklər.