Alternative content

06:15 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Zəfər yollarında gücünü göstərən gənclərimiz var
Zəfər yollarında gücünü göstərən gənclərimiz var
ANA SƏHİFƏ / SİYASƏT
12:08 12.08.2018

 

Gənclik gözəllikdir, gücdür, ümiddir. Düzgün tərbiyə olunmuş, təhsil almış, öz biliyi, bacarığı daxilində hər hansı bir peşəyə yiyələnmiş, zəkalı, bacarıqlı gənclər millətin, dövlətin nurlu gələcəyidirlər. 

Onlar dünyada baş verən yeniliklərə, elmi-texniki tərəqqiyə, mütərəqqi dəyişikliklərə meyilli, öyrəndiklərini tətbiq etməyə, hünər göstərməyə həvəslidirlər. Arzularından və ümidlərindən güc alaraq qanadlanmaq, mümkünsüz görünənləri belə reallaşdırmaq əzmindədirlər. Sanırlar ki bütün Yer kürəsi onlarındır. Amma təqvimdə bir gün var ki, bütün dünyada gənclərin günü kimi qeyd olunur.
İyirmi il öncə - 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilən beynəlxalq konfransda hər il avqustun 12-nin dünyada Gənclər Günü kimi qeyd olunması qərara alındı. Məqsəd həmin əlamətdar gündə gənclərə lazımi diqqət göstərmək, onların nailiyyətlərini təbliğ etmək, cəmiyyətin bütün sahələrində gənclərin iştirakına təkan verməkdir.
Hər bir xalq tarixinin ən çətin dövrlərində müqəddəratını, öz xoşbəxt gələcəyi barədə arzularını, inamını, ümidlərini daha çox gənclərə bağlayır. Gənclər ölkəsinin, dövlətinin sülh şəraitində yaşadığı zaman qurucusu, müharibə ilə üzləşəndə isə döyüşçüsü olurlar. Bunun üçün gələcəyini düşünən hər bir ölkə, hər bir xalq gənc nəslin yetişdirilməsinə böyük diqqət göstərir. Onları düzgün tərbiyə etməyə çalışır, cəhalətə, savadsızlığa, nadanlığa düçar olmalarına yol vermirlər.
Əsrimiz texniki tərəqqi dövrü olduğundan zamanla ayaqlaşmaq, inkişafdan geri qalmamaq üçün yüksək səviyyədə təhsil almaq zəruridir. Amma bir məqamı da unutmaq olmaz ki, yalnız mükəmməl savad almaqla, biliklərə yiyələnməklə iş bitmir. Bəzən savadı, istedadı ilə nəinki ölkəsini, hətta bütün dünyanı heyran qoyanlar olub ki, vətəninə, millətinə faydası dəyməyib. Öz soy-kökündən uzaq düşənlər, mənsub olduqları xalqa yuxarıdan aşağı baxanlar, milli-mənəvi dəyərlərini yaddan çıxaranlar nə qədər məşhurlaşsalar da, şöhrətin zirvəsində dayansalar da, doğma xalqının gözündə heç zaman ucalmırlar.
Gənclərin hərtərəfli inkişaf etməsi, layiqli vətəndaş kimi yetişməsi, onlarda xalqına, vətəninə ehtiram, sevgi hisslərinin aşılanması yalnız ailəsini, valideynlərini deyil, bütövlükdə cəmiyyəti, dövləti düşündürməli, bunun üçün çox ciddi və gərəkli işlər görülməlidlir. Xüsusilə, dünyanın indiki mürəkkəb, ziddiyyətli zamanında bunlar olduqca mühümdür.
Bu gün həyatımızı internetsiz təsəvvür edə bilmirik. Uzaq məsafələri yaxınlaşdıran, saniyələr içərisində dünyanın istənilən yerində baş verənləri öyrənmək imkanı yaradan internetin faydaları çoxdur. Dövrümüzün gəncləri də günlərinin çox hissəsini internetdə keçirirlər. Bir çoxu oxuyur, öyrənir, dünyada gedən proseslərdən xəbər tutur, yeni ideyalara düşür və daha gərəkli, daha uğurlu fəaliyyət göstərə bilir. Amma çox təəssüf ki, internetin müsbət tərəfləri kimi mənfilikləri də az deyil. Xəbis xislətlərini müxtəlif adlarla, libaslarla pərdələyərək gizlədən, bütün vasitələrdən istifadə edərək gənclərin fikirlərini qarışdırmağa, onları doğru yoldan azdırmağa çalışanlar da internet məkanından gen-bol istifadə edirlər. Milli ruhda tərbiyə edilən, əqidəsi, məsləki doğru istiqamətləndirilən gəncliyi öz yolundan, amalından ayırmaq, məqsədindən daşındırmaq mümkünsüzdür.
Gənclərinə böyük ümidlər bəsləyən müstəqil Azərbaycan dövləti onların inkişafı istiqamətində mühüm işlər həyata keçirir. Hələ 1994-cü ildə gənclərlə bağlı dövlət siyasətini həyata keçirmək üçün Gənclər və İdman Nazirliyi yaradıldı. 1996-cı ildən Azərbaycan gənclərinin forumları təşkil olunur. Ölkəmizdə 170-dən çox gənclər təşkilatı dövlət qeydiyyatına alınıb. Prezident İlham Əliyevin 2005-ci ildə təsdiq etdiyi “Azərbaycan gəncliyi 2005-2009-cu illər Dövlət Proqramı” uğurla həyata keçirildi. 2006-cı ildə ölkə başçısının fərmanı ilə Gənclər və İdman Nazirliyi yenidən təşkil olundu, gənclər siyasətinin əsas icra orqanı qarşısında yeni vəzifələr qoyuldu.
“Azərbaycan gəncliyi 2011-2015-ci illər Dövlət Proqramı” haqqında 6 aprel 2011-ci il tarixli sərəncam, proqramın hazırlanması üçün işçi qrupunun yaradılması bu sahədə bir sıra işlərin həyata keçirilməsinə təkan verdi. Ölkə rəhbərinin digər fərmanı ilə Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu yaradıldı.
Gənclərin mükəmməl təhsil almaları başlıca məqsəd olaraq qalır. Prezident İlham Əliyevin gənclərin xaricdə təhsil almasına dəstək verən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” gənclərimizin xaricdə təhsilinə imkanlar yaratdı.
Ölkəmizdə istedadlı gənclərə xüsusi diqqət və qayğı ilə yanaşılır. Gənc idmançılarımız respublikamızda və xaricdə təşkil olunan möhtəşəm beynəlxalq idman yarışlarında öz bacarıqlarını nümayiş etdirir, olimpiya və dünya çempionatlarında medallar qazanırlar. Son illər Azərbaycanın evsahibliyi etdiyi I Avropa Oyunlarında, IV İslam Həmrəyliyi Oyunlarında və “Formula-1” Azərbaycan qran-prisində ölkəmizə qələbə sevinci yaşadanlar arasında gənclər üstünlük təşkil etdi.
Gənclərimiz təkcə idman sahəsində deyil, digər sahələrdə də öz qabiliyyətlərini əzmkarlıqla, ruh yüksəkliyi ilə dünyada nümayiş etdirərək uğurlar qazanırlar.
Təqdirəlayiq daha bir tədbir 2005-ci ildən bəri təşkil olunan “Muğam televiziya müsabiqəsi”dir. Heydər Əliyev Fondunun muğamın qorunub saxlanılması, zəngin tarixə malik ifaçılıq sənətinin gələcək nəsillərə çatdırılması, yeni ifaçılar nəslinin yetişdirilməsi məqsədi ilə keçirdiyi bu yarış neçə-neçə istedadlı gəncin tanınmasına və sevilməsinə səbəb olur.
Bu gün müstəqil Azərbaycan Respublikasının vətəndaşı olmağın qüruru ilə yaşayıb fəaliyyət göstərən gənclərimiz bilirlər ki, tariximizdən ibrət dərsləri almağı da unutmamalıyıq. Bu il 100 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətini yaradanların da böyük əksəriyyəti gənc idi. Tarixin ziddiyyətli dönəmində Azərbaycanın müstəqilliyini bəyan etməyə nail olsalar da, işğaldan sonra onların arzuları yarımçıq qaldı. Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olan Azərbaycan Respublikasının da müstəqilliyini istəməyən qüvvələr var. Ötən əsrin sonlarında yenidən məkrli niyyətlərini həyata keçirmək üçün silahlı hücuma keçən erməni işğalçılarının əsir aldıqları vətən torpaqları yolumuzu gözləyir. Ermənistanın əsassız torpaq iddialarına, yurd yerlərimizə silahlı hücumlarına, erməni yaraqlılarının insanpərvərliyi unudaraq soydaşlarımıza divan tutmalarına, onları amansızlıqla qətlə yetirmələrinə, əsir götürərək dəhşətli işgəncələr vermələrinə dözməyərək canlarını sipər edən yurddaşlarımızın da çoxu gənc idi. Hələ də Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozmaları nəticəsində vətəndaşlarımız şəhid olurlar. Onların da çoxu qəlbi bahar arzulu, həyat sevgisi ilə dolu gənclərimizdir.
Vətən onun yolunda canından keçən, şəhid adını şərəflə qəbul edən soydaşlarımızın bizə əmanətidir. Əmanəti hər zaman əziz tutmağı, göz bəbəyi kimi qorumağı milli-mənəvi dəyərlərimizdən öyrənmişik. Gənclərimiz də bu ruhda tərbiyə alırlar. Ona görə də Vətənin bir çağırışı ilə hünər göstərməyə, yeni, şanlı tarix yazmağa hər an hazırdırlar.
Fəxrlə, fərəhlə deyə bilərik ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi qoruyub yaşadır. Müstəqil Azərbaycanın adı onun bu gününü və gələcəyini düşünən, yüksək vətəndaşlıq hisslərinə malik olan gənclərimizin xoş əməlləri ilə hər gün bir boy da ucalır. Ən böyük zəfərlərimiz isə qabaqdadır. Azərbaycan tarixin qalibiyyət səhifələrinə öz yeni uğurlarını, möhtəşəm qələbələrini yazacaq. Üzərinə düşən vəzifənin, məsuliyyətin böyüklüyünü yaxşı bilən Azərbaycan gəncliyi həmin səhifələrdə möhtəşəm yer tutacaq.

Zöhrə FƏRƏCOVA,
“Azərbaycan”