Alternative content

21:41 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Aqrar sektorda yüksək göstəricilərə nail olunmuşdur
Aqrar sektorda yüksək göstəricilərə nail olunmuşdur
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:08 07.08.2018

 

Ölkəmizdə gedən sürətli və dinamik inkişafda Goranboy rayonunun da öz yeri var. Son illər həyata keçirilən irimiqyaslı layihələr nəticəsində rayon iqtisadiyyatının səviyyəsi bir neçə dəfə yüksəlmiş, əhalinin güzəranı xeyli yaxşılaşmışdır. Xüsusilə, aqrar sektorda əldə edilən uğurlar ildən-ilə artmış, ənənəvi kənd təsərrüfatı sahələri daha da inkişaf etmişdir. Rayonda unudulmuş bəzi kənd təsərrüfatı sahələri də yenidən dirçəldilmiş, hətta qısa zaman ərzində yüksək göstəricilərə nail olunmuşdur. 

Hər il olduğu kimi, cari ilin ötən dövrü ərzində də rayon sakinləri müxtəlif sahələrdə yüksək nailiyyətlər qazanmışlar. Xüsusilə, Prezident İlham Əliyevin rayona tarixi səfərindən sonra rayon sakinləri arasında ruh yüksəkliyi yaranmış, onları daha böyük uğurlara səfərbər etmişdir. Uzunluğu 14 kilometr olan Dəliməmmədli-Quşçular-Fəxralı-Qurbanzadə-Alpout və uzunluğu 20 kilometr olan Dəliməmmədli-Muzdurlar-Qırıqlı avtomobil yollarının, Dəliməmmədli yarımstansiyasının, “Regional Aqropark”ın və Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsinin açılışında dövlət başçısının iştirak etməsi, eləcə də sadə peşə adamları ilə görüşüb səmimi söhbətlər aparması hər bir Goranboy sakinində stimul yaratmış, onları daha böyük amallar uğrunda yorulmadan çalışmağa səfərbər etmişdir. Ölkə rəhbərinin tapşırıq və tövsiyyələrini əldə rəhbər tutan rayon sakinləri demək olar ki, aqrar sektorun bütün sahələrində yüksək göstəricilərə nail olmuşlar.
Qeyd etmək lazımdır ki, Goranboy rayonunda son illər ərzində nə qədər böyük işlər görülmüşdür. Bir neçə yol layihəsinin icrası nəticəsində rayon əhalisinin 60 faizi təmir edilmiş yollardan istifadə edir. Rayonda yeni elektrik xətləri çəkilmiş, fasiləsiz elektrik təchizatı həll olunmuşdur. Ev təsərrüfatının 95 faizi qazlaşdırılmışdır. İçməli su təchizatı məsələsi 4 il bundan əvvəl öz həllini tapmışdır. 40-dan çox məktəb təmir edilmiş və yaxud tikilmişdir. Yeni aqroparkın yaradılması və fəaliyyətə başlaması nəticəsində ərzaq təhlükəsizliyi məsələləri öz həllini tapmaqla yanaşı, işsizliyin aradan qaldırılmasına da səbəb olmuşdur.
Prezident İlham Əliyev Goranboya 6 dəfə səfər edib və bu səfərlərdən sonra rayonda böyük canlanma olub. Xüsusilə, rayonda abadlıq və quruculuq işlərinin həcmi xeyli genişləndirilib. Cari ilin iyun ayının 5-də Goranboya etdiyi tarixi səfərdən sonra dövlət başçısı rayon mərkəzində qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binalarının sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə imzaladığı sərəncama əsasən, yeni yaşayış binasının tikintisinə başlanılıb. Hazırda həmin binanın tikintisi sürətlə davam etdirilir.
Dövlət başçısının tarixi səfərindən sonra rayonda abadlıq və quruculuq işlərinin həcmi də xeyli genişləndirilmişdir. Sahəsi 750 kvadratmetr olan Bayraq muzeyinin tikintisi başa çatdırılmış, meydanda 72 metr hündürlüyündə Dövlət bayrağı ucaldılmışdır. Ərazidə 18 ədəd yeni işıq dayağı quraşdırılmış, 950 kvadratmetr tomet düzülmüş, yeni dekorativ gül kolları əkilmiş, yaşıllıq salınmışdır.
Hazırda Goranboy tikinti meydançasını xatırladır. Rayon mərkəzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti üçün yeni inzibati binanın tikintisində son tamamlanma işləri görülür. Respublika Prezidentinin sərəncamı ilə ayrılmış vəsait hesabına mərkəzi rayon xəstəxanası üçün yeni binanın tikintisi aparılır. Rayonda olimpiya idman kompleksinin tikintisi də sürətlə gedir. Bundan başqa, xalça istehsalı emalatxanasının, ailə və uşaqlara dəstək mərkəzinin tikintisi davam etdirilir. Hazırda Goran qəsəbəsindəki 2, 4 və 6 saylı binaların fasad hissələri, Goranboy şəhəri M.Məhərrəmov küçəsindəki 22 saylı binanın dam örtüyü, fasad hissəsi yenilənməklə yanaşı, binanın həyətyanı sahəsində abadlıq və quruculuq işləri aparılır. Bu günlərdə isə Dəliməmmədli şəhərində 20-dək kommunal evin dam örtüklərinin dəyişdirilməsinə başlanılmışdır. Goranboy şəhərinin İsmət Qayıbov, Səməd Vurğun, İlham İsmayılov, Səlahəddin Civəzadə küçələrində 2500 metr səki daşı dəyişdirilmiş, ərazidə yaşıllıq zolaqları salınmışdır. Səlahəddin Civəzadə küçəsinə asfalt örtüyünün salınmasına başlanılmışdır. Vüqar Bayramov küçəsində və Heydər Əliyev prospektində 1200 kvadratmetr səki daşı yenisi ilə əvəz edilmidir. Goran tərəfdən rayon mərkəzinə giriş hissədə - İrəvanlı ərazisində 1600 kvadratmetr hasar təmir edilmişdir.
Əhalinin ən çox istirahət etdiyi mədəniyyət mərkəzlərinin təmiri də unudulmamışdır. Belə ki, Heydər Əliyev adına mədəniyyət və istirahət parkında olan fəvvarələr təmir edilərək istifadəyə verilmişdir. Rövşən Mustafayev və Cəfər Cabbarlı küçələrində yöndəmsiz darvazalar təmir edilərək rənglənmişdir. Ərazidə 1000 ədəddən çox dekorativ ağac və gül kolları əkilmişdir. Bundan başqa, şəhərin Mirqalib Nağıyev, Məmməd Məhərrəmov, Cəfər Cabbarlı, Nizami, Nəriman Nərimanov küçələrində asfalt-beton örtüyünün salınmasına başlanılmışdır. Hazırda rayonun yaşayış məntəqələrində abadlıq-quruculuq işləri davam etdirilir. Əvvəllər olduğu kimi, indi də yerli icmalar və qeyri-hökumət təşkilatları abadlıq və quruculuq işlərində fəallıq göstərirlər.
Rayonda əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər öz müsbət nəticəsini verir. Belə ki, təkcə cari ilin ötən altı ayı ərzində rayonda 335 yeni iş yeri açılmışdır.
Rayonun ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə Xoylu kənd tam orta məktəbinin əlavə tədris korpusunda əsaslı təmir işləri aparılmış, Səfikürd və Balakürd kəndlərindəki məktəblərdə mini stadionlar qurulmuşdur. Ümumilikdə son 7 ildə rayonda 24 məktəb, 3 əlavə tədris korpusu inşa edilmiş, 11 məktəb isə əsaslı şəkildə təmir olunmuşdur. Söz yox ki, bütün bunlar tədrisin keyfiyyətinə müsbət təsir göstərmiş, ali məktəblərə qəbulun nəticəsində özünü göstərmişdir.
Məktəbəqədər tədrisin ilkin pilləsi olan uşaq bağçalarının maddi-texniki bazasının gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə Kələk kəndində uşaq bağçası uçun yeni bina inşa edilmişdir. Bu günlərdə Ağamalıoğlu kənd uşaq bağçasında əsaslı təmir işlərinə başlanılmışdır.
Hər il olduğu kimi, keçən il və cari ilin ötən dövrü ərzində aqrar sahədə də bir sıra nailiyyətlər əldə edilmişdir. Pambıqçılığın, tütünçülüyün və baramaçılığın inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramları uğurla icra olunur. Həmin sahələrin inkişaf etdirilməsi və daha yüksək məhsuldarlıq əldə edilməsi üçün tədbirlər görülmüşdür. Bu il kümçülər 9,8 ton barama istehsal edərək yüksək göstəriciyə nail olmuşlar. Cari təsərrüfat ilində 5 min hektar sahədə pambıq, 8 min hektar sahədə isə tütün əkilmişdir. Bütün aqrotexniki tədbirlərin vaxtında həyata keçirilməsi nəticəsində sahələrdə bol pambıq və tütün yetişdirilmişdir.
Rayon taxılçılarının göstəriciləri də yüksək olmuşdur. Bu ilin məhsulu üçün 18 min 774 hektarda taxıl yetişdirilmişdir. Artıq 17 min 67 hektar sahənin məhsulu biçilmişdir. Hər hektardan məhsuldarlıq 30 sentnerdən çoxdur.
Goranboy və Samux rayonlarının inzibati ərazisində yerləşən “Boz dağ” massivində yaradılmış “Region Aqroparkı” üçün Şəmkir maşın kanalından 12,1 kilometr uzunluğunda su kəməri çəkilmiş, su anbarları inşa edilmiş, müasir suvarma qurğuları yaradılmış, 14 kilometr uzunluğunda yüksək gərginlikli elektrik xətti çəkilmiş, transformator quraşdırılmışdır. Burada meyvə bağları, pambıq və taxıl sahələri salınmışdır. Gələcəkdə həmin sahədə şəkər çuğunduru və bir neçə texniki bitkilərin yetişdirilməsi, həmçinin bir neçə soyuducu anbarın da tikintisi nəzərdə tutulmuşdur. Təsərrüfat tam fəaliyyətə başlayanda 500 nəfər üçün yeni iş yeri açılacaq.
Goranboy rayonu su təminatında çətinlik çəkən rayonlar sırasındadır. Bu sahədə movcud çətinliklərin aradan qaldırılması üçün hər il bir sıra məqsədyönlü tədbirlər həyata keçirilir. Bu tədbirlər bu il də davam etdirilir. Keçən ilki tədbirlər nəticəsində Şəmkir kanalı vasitəsilə Dəliməmmədli şəhəri ərazisinə suvarma suyu verilmişdir. Kanalın ətrafında yerləşən 8 kənddə su təminatı demək olar ki, qaydaya salınmışdır. Rayonun 16 yaşayış məntəqəsində 19 ədəd subartezian quyusunun qazılması üçün hazırlıq işləri görülür.
Hazırda respublikamızın digər bölgələrində olduğu kimi, Goranboyda da işlərin qızğın vaxtıdır. Ən çox da pambıqçılar və tütünçülər gərgin iş rejimi ilə çalışırlar. Bir tərəfdə tütün yığılırsa, digər tərəfdə pambıq tarlalarında iş gedir. Fermerlər məhsulu axıradək yetişdirmək və daha çox qazanc əldə etmək üçün gecəni-gündüzə qatıb, yorulmaq bilmədən çalışırlar. Çəkilən zəhmət isə əvəzsiz qalmır.

Sabir ƏLİYEV,
“Azərbaycan”