12 Avqust 2018 12:08
161
İQTİSADİYYAT
A- A+

“DOST” Azərbaycan vətəndaşının dostu olacaq

 

İqtisadi siyasətin əsas məqsədi insanların sosial müdafiəsinin yaxşılaşdırılmasıdır

 

Dövlətin həyata keçirdiyi ümumi inkişaf konsepsiyasında əhalinin sosial müdafiəsi mühüm yer tutur. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə qeyd edib ki, aparılan iqtisadi siyasətin əsas məqsədi Azərbaycan vətəndaşının sosial rifahının yaxşılaşdırılmasıdır.
Ötən dövr ərzində əməkhaqqı, pensiya və müavinətlərin artırılmasının dinamikasına baxdıqda bunu aydın görürük. Belə ki, son 15 il ərzində pensiya və müxtəlif sosial müavinətlər bir neçə dəfə artıb. Bu da pensiyaçılara, sosial müdafiəsi zəif olan vətəndaşlara dövlətin qayğısının daimi olduğunu təsdiqləyir.
Prezident İlham Əliyevin “Əhalinin sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” 9 avqust 2018-ci il tarixli sərəncamının imzalanmasının əsas məqsədi bu kateqoriyadan olan vətəndaşların rifah halını daha da yaxşılaşdıqmadır. Sənədə əsasən, əhalinin məşğulluğu, sosial müdafiə və təminat sahəsində vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (“DOST”) mərkəzi yaradılır.
Bu strukturun vətəndaşlara xidmət sahəsi genişdir. “DOST” mərkəzləri əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində xidmət göstərəcək. Ən əsası isə budur ki, xidmətlərin hamısı “bir pəncərə” prinsipi ilə həyata keçiriləcək. Məqsəd əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və elektron xidmətlərə keçidin sürətləndirilməsi, habelə süründürməçilik hallarının qarşısının alınması və vətəndaş məmnunluğunun təmin edilməsidir.
Bu məqsədlə “Publik hüquqi şəxslər haqqında” qanuna uyğun olaraq “DOST” mərkəzləri yaradılacaq. Ölkənin bütün coğrafiyasını əhatə edəcək bu sistem vətəndaşların sosial haqlardan daha səmərəli istifadəsini təmin edəcək.
Qeyd edək ki, əvvəllər bu sahədə müəyyən səhvlər buraxılıb. Belə ki, sosial müdafiə sahəsində çox vaxt şəffaflıq təmin olunmurdu, vətəndaşlar müxtəlif bürokratik əngəllərlə qarşılaşırdı. Prezident İlham Əliyev əhalinin sosial müdafiəsinə həssaslıqla yanaşmağı, sosial təminat sahəsində ciddi islahatların aparılmasını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyindən buraxılmış səhvlərin qısa zamanda düzəldilməsini, sosial ədalətin və şəffaflığın təmin edilməsini tələb edir. Məqsəd hər bir Azərbaycan vətəndaşının sosial hüququnun ədalətli şəkildə qorunmasıdır. “DOST” mərkəzinin yaradılması da bu neqativ halların aradan qaldırılmasına xidmət edəcək.
Xatırladaq ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında əhalinin sosial müdafiəsinin dövlət üçün önəmli olduğunu vurğulayaraq demişdir: “Sosial cəhətdən az təmin edilmiş vətəndaşlara dövlət həmişə öz dəstəyini göstərəcək. Bizim siyasətimiz bundan ibarətdir və vətəndaşlar narahat olmasınlar. Dövlət həmişə onların arxasında olacaq... Əlbəttə ki, ağır vəziyyətdə yaşayan, hələ də işsiz olan vətəndaşlar üçün biz yeni şərait yaratmalıyıq. Azərbaycanda iş yerlərinin yaradılması prosesi daim aparılmalıdır. ...58 min yeni daimi iş yeri açılmışdır. Ancaq eyni zamanda, 20 mindən çox iş yeri bağlanmışdır. Əlbəttə, bu rəqəmə baxanda görərik ki, yenə də dinamika müsbətdir”. Dövlət başçısı həmçinin müvafiq dövlət qurumlarına iş yerlərinin bağlanmasını araşdırmaq barədə tapşırıq verdi. Məqsəd işsiz qalan hər bir vətəndaşın işlə təmin olunmasıdır.
Heç kəsə sirr deyil ki, əhalinin sosial müdafiəsində ən effektli forma məşğulluğun təmin edilməsidir. Azərbaycanda əhalinin sosial müdafiəsinin müxtəlif formalarından istifadə edilir. Bunlardan biri əhalinin özünüməşğulluğunun təminidir. Dövlətin qəbul etdiyi özünüməşğulluq proqramı uğurla icra edilərək müsbət nəticələrini verir. Bunun üçün büdcədən kifayət qədər vəsait ayrılır. Məqsəd bu yolla 6-7 min vətəndaşı proqrama cəlb edərək onların məşğulluğunu təmin etməkdir. Çünki işi olan və pul qazanan vətəndaşın dövlətin sosial yardımına ehtiyacı olmur. Bu isə əhalinin sosial müdafiəsinin ən ədalətli yoludur.
Bu gün ölkə üzrə statistikada göstərilən rəsmi işsizliyin səviyyəsi demək olar ki, bir qədər qeyri-dəqiqdir. Ona görə ki, ölkədə qeyri-formal məşğulluq kütləvi xarakter daşıyır. Bəzi sahibkarlar işçilərinin sayını gizlətməklə Dövlət Sosial Müdafiə Fonduna pul köçürməkdən və vergi ödəməkdən yayınırlar. Buna görə də sosial sahədə şəffaflığın və beynəlxalq təcrübənin tətbiq edilməsi vacibdir. Düzdür, son dövrlər ölkə rəhbərinin tapşırığı ilə bu sahədə olan nöqsanların aradan qaldırılması üçün ciddi işlər görülür. Amma görünür, onların kəsəri hələ istənilən nəticəni əldə etməyə kifayət etmir. Odur ki, bu cür tədbirlər həm keyfiyyət, həm kəmiyyətcə artırılmalıdır. Yeni yaradılan “DOST” mərkəzləri belə neqativ halların aradan qaldırılmasında səmərəli rol oynayacaq. Mərkəz iş axtaranla işə götürən arasında körpü rolunu oynayacaq, qeyri-qanuni məşğulıluğa da nəzarət edəcək. Bir sözlə, yeni qurumun yaradılması Azərbaycan vətəndaşının sosial müdafiəsinin şəffaflığının təmin edilməsində mühüm əhəmiyyət daşıyacaq.

Rüstəm KAMAL,
“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video