Alternative content

16:31 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli park daha da gözəlləşəcək
Milli park daha da gözəlləşəcək
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:08 08.08.2018

 

Buna yeni imzalanmış “Dənizkənarı Bulvar İdarəsinin Nizamnaməsi” imkan verəcək

 

Bakı bulvarının qorunması, inkişafı və təbliği istiqamətində bütün zəruri addımlar atılır. Bu məqsədlə dövlət başçısı tərəfindən fərman imzalanmış, Dənizkənarı Bulvar İdarəsinin idarə edilməsini asanlaşdıran, onun gələcək inkişafını təmin edən və Azərbaycan mədəniyyətinin şah əsəri kimi təbliğini dəstəkləyən, perspektiv məqamları nəzərə alan nizamnaməsi təsdiq edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətini təmin etmək məqsədilə imzaladığı sənəddə “Dənizkənarı Bulvar İdarəsinin Nizamnaməsi” təsdiqlənmiş, təxminən
69 milyon manat ətrafında nizamnamə fondunun miqdarı müəyyən edilmişdir. Sənəddə toxunulan ən vacib məqamlardan biri də Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bulvar İdarəsi ilə qarşılıqlı əməkdaşlığına aiddir. Bu təşkilata Bulvar İdarəsi ilə razılaşdırılmaqla, Dənizkənarı Milli Parkın ərazisində yerləşən obyektlərin görünüşü ilə bağlı vahid tələblər konsepsiyasının və müvafiq yenidənqurma (rekonstruksiya) proqramının layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılmışdır.
Bundan başqa, digər qurumlara Bakı bulvarının fəaliyyətinin tənzimlənməsi və düzgün qurulması məqsədilə müvafiq tapşırıqlar verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli fərmanında Dənizkənarı Bulvar İdarəsinin Dənizkənarı Milli Parkın, Dövlət Bayrağı meydanının, Dövlət Bayrağı Muzeyinin mühafizəsi və idarə edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxs olduğu göstərilir və onun fəaliyyətinin məqsədləri və istiqamətləri təyin edilir. Təşkilatın fəaliyyətinin məqsədi Bakı şəhərində yerləşən Milli Parkın, Dövlət Bayrağı meydanının, Dövlət Bayrağı Muzeyinin mühafizəsi, onların ərazisinə nəzarət və onların idarə edilməsi, saxlanılması, cari fəaliyyətinin və perspektiv inkişafının təmin edilməsidir. Bu təşkilatın fəaliyyət istiqamətləri isə milli parkın, Dövlət Bayrağı meydanının, Dövlət Bayrağı Muzeyinin inkişafını, vahid dövlət siyasətinin formalaşmasında iştirakını və bu siyasətin həyata keçirilməsini təmin etmək, proqnozlaşdırma və planlaşdırma işlərini təşkil etməkdir.
Bakı bulvarı Azərbaycan mədəniyyəti tarixinin şah əsəri kimi xüsusi qayğı və diqqət tələb edən məkana çevrilmiş, dünyanı valeh edən unikal memarlıq abidəsi kimi möhtəşəm və ümumbəşəri məzmuna sahib olmuşdur. Məhz bu baxımdan onu Azərbaycan dövlətçiliyi tarixinin ən nadir, bənzərsiz mədəniyyət abidəsi kimi Azərbaycan Prezidentinin şəxsi himayəsinə götürməsi təqdirəlayiqdir.
Bu gün Dənizkənarı Milli Park nəinki Bakının, hətta bütün Azərbaycanın pasportu, simasıdır. Ona görə ki, istənilən əcnəbi Azərbaycan deyəndə Bakı bulvarını, onun bənzərsiz gözəlliyini, unikallığını düşünür. Bakıya aludə olan, ondan yana darıxan, ona can atan insanların sayı artıq minlərlə yox, on, yüz minlərlə ölçülür.
Bulvar İdarəsinin nizamnaməsində yeni yaradılmış qurumun səlahiyyətləri genişləndirilmiş, onun hüquq və vəzifələrinə milli parka aid olan proqram və inkişaf konsepsiyalarını hazırlamaq və həyata keçirmək, milli park ərazisinə nəzarət, burada yerləşən xüsusi ekoloji, tarixi, estetik əhəmiyyət daşıyan təbiət və mədəniyyət obyektlərindən, xüsusi əhəmiyyətli obyektlərdən istifadə rejimini təmin etmək aid edilmişdir. Həmçinin Bakı bulvarının tam qorunması, istifadə qaydalarının, mühafizə rejiminin pozulmasının qarşısının alınması və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi ilə əlaqədar zəruri tədbirlərin görülməsinin vacibliyi də sənəddə əksini tapır.
Bundan sonra milli park ərazisində yarmarkaların, sərgilərin, konsert proqramlarının, şənliklərin, festivalların, bayram tədbirlərinin, yürüşlərin, müsabiqələrin və digər mədəni-kütləvi tədbirlərin həyata keçirilməsi bir mərkəzdən - Bakı Bulvar İdarəsi tərəfindən həyata keçiriləcək. Beləliklə, Bakı bulvarı Azərbaycan mədəniyyətinin bütün çalarlarını vəsf edən möhtəşəm təbliğat platformasına çevriləcək. Burada keçirilən bayramlar, konsertlər, çox güman ki, minlərlə əcnəbi turistin Bakıdan apardığı ən gözəl xatirələr olacaq.
Sənəddə göstərilir ki, bundan sonra Bakı şəhərindəki Dövlət Bayrağı meydanının ərazisində yerləşən Azərbaycan Respublikasının dövlət bayrağı və onun dirəyinə texniki xidməti, onların saxlanılması və mühafizəsinin təşkili istiqamətində dövlət sifarişini Bakı Bulvar İdarəsi həyata keçirəcək, Azərbaycan Respublikasının dövlət rəmzlərini və dövlətçilik tarixini əhali arasında geniş təbliğ etmək məqsədilə Dövlət Bayrağı Muzeyinin fəaliyyətini təşkil edəcək və ona nəzarəti həyata keçirəcək.
Eyni zamanda bu qurum milli park ərazisində yerləşən təbiət və mədəniyyət obyektlərinin, eləcə də Dövlət Bayrağı meydanının elmi, mədəni və tarixi əhəmiyyətini əhali və ölkəmizə gələn qonaqlar arasında geniş təbliğ etmək məqsədilə sərgilərin, fotostendlərin, ekskursiyaların, mühazirələrin, sənədli və qısametrajlı filmlərin hazırlanmasını, elmi-kütləvi ədəbiyyatın nəşrini, beynəlxalq və milli simpoziumların və seminarların keçirilməsini təmin edəcək.
Milli park ərazisində turizmi inkişaf etdirmək, turist marşrutlarını müəyyən etmək və bununla bağlı infrastruktur yaratmaq, turizm xidmətləri və ictimai-sosial xidmətlər göstərmək, Dövlət Bayrağı meydanının, milli parkın gözəlliyini və tarixini əks etdirən təbliğat materiallarının (kitablar, jurnallar, bukletlər, bülletenlər, şəkillər və s.) çapını, yayımını təşkil etmək də Bakı Bulvar İdarəsinin səlahiyyətləri çərçivəsindədir.
Dövlət başçısının imzaladığı fərmanda Bulvar İdarəsinə geniş hüquqlar verilmişdir. Bura beynəlxalq konfransların, seminarların və digər beynəlxalq tədbirlərin keçirilməsi, özəl və dövlət qurumları ilə müqavilə əsasında birgə fəaliyyət göstərmək, investisiyalar cəlb etmək aiddir. Həmçinin Bulvar İdarəsinin balansında olan əmlakı icarəyə vermək, müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək və s. aiddir.
Bir sözlə, Bakı Bulvar İdarəsinin Nizamnaməsi müasir dövrün tələbləri ilə tam uzlaşır və onun ən mütərəqqi və müasir üsullarla idarə olunmasına geniş imkanlar yaradır.

Bahadur İMANQULİYEV,
“Azərbaycan”