11 Avqust 2018 12:08
126
İQTİSADİYYAT
A- A+

Avtobus parkının yenilənməsi paytaxt sakinlərinin və qonaqların rahatlığını yaxşılaşdıracaq

 

Bu, həm də sosial infrastrukturun təkmilləşdirilməsi istiqamətində atılan növbəti addımdır

 

Müasir dövrdə bu və ya digər ölkənin inkişafını müəyyən edən bir neçə şərt var. Onlardan biri də infrastruktur sisteminin yaradılması və inkişafıdır. Bu baxımdan müstəqilliyini bərpa etdikdən sonra həyata keçirilən infrastruktur layihələri sayəsində Azərbaycan dünya əhəmiyyətli tranzit ölkəyə çevrilib. Hazırda Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən nəhəng nəqliyyat dəhlizləri Azərbaycanda qovuşur. Beynəlxalq yüklərin ölkəmizin üzərindən daşınması üçün hər cür logistik imkanlarımız var.

Prezident İlham Əliyev həyata keçirilən uğurlu infrastruktur layihələrinin əhəmiyyətini vurğulayaraq demişdir: “Son illər ölkə daxilində nəqliyyat infrastrukturu ilə çox ciddi məşğul olmuşuq. Demək olar ki, nəqliyyat infrastrukturuna çox böyük vəsait qoyulubdur. Biz yeddi aeroport tikmişik, onlardan altısı beynəlxalq statusa malikdir. O aeroportlar indi işləyir, xaricdən gələn turistlərin sayı artır. Ələtdə Xəzər dənizində ən böyük yeni ticarət limanı tikilir, yaxın gələcəkdə istifadəyə veriləcəkdir. Dəmir yolu infrastrukturu yeniləşir. Azərbaycan Xəzər dənizində ən böyük donanmaya malikdir. Burada biz liderliyi qoruyuruq”.

Şəhər nəqliyyatında müvafiq tədbirlər həyata keçirilir. Son dövrlər yeni avtobuslar alınaraq kart sisteminin tətbiqi və sürücülərə onları qane edəcək məvacibin verilməsi müsbət haldır. Lakin qeyd etdiyimiz kimi, nəqliyyat sektorunda bu islahatlar tam başa çatmayıb. Bunun üçün avtobus parkının yenilənməsinə ehtiyac var. Prezident İlham Əliyev tərəfindən “Bakı şəhərində avtobus parkının yenilənməsi haqqında” 8 avqust 2018-ci il tarixli  sərəncamın imzalanması bu məqsədə xidmət edir. Sərəncamda qeyd edilir ki, Bakı şəhərinin ictimai nəqliyyatında göstərilən xidmətlərin həm təhlükəsizlik, həm də keyfiyyət nöqteyi-nəzərindən qabaqcıl dünya standartlarına çatdırılması məqsədilə, sərnişinlərin avtobus nəqliyyatından təhlükəsiz və rahat istifadəsinin təşkili üçün avtobus parkının yenilənməsi daim diqqət mərkəzindədir. Sənəddə həmçinin bildirilir ki, bu məqsədlə son 3 ildə orta və iritutumlu 300-dən artıq müasir sərnişindaşıyan avtobus alınaraq paytaxtın marşrut şəbəkəsinə istismara buraxılmışdır.

Dövlət başçısının imzaladığı yeni sərəncamla paytaxtın avtobus parkının müasir standartlara cavab verməsi üçün əlavə 300 ədəd avtobusun alınması nəzərdə tutulub. Bu məqsədlə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.84-cü bəndində göstərilmiş məbləğin 47 924 000 (qırx yeddi milyon doqquz yüz iyirmi dörd min) manat ilkin olaraq Bakı Nəqliyyat Agentliyinə ayrılır. Yeni sərəncamın icrası yaxın vaxtlarda paytaxtda avtobus parkının müasir dünya standartlarına cavab verməsini təmin edəcək, paytaxt sakinlərinin və qonaqların gediş-gəlişini daha da yaxşılaşdıracaq. Bu, həm də sosial infrastrukturun təkmilləşdirilməsi istiqamətində atılan növbəti addımdır.

Xatırladaq ki, ilk növbədə nəhəng infrastruktur layihələrinə ölkənin paytaxtında start verilib. Bakı şəhərində icra edilən infrastruktur layihələri paytaxt sakinləri ilə bərabər, xaricdən gələn qonaqları da valeh edir. Belə ki, paytaxtda son 15 ildə tikilib istifadəyə verilən körpülər, yeraltı və yerüstü keçidlər, dünya standartlarına cavab verən yollar şəhər sakinlərinin rahatlığına xidmət edir. Görülən bu işlər sayəsində şəhərdə tıxacların sayı azalıb, sərnişinlərin gediş-gəlişi xeyli asanlaşıb.

Yol infrastrukturu ilə bərabər paytaxtda sərnişin avtobus parklarının vaxtaşırı yenilənməsi də rəğbətlə qarşılanır. Xüsusilə qışda isti, yayda sərin olan yeni komfort avtobuslardan istifadə edən sərnişinlər göstərilən xidmətdən razıdırlar. Kart sisteminin tətbiqi də sərnişinlər tərəfindən razılıqla qarşılanır. Bu qayda sivil sürücü-sərnişin münasibətlərinin formalaşmasında da əhəmiyyətli rol oynayır. Bununla da iki tərəf arasında ödəniş zamanı baş verən narazılıqlar aradan götürülüb.

Hazırda paytaxtın avtobus parkı tam müasir standartlara cavab vermir. Növbəti sərəncamın imzalanması bu zərurətdən yaranıb. Belə ki, bu gün müxtəlif marşrutlarda kondisionersiz köhnə avtobuslardan istifadə edilir, ödəniş sisteminin hələ də köhnə qayda ilə həyata keçirilməsi sürücü-sərnişin problemlərinin yaranmasına səbəb olur. Sürücülər “plan doldurmaq” xatirinə dayanacaqdan kənar avtobusu saxlayıb sərnişin götürərək bir-biri ilə sürət yarışına çıxırlar. Belə vəziyyət dəfələrlə qəzalara səbəb olub, sərnişinlər xəsarət alıblar. Artıq bu sahədə də maaş sisteminə keçməyin vaxtıdır. Sürücülər işlədiyi müddətdə sabit maaş alarsa, bu neqativ hallar da aradan qalxmış olar. İmzalanan sərəncam bu problemlərin də aradan qaldırılmasına imkan yaradacaq.

 

Rüstəm KAMAL,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video