Alternative content

08:01 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Hədəf xidmətlər sektorunun fəaliyyətinin səmərəsini artırmaqdır
Hədəf xidmətlər sektorunun fəaliyyətinin səmərəsini artırmaqdır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:08 07.08.2018

 

7 strateji hədəfdən ibarət olan “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”nin ümumi icra vəziyyəti 68 faizdir. Adı çəkilən Strateji Yol Xəritəsi çərçivəsində 2017-ci il üzrə nəzərdə tutulan tədbirlərin 55 faizinin icrası tamamlanıb, 25 faizi qismən icra edilib, 20 faizi icra olunmayıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Departament rəhbəri Ramil Hüseyn bildirib ki, kommunal xidmətlər sektorunun tənzimlənməsində dayanıqlığın və effektivliyin təmin edilməsi qeyd olunan yol xəritəsinin birinci strateji hədəfidir və müvafiq dövr ərzində bu hədəf çərçivəsində nəzərdə tutulan tədbirlərin 91 faizi icra edilib, 9 faizi isə icra olunmayıb. Bu strateji hədəf üzrə Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi yaradılıb. Nazirlər Kabinetinin qərarı ilə “Elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər arasında qarşılıqlı ödəniş məsələlərinin tənzimlənməsi və daxil olan vəsaitlərdən istifadə Qaydası” təsdiq edilib. Buna müvafiq olaraq, elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər arasında qarşılıqlı ödənişlərin yeni sxem üzrə avtomatik rejimdə aparılmasına başlanılıb.
“Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”nin ikinci strateji hədəfi olan “Tam şaxələndirilən və ekoloji baxımdan təmiz elektrik enerjisi istehsalının təmin edilməsi” hədəfinin icra səviyyəsi isə belə olub: 56 faiz tam icra, 36 faiz qismən icra, 18 faiz icra edilməyib. Bu hədəf çərçivəsində nəzərdə tutulan tədbirlərin icrası nəticəsində elektrik enerjisinə ölkədaxili ehtiyacın proqnozlaşdırılmasına dair geniş hesabat hazırlanıb və elektrik enerjisinə ölkədaxili ehtiyac proqnozlaşdırılıb.
Ölkənin alternativ və bərpa olunan enerji potensialı qiymətləndirilərək enerji potensialının ən böyük olduğu regionlar müəyyənləşdirilib. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi enerji potensialını ümumilikdə 5540 MVt olmaqla müxtəlif alternativ enerji növləri üzrə qiymətləndirib. Elektrik enerjisi ixracının əsaslandırılması məqsədilə elektrik enerjisinin istehsalı üçün yanacaq və digər xərclər, gömrük xərcləri, tranzit xərcləri və bazarda iştirak etmək üçün xərclər təhlil edilib.
Adıçəkilən Strateji Yol Xəritəsində üçüncü strateji hədəf (dünya üzrə orta səmərəlilik və keyfiyyət standartlarının tətbiqi və məqsədlərə nail olmaq üçün mexanizmlərin işə salınması) - üzrə tam icra 42, qismən icra 25, icra olunmayan tədbirlər 33 faizdir. Bu hədəf çərçivəsində elektrik stansiyalarının potensialından səmərəli istifadənin təmin edilməsi məqsədilə tədbirlər planı hazırlanıb və müvafiq təkliflər Nazirlər Kabinetinə təqdim olunub. Ölkənin şəhər və rayonlarında paylayıcı elektrik şəbəkələrinin yenidən qurulması və inkişaf etdirilməsi üçün 2016-2025-ci illər üzrə Tədbirlər Planı (Master Plan)” hazırlanaraq Nazirlər Kabineti tərəfindən təsdiqlənib. Tarif dəyişikliklərinin elektrik sərfiyyatına təsirini qiymətləndirmək məqsədilə 2016-cı ilin ilk 9 ayı ilə 2017-ci ilin eyni dövrü üzrə elektrik enerjisi istehlakının səviyyəsi müqayisəli şəkildə təhlil edilib. Elektroenergetika sektorunda istehsalın, ötürmənin, paylanmanın, istehlakın, alqı-satqının və enerji bazarının hüquqi əsaslarını müəyyən edən əsas qanunun - “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun yeni layihəsi beynəlxalq təcrübə və milli iqtisadiyyatın xüsusiyyətləri nəzərə alınmaqla işlənib hazırlanıb.
Qeyd edilən yol xəritəsinin dördüncü hədəfi olan “Səmərəli və effektiv qazpaylama infrastrukturunun yaradılması”nın 2017-ci ilə aid tədbirlərinin 27 faizi icra edilib, 33 faizi qismən icra edilib və 40 faizi icra olunmayıb. Hədəf üzrə nəzərdə tutulan tədbirlərə uyğun olaraq qaz şəbəkəsinin mövcud vəziyyəti və qaz itkiləri təhlil edilib, qaz itkilərinin səviyyəsinin tələb olunan minimal göstəriciyə çatdırılması məqsədilə inkişaf planı hazırlanıb. “Qaz İxrac İdarəsi” üzrə qazpaylayıcı sistemin texniki vəziyyətinə mənfi təsirlərin azaldılması və istehlakçı məmnunluğunun artırılması üçün şəbəkəyə ötürülən təbii qazın təmizlənməsi ilə bağlı 2017-2020-ci illəri əhatə edən 19 bənddən ibarət tədbirlər planı hazırlanıb. Bundan başqa, ucqar yaşayış məntəqələrinin qazlaşdırılmasının səmərəliliyinin təhlili, eləcə də qazlaşdırılması texniki-iqtisadi cəhətdən səmərəli olmayan ucqar yaşayış məntəqələrində alternativ enerji təminatı ilə bağlı xarici təcrübə öyrənilib.
“Yüksəksəviyyəli su idarəetmə strukturunun yaradılması” adıçəkilən yol xəritəsinin beşinci hədəfidir və onun 2017-ci il üzrə icra vəziyyəti belədir: 78 faiz icra edilib, 20 faiz qismən icra olunub. Bu hədəfdə əksini tapan tədbirlərin icrası nəticəsində regionlarda 170 kiçik yaşayış məntəqəsi üzrə baş planlar işlənib hazırlanıb. 2018-ci ilin əvvəlinə qeyri-əhali üzrə sayğaclı abonentin sayı 49575, sayğaclaşma səviyyəsi 87,1 faiz olub. Sayğaclı abonentlərin sayı 2017-ci ilin əvvəlinə nisbətən 1352, sayğaclaşma faizi isə 5,1 faiz artıb.
2017-ci il ərzində büdcə vəsaiti hesabına infrastrukturun təkmilləşdirilməsi məqsədilə Abşeron yarımadası üzrə ümumilikdə 27,4 kilometr magistral, 177,4 kilometr şəbəkə, 16,1 kilometr kanalizasiya və 30,6 kilometr yağış suları xətləri çəkilib, 2 su nasos stansiyası, 1 kanalizasiya nasos stansiyası tikilib, 55 min su sayğacı quraşdırılıb.
Altınci strateji hədəf olan “Su təchizatında itkilərin azaldılması və səmərəliliyin təmin edilməsi” hədəfi çərçivəsində nəzərdə tutulan tədbirlərin 50 faizi icra edilib, 50 faizi qismən icra olunub. Bu istiqamətdə görülən işlər çərçivəsində Abşeron yarımadasında infrastrukturun zəif olduğu ərazilər üzrə su təchizatı və kanalizasiya layihələrinin mərhələli icrası məqsədilə 2018-2024-cü illər üçün infrastruktura tələb olunan investisiya xərcləri göstərilməklə tədbirlər planı hazırlanıb. 2016-cı illə müqayisədə 2017-ci ildə şəbəkəyə verilən suyun miqdarı 35,5 milyon kubmetr, itki faizi 0,8 faiz azalıb. Ölkədə su ehtiyatlarından istifadənin uçotunun təkmilləşdirilməsi, su təsərrüfatı balansının tərtib edilməsi və bu sahədə fəaliyyət göstərən bütün subyektlər arasında ödənişlərin tənzimlənməsinin qanunvericilik əsaslarının müəyyən edilməsi məqsədilə aidiyyəti qurumlarla razılaşdırılmaqla “Azərbaycan Respublikasının Su Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun qəbul olunub. Həmçinin su və kanalizasiya xidmətləri üzrə mövcud qiymətlərin müqayisəli təhlili və optimal tarif səviyyəsinə uyğunlaşdırılması ilə bağlı araşdırmalar aparılıb.
Strateji Yol Xəritəsinin sonuncu “Dayanıqlı və etibarlı istilik təchizatı infrastrukturunun yaradılması” hədəfinin 2017-ci ildə yalnız 69 faizi tam icra edilib. 17 faizi isə qismən icra edilib, 14 faizi icra olunmayıb. Bu hədəf çərçivəsində Bakı şəhəri və respublikanın regionlarında istilik təchizatı sistemlərinin fəaliyyəti ilə bağlı monitorinqlər davam etdirilib, qiymətləndirmələr aparılıb, yenidən qurulması, modernləşdirilməsi və tikintisi nəzərdə tutulan bəzi obyektlər üzrə istilik mənbələrinin layihə-smeta sənədləri hazırlanaraq razılaşdırmaya və ekspertizaya təqdim olunub, zəruri mühəndis hazırlığı işləri aparılıb. “İstilik enerjisindən istifadə qaydaları”nın layihəsi və “Büdcə təşkilatlarında kommunal xidmətlərin və resursların istehlakına görə limitlərin müəyyən edilməsi və tənzimlənməsi qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının layihəsi hazırlanıb.
Eyni zamanda özəl və kommersiyayönümlü istilik təchizatı sistemlərinin yaradılması ilə bağlı təhlillər aparılıb, istilik itkilərinin minimuma endirilməsi və xərclərin azaldılması istiqamətində işlər görülüb.
Əsas icraçı qurumların performansına gəldikdə, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə 2017-ci ildə nəzərdə tutulan tədbirlərin 100, “Azəristiliktəchizat” ASC isə 93 faizini yerinə yetirib. İqtisadiyyat Nazirliyi qeyd edilən dövr ərzində nəzərdə tutulan tədbirlərin müvafiq olaraq 89, “Azərsu” ASC 79, Maliyyə Nazirliyi 75, Tarif (qiymət) Şurası 67, Energetika Nazirliyi 64 faizini yerinə yetiriblər. Digər qurumlardan “Azərenerji” ASC 50, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 46, “Azərişıq” ASC 38 faiz icra göstəricilərinə malikdir.

Raqif MƏMMƏDOV,
“Azərbaycan”