12 Avqust 2018 02:08
281
Mədəniyyət
A- A+

Sözü-söhbəti unudulmayan şair

Bu gün Xalq şairi Qabilin anadan olmasının 92-ci ildönümü tamam olur

 

Azərbaycanın Xalq şairi Qabilin zarafatları, duzlu-məzəli lətifələri uzun illərdir xalq arasında gəzib dolaşmaqdadır. O, daha çox güldürməyi, gülməyi sevirdi. Baş verən hadisələrə özünəməxsus yanaşma tərzi istər-istəməz dodaqlara təbəssüm qondururdu.

Qabilə bu hörməti qazandıran onun zəngin yaradıcılığı ilə yanaşı, ötkəmliyi və cəsarət sahibi olmasıdır. Xalq yazıçısı İsmayıl Şıxlı onun haqqında lətifələri toplayaraq “Dostum Qabilin qəribə əhvalatları” adı ilə nəşr etdirib. Zaman keçəndən sonra şairin 90 illik yubileyi ərəfəsində ailəsində olan qəribə hadisələrlə bağlı oğlu Mahir Qabiloğlu da “Atam Qabilin qəribə əhvalatları” adlı kitab çap etdirib və bu kitablar xalq içində sevilə-sevilə oxunur.

AZƏRTAC bu gün anadan olmasının 92-ci ildönümü tamam olan Qabilin bir neçə lətifəsini oxuculara təqdim edir.

Xalq yazıçısı İsmayıl Şıxlının Qabil haqqında yazdığı “Dostum Qabilin qəribə əhvalatları” kitabından:

 

Ostarojno, Qabil!

 

Bir gün şairlər yığılıb Sabir Rüstəmxanlının toyuna gedirlər. Maşın karvanına da Qabil başçılıq edir. Dərələr, təpələr aşırlar, çaylar, körpülər keçirlər, kəndlərin birindən keçəndə meşə ilə əhatə olunmuş səfalı bir yerdə qəflətən Qabil maşını saxlayır. Dostları yanına gəlirlər:

- Nə olub, Qabil, niyə dayandın?

- Görmürsünüz, qabaqda nə yazılıb?

- Nə yazılıb?

- Yazılıb ki, “Ostarojno, Qabil!”

Yoldaşları yazını diqqətlə oxuyurlar:

- Ostarojno, kabel!

- Hə, Kabel, onda getdik!

 

Nöşün yol vermir

 

Bir gün Qabil maşınla Şüvəlandan gəlirmiş. Montin (indiki Nərimanov) qəsəbəsinə gedən geniş yolun başlanğıcında maşını saxlayır, gözləyir ki, milisioner ona yol versin. Beş dəqiqə, on dəqiqə keçir, siqnal verir, ona yol verən olmur. Axırda əsəbiləşib maşından düşür və hirslə qışqırır:

- Ələ, nə qədər gözləmək olar, nöşün yol vermirsən?

Bu zaman bir nəfər ona yaxınlaşıb gülə-gülə deyir:

- Ay yoldaş, yolun ortasında dayanan milisioner deyil, heykəldir, Leninin heykəli.

- Həri, bəs, nöşün yol vermir, arxasını mənə çevirib?

 

Mənim ondan xoşum gəlir

 

Qapımıza tez-tez açar salırdılar. Şaqqıltıya durub açırdım. Görürdüm ki, Qabildir, qan-tər içində əlləşir. Üzr istəyib bir mərtəbə qalxırdı. Bir dəfə yenə qapımıza açar saldılar. Durub açdım. Şübhəsiz, Qabil idi, qan-tər içində əlləşirdi. Gülməyim tutdu.

- Qabil, deyəsən qapımı ayrı rəngdə boyamalı olacağam ki, dəyişik salmayasan.

- Pis olmaz, - deyə sakitcə cavab verdi və pilləkənləri qalxdı. Birdən geri döndü:

- Mirzə, hansı rəngi vuracaqsan? Məsləhətdir, mavi rəngi vurasan, mənim ondan xoşum gəlir.

Oğlu Mahir Qabiloğlunun “Atam Qabilin qəribə əhvalatları” kitabından:

 

Deyişmə

 

Qabil müəllimin Şamaxıda çoxlu dostları vardı. Onlar hər dəfə Bakıya gələndə bizə 10-15 litr çaxır gətirərdilər. Atam da evdə qonaqlıqdan əlavə qonşulara da bu çaxırdan pay verərdi. Günlərin bir günü atam belə paylardan birini də qonşumuz Xalq yazıçısı Hüseyn Abbaszadəyə göndərir. Bir az keçir qapı döyülür. Hüseyn müəllim oğlu İlqarla atama bir məktub göndərir:

İçmə çaxırı, ay Qabil!
Yoxdu axırı, ay Qabil!
İçki elə bir şeydir ki,
Açır paxırı, ay Qabil!

Sonrasına da bir cümlə əlavə edib ki, “Buna baxmayaraq, çaxır üçün sağ ol!”.

Qabil də dərhal bir vərəq götürüb naməyə cavab yazır:

Fayda verir cana çaxır, ya Hüseyn!
Üz qızarır, gözlər axır, ya Hüseyn!
 Gəl, şərabın bəhrinə bir baş vuraq,
      Gül kimiyik - yoxdur paxır, ya Hüseyn!
 

“EO və KO”

 

“Volqa”mızın dövlət nömrə nişanını dəyişdirmişdik - 10 EO 545. Dayım baxır gülməyi tutur. Fikrət dayımın da maşınının nömrəsi 10 KO 137 idi.

- Bu nə nömrədir, e, ay Qabil?

- Nömrədir də, Mahir seçib.

- Bildik e, nömrədir. Bəs bu “EO” nədir?

Atam bilir ki, dayım nəyəsə işarə edir. Sadəcə bunu onun öz dilindən eşitmək istəyir:

-“EO”, yəni ki eşşək oğlu. Sonra?

-Onda belə çıxır ki, mənim nömrəm də KO-dur. Mən də demək köpək oğlu?…

-Yox. Sən kişi oğlusan!.

 

On bir manata təkər

 

Sovet dövrü idi. Hər şey qıt olduğu kimi, maşın təkəri də tapılmırdı. Əldən 50 manata güclə tapmaq olurdu. Günlərin bir günü atam gəlib dedi ki, 4 təkər aldım Sabunçu dairəsində. Özü də biri 11 manata. Üstündən 5-6 ay keçmişdi ki, evə “povestka” gəldi. Bəs, sizi Lenin rayon prokurorluğuna çağırırlar. Özü də bu prokuror dostu Zakir Zeynalovdan idi. Məəttəl qaldıq ki, görəsən neyləyib? Getdik Sabunçuya, prokurorluğa. Bir saatdan sonra gəlib dedi ki, təkər aldığım mağazada “yeyinti” olub. Satıcını tutublar, o da and-aman edib ki, düz satıram. İnanmırsız, şair Qabildən soruşun təkəri ona 11 manata vermişəm. Bunlar da inanmayıb. Yaxşı ki, mənim adım uşağın yadında qalıb, qanının arasına girdim onun.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video