Alternative content

15:45 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Hərbi hissələrə 148 min kiloqramdan çox meyvə-tərəvəz və bostan məhsulları təhvil verilib
Hərbi hissələrə 148 min kiloqramdan çox meyvə-tərəvəz və bostan məhsulları təhvil verilib
ANA SƏHİFƏ / CƏMİYYƏT
02:08 07.08.2018

Muxtar respublikada iməciliklər zamanı salınmış meyvə bağlarından 69 min 676 kiloqram ərik, 17 min 64 kiloqram alma, 1232 kiloqram gilənar, 631 kiloqram alça, 214 kiloqram gilas olmaqla, ümumilikdə, 88 min 817 kiloqram meyvə yığılaraq hərbi hissələrə verilib. Əlavə olaraq hərbi hissələrin yardımçı təsərrüfatlarından 51 min 978 kiloqram meyvə, 7 min 488 kiloqram bostan-tərəvəz məhsulu yığılıb.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, mülki təşkilatlar tərəfindən hərbi hissələrə təhvil verilən sovqatın və hərbi hissələrin yardımçı təsərrüfatlarından yığılmış meyvə, tərəvəz və bostan məhsullarının ümumi həcmi 148 min 283 kiloqram olub. Bu məhsulun 67 min 199 kiloqramı qurudulmaya verilib və bu günə qədər 8180 kiloqramı qurudulub. Hazırda meyvə bağlarından və bostanlardan toplanan məhsulların hərbi hissələrə təhvil verilməsi davam etdirilir.

Məhdud fiziki imkanlı şəxslər tərəfindən hazırlanmış isti qış geyimlərinin Əlahiddə Ümumqoşun Ordunun çətin dağlıq şəraitdə xidmət edən əsgərlərinə verilməsi xalq-ordu birliyinin daha bir təzahürüdür. 2017-2018-ci illərin payız-qış mövsümündə də bu iş davam etdirilib, məhdud fiziki imkanlı şəxslər tərəfindən toxunmuş 2514 cüt yun corab və 214 şərf ön xətdə yerləşən hərbi hissələrə göndərilib. Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən isə 200 gödəkcə, 200 cüt corab və 200 idman papağı hərbi hissələrə verilib. Gömrük orqanları tərəfindən daxili bazarın qorunması və gömrük qanunvericiliyinin tələblərinin pozulması hallarına qarşı aparılan mübarizə tədbirləri çərçivəsində gömrük sərhəd-buraxılış məntəqələrində saxlanılan 4 paltaryuyan, 3 qabyuyan, 3 televizor, 3 tikiş maşını, 2 qaz sobası, 1 stolüstü qaz pilətəsi, 1 mikrodalğalı soba və 2485 kiloqram alçı aktlaşdırılaraq Əlahiddə Ümumqoşun Ordunun “N” hərbi hissəsinə təhvil verilib.

Muxtar respublika əhalisinin, dövlət qurumlarının, müəssisə və təşkilatların, ayrı-ayrı sahibkarlıq subyektlərinin əlamətdar və bayram günlərində hərbi hissələrə sovqat aparmaları, mədəniyyət kollektivlərinin əsgərlər qarşısında konsert proqramları ilə çıxış etmələri şəxsi heyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır.

Günnüt əməliyyatı nəticəsində düşməndən azad edilən ərazilərdə 15 İyun – Milli Qurtuluş Günü və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 100-cü ildönümü münasibətilə təşkil olunan bayram tədbirləri də böyük ruh yüksəkliyi yaradıb. Tədbirlərdə ordumuzun keçdiyi inkişaf yolundan, qazandığı qələbələrdən danışılıb, mədəniyyət kollektivləri şəxsi heyət qarşısında çıxış ediblər. Gətirilmiş sovqat bölmələrə təhvil verilib.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki şəhər və rayon mədəniyyət şöbələrinin yaradıcı kollektivləri, Naxçıvan Dövlət Filarmoniyasının, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının, Şərur Xalq Yallı Ansamblının və digər mədəniyyət ocaqlarının nümayəndələri əlamətdar tarixi günlərdə Naxçıvan qarnizonunun şəxsi heyəti qarşısında maraqlı konsert proqramları ilə müntəzəm çıxış edirlər. Həmçinin Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud ifaçılardan ibarət “İnam” musiqi qrupunun hər ay, eləcə də bayram günlərində Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində və ön xətdə yerləşən hərbi hissələrdə konsert proqramı təşkil olunur. 2018-ci ilin birinci yarısında da bu tədbirlər davam etdirilib, hərbi hissə və bölmələrdə ictimaiyyət nümayəndələrinin, mədəniyyət kollektivlərinin, ziyalıların, elm adamlarının və veteranların iştirakı ilə 70-ə yaxın mədəni-kütləvi tədbir keçirilib.

Qeyd edək ki, muxtar respublikadakı hərbi hissələrin şəxsi heyəti hərtərəfli təminata malikdir. Əsgərlərin qidalanması və sağlamlıqlarının qorunması sahəsində kompleks tədbirlər görülüb, ən müasir xidmət və yaşayış şəraiti yaradılıb. Əlamətdar günlərdə əsgərlərlə həmrəylik nümayiş etdirilməsi, onlara sovqatların aparılması xalqımızın öz ordusuna olan sevgi və ehtiramının daha bir ifadəsidir. Azərbaycan əsgəri də fəxr edir ki, onun arxasında qüdrətli Azərbaycan dövləti və xalqı dayanıb.