Alternative content

13:41 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Şahdağ” gəl-gəl deyir
“Şahdağ” gəl-gəl deyir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:08 08.08.2018

 

Ölkədə qeyri-neft sektorunun inkişafına verilən dövlət dəstəyi sayəsində öz təbii gözəllikləri ilə zəngin olan bölgələrdə turizmin inkişafı üçün yeni istirahət mərkəzləri açılmışdır. Onların sırasında Qusarın özünəməxsus yeri var. İlin bütün fəsillərində burada turistlərlə rastlaşmaq mümkündür. İsti aylarda gözəlliyi ilə göz oxşayan meşələri, qışda pambıq kimi ağappaq qara bürünmüş dağ və dərələri buraya gələnləri ovsunlayır, onları təkrar-təkrar bu füsunkar diyara qayıtmağa sövq edir.

Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ərsəyə gələn “Şahdağ” qış-yay turizm kompleksi ölkə hüdudlarından çox-çox uzaqlarda da məşhurdur. Ötən illər ərzində rayona gələn turistlərin sayında müşahidə edilən artım bunu təsdiq edir.

Xatırladaq ki, “Şahdağ” qış-yay turizm kompleksinin tikintisinə 2009-cu ildə başlanıb. Kompleks Qusar şəhərindən 30 kilometr şimalda, dəniz səviyyəsindən 1.300-3.200 metr hündürlükdə, Şahdağ Milli Parkının ərazisində inşa edilib. Turizm sahəsində çalışanlar da bu səfalı guşələrdə, əsrarəngiz təbiətin qoynunda istirahətin və xidmətin təşkilinin müasir tələblər səviyyəsində qurulmasına nail ola biliblər.

Rayonda turizmin dağ, meşə, kənd kimi növləri də formalaşmaqdadır. Qış aylarında dağ turizminə üstünlük verənlər ilin bütün fəsillərində digər turizm marşrutlarından da yararlanırlar.

Yayda rayonun kəndlərində, hotellərdə  boş yer  tapmaq  çətin  olur. Bələdçilər turistlərə yol göstərmək üçün onları rayon mərkəzindəki park və xiyabanlarda xüsusi  ayrılmış yerlərdə qarşılayır, lazım gəldikdə, gedəcəkləri yerə aid xəritələr verirlər.

İyun ayından başlayaraq hər həftənin çərşənbə və şənbə günləri rayon mərkəzində, park və xiyabanlarda konsert proqramları təşkil edilir. Belə tədbirlərdə Azərbaycanın tanınmış şairlərinin şeirləri oxunur, yazıçıların əsərlərindən səhnələr göstərilir, viktorinalar keçirilir. Artıq avqust ayının əvvəllərindən belə tədbirlər kəndlərdə də təşkil olunur. 

Turistlərin ən çox dincəlmək istədiyi yer “Şahdağ” qış-yay turizm kompleksidir. Bu da təbiidir. Kompleks nadirliyi və unikallığı ilə fərqlənir. Bu kompleksin Qusarda işsizlik probleminin həllində, sahibkarlığın, sənətkarlığın inkişafında, rayonun büdcə gəlirlərinin artmasında, infrastruktur sahələrinin sürətlə yenidən qurulmasında əvəzsiz rolu var. Kurort fəaliyyətə başlayandan bəri minlərlə yeni iş yeri açılıb. Turizm kompleksində qonşu rayonlardan da neçə-neçə  gənc çalışır.

I Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunları zamanı yolları bura düşən turistlərin çoxu təkrarən bu istirahət guşəsinə səyahət etmişdir. Respublikamızda keçirilən beynəlxalq turnir və tədbirlərin iştirakçıları da çox zaman Qusarı seçirlər. Bunu nəzərə alan kompleksin rəhbərliyi bir neçə istirahət turlarının yeni layihələrini hazırlayıb.

Bir sözlə, qış aylarında ağappaq qarla örtülən yamaclar hazırda yaşıllığa bürünüb. Kanat yolları vasitəsilə Şahdağ yamaclarını 2000 metr yüksəklikdən, paraplanla 2250 metr hündürlükdən bütün ərazini seyr etmək mümkündür.

Yay mövsümündə hər kəsin maraq dairəsinə uyğun dağ velosipedi, sərbəst velosiped turu, müxtəlif nəqliyyat vasitələri, at sürmə, dağlarda gəzinti kimi 14 əyləncə növü təklif olunur.

Kanat yolları 6 yaşdan kiçik uşaqlar, 70 yaşdan böyüklər, veteranlar və fiziki məhdudiyyətli insanlar üçün pulsuzdur. Bütün əyləncələrdən istifadə zamanı turistlər təhlükəsizlik ləvazimatları ilə təmin edilir və daim bələdçilərin nəzarəti altında olurlar.

Kompleksdə yay düşərgələri də təşkil olunur. Belə ki, ailəliklə istirahətə gələnlər daha çox bu xidmət növündən istifadə edirlər. Özləri ilə gətirdikləri “evləri” hava ilə doldurub Şahdağın ətəklərində gecələyənlərə də təsadüf edilir. Həmin ərazilər işıqlandırılaraq turistlərə rahat şərait yaradılıb.

Ötən qış mövsümündə “Şahdağ” qış-yay turizm kompleksinə 40 mindən artıq turist gəlmişdi. Sentyabr ayının ortalarına kimi davam edən yay mövsümündə bu rəqəm daha çox olacaq.

 

Akif  ƏLİYEV,

“Azərbaycan”