11 Avqust 2018 12:08
196
İQTİSADİYYAT
A- A+

Azərbaycan regionda bənzərsiz logistik zəncir yaradır

 

Prezident İlham Əliyevin yeni iqtisadi strategiyası ölkəmizi Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzərində mühüm nəqliyyat-tranzit mərkəzinə çevirir

 

Tarixi İpək yolunun keçdiyi Azərbaycanın yerləşdiyi ərazi bütün dövrlərdə Avropa və Asiyanı, ümumilikdə ən uzaq dövlətləri belə birləşdirən, strateji ticari-iqtisadi dəhlizlərin qovuşduğu məkanlardan biri olub. Müasir dövrdə ölkələr arasında ticari və iqtisadi dəhlizlərin əhəmiyyəti öz aktuallığını qoruyub saxlayır. Xüsusən qloballaşan dünyamızın yeni geoiqtisadi çağırışları kontekstində ölkəmizin bu sahədə rolu artaraq strateji əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyev ölkəmizin tranzit potensialını dəyərləndirərkən qeyd edib ki, Azərbaycan Asiyanı Avropa ilə birləşdirən körpüdür və öz nəqliyyat infrastrukturunu getdikcə daha da möhkəmləndirir. Dəniz nəqliyyatına, dəmir yoluna böyük investisiyalar qoyulur. Bu sərmayələr gələcəkdə Azərbaycana böyük iqtisadi və siyasi uğurlar gətirəcək.

 

Strateji coğrafi mövqedən səmərəli istifadə

 

Şərqlə Qərbin qovşağında yerləşən, unikal coğrafi geosiyasi şəraitə malik olan Azərbaycan həm də dünya təsərrüfatının nəqliyyat sektorunda baş verən proseslərdən kənarda qalmır. Azərbaycanı regionun ticarət mərkəzinə çevirmək məqsədilə son illərdə ölkənin strateji coğrafi mövqeyindən səmərəli istifadə etməklə tranzit və nəqliyyat xidmətlərinin inkişafı, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və tranzit potensialının daha da artırılması üçün konkret hədəflərə istiqamətlənmiş kompleks tədbirlər həyata keçirilir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə digər sahələrdə olduğu kimi, ölkə iqtisadiyyatında da əhəmiyyəti böyük olan nəqliyyat sektorunun inkişafı, tranzit imkanlarının genişləndirilməsi üçün mühüm işlər görülür. Həm ölkə daxilində müasir nəqliyyat infrastrukturu yaradılır, həm də tranzit potensialı gücləndirilir.
Onu da vurğulayaq ki, ölkəmizdə nəqliyyat infrastrukturunun inkişafı, tranzit potensialının artırılması istiqamətində bir sıra irimiqyaslı layihələr həyata keçirilib, bu sahəyə dövlət investisiyaları yönəldilib. Bakıda və ölkə regionlarında beynəlxalq hava limanlarının, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri istiqamətində beynəlxalq əhəmiyyətli avtomobil yollarının tikintisi və dəmir yolu xətlərinin yenilənməsi ölkənin xarici iqtisadi əlaqələrinin genişlənməsində mühüm rol oynayır. Bunlar Azərbaycanın tranzit potensialını və tranzit daşımalarında iştirak imkanlarını genişləndirir.

 

Azərbaycan öz ərazisində bütün işləri tamamlayıb

 

Hazırda “Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi”nin reallaşması üzrə də gərgin işlər gedir. Bu beynəlxalq nəqliyyat dəhliz haqqında razılaşma bütün nəqliyyat növlərinə - dəmir yolu, dəniz, avtomobil, çay və hava nəqliyyatı ilə daşımaları təmin edən nəqliyyat infrastrukturuna və nəqliyyat vasitələrinə aiddir. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə “Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi” Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq. Həmin dəhliz Avropa-Cənubi Asiya- Yaxın Şərq arasında dəmir yolu daşımalarını, müvafiq olaraq dəmir yolunun istər yerli, istərsə də tranzit daşımalarından əldə etdiyi gəlirləri artırmağa imkan verəcək.
Ümumiyyətlə, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində iştirak edən ölkələrin sayına, onların gücünə baxsaq, görərik ki, bu, doğrudan da genişmiqyaslı beynəlxalq əməkdaşlıq formatıdır. “Şərq-Qərb nəqliyyat dəhlizi” Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə və ondan sonra Avropa ölkələrini, “Şimal-Cənub nəqliyyat dəhlizi” isə Pakistan, Hindistan, İran, Azərbaycan, Rusiya, Şimali Avropa ölkələrini birləşdirir.
Bütün bu layihələrdə iştirak edən ölkə Azərbaycandır və artıq demək olar ki, respublikamızın ərazisində “Şimal-Cənub nəqliyyat dəhlizi” ilə bağlı bütün işlər tamamlanıb. Hazırda dəmir yolunun modernləşdirilməsi ilə bağlı işlər aparılır. Beləliklə, “Şərq-Qərb nəqliyyat dəhlizi” artıq reallığa çevrilir.

 

Yeni imkanlar yaradan liman kompleksi

 

Nəqliyyat-tranzit xidmətlərinin təşkilində Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı mühüm əhəmiyyət kəsb edir. May ayının 14-də açılış mərasimi keçirilən liman kompleksi bu gün Bakı-Tbilisi-Qars dəmir yolu xətti üçün birbaşa yükcəmləyici məntəqə funksiyasını yerinə yetirir.
Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri üzərində yerləşməsi yeni liman üçün zəngin tranzit potensialı yaratmaqla, ölkəyə daxil olan, ölkədən çıxan və tranzit yüklərin aşırılmasında strateji nəqliyyat qovşağı funksiyalarını yerinə yetirməyə imkan verərək, Xəzər dənizindən səmərəli, sürətli və təhlükəsiz bərə keçidini təmin edir. Bu isə şimal, cənub, şərq və qərb istiqamətlərindən dəhlizlər üzrə ölkəyə daxil olan yük axınlarının yeni liman kompleksində cəmlənərək buradan Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Avropa istiqamətində və ya gəmilər vasitəsilə Şərq istiqamətində nəqlini təmin edən səmərəli və dayanıqlı logistik zəncir formalaşdırır.
Onu da vurğulayaq ki, 2018-ci ilin ilk altı ayında yükaşırmanın həcmi 2 milyon tona çatıb. Ümumi yükaşırmanın 86 faizi tranzit yüklərin payına düşüb. Ələt qəsəbəsində yerləşən Bərə Terminalında vaqon aşırılması 21 min 960 ədədə çatıb. Yeni limanın ərazisi də daxil olmaqla ətraf ərazilərdə yaradılmaqda olan azad iqtisadi zona mühüm nəqliyyat qovşağı kimi limanı daha geniş tranzit və daşıma imkanları ilə təmin edəcək.
Bütün bunlar bir daha təsdiq edir ki, Prezident İlham Əliyevin Azərbaycanın tranzit potensialının artırılması ilə bağlı həyata keçirdiyi məqsədyönlü və qətiyyətli siyasəti, qlobal miqyaslı təşəbbüsləri ölkəmizin sosial-iqtisadi inkişafına əsaslı töhfə verir. Azərbaycan mühüm nəqliyyat-logistika mərkəzinə çevrilir.

 

“Cənub qaz dəhlizi” - enerjinin “İpək yolu”

 

Azərbaycanın birbaşa təşəbbüsü, eləcə də iştirakı ilə gerçəkləşməkdə olan enerji layihələrinə gəldikdə isə, demək olar ki, bu sahədə tarixi uğurlara imza atılıb. Belə ki, bu il may ayının 29-da Bakıda “Cənub qaz dəhlizi”nin, iyun ayının 12-də isə Türkiyədə
TANAP-ın rəsmi açılışı olub. Beləliklə, bu layihənin dörd layihəsindən üçü artıq reallaşıb - “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəməri və TANAP layihəsi. Dördüncü layihə olan TAP üzrə işlər qrafikə uyğun icra edilir. Bir sözlə, yaxın zamanlarda Azərbaycan qazı Avropa İttifaqı məkanına çatacaq.
İyulun 19-da Bakıda keçirilən Azərbaycan-İtaliya biznes forumunda çıxış edərkən Prezident İlham Əliyev bu layihəni belə qiymətləndirib: “Biz böyük enerji layihələrini uğurla icra etmişik. Biz dənizləri birləşdiririk. Xəzər dənizini Qara dənizlə neft kəməri ilə birləşdirdik. Ondan sonra Xəzər dənizini Aralıq dənizi ilə neft kəməri ilə birləşdirdik. Bunlar tarixi layihələrdir. Biz Avrasiyanın enerji xəritəsini, demək olar ki, yenidən tərtib etmişik və buna davam edirik. Hazırda isə biz “Cənub qaz dəhlizi” layihəsini uğurla icra edirik. “Cənub qaz dəhlizi” dörd layihədən ibarətdir. Nəhəng “Şahdəniz” qaz yatağının işlənilməsinin ikinci fazası - bu layihə başa çatıb. Cənubi Qafqaz Qaz Kəməri, hansı ki, Azərbaycan qazını Gürcüstan istiqamətinə göndərir. Transanadolu qaz kəməri - TANAP, bu da Türkiyə ərazisindən çəkilən qaz kəməridir və Transadriatik qaz kəməri - TAP. Bu dörd layihədən üçü artıq reallaşıb. Maliyyə tutumu 40 milyard dollardan çox olan bu nəhəng layihə bir neçə ölkəni, bir çox şirkətləri birləşdirir. Bu layihə başa çatmaq üzrədir və dörd layihənin üçü müvəffəqiyyətlə başa çatdırılıb. Beləliklə, yaxın zamanlarda Azərbaycan qazı Avropa İttifaqı məkanında öz yerini tutacaq”.

 

ABŞ “Cənub qaz dəhlizi”nə hər zaman öz dəstəyini göstərib

 

Onu da vurğulayaq ki, bu layihənin ərsəyə gəlməsində maraqlı olan tərəflərdən biri də Amerika Birləşmiş Ştatlarıdır. 27-ci Ümumdünya Qaz Konfransı çərçivəsində BP-nin Vaşinqtondakı mənzil-qərargahında “Cənub qaz dəhlizi”nə həsr olunan tədbirdə səslənən fikirlər də bunu bir daha təsdiqləyir.
Tədbirdə çıxış edən BP şirkətinin baş icraçı direktoru Robert Dadli layihə üzrə görülmüş işlərdən və layihənin rolundan danışıb. Bildirib ki, Azərbaycan Prezidentinin güclü səyi və uzaqgörən siyasəti nəticəsində “Cənub qaz dəhlizi” layihəsini həyata keçirmək mümkün olub.
ABŞ dövlət katibinin köməkçisi, Enerji resursları bürosunun rəhbəri Frank Fannon isə çıxışında Prezident Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlanmış məktubundakı fikirləri xatırladaraq bildirib ki, “Cənub qaz dəhlizi” strateji əhəmiyyətə və transformasiya effektinə malik olan layihədir. ABŞ hökuməti Avropanın enerji təhlükəsizliyini təmin edən və Xəzər regionunun Avropa və dünya enerji bazarlarına daha yaxından inteqrasiyasına xidmət edən layihəni tam dəstəkləyir. F.Fannon deyib ki, ABŞ və Azərbaycanın birgə səyi nəticəsində bu layihə reallaşır və Azərbaycanın bu prosesdə rolu əvəzsizdir.
Xatırladaq ki, bu günlərdə ABŞ-ın İrana qarşı tətbiq etdiyi yeni sanksiyalar “Cənub qaz dəhlizi” layihəsinə aid edilməyib. Bu barədə “S&P Global Platts” agentliyinin ABŞ Prezidenti Donald Trampın müvafiq qərarına istinadən yaydığı məlumatda deyilir. Bildirilir ki, ABŞ-ın İranın enerji istehlakçılarına qarşı yeni sanksiyaları “Cənub qaz dəhlizi” layihəsinə aid olmayacaq: “Bu layihənin məqsədi Xəzər dənizində hasil edilən 16 milyard kubmetr təbii qazın Türkiyə və Cənubi Avropa ölkələrinə nəql edilməsidir. BP şirkəti bu sanksiyaların “Cənub qaz dəhlizi”nin təbii qaz mənbəyi olan Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi layihəsinə şamil edilməməsini istəyib. Həmçinin İranın “NICO” şirkəti “Şahdəniz” layihəsində 10 faizlik paya sahibdir. D.Trampın bu qərarında “təbii qaz layihəsi istisna olmaqla” bəndində məhz “Cənub qaz dəhlizi” nəzərdə tutulur”, - deyə məlumatda qeyd edilir. Bu da ABŞ-ın layihəyə necə önəm və dəstək verdiyini bir daha təsdiqləyir.

 

Transmilli maraqların mərkəzində dayanan Azərbaycan

 

Cənubi Qafqazın ən böyük və ən perspektivli dövləti sayılan Azərbaycan bu gün regionda gedən əsas proseslərin və transmilli maraqların mərkəzində dayanmaqla geoiqtisadi cəhətdən dünyanın aparıcı dövlətləri, böyük şirkətləri üçün cəlbedici tərəfdaşa çevrilib.
Elə bunun nəticəsidir ki, iqtisadi və siyasi baxımdan sabit ölkə olan Azərbaycan son 15 ildə 250 milyard dollardan çox sərmayə cəlb edib. Valyuta ehtiyatlarımız 44,3 milyard dollara yüksəlib. Təkcə bu ilin 6 ayı ərzində Azərbaycan iqtisadiyyatına 6 milyard dollar sərmayə qoyulub ki, bunun da böyük əksəriyyəti xarici sərmayədir.
Əlverişli investisiya mühiti və əcnəbi investorlar üçün çox etibarlı investisiya şəraiti şirkətlərə Azərbaycanda işləmək üçün yaxşı imkanlar yaradır. Bütövlükdə son 15 ildə Azərbaycanın dayanıqlı iqtisadi inkişafı ölkəmizin iqtisadi modelinin bir çox əhəmiyyətli parametrlərini müəyyənləşdirib. Bu parametrlər içərisində Azərbaycan iqtisadiyyatının dayanıqlığı rəqabət qabiliyyətinin yüksəlməsi və bu meyara görə ölkəmizin dünyada əhəmiyyətli yer tutması ilə səciyyələndirilə bilər.
Prezident İlham Əliyevin nəqliyyat infrastrukturunun müasir dünya standartlarına uyğunlaşdırılması, ölkəmizin tranzit potensialının daha da artırılması ilə bağlı həyata keçirdiyi dövlət siyasəti və qlobal miqyaslı təşəbbüsləri Azərbaycanın sosial-iqtisadi inkişafına mühüm töhfə verir. Son dövrlərdə iqtisadiyyatın, xüsusilə qeyri-neft sektorunun inkişafında mühüm rolu olan nəqliyyat infrastrukturunun müasirləşdirilməsi, tranzit imkanlarının genişləndirilməsi üçün önəmli işlər görülür, modern nəqliyyat infrastrukturu yaradılır, tranzit potensialı artırılır.
Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisi, Bakı Gəmiqayırma Zavodunun uğurlu fəaliyyəti, Bakı-Böyük Kəsik dəmir yolunun yenidən qurulması, “Şimal-Cənub nəqliyyat dəhlizi”nin inkişafı istiqamətində görülən işlər, Bakı-Tbilisi-Qars dəmir yolunun inşası bunun əyani sübutudur.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video