Alternative content

15:59 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Xəstələnməmək üçün nə etməliyik
Xəstələnməmək üçün nə etməliyik
ANA SƏHİFƏ / Səhiyyə
12:08 09.08.2018

 

Yayın isti günləri davam edir. Bəziləri sadəcə, havaların qızmar keçməsindən gileylənsə də, bu günlərdə səhhətində yaranmış problemlərdən şikayətlənənlər də az deyil. Həkimlər isə ilin bütün aylarında havaların kəskin dəyişməsinin, temperaturun yüksəlməsinin, yaxud enməsinin insan bədəninə təsir göstərdiyini təsdiq edirlər. 

Tövsiyələri isə budur ki, bütün fəsillərdə sağlamlığımıza qarşı həssas olaq. Yay aylarına gəlincə, ilin bu vaxtlarında xüsusi diqqət yetirməli olduğumuz məsələlər var.
Məlumdur ki, yay aylarında süfrələrimiz meyvə-tərəvəz, bostan bitkiləri ilə zəngin olur. Odur ki, yayda qarışıq yeməklərdən daha çox istifadə edilir. Kliniki Tibbi Mərkəzin II yoluxucu xəstəliklər şöbəsinin müdiri Gülnarə Babayeva bu ləziz nemətlərdən düzgün istifadə edilmədikdə, qaydasında qidalanmadıqda sağlamlıqla bağlı müəyyən fəsadlar yarandığını nəzərə çatdırır.
Yay ayları başlayandan, yəni, iyunun 1-dən mövsümlə əlaqədar müraciətlərdə nəzərəçarpacaq dəyişiklik olmadığını vurğulayan həkim diqqəti vacib bir məsələyə yönəldir. Bildirir ki, qabaqlar yay fəslinin bəhəri hesab etdiyimiz meyvə-tərəvəzlərə son illər heç bir fəsildə tamarzı qalmırıq. İl boyu bazarlarda hər növ meyvə və tərəvəz tapmaq mümkündür. G.Babayeva qeyd edir ki, əvvəllər mövsümi xəstəliklərlə rastlaşırdıq və yaz-yay aylarında şikayətlər ən çox qida zəhərlənmələri, tibbi dillə desək, qida toksiko-infeksiyaları, qışda ağır qida toksiko-infeksiyaları, botulizm və digər hallarla bağlı olurdu: “Son 4-5 ildir ki, mövsümi meyvələr və tərəvəzlər ifadəsi unudulmaqdadır. Əgər biz hesab ediriksə qarpız, yemiş, gilas, alça, ərik, şaftalı və digər meyvə-tərəvəzlər yay aylarının nemətləridir. Artıq ilin istənilən vaxtında onları alıb yemək mümkündür. Amma mən özüm hər meyvəni mövsümündə yeməyi tərcih edirəm. Çünki zamanında yetişən, toplanaraq süfrələrimizə qədər gələn bu qidalar səhhətimiz üçün daha faydalıdır”. G.Babayeva sağlamlığın qorunmasında qidalanma mədəniyyətinin müstəsna rolu olduğuna diqqəti çəkir. Hər bir insan normal şəkildə gündə 3-4 dəfə qidalanmalıdır. Tibb işçiləri buna hissə-hissə qidalanma deyirlər. Mədə-bağırsaq və digər problemləri olanlar isə gün ərzində 4-6 dəfə yeməli və mütləq pəhrizə riayət etməlidirlər. Bu vacib məsələni qeyd edən G.Babayeva xroniki xəstəlikləri olanların böyük əksəriyyətinin, ümumiyyətlə, pəhrizdən uzaq durduqlarını vurğulayır: “Hər bir insan mütləq qidalanmasına diqqət yetirməlidir. Məsələn, mədə-bağırsaq xəstəlikləri olanlar qızardılmış, duzlu, istiotlu, tomatlı qidalara yaxın durmamalıdır. Ancaq qidalanma ilə bağlı məsləhətlərimiz yalnız səhhətində müəyyən problemləri olanlara deyil. Xəstələnməmək üçün vaxtında sağlamlığın qayğısına qalmaq zəruridir. Bu mənada, tələblərdən biri də vaxtında və düzgün qidalanmaqdır. Əks halda, gec-tez mədə-bağırsaq və başqa problemlərlə üzləşmək qaçılmazdır”.
Həkim yalnız yay aylarında deyil, il boyu ərzaq məhsulları alarkən diqqətli olmağımızı, istehsal vaxtlarına, saxlanma müddətlərinə riayət etməyi vacib sayır. Eyni zamanda, alış-veriş zamanı ərzaqların saxlanma şəraitlərini də diqqətdən qaçırmamalıyıq. Bəzi satış yerlərində qida məmulatları necə gəldi düzülür, gigiyenik qaydalara əməl olunmur. G.Babayeva qeyd edir ki, evdə də ərzağı saxlayarkən müəyyən qaydalar gözlənilməlidir: “Mən təsəvvür edə bilmirəm lavaşdan necə zəhərlənmək olar?! Amma bu da baş verir. Çünki lavaşı açıb görürlər ki kiflənib, amma yeyirlər. Belə olduqda sözsüz ki, qida zəhərlənməsi olacaq. Yaxud qarpız qədərində alınmalıdır. Çünki qarpızı kəsdikdən sonra qalanını təkrar soyuducuya qoymaq arzuolunmazdır. Ən azı, üstünə falqa çəkilməli, soyuducunun aşağı rəflərində saxlanılmalıdır ki, birbaşa buzla təmasda olmasın. Falqanı açarkən qarpızın rənginin dəyişdiyi, yumşaldığı müşahidə edilərsə, onu yemək düzgün deyil”. İsti havalarda soyuducuda saxlanılan yeməklər, qarpız, yemiş, meyvə, soyuq su bəzən xəstələnməyə səbəb olur. Yay mövsümündə xəstəxanaya müraciət edənlərin arasında belələri az deyil. Həkim vurğulayır ki, yayda ən çox su içilməlidir. Enerji içkiləri, meyvə şirələri narahatlıq yarada bilər.
Yay fəsli çoxları üçün həm də istirahət dövrüdür. Çalışanların əksəriyyəti illik məzuniyyətlərini bu vaxtlarda keçirməyə üstünlük verir. Həmçinin təhsil ocaqlarında yay tətili başlayır. Orta məktəblərdə, kolleclərdə, universitetlərdə oxuyanlar və işləyənlər dincəlirlər. Təəssüf ki, müxtəlif istirahət yerlərinə, çimərliklərə üz tutanlar bəzən ilin yorğunluğunu canlarından çıxarmaq, sağlamlıqlarını bərpa etmək əvəzinə, yeni problemlərlə qarşılaşmalı olurlar. Bunun bir çox səbəbləri var. Bunlardan biri də yenə qidalanma ilə bağlıdır. Adətən, istirahətə gedəndə, dəniz qırağında dincələndə süfrəmizdə çeşid-çeşid xörəklərin, salatların, meyvə və tərəvəzlərin düzülməsini istəyirik. G.Babayeva bildirir ki, yayda istirahətə gedəndə də nəzərə almalıyıq ki, isti hava şəraitində ağır yeməklərdən istifadə etmək bədənə ağırlıq gətirir.
İsti günlərdə çoxumuzun köməyinə kondisonerlər çatır. Bəzən səhhətimzə mənfi təsir etdiyini, xəstələnməyimizə səbəb olduğunu söyləsək də, ondan imtina edə bilmirik. G.Babayeva vurğulayır ki, xəstələnməyimizə kondisonerlər yox, özümüz səbəb oluruq. Otaqda normal temperatur saxlamaq lazımdır. Kondisonerin temperaturunu nizamlayarkən bayırdakı hava ilə kəskin təzad yaradılmamalı, uyğun hərarət seçilməlidir. Eyni zamanda, isti havada küçədən gəlib, tərli-tərli kondisonerin altında oturmaq da xəstəliyə səbəb ola bilər.
G.Babayeva diqqətə çatdırır ki, işlərimizi, rahatlığımızı, dadlı yeməklər yeməyimizi düşünərkən hər şeyin qaydasında olmasına çalışmalıyıq. Bir çoxumuz ancaq sağlamlığımızı itirdikdən sonra onun necə böyük xoşbəxtlik olduğunu başa düşürük. Nəzərə almalıyıq ki, sonrakı peşmançılıq fayda verməz. Sağlamlığı o, var ikən qorumaq lazımdır.

Zöhrə FƏRƏCOVA,
“Azərbaycan”