14 Avqust 2018 12:08
122
SİYASƏT
A- A+

Xəzər sülh, mehriban qonşuluq və əməkdaşlıq bölgəsinə çevrilir

 

Dənizin hüquqi statusu haqqında imzalanmış konvensiya buna zəmin yaradır

 

Məlum olduğu kimi, avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısında Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Həsən Ruhani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Xəzər dənizinin hüquqi statusu haqqında konvensiya imzalamışlar. Eyni zamanda, Xəzəryanı dövlətlərin müvafiq qurumlarının rəhbərləri tərəfindən bu konvensiyadan irəli gələn digər mühüm sənədlər - Xəzər dənizində mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında protokol, Xəzəryanı dövlətlərin hökumətləri arasında ticari-iqtisadi əməkdaşlıq haqqında saziş, Xəzəryanı dövlətlərin hökumətləri arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında saziş, Xəzər dənizində insidentlərin qarşısının alınması haqqında saziş və sərhəd xidməti idarələrinin əməkdaşlığı və qarşılıqlı əlaqələri haqqında protokol imzalanmışdır.
Beləliklə, Xəzərlə bağlı 22 ildir davam edən danışıqlara yekun vuruldu və sututarın hüquqi statusu müəyyənləşdirildi. Özü də tarixi qərar kimi qiymətləndirilən bu hadisə Beynəlxalq Xəzər Gününə təsadüf etdi.
Ümumiyyətlə, Xəzərlə əlaqədar mübahisələr əsrlərdir davam edirdi. Bu mübahisələri əvvəlcə Rusiya imperiyası və İran, ardınca SSRİ və İran aparırdı. Sovet İttifaqının süqutundan sonra yeni müstəqil dövlətlər - Azərbaycan, Qazaxıstan və Türkmənistan da mübahisələrə qoşuldu. Xəzərin təkində zəngin karbohidrogen ehtiyatlarının kəşfi sahilyanı dövlətlər arasında ziddiyyətləri qızışdırdı. Başlıca məsələ ilk dəfə olaraq beş Xəzəryanı dövlətin iştirakı ilə sututarın beynəlxalq hüquqi statusunu müəyyənləşdirmək idi. 1996-cı ildən bəri Xəzər dənizinin hüquqi statusu haqqında konvensiyanın hazırlanması işində sahilyanı dövlətlər beştərəfli formatda razılaşmaya gələ bilmirdi. Çoxillik danışıqların gedişində elə hallar olurdu ki, tərəflər sənədin imzalanmasına yaxınlaşan vaxt yeni ziddiyyətlər ortaya çıxırdı, çünki hər bir dövlət milli maraqlarını əsas gətirərək Xəzərin hüquqi statusuna fərqli yanaşırdı. Bu məsələyə münasibətdə Azərbaycan həmişə beynəlxalq hüquq normalarına istinad edərək obyektiv mövqe tutur, Xəzərin ədalətli bölgüsünə tərəfdar çıxırdı. Lakin müəyyən süni maneələr yekun status barədə razılaşma əldə etməyə imkan vermirdi.
Belə olan təqdirdə ayrı-ayrı Xəzəryanı dövlətlər işi irəli aparmaq üçün təşəbbüslər irəli sürdü. 2003-cü ilin mayın 14-də Astanada Azərbaycan, Rusiya və Qazaxıstan arasında Xəzərin dibinin orta xətt üzrə milli sektorlara bölünməsi və su səthinin ümumi istifadəyə verilməsi haqqında üçtərəfli saziş imzalayıb Xəzərin dibinin bölünməsinə dair yekun razılaşma əldə etdi. Nəhayət, 2017-ci il dekabrın 4-5-də Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin Moskvada keçirilmiş müşavirəsində konvensiya layihəsini razılaşdırmaq mümkün oldu. Həmçinin bu il martın axırlarında İran Prezidenti Həsən Ruhaninin Bakıya səfəri zamanı Xəzər dənizində müvafiq blokların birgə işlənməsi haqqında anlaşma memorandumunun imzalanması konvensiyanın razılaşdırılması istiqamətində mühüm əhəmiyyət kəsb edən sənəd oldu.
Prinsip etibarilə Xəzərin status məsələsi daha çox nəzəri xarakter daşısa da, su səthinin və dənizin dibinin bölünməsi sırf praktiki əhəmiyyət kəsb edir. Dənizdə neft və qaz hasilatı ilə tarixən Azərbaycan məşğul olurdu. Yeni tarixi şəraitdə Türkmənistan və İran da karbohidrogen yataqlarının istismarı ilə bağlı iddialar irəli sürdü. Nəticədə ortaya çıxmış yeni problemləri həll etmək zərurəti meydana gəldi.
Aktauda imzalanmış konvensiyada sahilyanı dövlətlərin ərazi sularının müəyyənləşdirilməsi əksini tapmışdır. Sənəddə deyilir ki, hər bir tərəfin ərazi sularının eni 15 dəniz milindən çox olmamalıdır. Ərazi sularına eni 10 mil olan balıqçılıq zonası əlavə edilir. Sənədə görə, hər bir sahilyanı dövlət balıqçılıq zonasında müstəsna balıqtutma hüququna malikdir. Konvensiyaya görə, qonşu dövlətlərin ərazi suları arasında sərhəd ikitərəfli müqavilələr əsasında müəyyənləşdiriləcək. Eyni zamanda, ərazi sularının xarici sərhədi dövlət sərhədi statusu alır. Ərazi sularından kənardakı su məkanı dövlətlərin ümumi istifadəsinə verilir.
Xəzərin dibinin və təkinin bölünməsi də ikitərəfli və çoxtərəfli sazişlər əsasında həyata keçiriləcək. Bununla yanaşı, “Xəzər beşliyi” ölkələri dənizdə süni adalar və qurğular yaradıb onlardan istifadə etmək hüququna malikdir. Lakin bir şərtlə ki, həmin adaların və qurğuların ətrafında təhlükəsizlik zonalarının eni 500 metrdən çox olmamalıdır. Konvensiya dənizin bioloji müxtəlifliyinə ziyan vuran fəaliyyəti qadağan edir. Tərəflər dəyən ziyana görə məsuliyyət daşıyır. Sənəddə qeyd olunur ki, gələcəkdə başqa bir mühüm saziş - Xəzər dənizinin bioehtiyatlarından istifadə haqqında müqavilə hazırlamaq nəzərdə tutulur.
Xəzərin dibi ilə boru kəmərlərinin çəkilməsi problemi də həllini tapmışdır. Konvensiya tərəflərin belə bir iş görmək hüququnu tanıyır, amma kəmər qonşu, yaxud qarşı ölkənin ərazi sularından keçirsə, tras müvafiq ölkə ilə razılaşdırılmalı və onun marşrutu barədə digər sahilyanı dövlətlər məlumatlandırılmalıdır. Beləliklə, Türkmənistandan Azərbaycana Transxəzər boru kəmərinin çəkilməsi yalnız Aşqabadla Bakıdan asılı olacaq. Yeri gəlmişkən, Aşqabad bu məsələni müntəzəm olaraq qaldırırdı. Xəzərin hüquqi statusu haqqında konvensiyanın qəbul edilməsi ilə Türkmənistan təbii qazının ixracını şaxələndirmək imkanı əldə edir. Bu ölkədən Transxəzər boru kəməri ilə nəql ediləcək qaz Azərbaycan ərazisinə çatdırılacaq, sonra isə TANAP kəməri ilə xarici bazara, məsələn, Avropaya göndəriləcək.
Konvensiyada qeyd olunur ki, Xəzərdə regiondankənar dövlətlərin silahlı qüvvələrinin mövcudluğu yolverilməzdir. Sənəddə deyilir ki, sahilyanı ölkələrin heç biri öz ərazisini regiondankənar dövlətə hər hansı Xəzəryanı ölkəyə qarşı təcavüzkar hərəkətlər həyata keçirmək üçün meydan kimi təqdim edə bilməz.
Tərəflər xarici işlər nazirlərinin müavinləri səviyyəsində daimi məşvərət mexanizmi yaratmaq barədə razılığa gəlmişlər. Bu formatda ilk görüşün yaxın altı ay ərzində keçirilməsi gözlənilir. Bütövlükdə məsləhətləşmələrin ildə bir dəfədən az olmayaraq keçirilməsi nəzərdə tutulur.
Xəzərin hüquqi statusu haqqında konvensiyanın imzalanması sahilyanı ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsində mühüm mərhələ və baza sənədi kimi tarixə düşmüşdür. “Xəzər beşliyi” ölkələri rəhbərlərinin, ilk növbədə, Azərbaycan tərəfinin siyasi iradəsi, mehriban qonşuluq siyasətinə sədaqəti və xoş məramı bu sənədin meydana çıxmasını təmin etdi. Konvensiya tərəflərin qarşılıqlı güzəştləri əsasında reallığa çevrilmişdir. Azərbaycan dənizin hüquqi statusu barədə danışıqların getdiyi bütün dövr ərzində beynəlxalq hüququ rəhbər tutaraq milli maraqlarını müdafiə etmiş, öz növbəsində, digər qonşu dövlətlər xoş məram nümayiş etdirərək Azərbaycanın milli maraqlarını nəzərə alıb müəyyən güzəştlərə getmişdir.
Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi bütün sahilyanı ölkələr üçün faydalı olacaq. Hər şeydən əvvəl, vurğulamaq lazımdır ki, sənəd Xəzərin təhlükəsizlik və sabitlik dənizinə çevrilməsi üçün hüquqi baza yaradır, bədnam qüvvələrin istəyinin əksinə olaraq, bu bölgədə mehriban qonşuluğu, qarşılıqlı faydalı əməkdaşlığı möhkəmlətmək üçün zəmin yaradır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “imzalanmış konvensiya Xəzəryanı ölkələrin sırf qarşılıqlı fəaliyyəti, iqtisadi, nəqliyyat xarakterli məsələlərin, xalqlarımızın həyat səviyyəsinin yaxşılaşmasına kömək edəcək məsələlərin həlli üçün geniş perspektivlər açır”.

Allahverdi MEHDİYEV,
“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video