Alternative content

12:51 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Memarlıq incisi - Təzəpir
Memarlıq incisi - Təzəpir
ANA SƏHİFƏ / Mədəniyyət
12:08 12.08.2018

 

Adət-ənənələrinə, dini inanclarına ehtiram və sədaqət Azərbaycan xalqının ən böyük dəyərlərindəndir. Tarixin ayrı-ayrı dövrlərində çətin sınaqlarla, ağır imtahanlarla qarşılaşanda xalqımız hər zaman öz milli-mənəvi düşüncələrinə, dini etiqadına sadiqliyini, yüksək mənəviyyata malik olduğunu sübut edir. 

Ötən əsrin sonlarında müstəqilliyini bərpa edən Azərbaycanda yaşayan bütün xalqlara öz dini ayinlərini icra etmək üçün şərait yaradıldı. Ümummilli lider Heydər Əliyev bu istiqamətdə böyük əhəmiyyətə malik tədbirlər həyata keçirdi. Bu yolu 2003-cü ildən bəri Prezident İlham Əliyev əzmlə, yüksək həssaslıqla davam etdirir.
Bu gün respublikamızda yaşayan bütün xalqlar və etnik qruplar bir ailənin üzvləri kimi mehribandırlar. Ölkəmizdə dini ayinlərin icrasına hər cür şərait yaradılır, dini bayramlar dövlət səviyyəsində qeyd olunur. Prezident İlham Əliyevin sərəncamı ilə 2016-cı ilin “Multikulturalizm ili”, 2017-ci ilin isə “İslam həmrəyliyi ili” elan edilməsi də bunun bariz nümunəsidir.
Ölkə rəhbərinin təşəbbüsü ilə son illər Azərbaycanda bir çox yeni məscidlər tikilib və ya bərpa olunub. Bibiheybət məscid-ziyarətgah kompleksi, İçərişəhər Cümə məscidi, Həzrət Məhəmməd məscidi, Əjdər bəy məscidi, Şamaxı Cümə məscidi, Gəncə “İmamzadə” kompleksi və onlarca digər dini abidə və məscid dövlət tərəfindən əsaslı şəkildə təmir və bərpa edilib. Cənubi Qafqazın ən böyük və müasir məscidi - Heydər məscidi tikilib. Dini tolerantlığın məkanı kimi tanınan Azərbaycanda ilk dəfə Heydər məscidində vəhdət namazı qılınıb.
Eyni zamanda, ölkənin müxtəlif regionlarında Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində bir çox ibadət evləri bərpa olunub.
Sovet dövründə Azərbaycanda 17 məscid fəaliyyət göstərdiyi halda, hazırda onların sayı 2250-yə çatıb. Ölkəmizdə 306 məscid dövlət tərəfindən dini abidə kimi qorunur. Yaşı bir əsri ötən, nadir gözəlliyi ilə yalnız Azərbaycanda deyil, bütün Şərqdə seçilən Təzəpir məscidi belə abidələrimizdəndir. Bu müqəddəs ocaq təkcə Azərbaycanın deyil, bütün Qafqazın dini mərkəzi hesab edilir. Bu gün Qafqaz Müsəlmanları İdarəsinin də yerləşdiyi bu möhtəşəm tikilinin tarixçəsi olduqca maraqlı və diqqətçəkəndir.

 

Xalqın inanc yeri

 

Tədqiqatçılar tarixi XIV-XV əsrlərə gedib çıxan ziyarətgahın dərin süxur qatları altında mövcud olan türbəsinin dövrünün görkəmli alimi və övliyası Əbu Seyid Abdullaya məxsus olduğunu təsdiq edirlər. İndi Təzəpir məscidinin yerləşdiyi ərazi ötən əsrin ortalarınadək “Xəlfədam” adı ilə tanınırdı. Zamanın amansız yelləri Əbu Seyid Abdullanın türbəsinin də üzərindən əsərək onu dağıntılara məruz qoydu. Ancaq türbənin yerlə-yeksan olmasına, izlərinin tamamilə itməsinə pirin kəramətinə böyük inam bəsləyən əhali imkan vermədi.
Müxtəlif vaxtlarda Bakı əsilzadələri tərəfindən ziyarətgahda təmir işləri aparıldı. Sonuncu Bakı xanı Hüseynqulu xanın kürəkəni Qasım bəy 1817-ci ildə məscidi əsaslı bərpa etdirdi. XX əsrin əvvəllərində isə ibadətgahın əsl tikintisinə başlanıldı.
Aradan 90 ilə yaxın vaxt keçdi. Bakının möminlərindən sayılan, məşhur xeyriyyəçi qadın Nabat xanım Aşurbəyli birmərtəbəli məscid binasının yerində yeni ibadətgahın tikintisinə səy göstərdi. Nabat xanım belə bir məscid tikdirməyi əhd etmişdi. O, bunun üçün əvvəlcə dövlətdən icazə aldı. Əhdinə vəfalı, dini əqidəsinə sadiq xanım binanın inşası üçün sonuncu zinət əşyasınadək satdı. Deyilənə görə, o vaxtlar Bakı milyonçularından çoxu tikinti üçün maddi köməyini təklif etsə də, Nabat xanım razılıq verməmişdi. Bildirmişdi ki, “Bakıda məscid tikmək üçün yer çoxdur, gedin tikin, mən bunu öz hesabıma başa vuracağam”.
Məscid tikintisinə xüsusi diqqətlə yanaşan Nabat xanım Peterburqda təhsil almış ilk azərbaycanlı memar, sonralar Bakı şəhərinin ilk baş memarı olan Zivər bəy Əhmədbəyovla görüşdü. Razılığa gəldilər. Nabat xanım Zivər bəyə xeyli vəsait verdi, onu məşhur məscidlərin memarlığını öyrənmək üçün İstanbula və ərəb ölkələrinə ezam etdirdi. Zivər bəy Əhmədbəyov səyahətdə ikən Təzəpir məscidinin layihəsini hazırladı. Bakıya dönərkən Nabat xanımı Şərq üslubunda gözəl, ikimərtəbəli minarəsi olan məscidin layihəsi ilə fərəhləndirdi. Amma Bakı qubernator idarəsi minarənin yalnız bir mərtəbəsinin tikilməsinə izin verdi. Çünki ikimərtəbəli olsaydı, hündürlüyü ilə yaxınlıqda tikilmiş “Aleksanr Nevski” pravoslav kilsəsini kölgədə qoyardı.
Məscidin tikintisinə 1905-ci ilin 23 iyulunda Nabat xanım Aşurbəylinin vəsaiti ilə Zivər bəy Əhmədbəyovun layihəsi əsasında başlanıldı. Həmin gün Məbəs bayramı olduğu üçün mərasim təşkil olundu, qurbanlar kəsildi. Nabat xanım hörmət əlaməti kimi məscidin bünövrəsinin ilk daşını qoymaq üçün o illərdə məşhur xeyriyyəçi olsa da, keçmişini, bənnalıq etdiyi vaxtları unutmayan Hacı Zeynalabdin Tağıyevi dəvət etdi. Elə doqquz ildən sonra məscidin baş günbəzinə sonuncu daşı da o qoydu.
1912-ci il dekabrın 7-də 117 yaşında dünyasını dəyişən Nabat xanımı böyük ehtiramla, sevgi ilə tikintisi başa çatmamış məscidin girişində dəfn etdilər. Oğlu Hacı Abbasqulu anasının vəsiyyətinə əməl edərək onun vəsaiti hesabına işləri tamamladı.

 

Tarixin şahidi...

 

Məscidin tikintisi 1914-cü ildə başa çatdı. Bu memarlıq abidəsi Bakıda ağ daşla inşa olunmuş ilk dini bina idi. Qısa minarə ilə tikilsə də, Təzəpir məscidi Bakıda həm ən möhtəşəm məscid, həm də şəhərə xüsusi yaraşıq verən gözəl memarlıq abidəsi oldu. Ziyarətgahın yalnız görünüşü yenilənmədi, adı da təzələndi. Türbə üzərində yeni məscid tikildiyi üçün əhali onu Təzəpir məscidi adlandırmağa başladı.
Mərkəzdən bir qədər aralı olsa da, coğrafi mövqeyi, təpə üzərində yerləşməsi Təzəpirin şəhərin başqa nöqtələrindən aydın görünməsinə imkan verirdi.
Abidə memarlıq həllinə görə, tək Bakının şəhərsalma strukturunda deyil, həm də Abşeronun dini tikililəri arasında xüsusi yerlərdən birini tutur. Digər yerli memarların yaradıcılığından fərqli olaraq, Təzəpir məscidinin layihəsi Avropa təhsili görmüş, istedadlı, yüksək təfəkkürlü peşəkar memara məxsusdur. Buna görə də bu abidə dini tikililər arasında özünəməxsusluğu ilə seçilir.
Ziyarətgah çox dini və siyasi hadisələrin şahidinə çevrildi. 1918-ci il Mart qırğınları zamanı çarəsiz insanlar erməni daşnaklarının və bolşeviklərin hücumlarından qorunmaq üçün bura gəlirdilər. Elə həmin vaxtlarda Nəriman Nərimanov Təzəpir məscidində əhaliyə müraciət etdi. 1918-ci ilin sentyabrında Bakını düşmən qüvvələrindən azad edən Nuru Paşa da Təzəpir məscidinin minbərindən çıxış etdi.
SSRİ vaxtlarında dini məkanlar bağlanır, binalarında müəssisələr yaradırdılar. 1934-cü ildə Təzəpir məscidinin də fəaliyyəti dayandırıldı. Buranı sovet hakimiyyəti çay fabrikinə, yay kinoteatrına, mağaza anbarına çevirsə də, xalq böyük inam bəslədiyi digər ziyarətgahlar kimi, Təzəpiri də unutmadı. Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi bərpa olunduqdan sonra məscid fəaliyyətini davam etdirdi.
Prezident İlham Əliyevin göstərişi əsasında, 2005-ci ildə məscidin bərpası və ərazilərin rekonstruksiyası layihəsi hazırlandı. Aparılan əsaslı təmir-bərpa işlərindən sonra abidə daha da gözəlləşərək əsl memarlıq incisinə çevrildi. 2009-cu il 6 iyulda, yenidənqurma və tikinti işlərindən sonra ölkə rəhbərinin iştirakı ilə təntənəli açılış mərasimi keçirildi.

 

Dini tolerantlıq, multikultural ənənələrə sədaqət

 

Təəssüf ki, bu gün bütün dünyada sülhü, əmin-amanlığı, ədaləti təbliğ edən islam dinini müsəlmanlar barədə yanlış təsəvvürlər formalaşdırmağa çalışanlar, onu gözdən salmaq üçün hər vasitəyə əl atanlar var. Prezident İlham Əliyevin bildirdiyi kimi: “Əfsuslar olsun ki, bəzi hallarda islam dini haqqında qəsdən yalan məlumatlar yayılır, islamofobiya siyasəti aparılır. Bu gün dünyada dinlərarası dialoqdan çox danışılır və buna böyük ehtiyac vardır. Ancaq bəzi hallarda dini ayrı-seçkilik meyilləri də görünür. Biz islam dininə qarşı aparılan kampaniyanı və əsassız ittihamları rədd edirik. İslam dini dostluq dinidir. İslam dövlətləri arasında çox geniş mənada əməkdaşlığa və dostluğa ehtiyac var”.
Bu gün ölkəmiz dini dəyərlərə ehtiram nümunəsi göstərir. Dünyaya islam həmrəyliyi mesajı verən Azərbaycan dindaşlığın, qardaşlığın ən böyük örnəyi sayılır. Ölkədə hökm sürən sülh, sabitlik, dini dəyərlərə ehtiram bir daha sübut edir ki, Azərbaycan dini tolerantlıq, multikultural ənənələrinə daim sadiqdir.
Prezident İlham Əliyevin 2018-ci il avqustun 7-də imzaladığı “Təzəpir məscidi kompleksində təmir-bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamı da dövlət başçısının dini, mənəvi dəyərlərə ehtiramının daha bir nümunəsidir.

Zöhrə FƏRƏCOVA,
“Azərbaycan”