09 Avqust 2018 12:08
138
İQTİSADİYYAT
A- A+

Məşğulluğun təmin edilməsi alıcılıq qabiliyyətini də artırır

 

Dövlət tərəfindən həyata keçirilən iqtisadi siyasətin bir hədəfi də əhalinin sosial müdafiəsini təmin etməkdir. Bu da eyni zamanda, iqtisadi inkişafla yanaşı, yeni iş yerlərinin açılmasına imkan yaradır. Həmin məqsədə çatmaq üçün özəl sektora 2 milyard manatdan çox güzəştli kredit verilib. Nəticədə ölkənin iri şəhərlərində,eləcə də regionlarda minlərlə kiçik, orta və iri müəssisələr fəaliyyət göstərir. Bunun nəticəsidir ki, ölkəmizdə işsizlik 5, yoxsulluq 5,4 faiz səviyyəsindədir. Hazırda bu, dünya üzrə yüksək göstərici sayılır.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkədə əhalinin məşğulluğuna xüsusi diqqət yetirildiyini vurğulayaraq demişdir: “Azərbaycanda iş yerlərinin yaradılması prosesi daim aparılmalıdır. Mən giriş sözümdə dedim ki, 58 min yeni daimi iş yeri açılmışdır. Ancaq eyni zamanda, 20 mindən çox iş yeri bağlanmışdır. Əgər bu rəqəmlərə baxsaq görərik ki, yenə də dinamika müsbətdir. Ancaq bağlanmış iş yerlərinin təhlili aparılmalıdır. Hansı səbəblərə görə bu iş yerləri bağlanıb və o iş yerlərini itirən vətəndaşlar hansı işlə təmin olunub və olunubmu, yoxsa yox?.. Bizim özünüməşğulluq proqramına böyük ümidlərimiz var. Bu proqram həm iqtisadi inkişafımıza təkan verəcək, xüsusilə regionlarda həm məşğulluq problemlərinin həllini sürətləndirəcək, eyni zamanda, bəzi vətəndaşlarımızı ələbaxımlıq vərdişlərindən çəkindirəcəyik... Özünüməşğulluq proqramını icra etmək üçün indi kifayət qədər vəsait var. Hesab edirəm ki, hər il 6-7 min insan bu proqrama cəlb olunarsa, bir neçə ildən sonra heç sosial yardıma ehtiyac qalmayacaq və insanlar öz halal zəhmətləri ilə pul qazanacaqlar, ailələrini saxlayacaqlar və ölkə iqtisadiyyatına töhfə verəcəklər”.
Bütün dünyada qeyri-formal məşğulluq kütləvi xarakter daşıyır. Belə hal ölkəmizdən də yan keçməyib. Dövlət başçısı hökumətin bu məsələ ilə ciddi məşğul olduğunu, belə neqativ hallara son qoyulmasını tələb etdi. Çünki qeyri-formal məşğulluq nəticədə ciddi sosial problemlər yaradır. Ona görə ki, uzun illər bu qayda ilə çalışan insanlar yaşlaşdıqda layiq olduqları pensiya ala bilmirlər. Üstəlik, sahibkarlar bu yolla dövlətə vergi, Sosial Müdafiə Fonduna vəsait ödəməkdən yayınırlar. Göründüyü kimi, qeyri-formal məşğulluq həm vətəndaşa, həm də dövlətə ziyan vurur. Buna görə də həmin neqativ halla aidiyyəti dövlət qurumları ciddi şəkildə mübarizə aparmalıdır.
İqtisadiyyatın inkişafı, yeni sənaye sahələrinin yaradılması iş yerlərinin açılmasına imkan verir. Yeni yaradılan sənaye parklarına indiyədək 2,6 milyard dollar investisiya yatırılıb. Bunun sayəsində tikinti və istehsal sahəsində 11 minə yaxın iş yeri açılıb. Növbəti mərhələdə bu sahəyə 1,1 milyard dollardan çox investisiya qoyuluşu həyata keçiriləcək ki, bu da əlavə 7500-dək yeni iş yerinin açılmasına imkan yaradacaq.
Balaxanı Sənaye Parkında fəaliyyət göstərən beş müəssisədə 400-ə yaxın işçi çalışır. İkinci mərhələdə daha beş istehsal sahəsinin tikintisi nəzərdə tutulub. Sözsüz ki, bundan sonra həmin sənaye parkında yeni iş yerləri açılacaq.
Hazırda Mingəçevir Sənaye Parkında 750 nəfər işlə təmin olunub. Gələcəkdə yeni müəssisələrin tikilməsi daha çox iş yerinin açılması deməkdir.
Sənaye parkları ilə yanaşı, sənaye məhəllələrinin fəaliyyətə başlaması regionlarda yeni iş yerlərinin açılmasına geniş imkanlar yaradır. Məsələn, Neftçala Sənaye Məhəlləsində hazırda 500 nəfər işlə təmin olunub.
Sahibkarlıq inkişaf etdikcə ölkə iqtisadiyyatına töhfə verməklə yanaşı, yeni iş yerlərinin açılmasında da önəmli rol oynayır. Dövlət tərəfindən onlara güzəştli kreditlərin verilməsi sayəsində ötən bir illə müqayisədə 7 mindən artıq yeni iş yerinin yaradılmasına nail olunub.
Aqrar sektorda aparılan islahatlar, yeni iri fermer təsərrüfatları və aqroparkların yaradılması regionlarda əhalinin işlə təminatına imkan verir. Həmin təsərrüfatlar tərəfindən kiçik fermerlərlə müqavilə bağlanması sayəsində 3600 nəfər işlə təmin olunub.
Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, cari ilin yanvar-iyun ayları ərzində müəssisə və təşkilatların sayı 4,7 faiz artaraq bu il iyulun 1-i vəziyyətinə 124178 olub. Yeni müəssisələrin ən çox açıldığı yerlər tikinti, kənd təsərrüfatı, balıqçılıq, peşə, elmi və texniki fəaliyyət, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, turistlərin yerləşdirilməsi, iaşə, ticarət, istirahət, əyləncə və nəqliyyat sahələridir.
Sahibkarlar əsasən kiçik müəssisələrin yaradılmasına üstünlük verirlər. Ölkə üzrə qeydiyyatda olan kiçik müəssisələrin 57,5 faizi paytaxtda, 12,5 faizi Aran, 7,7 faizi Abşeron, 5,6 faizi Gəncə-Qazax, 5,5 faizi Lənkəran, qalanları isə digər iqtisadi rayonlarda yaradılıb. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı 815 minə çatmaq üzrədir.
Ölkənin inkişafı və əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində dövlətin həyata keçirdiyi siyasət nəticəsiz qalmır. Bunun sayəsində cari ilin birinci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə əhalinin gəlirləri 9,3 faiz artmaqla inflyasiyanı 6,3 faiz üstələyib, orta aylıq əməkhaqqı illik müqayisədə 4 faiz yüksəlib. Bu da əhalinin alıcılıq qabiliyyətini artırır. Cari ilin birinci yarısında bir istehlakçı orta hesabla ayda 369,2 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,2 manat çox əmtəə alıb və ödənişli xidmətlərdən istifadə edib. Həmçinin hesabat dövründə pərakəndə ticarət şəbəkəsindən bir istehlakçı orta hesabla 291,7 manatlıq və ya keçən ilin eyni dövrü ilə müqayisədə 13,9 manat çox əmtəə alıb. Statistik rəqəmlər göstərir ki, əhalinin alıcılıq qabiliyyəti də yüksəlir. Bunun da başlıca səbəbi insanların işlə təmin olunması və gəlirlərinin artmasıdır. Dövlətin həyata keçirdiyi iqtisadi və sosial siyasətin əsas məqsədi də buna nail olmaqdır.

Rüstəm KAMAL,
“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video