Alternative content

02:07 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV ABŞ Azərbaycanın enerji siyasətinə daim dəstək verir
ABŞ Azərbaycanın enerji siyasətinə daim dəstək verir
ANA SƏHİFƏ / SİYASƏT
12:08 10.08.2018

 

“Cənub qaz dəhlizi”nin sanksiyaya düşməməsi bunu bir daha təsdiqləyir

 

Hazırda dünyada siyasi gərginlik pik səviyyədədir. Tarixə “ticarət savaşı” kimi daxil olan bu tendensiyanın sonunun nə ilə nəticələnəcəyini beynəlxalq siyasət üzrə zəngin təcrübəsi olan politoloqlar da proqnozlaşdıra bilmir.

Siyasətşünaslar Amerikanın son addımlarını onun tədricən siyasi, iqtisadi və hərbi gücünü itirməsi ilə bağlı göstərdiyi sərt reaksiya kimi qiymətləndirirlər. Düzdür, hazırda Amerika yenə də dünyada qeyd edilən parametrlər üzrə liderliyini qoruyur. Lakin Çin iqtisadiyyatı tədricən dünyanın aparıcı iqtisadiyyatına çevrilir. Rusiya isə real hərbi güc olaraq yenidən dünyada mövqeyini bərpa edir, İran Yaxın Şərqdə öz siyasi və hərbi mövcudluğunu artırır. Okeanın o tayındakı siyasətçilər isə bununla barışmaq istəmir, bu səbəbdən də müxtəlif siyasi və iqtisadi sanksiyalara əl atırlar.

Amerikanın bu siyasəti ilə razılaşmayan qüvvələr kəskin müqavimət göstərirlər. Buraya Amerikanın yaxın müttəfiqi olan Avropa İttifaqı da daxildir. Qoca qitənin siyasətçiləri isə öz maraqlarını qorumaq üçün ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalara qoşulmayacaqlarını bəyan edərək bu ölkə ilə ticarətdə ziyan çəkəcək şirkətlərə kompensasiya ödəmək barədə qərar qəbul ediblər.

Dünyanın bu çətin siyasi gərginlik dövründə dövlətimizin həyata keçirdiyi xarici siyasət uğur qazanır. Düşünülmüş və balanslaşdırılmış xarici siyasətimiz istər region, istərsə də ondan kənar ölkələrlə qarşılıqlı maraq üzərində əməkdaşlıq etməyə imkan yaradır.

Xüsusilə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən enerji siyasəti bütün tərəflərin maraqlarını təmin edir. Buna görə də ABŞ və Avropa İttifaqı “Əsrin müqaviləsi” bağlanan dövrdən bugünədək həyata keçirilən enerji siyasətimizi yüksək qiymətləndirirlər.

Dövlətimizin həyata keçirdiyi neft-qaz strategiyası Avropanın enerji təhlükəsizliyinə töhfə verir. Avropa İttifaqı müxtəlif mənbələrdən qaz tədarükünü həyata keçirmək istəyir. Azərbaycan bu sahədə etibarlı tərəfdaş imicini qazanıb. Siyasi sabitlik, dinamik iqtisadi inkişaf tərəfdaşlarımızın ölkəmizə inamını daha da artırır.

Qeyd edildiyi kimi, həyata keçirilən balanslaşdırılmış xarici siyasət dünyada gərginliyin mövcud olduğu bir dövrdə belə Azərbaycana fayda gətirir. İrana qarşı enerji sahəsində cari il noyabrın 4-də qüvvəyə minəcək sanksiya Azərbaycana təsir etməyəcək. Belə ki, Avropa ölkələrinə qaz ötürəcək “Cənub qaz dəhlizi” boru kəmərinin əsas mənbəyi olan “Şahdəniz”də İranın NICO şirkəti də 10 faiz payla iştirak edir.

Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan “Cənub qaz dəhlizi”nin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəməri (CQBK), TANAP (Transanadolu Qaz Boru Kəməri) və TAP (Transadriatik Qaz Boru Kəməri) layihələri təşkil edir. Bu boru kəmərləri zənciri “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya çatdıracaq. Uzunluğu 3500 kilometr olan “Cənub qaz dəhlizi” vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya 10 milyard kubmetr qaz nəqli planlaşdırılır. Dəhlizin üç hissəsi - “Şahdəniz-2”, CQBK və TANAP artıq istifadəyə verilib. İyunun 30-da “Şahdəniz-2” üzrə Türkiyəyə ilk kommersiya qazının tədarükünə başlanılıb.

Amerika Birləşmiş Ştatları “Cənub qaz dəhlizi”nin reallaşmasına siyasi və mənəvi dəstək göstərir. Prezident Donald Trampın Azərbaycanın dövlət başçısı İlham Əliyevə göndərdiyi məktublar da bunu təsdiq edir. Həmin məktublarda ABŞ-ın ölkəmizlə mürəkkəb regional çağırışların həlli üçün əməkdaşlıq etmək niyyətində olduğu bildirilir. Qeyd edilir ki, ölkəmizin həyata keçirdiyi enerji siyasəti regionun firavanlığına, Türkiyə və Avropanın enerji təhlükəsizliyinə töhfə verir. ABŞ-la  enerji sahəsində əməkdaşlıq siyasi əlaqələrimizin inkişafına, eləcə də dövlət müstəqilliyimizin qorunmasına geniş imkan yaradır.

Xüsusi olaraq vurğulayaq ki, “Əsrin müqaviləsi” imzalanarkən ölkəmizə güc sahibi olan dövlətlər ciddi təsir göstərməyə çalışırdı. Məqsəd Azərbaycanı özlərindən asılı vəziyyətdə saxlamaq idi. Amerikanın ciddi siyasi və maliyyə dəstəyi sayəsində “Əsrin müqaviləsi” imzalandı. Bu gün ölkəmizin iqtisadi inkişafında həmin tarixi müqavilənin böyük əhəmiyyəti var. İndi isə ABŞ ölkəmizdə “Cənub qaz dəhlizi”nin reallaşmasına siyasi və mənəvi dəstək verir.

Beynəlxalq aləmdə baş verən son siyasi hadisələrə nəzər yetirdikdə görürük ki, ABŞ-ın dünyanın bir çox ölkəsi ilə münasibətləri gərgindir. Ancaq Azərbaycan burada istisnadır. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində Amerikanın ölkəmizlə siyasi münasibətləri müsbətdir. Azərbaycan üçün böyük əhəmiyyət daşıyan “Cənub qaz dəhlizi”nin reallaşmasının ABŞ tərəfindən dəstəklənməsi də xarici siyasətimizin uğurudur.

 

Rüstəm KAMAL,

“Azərbaycan”