Alternative content

23:01 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Vətəndaş məmnunluğu, şəffaflıq və operativlik
Vətəndaş məmnunluğu, şəffaflıq və operativlik
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:08 14.08.2018

 

Yeni yaradılacaq “DOST” Agentliyi əhalinin sosial rifahının yüksəldilməsinə, sosial sferada effektliyin təmin edilməsinə imkan verəcək

 

Hər bir dövlətin əsas funksiyalarından biri əhalinin sosial müdafiəsini təşkil etmək, maddi nemətlərin ədalətli bölgüsünə nail olmaq, daxili siyasətin sosialyönümlüyünü ön planda saxlamaq, vətəndaşların sosial rifah halını yaxşılaşdırmaqdan ibarətdir. İnkişaf etmiş, yaxud inkişaf etməkdə olan dövlətlər xalqın sosial rifahını yüksəltməyi qarşılarına məqsəd qoymuşlar. Əhalisinin sosial müdafiəsinin təmin edilməsi müstəqil Azərbaycan dövlətinin də qarşısında duran strateji vəzifələrdən biridir. Dövlət daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir.
Prezident İlham Əliyevin avqustun 9-da əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı fərman da bu məqsədlərə xidmət edir.

 

Yeni agentlik ilk növbədə, xidmətin keyfiyyətini yüksəldəcək

 

Öncə onu vurğulayaq ki, fərmana əsasən, əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və elektron xidmətlərə keçidin sürətləndirilməsi, habelə süründürməçilik hallarının qarşısının alınması və vətəndaş məmnunluğunun artırılması məqsədilə Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxs (DOST Agentliyi) yaradılıb.
Sənəddə əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat, habelə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun digər sahələrdə xidmətlərin həyata keçirilməsini təmin edən “DOST” mərkəzlərinin yaradılması müəyyən edilib. “DOST” mərkəzlərində xidmətlərin “bir pəncərə”, həmçinin operativlik, vətəndaş məmnunluğu, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri, eləcə də vətəndaşların bilavasitə, telefon və ya internet vasitəsilə müraciətləri əsasında, səyyar və digər üsullarla həyata keçirilməsi, əməkdaşlar üçün etik kursların təşkili, vətəndaş axınının idarə olunması, vətəndaşları qarşılama, dinləmə, izahetmə və digər aidiyyəti bacarıqları inkişaf etdirən müxtəlif təlimlərin həyata keçirilməsinin təmin olunması nəzərdə tutulub.
Agentliyin fəaliyyətinin təşkili, “DOST” mərkəzlərinin yaradılması və əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2 milyon manat vəsait ayrılıb.

 

“DOST”a böyük ümidlər var

 

Günün müzakirə mövzusuna çevrilən məsələ ilə bağlı həm Milli Məclisin deputatları, həm də iqtisadçı ekspertlərin söylədikləri fikirlər birmənalıdır. Yəni, hər kəs hesab edir ki, Prezident İlham Əliyev tərəfindən aparılan siyasətin başlıca məqsədi Azərbaycan vətəndaşlarının maraqlarının müdafiə olunması, sosial rifahının yüksəldilməsidir. Xüsusilə, sosial güzəştlər tələb olunan sahələrdə vətəndaşlarımıza - Vətən müharibəsi əlilləri, Qarabağ müharibəsi veteranlarına, şəhid ailələri, qaçqın və məcbiri köçkünlərə, aztəminatlı ailələrə yüksək diqqət göstərilir. Sosial təminata ehtiyacı olan əhalinin mənzil təminatının yaxşılaşdırılması, həyat şəraitinin yüksəldilməsi ilə əlaqədar mütəmadi tədbirlər görülür.
Yeni yaradılan agentlik həmçinin əlillik dərəcələrinin alınması, məşğulluq və sosial təminat sahələrindəki bəzi problemlərin həlli istiqamətində və digər məsələlərdə mühüm addımlar atacaq. Yəni, “DOST”a böyük ümidlər var. Ümumiyyətlə, agentliyin yaradılması əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində atılan mühüm addımlardan biridir.

 

Agentliyin regional formaları da yaradılacaq

 

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev deyir ki, Prezident İlham Əliyevin daxili siyasətində sosial müdafiə, sosial təminat prioritet istiqamətdir. Əhalinin məşğulluğunun təmin edilməsi, aztəminatlı insanların müdafiəsinin gücləndirilməsi, pensiya, müavinətlərin, ünvanlı sosial yardımların verilməsi, əlillik məsələlərinin müəyyənləşdirilməsi və digərləri əhalinin sosial müdafiəsinə xidmət edən sahələrdir.
Bu sahədə pərakəndiliyi, müəyyən hallarda rast gəlinən qeyri-qanuni münasibətləri aradan qaldırmaq, vətəndaşlara xidmətin keyfiyyətini yüksəltmək üçün sosial təminatı bir mərkəzdən həyata keçirmək məqsədilə dövlət başçısı yeni agentliyin yaradılmasını məqsədəuyğun hesab edib.
Deputatın fikrincə, “DOST” mərkəzləri dünyanın qabaqcıl ölkələrinin təcrübəsi nəzərə alınmaqla yaradılacaq. Agentliyin yaradılmasında məqsəd sosial xidmət sahələrində keyfiyyəti yüksəltmək, operativliyi artırmaq və vətəndaşların məmnunluğunu artırmaqdır: “Agentliyin regional formaları da yaradılacaq. İndiyədək Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yerli strukturlarının göstərdiyi bir çox funksiyalar bu agentlikdə birləşərək, daha keyfiyyətli, operativ bir mərkəzdən idarə olunmaqla həyata keçiriləcək. Bu da əhalinin aztəminatlı hissəsinin həm məşğulluğunun təmin olunmasında, həm sosial yardımların alınması, müavinət və pensiyaların hesablanmasında, əlillik vəziyyətinin qiymətləndirilməsində operativliyi təmin edəcək. Demək olar ki, vətəndaş bir binaya girməklə özünün mövcud problemlərinin hamısını həll edərək oradan çıxa bilmək imkanı qazanacaq”.
Elektron idarəetmənin dünyada geniş yayıldığını deyən Musa Quliyev qeyd edir ki, sosial xidmət sahəsində elektron xidmətlərin həm keyfiyyəti, həm də miqyası genişlənəcək. Yəni, vətəndaş bəzi hallarda evindən çıxmadan elektron müraciət əsasında o xidmətləri ala biləcək.
Deputatın sözlərinə görə, agentliyin yaradılması ilə Milli Məclisin Əmək və sosial siyasət komitəsi tərəfindən müəyyən qanunlara əlavə və dəyişikliklərin edilməsini şərtləndirir: “ Bununla bağlı məsələlər Prezident İlham Əliyevin sərəncamında öz əksini tapıb. Qanunlara ediləcək əlavə və dəyişikliklərə Milli Məclisin payız sessiyası müddətində baxılacaq, hökumətin müvafiq qurumları ilə birgə müzakirələr aparıldıqdan sonra lazımi addımlar atılacaq”.

 

“ASAN xidmət”in “DOST” modeli

 

İqtisadçı ekspert Vüqar Bayramov da hesab edir ki, yeni yaradılacaq Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təşkili, “DOST” mərkəzlərinin yaradılması bu sahədə şəffaflığın artırılması, vətəndaşlara daha səmərəli və əlçatan xidmətlərin tətbiq edilməsi məqsədi daşıyır.
Onun fikrincə, “DOST” mərkəzlərinin yaradılması sosial sferada “ASAN xidmət” modeli kimi qiymətləndirilir: “Bu sənəd çox vacib idi. Sosial xidmətlərin keyfiyyətinin artırılmasında, bu sferadakı çatışmazlıqların aradan qaldırılmasında “DOST” mərkəzləri əhəmiyyətli rol oynayacaq. Daha çox pensiyaların təyinatında yol verilən nöqsanlar, ünvanlı sosial yardımın verilməsində mövcud olan bəzi qanunsuzluqlar diqqət çəkirdi. Bu sferada şəffaflığın yaradılması üçün böyük mexanizm, model hazırlanmasına ehtiyac var idi. Nəticə etibarı ilə “DOST” mərkəzləri sosial sferada şəffaflığın təmin edilməsinə imkan verəcək. Vətəndaş və məmur arasındakı ünsiyyətin minimumlaşdırılması sayəsində daha əlverişli mühit yaradılacaq”.

 

Dövlət hər zaman sosial layihələrə böyük vəsait ayırır

 

Əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin sosial sahəyə xüsusi diqqət və qayğısı, imzaladığı fərman və sərəncamlar, qəbul etdiyi qərarlar iqtisadi gücü daim artan ölkəmizin fəal və məqsədyönlü siyasət kursu sosial cəhətdən həssas əhali qruplarının etibarlı müdafiə sistemi ilə əhatə olunmasına şərait yaradır. Bütün bunlar dövlətin bu cür sosial layihələrə böyük vəsaitlər xərclədiyini açıq-aydın göstərir. Prezident İlham Əliyev hər zaman çıxışlarında bu siyasətin davam etdiriləcəyini vurğulayaraq bildirir ki, həyata keçirilən bütün işlərin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Xüsusilə, sosial cəhətdən az müdafiə olunan vətəndaşlar, işğaldan əziyyət çəkmiş, əlil olmuş, yaxınlarını itirmiş insanlar, onların yaşayışı, məşğulluğu, həyat səviyyəsi prioritet məsələdir.
Etiraf edilməlidir ki, respublikamızda bu sahədə görülən işləri beynəlxalq təşkilatlar, xüsusən də BMT hər zaman qeyd edir və Azərbaycan təcrübəsi bir çox ölkələr üçün nümunə kimi göstərilir. Dövlət başçısının söylədiyi kimi bəlkə də dünyada öz vətəndaşlarına bu qədər qayğı və diqqət göstərən ikinci ölkə yoxdur. Bu, bir daha Azərbaycan Prezidetinin yürütdüyü sosial siyasətin niyyətini əks etdirir.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”