Alternative content

17:52 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV ABŞ İrana qarşı sanksiyaları bərpa etdi
ABŞ İrana qarşı sanksiyaları bərpa etdi
ANA SƏHİFƏ / SİYASƏT
12:08 07.08.2018

 

Vaşinqton beynəlxalq aləmdə təklənə bilər

 

Gözlənildiyi kimi, ABŞ İranın nüvə proqramına dair beynəlxalq sazişdən - Birgə Hərtərəfli Fəaliyyət Planından (BHFP) çıxması ilə əlaqədar dünəndən etibarən Tehrana qarşı sanksiyaları bərpa etməyə başlamışdır. Sanksiyaların bərpasını iki mərhələdə - avqustun 6-da və noyabrın 4-də reallaşdırmaq nəzərdə tutulmuşdur.
Məhdudlaşdırıcı tədbirlərin birinci hissəsi İran avtomobil sənayesini, qızıl və digər qiymətli metallar, alüminium və polad, qrafit və kömür alqı-satqısını, eləcə də İranın ABŞ-a xalça və ərzaq məhsulları ixracını əhatə edir. Qalan sanksiyalar isə noyabrın 4-də tətbiq ediləcək. İkinci mərhələdə İranın energetika sənayesi, neft sazişləri, habelə İran Mərkəzi Bankı ilə tranzaksiyalar hədəfə alınacaq. ABŞ rəsmilərinin fikrincə, Vaşinqton energetika sahəsində tətbiq edəcəyi sanksiyalar vasitəsilə İranın neft gəlirlərini sıfıra endirmək niyyətindədir.
ABŞ-ın dövlət katibi Mayk Pompeo bildirmişdir ki, Ağ ev İrana qarşı 2015-ci ildə bu ölkənin nüvə proqramına dair beynəlxalq saziş imzalamamışdan əvvəl mövcud olmuş sanksiyalardan daha sərt məhdudlaşdırıcı tədbirlər görməyi planlaşdırır. O əlavə etmişdir ki, sanksiyalar İran rəhbərliyinin “bədniyyətli hərəkətlər”inə cavabdır.
ABŞ dövlət katibinin fikrincə, Vaşinqton dialoq aparmağa hazırdır, amma Tehran siyasi xəttini köklü şəkildə dəyişməlidir. Pompeo vurğulamışdır ki, ABŞ Prezidenti Donald Tramp İranı “normal ölkə kimi aparmağa” məcbur etmək niyyətindədir. İrana qarşı sanksiyalar ölkə “böyük dəyişikliklər”ə məruz qalmayanadək davam edəcək.
ABŞ BHFP-dən bu il mayın 8-də çıxmışdır. ABŞ lideri İranın nüvə proqramına dair sazişin “kökündən yanlış” olduğunu irəli sürərək sənədi qüvvədən salmış və İrana qarşı əvvəllər tətbiq olunmuş sanksiyaları bərpa edəcəyini bildirmişdi. Vaşinqton Tehrana qarşı sanksiya rejimini sərtləşdirməmək üçün Tehranın 12 tələbi yerinə yetirməsinin vacibliyini bəyan etmişdi. Həmin tələblərə görə, İran özünün bütün hərbi obyektlərinin qapılarını Beynəlxalq Atom Energetikası Agentliyinin müfəttişlərinin üzünə açmalı, ballistik raketlər istehsalını dayandırmalı, Suriyadakı qoşunlarını çıxarmalı, İsraili hədələməkdən vaz keçməli, İraqın suverenliyinə hörmət etməli, Yəməndə vətəndaş müharibəsində qiyamçı hövsiləri dəstəkləməkdən imtina etməli və Əfqanıstandakı taliblərə dəstəyini kəsməlidir.
İran isə ABŞ-ın bu tələblərini birmənalı şəkildə rədd etmişdir. İranın xarici işlər naziri Cavad Zərif bildirmişdi ki, onun ölkəsi ABŞ-la təzyiq şəraitində danışıqlar aparmayacaq. Onun fikrincə, dialoqa başlamaq üçün Vaşinqton əvvəlcə BHFP-yə qayıtmalıdır. Lakin ABŞ İranın nüvə proqramına dair sazişə yenidən baxmaq niyyətində deyil.
Öz növbəsində BHFP-ni imzalamış digər ölkələr - Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya beynəlxalq sazişə sadiq qalacağını bildirmişdir. Avropa İttifaqı (Aİ) ABŞ-ın İrana qarşı sanksiyalarının bərpasına hazırlaşaraq öz şirkətlərini zərbə altından çıxarmaq üçün qabaqlayıcı addımlar atmışdır. Avropa Komissiyası (AK) hələ mayın 18-də İranda işləyən Aİ şirkətlərini ABŞ sanksiyalarından müdafiə etmək üçün ilk tədbirlər paketini qəbul edərək Vaşinqtonun məhdudlaşdırıcı tədbirlərinin Aİ ərazisində hüquqi cəhətdən ləğv edilməsi prosesinə başlamışdır. AK başqa bir qərarı ilə Aİ şirkətlərinə ABŞ sanksiyalarını yerinə yetirməyi qadağan etmiş, şirkətlərə bu sanksiyaları icra edən üçüncü şəxslərin hərəkətləri üzündən məhkəmə qaydasında kompensasiya tələb etməyə icazə vermiş, eləcə də ABŞ sanksiyalarının icrası naminə hər hansı xarici məhkəmə qərarının Aİ ərazisində qüvvəsini ləğv etmişdir. AK həmçinin Aİ ölkələrinə İran Mərkəzi Bankı ilə xarici vasitəçi banklar olmadan birbaşa bank ödənişi mexanizmləri yaratmağı tövsiyə etmişdir ki, bu da İrandan neft idxalını maliyyələşdirməyə imkan verəcək. Avropalı ekspertlərin fikrincə, bu, Aİ-nin İranla ticarətinin dollarsızlaşdırılması istiqamətində ilk addım ola bilər.
Müşahidəçilər hesab edirlər ki, ABŞ-ın İrana qarşı sanksiyaları bərpa etməsi elə də effektiv olmayacaq. Vaşinqton avropalı tərəfdaşlarını öz tərəfinə çəkməyə nail ola bilməmişdir. Üstəlik, Rusiya və Çin ABŞ-ın sanksiyalarına məhəl qoymayacaq.
Öz növbəsində İran rəhbərliyi əmindir ki, xalq ABŞ-ın sanksiyaları qarşısında duruş gətirməyə qadirdir. Prezident Həsən Ruhani bildirmişdir ki, son vaxtlar ölkənin maliyyə sistemində yaranmış problemlər ABŞ-ın sanksiyaları və təzyiqi ilə əlaqədar deyil. İran hökuməti iqtisadi çətinliklərin, o cümlədən milli valyutanın sürətlə dəyərdən düşməsinin əsas səbəbini korrupsiya və maliyyə qanunvericiliyinin pozulmasında görür. Hakimiyyət orqanları bu istiqamətdə sərt tədbirlərə əl atmışdır. Məsələn, bu günlərdə iqtisadi cinayətlər törətmək şübhəsi ilə 30 nəfərdən çox adam həbs olunmuşdur.
Beynalxalq ictimaiyyətin reaksiyasına baxmayaraq, ABŞ İrana qarşı bərpa etdiyi sanksiyalar vasitəsilə güddüyü məqsədləri gerçəkləşdirmək niyyətindədir. Almaniya KİV-in xəbərinə görə, amerikalı qanunvericilər Aİ ölkələrinə xəbərdarlıq etmişlər ki, sanksiyalardan yan keçmək cəhdi baş tutmayacaq. Bir neçə gün əvvəl ABŞ senatorları Almaniya, Fransa və Britaniyanın Vaşinqtondakı səfirliklərinə məktub göndərərək Amerikanın bütün sanksiyalarına riayət etməyə çağırmış və qeyd etmişlər ki, “Amerikanın qanunlarından yan keçmək, yaxud onları sarsıtmaq” rəsmi Vaşinqtonda “xüsusi narahatlıq” doğuracaq. Öz növbəsində Dövlət Departamentinin yüksək vəzifəli nümayəndəsi bir müddət əvvəl jurnalistlərə bildirmişdi ki, Tramp administrasiyası sanksiya rejiminə əməl etməyən xarici şirkətləri cəzalandırmaqdan çəkinməyəcək.
Müşahidəçilər hesab edirlər ki, ABŞ Tehrana münasibətdə hazırladığı planlara nail olmaq üçün yaxın vaxtlarda İranla əməkdaşlıq edən bir neçə xarici şirkəti cəzalandıraraq başqalarını bundan ibrət götürməyə məcbur edə bilər. Artıq məlumdur ki, Almaniya və Fransanın bir sıra iri şirkətləri ABŞ-ın sanksiyalarından qorxaraq İranda fəaliyyətini dayandırmışdır. Amma çətin ki, Avropa İran kimi böyük bazarı itirməyə razı olsun, çünki Aİ ölkələrinin şirkətləri ABŞ-ın təzyiqi ilə üzləşəcəyi halda öz hökumətlərindən siyasi dəstək alacaq. Digər tərəfdən, belə bir məqamı nəzərdən qaçırmaq olmaz ki, ABŞ-ın Aİ, yaxud Rusiya və Çin şirkətlərinə “ilişmə”si Vaşinqtonun beynəlxalq aləmdə təklənməsinə və İranı bir tərəfə qoyub az qala bütün dünya ilə mübarizə aparmaq məcburiyyəti qarşısında qalmasına gətirib çıxara bilər.

Allahverdi MEHDİYEV,
“Azərbaycan”