Alternative content

01:18 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV VII Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olublar
VII Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olublar
ANA SƏHİFƏ / CƏMİYYƏT
11:08 07.08.2018

 

 

“Bakı Prosesi 10 il: Mədəniyyətlərarası dialoqun inkişafına töhfə kimi” adlı VII Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları avqustun 7-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) olublar.

AZƏRTAC xəbər verir ki, burada Yay Məktəbinin iştirakçılarının Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, professor Etibar Nəcəfovla görüşü olub.

BBMM-in icraçı direktor əvəzi Rəvan Həsənov deyib ki, VII Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları bu günlər ərzində Azərbaycanın qədim tarixi, mədəniyyəti, siyasəti haqqında dolğun məlumatlar əldə edib, ölkəmizdəki multikultural mühitlə yaxından tanış olublar. Layihə iştirakçıları Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində, Qafqaz Müsəlmanları İdarəsində olublar.

Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov Yay Məktəbi iştirakçılarının Bakı şəhərinə, Qəbələ, İsmayıllı, Oğuz və Şəki rayonlarına səfərlərinin onlarda xoş təəssüratlar yaratdığına əminliyini ifadə edib. Bildirib ki, Azərbaycanın ən gözəl bölgələrindən hesab edilən bu ərazilərdə müxtəlif millətlərin, etnik qrupların nümayəndələri birgə sülh şəraitində yaşayırlar.

Multikulturalizmin cəmiyyətdə mövcud olan etnik, dini, irqi, mədəni müxtəlifliklər arasında əlaqələrin tənzimlənməsində mühüm rol oynadığını qeyd edən E.Nəcəfov iştirakçılara Azərbaycanın multikulturalizm modeli barədə məlumat verib. Bildirib ki, iştirakçılar burada qaldıqları müddətdə maraqlı insanlarla tanış olub, ölkəmizdə mövcud olan multikulturalizm ənənələri barədə biliklər əldə ediblər.

E.Nəcəfov multikulturalizmin tarixindən bəhs edərək deyib ki, Azərbaycan multikulturalizmi dövlət siyasətinin tərkib hissəsi elan edən çox az ölkələrdən biridir. “Azərbaycanda multikulturalizmin dövlət siyasətinin tərkibi olması barədə danışarkən, 2 məsələni qeyd etmək lazımdır. Birincisi, multikulturalizm Azərbaycanın daxili dövlət siyasətinin ayrılmaz hissəsidir. İkincisi isə multikulturalizm Azərbaycanın uğurlu xarici siyasətidir. Multikulturalizmin daxili siyasətdə rolundan danışarkən qeyd etmək lazımdır ki, bu model ölkədə dini əlaqələrin tənzimlənməsində mühüm amildir. Azərbaycan bu sahədə böyük uğur qazanıb. Azərbaycanda dini azadlıq tam təmin olunub. Azərbaycanın əhalisinin 90 faizindən çoxu müsəlman olsa da, burada müxtəlif dinlərin nümayəndələri sülh şəraitində yaşayırlar. Dövlət bütün dinlərə lazımi yardımlar, o cümlədən maliyyə yardımı göstərir”,- deyə Prezident Administrasiyasının rəsmisi vurğulayıb.

E.Nəcəfov, həmçinin qonaqlara “Bakı prosesi” haqqında məlumat verərək bildirib ki, “Bakı prosesi” ideyasını ilk dəfə Azərbaycan Prezidenti İlham Əliyev 2008-ci il 2-3 dekabr tarixlərində Bakıda Avropa və ona qonşu regionların mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda keçirilmiş konfransında irəli sürüb. Bu konfransda ilk dəfə olaraq 10 İslam ölkəsinin də iştirak etməsi ilə yeni bir formatın əsası qoyuldu. Ümumilikdə 48 ölkənin, 8 beynəlxalq təşkilatın və bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının yüksək səviyyəli nümayəndələrinin iştirak etdikləri bu konfransda Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraq “Mədəniyyətlərarası dialoqun təşviqinə dair Bakı Bəyannaməsi” qəbul edilib. Bununla da sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə tutan “Bakı prosesi”nin və bu prosesin uğurla davam etdirilməsi məqsədilə Azərbaycan tərəfindən təklif edilən “Sənətçilər dialoq naminə” layihəsinin əsası qoyulub.

Qeyd olunub ki, “Bakı prosesi”nin davamlılığını təmin etmək məqsədilə 2009-cu ildə Bakıda keçirilmiş İslam ölkələrinin mədəniyyət nazirlərinin VI konfransına Azərbaycanın təşəbbüsü ilə İslam ölkələri ilə yanaşı, 10-dan çox Avropa dövlətinin təmsilçisi də dəvət olunub. Konfrans çərçivəsində Avropa Şurasına və İslam Konfransı Təşkilatına üzv ölkələrin iştirakı ilə “Mədəniyyətlərarası dialoq” mövzusunda “dəyirmi masa” keçirilib və birgə kommünike qəbul edilib.

E.Nəcəfov diqqətə çatdırıb ki, “Bakı prosesi”nin növbəti inkişaf mərhələsi onun regional təşəbbüsdən qlobal hərəkata çevrilməsi ilə əlaqələndirilir. Bu inkişaf mərhələsi də Prezident İlham Əliyevin adı ilə bağlıdır. 2010-cu ildə BMT Baş Məclisinin 65-ci sessiyasında çıxış edərkən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev növbəti il Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsini elan edib. Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu hər iki ildən bir Azərbaycanda keçirilir.

Vurğulanıb ki, “Bakı prosesi” çərçivəsində həyata keçirilmiş digər mühüm tədbirlərdən ölkəmizdə 2010-cu ilin 26-27 aprel tarixlərində keçirilmiş Dünya Dini Liderlərinin Sammitini, 2011-ci ildən indiyədək keçirilən beş Beynəlxalq Humanitar Forumunu və 2016-cı ilin 25-27 aprel tarixlərində keçirilmiş Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunu göstərmək olar.

Sonra Yay Məktəbinin iştirakçılarının sualları cavablandırılıb.