Alternative content

15:47 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Davamlı yüksəliş və tərəqqiyə xidmət edən siyasət
Davamlı yüksəliş və tərəqqiyə xidmət edən siyasət
ANA SƏHİFƏ / SİYASƏT
12:08 09.08.2018

 

İlham Əliyevin müasir inkişaf konsepsiyası dünya birliyinin Azərbaycana marağını getdikcə artırır

 

“Son illərdə Prezident İlham Əliyevin uzaqgörən və müdrik rəhbərliyi nəticəsində Azərbaycanda yeni keyfiyyətli inkişaf modelinin formalaşmasına xüsusi diqqət yetirilir və bu istiqamətdə böyük işlər görülür”.
Bu fikri iyulun 26-da “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il üçün iş planı”nda nəzərdə tutulmuş məsələlərə dair aidiyyəti qurumların iştirakı ilə keçirilən iclasda Baş nazir Novruz Məmmədov söyləyib. Baş nazir dövlət başçısının həyata keçirdiyi davamlı islahatlar sayəsində ölkəmizin iqtisadi müstəqilliyinin təmin olunması istiqamətində mühüm addımlar atıldığını və bu prosesin uğurla davam etdiyini vurğuladı.

 

Qarşılıqlı inama əsaslanan etibarlı tərəfdaşlıq

 

Bu bir həqiqətdir ki, son 15 ildə Prezident İlham Əliyevin yürütdüyü tam müstəqil siyasət Azərbaycanı dünya birliyinin etibarlı tərəfdaşına çevirib. Ölkəmizdə gedən demokratik proseslər dünyanın aparıcı dövlətləri tərəfindən də yüksək qiymətləndirilir.
Prezident İlham Əliyevin təkcə bu ilin 6 ayında keçirdiyi görüşlər, iştirak etdiyi beynəlxalq toplantılar və xarici səfərləri bir daha təsdiq edir ki, Azərbaycan beynəlxalq əlaqələrini getdikcə möhkəmləndirir.
Avropa İttifaqı ilə yeni saziş imzalamağa hazırlaşan Azərbaycanın artıq demək olar ki, bu quruma üzv ölkələrin üçdə bir hissəsi ilə strateji tərəfdaşlıq haqqında sənədləri var. Bu da bir daha təsdiq edir ki, Azərbaycan Avropa üçün strateji əhəmiyyət daşıyan ölkədir. Həyata keçirilən uğurlu xarici siyasət nəticəsində Azərbaycan demək olar ki, əksər ölkələrlə, bütün güc mərkəzləri ilə çox səmərəli, işgüzar, bərabərhüquqlu münasibətlər qurub. Bu münasibətlər qarşılıqlı inam, hörmət, bir-birinin işinə qarışmamaq prinsipləri əsasında yaranıb.

 

Beynəlxalq münasibətlərin tamhüquqlu subyekti

 

Təkcə bir fakta nəzər yetirsək görərik ki, Azərbaycan Prezidentinin iyul ayında da zəngin iş qrafiki olub. İyul ayında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və İtaliya Prezidenti Sercio Mattarella ölkəmizə səfər edib, Azərbaycan Prezidenti isə fransalı həmkarı Emmanuel Makronun dəvəti ilə bu ölkədə səfərdə olub. Bu səfərlər zamanı dövlət başçıları arasında səmimi görüşlər keçirilib və mühüm sənədlər imzalanıb. Görüşlər zamanı siyasi məsələlərlə yanaşı, tərəflər arasında iqtisadi münasibətlərin inkişaf istiqamətləri üzrə də yeniliklər baş verib.
İtaliyanın Azərbaycana səfər edən ilk İtaliya Prezidenti kimi tarixə düşən Sercio Mattarella və Prezident İlham Əliyevin iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılışı olub və Azərbaycan-İtaliya biznes forumu keçirilib. Fransada isə Azərbaycan Prezidenti bu ölkənin dünyaca məşhur 11 şirkətinin nümayəndəsi ilə vacib görüşlər keçirib.
Prezident İlham Əliyev həmçinin NATO-nun baş katibi Yens Stoltenberqin dəvəti ilə bu qurumun zirvə toplantısında iştirak etmək üçün Belçika Krallığının paytaxtı Brüsselə səfər edib. Dövlət başçısı burada Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla görüşüb və bu görüşdən sonra “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanma mərasimi olub. Bu sənəd tərəflər arasında yeni sazişin imzalanma prosesinə mühüm töhfədir. İlham Əliyev NATO-nun müttəfiq və tərəfdaş ölkələrinin dövlət və hökumət başçıları üçün qəbulda və NATO-nun Əfqanıstanda Qətiyyətli Dəstək missiyası üzrə Şimali Atlantika Şurasının görüşündə iştirak edib.
Əlbəttə ki, Azərbaycan Prezidentinə göstərilən xüsusi diqqət İlham Əliyevin simasında dövlətimizə yüksək etimadın bariz nümunəsi kimi qiymətləndirilməlidir, çünki bu gün Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır və qəbul edilir.

 

Siyasi və iqtisadi müstəqilliyin formalaşdırdığı möhkəm təməl

 

Baş nazir Novruz Məmmədov hökumətin iclasında vurğulayıb ki, həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycanın bu gün sosial və iqtisadi infrastruktur quruculuğunda, özəl sektorun inkişafında, sənayeləşmədə, aqrar sektorun istehsal və ixrac imkanlarının genişləndirilməsində, makroiqtisadi sabitliyin təmin olunmasında, əhalinin rifah halının yaxşılaşmasında böyük işlər görülüb. Dövlət proqramlarının uğurla reallaşdırılması sayəsində regionların da tarazlı şəkildə inkişaf etməsi ölkənin potensialının artmasına güclü təkan verib.
Bu ilin göstəricilərinə nəzər yetirsək görərik ki, aparılan iqtisadi islahatlar öz bəhrəsini verməkdədir. Altı ay ərzində ümumi daxili məhsulun 1,3 faiz, qeyri-neft sektorunun 2 faiz, sənaye istehsalının 1 faiz, qeyri-neft sənayesinin 8,8 faiz, kənd təsərrüfatının 7,6 faiz, xarici ticarət dövriyyəsinin 35 faiz, ixracın 34 faiz artması bunun bariz nümunəsidir.
Son 6 ayda ölkə iqtisadiyyatına 6 milyard dollar sərmayə qoyulması, inflyasiyanın cəmi 3 faiz olması, həmçinin əhalinin pul gəlirlərinin 9,3 faiz artması ölkəmizdə makroiqtisadi sabitliyin tam təmin edildiyini, əlverişli biznes mühitinin daha da yaxşılaşdırıldığını təsdiqləyir.

 

44,3 milyarda yüksələn valyuta ehtiyatları

 

Xatırladaq ki, ötən il ölkəmizin valyuta ehtiyatları 42 milyard dollar təşkil edirdi. Bu il isə bu rəqəm 44,3 milyarda yüksəlib. Son 15 ildə ölkə iqtisadiyyatına 250 milyard dollar sərmayə qoyulub. Bu, Azərbaycanın inamlı inkişafının göstəricisidir.
İlin birinci yarısında həm nəqliyyat, həm energetika sahələrində önəmli hadisələr baş verməsi də bu uğurlar sırasına aid edilir. Belə ki, may ayında Ələt Beynəlxalq Dəniz Ticarət Limanı istifadəyə verilib. “Cənub qaz dəhlizi” və TANAP-ın rəsmi açılışı baş tutub. Limanın istifadəyə verilməsi Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsindən sonra nəqliyyat sektorunda ikinci böyük hadisədir. Azərbaycanın beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilməsi üçün bu limanın çox böyük əhəmiyyəti var.
Bir sözlə, yeni iqtisadi şəraitə uyğun həyata keçirilən rasional makroiqtisadi siyasət, aparılan köklü islahatlar, görülən sistemli tədbirlər qlobal və regional risklərin neytrallaşdırılmasına imkan yaradıb, valyuta ehtiyatlarımız maliyyə risklərinin qabaqlayıcı rejimdə idarə edilməsində əhəmiyyətli rol oynayıb, ölkəmizdə sosial-iqtisadi proqramların icrası davam etdirilib.

 

Strateji yol xəritələrinin monitorinq və qiymətləndirilməsi

 

Nazirlər Kabinetinin iclasında “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş yol xəritələrinin icrasına dair hazırlanmış monitorinq və qiymətləndirmə hesabatlarının müzakirəsi də aparılıb.
Öncə onu vurğulayaq ki, Strateji Yol Xəritəsinin 2017-ci il üzrə icra vəziyyəti ilə bağlı illik monitorinq və qiymətləndirmə hesabatına dair nəticələr açıqlanıb. Hesabatda 2017-ci il ərzində görülmüş işlər barədə məlumatlar təqdim olunub. Bir il ərzində hər bir yol xəritəsində hədəflər üzrə müəyyən edilən işlərin icra vəziyyəti göstərilib, istiqamətlər üzrə mövcud problemlər qabardılıb, görüləcək işlər barədə əsas prioritetlər müəyyənləşib və tövsiyələr təqdim olunub.
Bu məsələ ilə bağlı çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, nazirlik Strateji Yol Xəritəsində nəzərdə tutulan tədbirlərdən 151-i üzrə əsas icraçı, “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına” və “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına” dair strateji yol xəritələrinin isə əlaqələndiricisi müəyyən olunub. Nazir vurğulayıb ki, strateji yol xəritələrinin icrası ölkədə davamlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin, inklüzivliyinin və sosial rifahın daha da artırılmasına töhfə verəcək.

 

Əksər istiqamətlər üzrə layihələr uğurla icra olunub

 

Postsovet məkanında ilk belə sənəd olan strateji yol xəritələri iqtisadiyyatın bərabər və dayanıqlı inkişafına xidmət edir. Çox ciddi təhlillər üzərində qurulan sənəd hazırlanarkən Azərbaycanda mövcud iqtisadi vəziyyət, həm də qlobal və regional trendlər nəzərə alınıb. Yol xəritələrinin ötən il üçün icra vəziyyətinin qiymətləndirilməsi və monitorinqləri bir daha təsdiq edir ki, bir-iki istiqamət istisna olunmaqla əksər istiqamətlər üzrə proqramlar, layihələr uğurla icra olunub.
Məsələn, milli iqtisadiyyat perspektivi üzrə 92 faiz, maliyyə xidmətləri 87 faiz, kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalı 79 faiz, uyğun qiymətə mənzil təminatı 76 faiz, logistika və ticarət 73 faiz, peşə təhsili və təlimi 72 faiz, ağır sənaye və maşınqayırma 68 faiz, kommunal xidmətlər (elektrik və istilik enerjisi, su və qaz) 68 faiz, telekommunikasiya və informasiya texnologiyaları 61 faiz, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı 46 faiz, ixtisaslaşmış turizm sənayesi 36 faiz icra olunub.
Ümumilikdə, strateji yol xəritələrinin ötən il üçün icra səviyyəsi bir daha təsdiq edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlar kursu 2017-ci ildə də uğurla davam edib.

 

Azərbaycan öz inkişaf tempi ilə nümunəyə çevrilib

 

Baş nazirin sədrliyi ilə keçirilən iclasda bu məsələ ilə bağlı geniş müzakirələr aparılıb və yekunda iclasın qərarı qəbul edilib.
Qərarda göstərilir ki, aidiyyəti qurumlar strateji yol xəritələrinin icrası zamanı yaranan problemlərin, çatışmazlıqların vaxtında müəyyən edilərək aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsini təmin etməlidirlər. Eyni zamanda, nəzərdə tutulmuş tədbirlərin tam, vaxtında, keyfiyyətlə icrasının daha da sürətləndirilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirməlidirlər. İclasa yekun vuran Baş nazir Novruz Məmmədov müzakirə olunan məsələlərin icrası ilə bağlı Nazirlər Kabinetinin müvafiq qurumlarına tapşırıqlar verib.
Prezident İlham Əliyevin yeni iqtisadi konsepsiyası respublikanın sosial-iqtisadi inkişafı prosesində dinamizmi və məqsədyönlülüyü təmin edib, qarşıda duran vəzifələrin həllinə real imkanlar açıb və cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunmasına etibarlı zəmin formalaşdırıb. Artan valyuta ehtiyatları, reallaşan layihələr, həyata keçirilən islahatlar onu deməyə əsas verir ki, Azərbaycan öz inkişaf tempi ilə nümunəyə çevrilib.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”