Alternative content

01:17 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV ABŞ Çinlə ticarət müharibəsində yeni cəbhə açır
ABŞ Çinlə ticarət müharibəsində yeni cəbhə açır
ANA SƏHİFƏ / SİYASƏT
12:08 09.08.2018

 

ABŞ administrasiyası Çindən idxal edilən məhsullara əlavə rüsumlar tətbiq etmək barədə qərar qəbul etmişdir. Qərara uyğun olaraq, ildə ümumi dəyəri təxminən 16 milyard dollar olan Çin məhsullarından 25 faizlik gömrük rüsumu tutulacaq.

ABŞ  Ticarət Nümayəndəsinin Aparatı məlumat vermişdir ki, siyahı Çinin ixrac etdiyi motosiklləri, traktorları, dəmir yolu avadanlıqlarını, radiotexnika sxemlərini, mühərrikləri və kənd təsərrüfatı avadanlığını əhatə edir. Yeni rüsumlar bu ayın 23-də qüvvəyə minəcək.

Bununla ABŞ və Çin arasında başlamış ticarət müharibəsində ikinci cəbhə açılır.  Cari ilin iyununda Ağ evin sahibi elan etmişdi ki, Çinin ABŞ əqli mülkiyyətini və texnologiyalarını oğurlaması, eləcə də Pekinin ədalətsiz ticarət praktikasına əl atması ilə əlaqədar Vaşinqton ildə həmin ölkədən idxal edilən 818 adda 50 milyard dollarlıq məhsula 25 faizlik rüsum tətbiq edəcək. Lakin Amerika biznesinin təzyiqi ilə həcm 35 milyard dollara endirilmişdi. Həmin həcmdə Çin məhsullarından 25 faizlik rüsum ötən ayın 6-dan bəri tutulur. Buna cavab olaraq Çin ABŞ-dan idxal olunan 659 adda məhsullara analoji rüsum tətbiq etmişdir.

İki həftədən sonra ticarət müharibəsində ikinci cəbhənin açılması ilə siyahıya 16 milyard dollarlıq məhsul əlavə ediləcək. Bu dəfə yüksək rüsumlar 279 adda Çin məhsuluna tətbiq olunacaq.

Keçən həftənin axırlarında yeni cəbhənin açılacağı barədə xəbər yayıldıqdan sonra Çin bəyan etmişdi ki, Vaşinqton təhdidlərini reallaşdıran kimi Pekin cavab tədbiri görərək ABŞ-dan idxal edilən ildə 60 milyard dollarlıq məhsullara yüksək rüsum tətbiq edəcək. ÇXR rəhbərliyi ABŞ-ı ticarət sahəsində şantajla məşğul olmamağa və ticarət qarşıdurmasını dərinləşdirməməyə çağırmışdı. Rəsmi Pekinin fikrincə, Vaşinqtonun beynəlxalq ticarətdə proteksionist siyasəti dünya bazarında sabitliyin pozulmasına gətirib çıxarar və Birləşmiş Ştatların özünə mənfi təsir göstərər.

Onu da qeyd etmək lazımdır ki, ABŞ Çinlə ticarətində kəsiri azaltmaq üçün başqa addımlar da atmağı planlaşdırır. Cari ayın 1-də Tramp ABŞ-ın ticarət nümayəndəsi Robert Laythayzerə ildə 200 milyard dollarlıq Çin məhsullarına hazırda tətbiq olunan 10 faizlik rüsumu 25 faizə qaldırmaq məsələsini öyrənib müvafiq plan hazırlamağı tapşırmışdır. Təbii ki, Vaşinqtonun bu cür addımlarının hər biri Pekinin adekvat reaksiyası ilə qarşılaşacaq. Bu isə ticarət müharibəsinin qızışmasına gətirib çıxaracaq.

Eyni zamanda ABŞ qlobal ticarət qarşıdurmasında digər rəqiblərini, hətta NATO üzrə müttəfiqlərini, ilk növbədə Avropa İttifaqı (Aİ) ölkələrini yaddan çıxarmır. Artıq ABŞ Avropadan idxal etdiyi polad və alüminiuma müvafiq olaraq  25 faizlik və 10 faizlik rüsum tətbiq etmiş, əvəzində Aİ cavab zərbəsi ilə ABŞ mənşəli 23 adda məhsulu yüksək rüsumla “mükafatlandırmışdır”. Doğrudur, ötən ayın axırlarında Avropa Komissiyasının sədri Jan-Klod Yunker Vaşinqtona səfər edərək ABŞ Prezidenti Donald Trampla görüşüb iki tərəf arasında ticarət sahəsində gərginliyi aradan qaldırmağın yollarını müzakirə etmişdir. Ağ evdə keçirilmiş danışıqlar zamanı belə bir razılaşma əldə olunmuşdu ki, tərəflər arasında məsləhətləşmələr davam edincə yeni gömrük rüsumları tətbiq olunmasın. Lakin hərəkətləri proqnozlaşdırılmayan ABŞ liderinin sözünə inananların sayı indi az qala yox dərəcəsindədir. Xüsusilə Avropa ölkələrində istehsal edilmiş avtomobillərin, ilk növbədə “Mersedes”in Amerika şəhərlərinin küçələrində şütüməsindən “bezmiş” Trampın həmin nəqliyyat vasitələrinə bundan sonra göz yumacağına inanmaq çətindir.        

Bir neçə gün əvvəl Vaşinqton İranın nüvə proqramına dair beynəlxalq sazişdən çıxması ilə əlaqədar Tehrana qarşı sanksiyaları bərpa etməklə ənənəvi ticarət tərəfdaşlarına, ilk növbədə Aİ-yə əlcək atmışdır. Məlum olduğu kimi, Aİ ölkələri ABŞ-ın İrana münasibətdə yürütdüyü siyasəti dəstəkləməkdən boyun qaçırmış, nəticədə Vağınqtonun hədəfinə çevrilmişdir. Üstəlik, Tramp İranla əməkdaşlıq edən bütün şirkətləri cəzalandıracağını bildirmişdir. Başqa sözlə, dünya ticarətinin gələcəyini yaxşı heç nə gözləmir. 

 

Allahverdi MEHDİYEV,

“Azərbaycan”