Alternative content

01:58 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yanğın torpağın üst qatını zədələyir
Yanğın torpağın üst qatını zədələyir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:08 09.08.2018

 

Son on ildə yazın axırında, yayın əvvəllərində Lerikdə belə istilər keçməmişdi. Biçənəklərdə ot tez yetişdi, torpaq adamlarının qayğısı birə-iki artdı. Otbiçən texnika sahələrə çıxarıldı, dəryazçılar günəşi iş üstündə qarşıladılar. Yem tədarükü iki həftəyə başa çatdı, yığılmış ot-alaf itkisiz daşınıb tayalara vuruldu.

Növbə taxılçılara çatdı. Biçinə hərtərəfli hazırlıqla başladılar. Masallı və Biləsuvar rayonlarından kombaynçılar lerikli həmkarlarına köməyə gəldilər. Məhsul yığımına nəzarət edən rayon qərargahı işlərin ahəngdar getməsinə əməli kömək göstərdi. İlk növbədə, nisbətən aran yerlərin və meşə ətəklərinin zəmiləri biçildi. Artıq 2900 hektar sahənin taxılı yığılıb. Hektarın məhsuldarlığı 22 sentnerə çatır. Şingədulan, Livədirqə, Əliabad, Kirəvud kəndlərində fermerlər hektardan 25-30 sentner məhsul götürüblər.

Zuvand və Piran ərazi vahidlərindəki əkin yerləri dağ yamaclarındadır. Burada yığımın son günləridir. Hazırda zəmilərdə 3 kombayn işləyir. Mexanizatorlara xüsusi xidmət göstərilir. Nahar fasilələrində çay və isti yemək verilir. İşə rahat maşınlarda aparılıb gətirilir.

Taxılı biçilmiş sahələrin küləşi elə həmin gün aqreqatlarla preslənib daşınır. Yerdə bir çəngə küləşin də qalmasına yol verilmir. Məhsul yığımı başa çatan kimi yemə ehtiyacı olanlar kövşənliklərə çıxırlar. Kombaynların üstdən biçdiyi yerlərin küləşini dəryazla çalıb toplayırlar. Bu, uzun illərdən bəri davam etdirilən və yaxşı səmərə verən bir haldır. Beləliklə, kövşənlikərin yandırılmasının qarşısı alınır.

Yerli əhali sahələri yandırmağı, xeyirli həşəratları məhv etməyi, quşları dənsiz saxlamağı günah sayır. Bu məqsədlə ağsaqqallar, kənd təsərrüfatı mütəxəssisləri, təcrübəli əkinçilər gənclər arasında maarifləndirmə işlərinə xüsusi diqqət yetirirlər. Elə buna görədir ki, istər keçən il, istərsə bu mövsümdə bir qarış yerdə belə, küləşin yandırılmasına yol verilməyib. Çünki yanğın torpağın üst qatını zədələyib gücdən salır, məhsuldarlıq xeyli aşağı düşür.

Bir neçə gündür taxılı yığılmış sahələrdən traktorların səsi eşidilir. Torpaq şumlanıb payız əkininə hazırlanır, toxum təmizlənir. Yerə nəm düşən kimi əkinçilər səpinə çıxacaq, gələn ilin bol məhsulunun bünövrəsi qoyulacaq.

 

Həmzə VƏLİMƏMMƏDOV,

Lerik Rayon Ağsaqqallar Şurasının sədri