12 Avqust 2018 01:08
1590
Mədəniyyət
A- A+

Azərbaycanın mədəni irsi dünyada tanınır

 

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev avqustun 9-da “UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri milli-mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunması və təbliği ilə yanaşı, beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi və mühafizəsinə dəstək olmaqdır. Bu məqsədlə ölkəmiz müstəqilliyini bərpa etdiyi vaxtdan etibarən UNESCO ilə sıx əməkdaşlıq münasibətləri qurub və təşkilatın fəaliyyətinə öz töhfəsini verib. 2013-cü ildə UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Mühafizəsi üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasına uğurla evsahibliyi etmiş Azərbaycanda eyni müvəffəqiyyətlə hər iki ildən bir UNESCO-nun rəsmi tərəfdaşlığı ilə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilməkdədir.
Ümumdünya İrs Komitəsinin 42-ci sessiyasında qəbul edilmiş qərara əsasən, Azərbaycan 2019-cu ildə bu mötəbər qurumun növbəti 43-cü sessiyasına evsahibliyi etmək hüququ əldə edib. Azərbaycan üçün mühüm əhəmiyyətə malik belə bir qərarın qəbul olunması ölkəmizin UNESCO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini göstərir.
Sərəncama əsasən, mədəniyyət nazirinin sədrliyi ilə təşkilat komitəsi yaradılıb. Təşkilat komitəsi 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakı şəhərində keçirilməsinə dair Tədbirlər Planı hazırlayıb həyata keçirəcək.
Zəngin mədəni irsə, qədim tarixə malik Azərbaycan 26 ildir ki, UNESCO-nun üzvüdür. 1996-cı ildə isə UNESCO ilə Azərbaycan arasında əməkdaşlıq sahəsində memorandum imzalanıb.
Həmin vaxtdan etibarən ölkəmizin BMT-nin elm, təhsil və mədəniyyət üzrə bu nüfuzlu təşkilatı ilə əməkdaşlığı genişlənib. Məhz həmin beynəlxalq təşkilatla əməkdaşlıq sayəsində milli-mədəni irsimiz, tarixi mədəniyyət nümunələrimiz beynəlxalq aləmə təqdim edilib. Bu əlaqələrin inkişafında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətləri var.
Hazırda bir sıra maddi və mənəvi mədəniyyət abidələri UNESCO tərəfindən bəşəriyyətin yüksək dəyərləri kimi qorunur və dünyaya tanıdılır. Belə ki, həm ölkəmizin, həm də bütün bəşəriyyətin mədəniyyəti üçün Azərbaycan muğamının yüksək dəyəri nəzərə alınaraq 2003-cü ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmişdir. Bundan başqa, İçərişəhər təkcə Azərbaycan üçün deyil, həm də bəşəri dəyər kimi yüksək qiymətləndirilən tarixi abidədir. Bunu UNESCO-nun Dünya Maddi İrs Siyahısına İçərişəhərin Qız qalası və Şirvanşahlar Saray Kompleksi ilə birgə salınması da təsdiq edir. Həm Şirvanşahlar Saray Kompleksi, həm də Qız qalası Azərbaycan qanunvericiliyi, eləcə də UNESCO tərəfindən dünya əhəmiyyətli abidələr kimi tanınır.
2013-cü ildə UNESCO tərəfindən İçərişəhərə Şirvanşahlar Sarayı və Qız qalası ilə birlikdə gücləndirilmiş mühafizə statusunun verilməsi ölkəmizdə əlaqələrin yeni mərhələsi olmuşdur. Bu statusa malik mədəni obyektlər Silahlı Münaqişə Zamanı Mədəni Sərvətlərin Qorunması üzrə Haaqa Konvensiyası və onun İkinci Protokoluna qoşulmuş ölkələrin silahlı qüvvələri tərəfindən tanınan xüsusi emblemlə nişanlanır və gücləndirilmiş mühafizə ilə təmin olunur.
UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Komitəsinin Abu-Dabi şəhərində keçirilmiş 4-cü sessiyasında qurumun yekun qərarına əsasən, Azərbaycanın aşıq sənəti ilə yanaşı, Novruz bayramı da UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısında xüsusi yer tutub. Bu uğur Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətin və xalqımızın mədəniyyətinə, adət-ənənəsinə göstərdiyi yüksək qayğının nəticəsidir. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ölkəmizin qeyri-maddi mədəni irsinin, xüsusilə muğam və aşıq sənətinin, milli adət-ənənələrimizin dünyada tanıdılması və təbliği istiqamətində gördüyü işlər bu uğurların qazanılmasında mühüm rol oynayıb.
Hər bir xalq dünya mədəniyyətini öz töhfələri ilə zənginləşdirir. Bütün bunlar isə bəşəriyyətin mədəni irsinə çevrilir, milli sərvət ümumbəşəri əhəmiyyət kəsb edir. Xalqımızın milli sərvətlərindən, eyni zamanda, ümumbəşəri mahiyyətli mədəni dəyərlərindən biri də Azərbaycan xalçasıdır. Xalçaçılıq dünyanın bir sıra ölkəsində yayılsa da, qətiyyətlə deyə bilərik ki, bu sənət növünün beşiyi Azərbaycandır. Tədqiqatlar göstərir ki, Azərbaycan xalça sənəti tunc dövründən başlayaraq inkişaf edib, daha da zənginləşərək bu günümüzə gəlib çatıb. Burada toxunan və istehsal edilən xalçalar dünyada müqayisəyəgəlməz nümunələr kimi qəbul olunur. Azərbaycan xalçasının UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilməsi ölkəmizin böyük uğurudur. Bu gün Azərbaycanda xalça sənəti öz inkişafının yeni mərhələsini yaşayır. “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanunun qəbul edilməsi, Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün müasir standartlara uyğun yeni binanın inşa edilməsi, habelə 2016-cı il 25 noyabr tarixli sərəncamına əsasən, hər il mayın 5-i ölkəmizdə “Xalçaçı günü”nün peşə bayramı kimi qeyd edilməsi bu qədim el sənətinə dövlət qayğısının ifadəsidir.
Maddi-mədəniyyət abidəsinin Dünya Mədəni İrs Siyahısına daxil edilməsinə gəldikdə, deyə bilərik ki, bu, o qədər də sadə iş deyil. Məsələn, dünyada məşhur olan Qobustan qoruğunun Dünya Mədəni İrs Siyahısına daxil edilməsi barədə ölkə rəhbərliyi iki dəfə məsələ qaldırmışdı. İlk belə müraciət 2004-cü ildə olmuşdu. Qoruqla tanış olmaq məqsədilə əraziyə gələn xüsusi komissiya vəziyyəti müsbət qiymətləndirsə də, bildirmişdi ki, Qobustanda müəyyən işlər davam etdirilməli və yalnız bir ildən sonra bu məsələ gündəmə gətirilə bilər. Təsəvvür edin ki, bundan sonra Azərbaycan alimlərinin 40 ildən yuxarı araşdırma apardıqları tarixi Qobustan qoruğunun Dünya Mədəni İrs Siyahısına salınması ilə aidiyyəti qurumlar dörd ilə yaxın məşğul olmuşlar. Qobustanın fotoşəkilləri, alimlərimizin bu qoruq barədə elmi əsərləri komitə üzvlərində böyük maraq doğurmuşdur. O vaxt Yeni Zelandiyanın Kristçorç şəhərində İrs Komitəsinin 31-ci sessiyasında iştirak edən Azərbaycan nümayəndə heyəti Ümumdünya İrs Komitəsinin bütün üzvlərini Prezident İlham Əliyevin Qobustanın inkişafı ilə bağlı imzaladığı sərəncamla tanış etmişdir. Həmçinin Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın UNESCO-nun baş direktoru Koişiro Matsuuraya göndərdiyi xüsusi məktubunun surəti də təqdim olunmuşdur. Yalnız bundan sonra sessiya Qobustan Dövlət Tarixi-Bədii Qoruğunun 2007-ci ildə Dünya Mədəni İrs Siyahısına daxil olunması barədə yekdilliklə qərar qəbul etmişdir. Qərara əsasən, siyahıya salınan digər maddi-mədəniyyət abidələri kimi, Qobustan da beynəlxalq təşkilatların nəzarəti altındadır. Onun qorunması və inkişaf etdirilməsi bəşəri əhəmiyyət daşıyır.
Azərbaycan tar ifaçılığı sənətinin UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi böyük zəhmət hesabına ərsəyə gəlmişdir. Bu məqsədlə Muğam Mərkəzində təqdimat mərasimi keçirilmişdi. Mərasimdə tar sənəti haqqında filmin nümayişi və tar musiqisinin rəngarəng nümunələrindən ibarət İtaliyada istehsal edilmiş diskin təqdimatı olmuşdur. Tar ifaçılarının iştirakı ilə konsert proqramı təqdim edilmişdir. Beləliklə, Azərbaycanın tar ifaçılığı sənəti də UNESCO-nun Qeyri-Maddi İrs Siyahısına salınıb. Nəhayət, 2013-cü ildə Azərbaycanın ənənəvi at idman növü çövkən oyunu da UNESCO-nun Qeyri-Maddi İrs Siyahısına daxil edilmişdir. 2014-cü ildə isə kəlağayı baş örtüyünün xalqımızın milli-mədəni irsi kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına salınması milli mədəniyyətimizin beynəlxalq aləmdə tanıdılması istiqamətində gördüyü işlərin nəticəsidir. 2009-cu ildə Novruz bayramının da bu siyahıya əlavə edilərək beynəlxalq bayram statusu alması böyük mədəni hadisə hesab edilməlidir. Bütün bu uğurlar, mədəni irsimizin beynəlxalq aləmdə tanıtdırılması Heydər Əliyev Fondunun prezidenti, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın yorulmaz fəaliyyətinin nəticəsidir. Məhz Mehriban xanım Əliyevanın təşəbbüskarlığı sayəsində milli sərvətimiz olan bir sıra tarixi mədəniyyət abidələri, xalqımızın yaddaşında yaşadılaraq bu günümüzə çatdırılan mədəni irs nümunələrimiz öz layiqli qiymətini almışdır. Bu gün ölkəmizə gələn turistlər, fəxri qonaqlar, eləcə də müxtəlif elm və sənət adamları arasında Azərbaycandan söhbət düşəndə, milli muğamımızın ecazkar simaları, zərif milli xalçalarımız, Qarabağ atları üzərində keçirilən çövkən oyunları, eləcə də qədimliyi və müasirliyi özündə yaşadan Bakının gözəlliyi, Xəzər sahilinin heyranedici mənzərəsi rəğbətlə xatırlanır.
Prezident İlham Əliyevin fərmanı ilə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsaslanan “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı” milli mədəni irsin qorunması istiqamətində aparılan islahatların davamı olaraq daşınmaz tarix və mədəniyyət abidələrinin, tarixi ərazilərin, mədəniyyət qoruqlarının mühafizəsinin müasir səviyyədə təşkilinə, daşınmaz mədəni irsin bərpası, öyrənilməsi, təbliği və inkişafı üzrə tədbirlərin həyata keçirilməsinə yönəldilmişdir. Bu mənada Azərbaycanın hələ bu siyahıya salınacaq xeyli maddi-mədəni irs nümunələri var. Yəqin ki, yaxın gələcəkdə onlar da həmin siyahıda öz yerini tapacaq.

Rəhman SALMANLI,
Ağaəli MƏMMƏDOV (foto),
“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video