Alternative content

02:51 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV AHİK-in sədri həmkarlar ittifaqlarının sanatoriya-kurort müəssisələrindəki şəraitlə tanış olub
AHİK-in sədri həmkarlar ittifaqlarının sanatoriya-kurort müəssisələrindəki şəraitlə tanış olub
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:08 07.08.2018

 

Avqustun 6-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev AHİK-in sanatoriya-kurort müəssisələrində olub. AHİK sədri sanatoriyalardakı şəraitlə tanış olub və orada müalicə olunan vətəndaşlarla görüşüb.

AZƏRTAC xəbər verir ki, Bilgəh Kardioloji Sanatoriyasındakı vəziyyətlə tanış olan Səttar Möhbalıyev burada müalicə olunan vətəndaşlara göstərilən xidmətin vəziyyəti ilə maraqlanıb. O qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığı ilə kurortların inkişafına dair dövlət proqramı hazırlanıb. Dövlət proqramı ilə əlaqədar AHİK sanatoriyaların tikintisi və təmiri işlərini aparır. AHİK sədri qeyd edib ki, bu gün sanatoriya və istirahət mərkəzlərinin 85 faizi konfederasiyanın balansındadır. Sanatoriyaların əksəriyyətinin 1988-ci ildən başlayaraq yararsız vəziyyətə düşdüyünü deyən S.Möhbalıyev vurğulayıb ki, onların bəzilərində qaçqın və məcburi köçkünlər məskunlaşmışdı. Artıq əksər sanatoriya və istirahət mərkəzlərində təmir-tikinti işi aparılıb, bəziləri isə tamamilə yenilənib. Sanatoriyalar bütün zəruri avadanlıqlarla, o cümlədən tibb məntəqələri, istirahət guşələri, idman qurğuları ilə tam təchiz edilib.

Vətəndaşlarla söhbətində 1990-cı illərin əvvəllərində Azərbaycan iqtisadiyyatının tənəzzülə uğradığını xatırladan deputat həmin dövrlərdə AHİK-də maliyyə vəziyyətinin yaxşı olmadığını bildirib. Səttar Möhbalıyev əlavə edib ki, ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə gəldikdən sonra ölkənin iqtisadiyyatı dirçəldi. Bununla da AHİK-in də maliyyə imkanları yaxşılaşdı. S.Möhbalıyev deyib ki, konfederasiya maliyyə vəsaitindən səmərəli istifadə edir. Sahə həmkarlar ittifaqlarına tapşırılıb ki, ərazilərində olan sanatoriya və istirahət mərkəzlərində təmir-tikinti işlərini həyata keçirsinlər. Bundan başqa, əldə olunan vəsaitdən ehtiyat fondu yaradılıb. Bunun nəticəsində dəmir yolu, rabitə, təhsil işçilərinin  və digər dövlət qurumlarının həmkarlar ittifaqları Nabranda müasir standartlara uyğun istirahət mərkəzləri tikib. Mədəniyyət işçiləri üçün isə istirahət mərkəzinin tikinti işi aparılır.

AHİK sədri həmçinin bildirib ki, konfederasiya tərəfindən “Kurort” Açıq Səhmdar Cəmiyyətinə maliyyə vəsaiti yönəldilir. Bu qurum müalicə sanatoriyalarının müasirləşdirilməsi işini aparır. Naftalan şəhərindəki sanatoriyada 200-220 nəfərlik yeni istirahət mərkəzi tikilir. Sahə həmkarlar ittifaqları 30-35 min nəfərədək həmkarının yollayışlarla sanatoriyalarda müalicə və istirahətlərini təmin edirlər.

Səttar Möhbalıyev məlumat verib ki, Dövlət Neft Şirkəti əməkdaşlarının müxtəlif sanatoriya və istirahət mərkəzlərinə göndərilməsi üçün AHİK-ə ildə 5 milyon manat vəsait ayırır. Bu vəsait hesabına sanatoriyalar yeni və müasir tibbi avadanlıqlarla təmin edilib. 5 min məktəblinin istirahəti AHİK tərəfindən təmin olunub. 15 min uşaq isə ailəsi ilə birlikdə istirahətə göndərilib.

Müalicə sanatoriyalarındakı və istirahət mərkəzlərindəki qiymətlərə gəlincə isə AHİK sədri bildirib ki, orta qiymət 600 manatdır. Qiymət artımının edilməməsinin səbəbini S.Möhbalıyev istirahət edənlərin sayında azalma riskinin ola biləcəyi ilə izah edib. O, həmçinin 20 mindən çox şəhid ailəsinə, Qarabağ müharibəsi əlilinə və aztəminatlı insanlara AHİK tərəfindən yardım göstərildiyini deyib.

Daha sonra Səttar Möhbalıyev Mərdəkan qəsəbəsindəki “Günəşli” Nevroloji, “Abşeron” Mədə-Bağırsaq müalicəsi, “Qaranquş” Uroloji, həmçinin Şıx qəsəbəsindəki Dayaq və Hərəkət Sistemlərinin müalicəsi sanatoriyalarında olub. AHİK sədri burada aparılan işlərlə tanış olub. O, sanatoriyaların ərazisində yeni tikilən korpuslara baxıb, yeni istifadəyə verilmiş tibbi avandanlıqlardan istifadə prosesi ilə maraqlanıb.

Konfederasiya sədri, həmçinin sanatoriyada müalicə olunan vətəndaşların ərzaq və qida təminatı ilə tanış olub.