Alternative content

04:23 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Mehdi Abdullayev: Xəzəryanı ölkələrin əməkdaşlığı yeni müstəviyə çıxır
Mehdi Abdullayev: Xəzəryanı ölkələrin əməkdaşlığı yeni müstəviyə çıxır
ANA SƏHİFƏ / SİYASƏT
05:08 14.08.2018

Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı 1996-cı ildən başlayan 22 illik danışıqlar prosesi öz məntiqi nəticəsini verdi. Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin prezidentlərinin V Zirvə toplantısında tarixi əhəmiyyətli sənədi imzaladılar. Bu, son illərin çox əlamətdar və tarixi hadisələrindən biridir. Həmin gün müasir tariximizə qızıl hərflərlə yazılacaq.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyasının prorektoru, hüquq elmləri doktoru Mehdi Abdullayev bildirib. M.Abdullayev qeyd edib ki, tarixi sənədin hazırlanmasında və imzalanmasında Azərbaycanın və Prezident İlham Əliyevin rolu, xidmətləri əvəzsizdir. Bəlkə də Azərbaycan tərəfinin bu məsələdə fəal rolu və iştirakı, siyasi iradəsi və qətiyyəti olmasaydı, Konvensiyanın imzalanması daha bir neçə il çəkərdi.

Eyni zamanda, İran Prezidenti Həsən Ruhaninin Bakıya səfəri zamanı imzalanmış “Xəzər dənizində müvafiq blokların birgə işlənilməsi” haqqında Anlaşma Memorandumunun Xəzərin hüquqi statusuna dair Konvensiyanın razılaşdırılmasında mühüm əhəmiyyət daşıdığını söyləyən M. Abdullayev deyib: “Danışıqlar prosesi onunla nəticələndi ki, Xəzərdə müvafiq blokların birgə istifadəsi ilə bağlı razılaşma əldə edildi. Beləliklə, mart ayının sonunda uğurlu Azərbaycan-İran danışıqları yekun Konvensiyanın imzalanması yolunda çox mühüm, həlledici addımlardan biri oldu”.

M.Abdullayev vurğulayıb ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi balanslı, tarazlaşdırılmış xarici siyasət kursunun müasir dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin beynəlxalq münasibətlərdəki mövqeləri daha da möhkəmlənir, ikitərəfli əlaqələri getdikcə genişlənir: “Bu baxımdan hesab edirəm ki, əgər Azərbaycanın İran, Rusiya, Qazaxıstan, Türkmənistanla ikitərəfli münasibətləri belə yüksək səviyyədə olmasaydı, haqqında bəhs etdiyimiz Konvensiyanın imzalanması mümkün olmazdı. Yəni, bu sənəd ilk növbədə Azərbaycan Prezidentinin xarici siyasətdə ikitərəfli münasibətlər formatına prioritet istiqamət kimi yanaşmasının məntiqi nəticəsi kimi dəyərləndiriliməlidir. Xəzərin hüququ statusuna dair Konvensiyanın imzalanması sözün həqiqi mənasında dövrümüzün mürəkkəb məsələlərindən birinin həll olunması deməkdir. Bu, regionda sülhə, sabitliyə xidmət edən, Xəzəryanı dövlətlər arasında münasibətlərin yeni səviyyəsini müəyyənləşdirən, yeni mərhələnin əsasını qoyan bir sənəddir. Bu Konvensiya dostluğa, əməkdaşlığa, qardaşlığa xidmət edir. Bu nöqteyi nəzərdən imzalanmış Konvensiyanın həm siyasi və iqtisadi, həm də geoiqtisadi və geostrateji əhəmiyyəti var”.

M.Abdullayevin deyib ki, Konvensiya Xəzərin hüquqi statusunu müəyyənləşdirməklə yanaşı, nəqliyyat, ekologiya və bütövlükdə regionda sülh və təhlükəsizlik məsələlərini özündə ehtiva edir: “Bu tarixi razılaşma Xəzər dənizinin hüquqi statusu ilə bağlı Xəzəryanı ölkələr arasında uzun illərdir sürən ziddiyyətlərin əməkdaşlıqla əvəzlənməsini təmin edir. Sülhə, təhlükəsizliyə, əməkdaşlığa xidmət edən Konvensiya, eyni zamanda, digər regionlar üçün də böyük əhəmiyyətə malikdir. Yeni əməkdaşlıq mühiti Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin inkişafına stimul olacaq. Nəticə etibarı ilə bu, Xəzəryanı ölkələrin əməkdaşlığını yeni müstəviyə çıxaracaq. Burada söhbət həm siyasi və iqtisadi, həm də humanitar və təhlükəsizlik sahələrində əməkdaşlıqdan gedir”.