08 Avqust 2018 12:08
575
Sərəncamlar
A- A+

Ordubad Su Elektrik Stansiyasının tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Əhalinin məşğulluq səviyyəsinin, işgüzarlıq fəaliyyətinin artırılması və maddi rifahının yüksəldilməsi məqsədilə ölkə ərazisində, eləcə də Naxçıvan Muxtar Respublikasında genişmiqyaslı abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir. Cari ilin may ayında Azərbaycan Respublikasının Prezidenti Naxçıvan Muxtar Respublikasında səfərdə olmuş və bir sıra iri layihələrin açılışını həyata keçirmişdir. Həmçinin ölkə başçısının imzaladığı müvafiq sərəncamlara əsasən gücü 36 MVt olan Ordubad Su Elektrik Stansiyasının tikintisinin davam etdirilməsi məqsədilə 10 milyon manat, “Pivot” layihəsi çərçivəsində 1000 hektar əkin sahəsində müasir suvarma (yağışyağdırma) sistemlərinin quraşdırılması işlərinin davam etdirilməsi məqsədi ilə 5 milyon manat, Culfa-Ordubad avtomobil yolunun yenidən qurulması işlərinin həyata keçirilməsi məqsədi ilə 30 milyon manat və Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə 10 milyon manat vəsait Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılmışdır.

Araz çayı üzərində inşa edilən Ordubad Su Elektrik Stansiyasının tikintisinin davam etdirilməsinin vacibliyini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Gücü 36 MVt olan Ordubad Su Elektrik Stansiyasının tikintisinin davam etdirilməsi məqsədi ilə əlavə olaraq, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.84-cü bəndində göstərilmiş məbləğin 13,5 milyon (on üç milyon beş yüz  min) manatı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 7 avqust 2018-ci il

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video