Alternative content

22:40 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İqtisadiyyatımızın inkişafı davamlıdır
İqtisadiyyatımızın inkişafı davamlıdır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:08 12.08.2018

 

Bunu beynəlxalq reytinq agentlikləri də təsdiq edirlər

 

Artıq neçə ildir ki, müntəzəm olaraq Azərbaycan iqtisadiyyatı müxtəlif beynəlxalq reytinq agentlikləri tərəfindən müsbət qiymətləndirilir.

İqtisadiyyatın əksər sahələrində reallaşdırılan layihələr və əldə olunun statistik rəqəmlər bir qayda olaraq müsbət dəyərləndirilir. Nüfuzlu reytinq agentliklərindən sayılan “Moody's” son hesabatında 2017-ci ildə 2016-ci ilə nisbətən neftin qiymətinin 44 dollardan 54-dək yüksəldiyini bildirib. 10 dollarlıq artımın fonunda milli valyutanın sabitliyi müşahidə olunur və o, getdikcə möhkəmlənərək inflyasiyanın azalmasına, iqtisadi alətlərin güclənməsinə və mükəmməl fəaliyyətinə səbəb olur.

Hesabatda vurğulanır ki, gələn il Azərbaycan iqtisadiyyatı 3 faiz artacaq, sosial və siyasi sabitlik davam edəcək. Builki artımın 1,5 faiz ətrafında olması gözlənilir.

“Standard & Poor's” reytinq agentliyi isə bir qədər əvvəl açıqladığı hesabatında 2018-2021-ci  illər arasında artımın 3 faiz olacağını təsdiqləmişdir. Həmçinin Azərbaycan iqtisadiyyatına yatırılan investisiyaların həcmində 2018-ci ildə 3,5 faiz, 2019-cu ildə isə 2,5 faiz artım proqnozlaşdırılıb. Reytinqlər üzrə proqnozların müsbət olacağı göstərilir. Növbəti 4 ildə qaz ixracının tədricən artacağı, layihənin tam işə düşəcəyi gözlənilir.

“Fitch Ratings” Beynəlxalq Reytinq Agentliyi digərlərindən fərqli olaraq,  Azərbaycan iqtisadiyyatının  bu il 1,5 faiz yox, 2 faiz artacağını proqnozlaşdırır. “Fitch Ratings” belə hesab edir ki, bu artıma kənd təsərrüfatı və turizmin inkişafı ilə yanaşı, neftin yüksələn qiymətləri də təsir edəcək.

Diqqət çəkən odur ki, artıq neçə ildir əksər reytinq agentlikləri ölkəmizin inamla islahatlara getdiyini təsdiqləyirlər. Dövlət başçısı bu rəyləri yüksək qiymətləndirərək belə deyir: “Biz uzun illərdir ki, MDB məkanında liderlik mövqeyimizi qoruyuruq və möhkəmləndiririk. Hesab edirəm ki, beynəlxalq iqtisadi birlik tərəfindən bizim iqtisadi islahatlarımıza verilən ən böyük qiymət məhz Davos Forumunun reytinqidir və bunun da əsası var. Çünki son illər ərzində ölkəmizdə aparılan quruculuq və inkişaf işləri, bax, bu nəticələrə gətirib çıxarıbdır”.

Onu da demək yerinə düşərdi ki, Azərbaycanda son 15 ildə həyata keçirilən qlobal islahatların sayı 33-dür. Bunlardan 7-si biznesə başlama, 6-sı kreditin əldə olunması və 5-i vergilərin ödənilməsi sahəsində olub. Bu islahatların mahiyyətini anlamaq üçün yalnız bircə faktı nəzərdən keçirmək kifayətdir. Əgər 2003-cü ildə Bakıda biznesə başlamaq üçün 105 gün tələb olunurdusa, indi sahibkar aylarla çəkən bu “marafonu” cəmi 4-5 günə başa vurur.

Beynəlxalq reytinq agentlikləri ölkəmizdə aparılan islahatların biznesin əksər sahələrini əhatə etdiyini göstərir və təsdiqləyirlər ki, ölkə iqtisadiyyatı ən müasir tələblərə uyğun inkişaf edir, biznesin idarə olunmasında bütün zəruri addımlar vaxtında atılır. Bu baxımdan, Heritage Foundationun hesabatı da xüsusi maraq kəsb edir. 

Təşkilatın hazırladığı sənəddə bildirilir ki, Azərbaycan “2018 İqtisadi Azadlıq” indeksində bir pillə irəliləyərək 180 ölkə arasında 67-ci yerdə qərarlaşıb. Son on il ərzində həyata keçirilən davamlı iqtisadi islahatlar nəticəsində Azərbaycan ümumi orta hesab üzrə regional və dünya göstəricilərindən üstün olaraq, Asiya-Pasifik regionunda 43 ölkə arasında 14-cü  yerdə müəyyənləşdirilib. Bundan əlavə, sözügedən indeks üzrə Azərbaycan Fransa, İtaliya və Yunanıstan kimi inkişaf etmiş ölkələrdən irəlidə gedir, həmçinin Rusiya da daxil olmaqla bir sıra MDB ölkələrini qabaqlayır.

Ümumiyyətlə, iqtisadi şərhçilər belə hesab edirlər ki,  “2018 İqtisadi Azadlıq İndeksi”, “İnklüziv İnkişaf İndeksi 2018”, “2018 Doing Business” və “Qlobal Rəqabətlilik İndeksi” hesabatlarında Azərbaycanın mövqeyinin gücləndirilməsi ölkədə aparılan iqtisadi islahatların məqsədyönlü və hərtərəfli olması ilə bağlıdır.

Dünyanın nüfuzlu reytinq agentliklərinin son açıqlamalarında Azərbaycan iqtisadiyyatında həyata keçirilən islahatlara və onların nəticələrinə yüksək qiymət verilməsinin bir səbəbi də ölkənin atəşkəsdə yaşamasına, erməni işğalına məruz qalmasına baxmayaraq, sülhə və iqtisadi islahatlara sadiqliyini qorumasındadır. Keçmiş sovet respublikaları arasında və hətta Avrasiyada bizdən daha zəngin təbii ehtiyatlara, milli sərvətlərə, böyük iqtisadi potensiala malik olan ölkələr kifayət qədər olsa da, yenə Azərbaycan 9 ildir ki, bu sahədə birinciliyini qoruya bilmişdir.

Azərbaycanda bütün iqtisadi islahatların xüsusi həssaslıq və diqqətlə reallaşdırılması, vacib qərarların vaxtında qəbul edilməsi, zəruri addımların yubanmadan atılması bütün uğurların qayəsini təşkil edir. Məhz bu baxımdan yanaşanda beynəlxalq qurumların, reytinq agentliklərinin ölkə iqtisadiyyatının müxtəlif sahələrinə verdikləri qiymətləndirmələr tam reallığı əks etdirir, perspektivləri düzgün dəyərləndirir.

 

Bahadur İMANQULİYEV,

“Azərbaycan”