Alternative content

05:35 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Kövşənləri yandırmayın!..
Kövşənləri yandırmayın!..
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:08 07.08.2018

 

Bu həm məhsuldarlığı aşağı salır, həm də ətrafdakı mühəndis-kommunikasiya qurğuları üçün təhlükəlidir

 

Ölkə ərazisində taxıl biçini demək olar ki, yekunlaşıb. Qışda respublika ərazisində məhdud həcmdə qar yağması səbəbindən ilin əvvəllərində bir çox fermerin məhsuldarlığın aşağı düşəcəyindən qayğılanmasına baxmayaraq, proses müsbətə doğru dəyişdi.
Əksər təsərrüfatlarda taxılın məhsuldarlığı proqnozlaşdırılan həddi keçdi. Hətta aqrotexniki tələblərə düzgün əməl olunan təsərrüfatlarda hektardan 40-60 sentner məhsul götürmək şansı qazananlar da oldu.
Taxıl biçini dövründə ən təhlükəli məqamlardan biri də sahələrdə baş verə bilən yanğın hadisələridir. Bu hal isə obyektiv və subyektiv amillərlə bağlıdır. Obyektiv olanı təbiət hadisələrindən qaynaqlansa da, subyektiv hallar əsasən ehtiyatsızlıqdan, məlumatsızlıq səbəbindən qabaqlayıcı tədbirlərin görülməməsindən baş verir.
Bununla belə aqrar sahə ilə bağlı uzun illərdən bəri insanların şüurunda formalaşmış yanlış bir yanaşma bu gün də özünü göstərir. İnsanlara təlqin olunan bu idi ki, biçilmiş taxıl sahəsinin yerində qalan küləşin yandırılıb şum aparılması torpağın məhsuldarlığına daha müsbət təsir göstərə bilər. Həmin yanlış yanaşma da uzun müddət davam etdi. Lakin sonradan kənd təsərrüfatı mütəxəssisləri bu tədbirin çox zərərli tərəfləri ilə bağlı həyəcan təbili çalmağa başladılar. Xüsusən də 2000-ci illərin əvvəllərində biçilmiş taxıl sahəsində baş verən yanğının yüksək gərginlikli elektrik verilişi xəttinə təsiri və ölkədə yaşanan elektrik enerjisi böhranından sonra.
Apardığımız müşahidələr göstərir ki, cari il ərzində iri yanğın hadisələrindən biri Ağsu rayonunun Bico kəndinə yaxın ərazidəki 100 hektardan çox biçilmiş taxıl sahəsində qeydə alınıb. Rayon Kənd Təsərrüfatı İdarəsinin rəis müavini Elçin Məmmədov deyir ki, yanğın güclü olduğundan kəndin şimal dağlıq ərazilərinə tərəf irəliləyib. Yanğının qarşısının alınması üçün Ağsu, habelə Şamaxı və Göyçay rayonlarının yanğından mühafizə xidmətlərinin qüvvələri, Fövqəladə Hallar Nazirliyinin iki helikopteri və bir təyyarəsi cəlb olunub.
Köməyə ətraf kəndlərin, o cümlədən Bico, Gəgəli və bir neçə yaxın yaşayış məntəqəsinin sakinləri gəlib. Onlar texnikanın girə bilmədiyi ərazilərdə yanğını söndürməyə çalışıblar. 10-dək şum traktorunun qüvvəsi ilə alovun kənd ərazisinə daxil olmasının qarşısını almaq üçün şumlama işi aparılıb. Hadisənin başvermə səbəbi ilə əlaqədar cinayət işi açılıb.
Ümumilikdə isə rayon ərazisində təxminən 130 hektar taxıl sahəsində yanğın hadisəsi baş verib. Bundan 3 hektarı biçin aparılmamış zəmi sahəsində, qalanı isə biçilmiş kövşənlərdə müşahidə olunub.
E.Məmmədov deyir ki, hələ taxıl biçininə başlanmamış sahələrin yanğın təhlükəsindən qorunması üçün iki dəfə böyük rayon tədbiri keçirirlib. Bunlardan biri may ayının əvvəlində, ikincisi isə taxıl biçini ərəfəsində - iyunun ilk günlərində baş tutub. Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin rəhbərliyi ilə keçirilən tədbirlərdə Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi, inzibati ərazi nümayəndələri, bələdiyyə sədrləri və fermerlərin iştirakı təmin olunub. Onlara biçilmiş taxıl sahələrinin təmizlənməsi üçün samanın yandırılmasının düzgün yol olmaması, bunun məhsuldarlığa böyük zərərinin dəyməsi açıq şəkildə izah olunub.
İdarə rəisinin müavini sahələrin əsasən ehtiyatsızlıqdan yandığını da diqqətə çatdırdı.
Kənd təsərrüfatı idarəsinin bitkiçilik sektorunun müdiri Əlişah Məmmədov isə rayon üzrə taxılçılıqla 7 mindən çox fermerin məşğul olduğunu dedi. Bildirdi ki, əvvəlki illərdə olduğu kimi, bu il də hələ taxıl biçinindən əvvəl fermerlərlə maarifləndirici söhbətlər aparılıb, kövşənlərin yandırılmasının mənfi tərəfləri izah edilib. Bundan əlavə yolqırağı ərazilərdə olan taxıl sahələri biçindən əvvəl mühafizə zolaqları boyunca şumlanıb. Eyni zamanda kənd təsərrüfatı idarəsinin, İnzibati Ərazi dairəsinin nümayəndələri yerlərdə olaraq biçinin aparılmasına və yanğın hallarının baş verməməsinə nəzarət ediblər.
100 hektar sahədə taxıl əkini aparan və hektardan orta məhsuldarlığı 33-34 sentner olan Vüqar Sadiqov isə, ümumiyyətlə, kövşənlərin yandırılmasına mənfi münasibət bəsləyir. Onun sözlərinə görə, uzun illər bu sektorda çalışır və heç vaxt çıxarı olmayıb. Taxıl biçildikdən sonra yerdə qalan küləş press bağlanaraq sahədən çıxarılıb və mal-qaranın qış tədarükünə yönəldilib. Hətta qalan saman belə şum zamanı torpağın daha da güclənməsinə kömək edir.
Fermer bildirdi ki, küləşin yandırılması son nəticədə gözlədikləri yüksək məhsuldarlığın minimal həddə düşməsindən başqa onlara heç bir perspektiv vəd etmir.
Bununla belə, hələ də bəzi fermerlər indiyədək köhnə vərdişlərindən əl çəkmək istəmirlər. Halbuki Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) əkin sahələrini yandıranlara xəbərdarlıq edib. Bildirilib ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən əkin sahələrinin yandırılması inzibati məsuliyyət yaradır.
Komitə tərəfindən aparılan müşahidələrə əsasən, mövsümi biçin işlərinin başlanması nəzərə alınaraq kənd təsərrüfatı məhsulları əkilmiş, o cümlədən taxıl yetişdirilmiş sahələrdə biçindən sonra yandırılma halları müşahidə edilir. Əhalinin nəzərinə çatdırılıb ki, təsərrüfatlarda kövşənin, yəni məhsulu biçilmiş əkin sahələrinin yandırılması qadağandır və bu işlərə yol vermiş şəxslər cərimələnəcəklər. Əhalinin nəzərinə çatdırılır ki, İnzibati Xətalar Məcəlləsinin 244-1-ci maddəsinə əsasən əkin yerlərinin yandırılmasına görə fiziki şəxslərin 400 manatdan 600 manatadək məbləğdə, vəzifəli şəxslərin 1500 manatdan 2000 manatadək məbləğdə və hüquqi şəxslərin 5000 manatdan 6000 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulub.
Əkin sahələrinin yandırılması nəticə etibarı ilə kənd təsərrüfatına yararlı torpaq sahələrinin üst münbit qatının korlanmasına, əkin yerlərində torpaqların qida maddələri balansının pozulmasına gətirir. Həmçinin əkin sahələrinin yandırılması yaxınlıqda yerləşən digər sahələrdə, yaşayış məntəqələrində və meşə ərazilərində yanğın təhlükəsi yaratmaqla yanaşı, mühəndis kommunikasiya sistemlərinin sıradan çıxmasına səbəb olur.
Ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında müstəsna əhəmiyyət kəsb edən əkin torpaqlarının mühafizəsinin təmin edilməsi, eləcə də torpaqların istifadəsi və onların mühafizəsi sahəsində inzibati məsuliyyətə səbəb olacaq halların qarşısının vaxtında alınması məqsədilə yerli icra hakimiyyətləri, əlaqədar təşkilatlar əkin işləri ilə məşğul olan əhali və yerli özünüidarəetmə orqanları arasında bu istiqamətdə mütəmadi qaydada maarifləndirmə və təbliğat işlərinin aparılmasını təşkil etməlidirlər.
Kənd təsərrüfatı üzrə ekspertlərin qənaəti ondan ibarətdir ki, kövşənləri yandırmaq olmaz. Belə ki, yandırılmayan kövşənlərdə ilk növbədə torpağın flora və faunası bitki qalıqlarını parçalayaraq torpağın münbitliyinin artmasına, qida maddələrinin mübadiləsinə səbəb olur. Paralel olaraq torpağın strukturunu yaxşılaşdırır və suyun torpaqda daha asan hərəkət etməsinə, nəmliyin toplanmasına imkan verir.
Taxıl sahələrinin biçindən sonra yandırılması isə torpaqdakı üzvi maddələrin itirilməsinə, torpaq mikroflorasının məhv edilməsinə, bütövlükdə torpaq münbitliyinin kəskin surətdə azalmasına gətirib çıxarır. Ümumilikdə isə samanın yandırılması nəticəsində torpağın həyat qabiliyyəti pisləşir, milyon illər ərzində formalaşmış faydalı mikroorqanizmlər məhv olur ki, onun da bərpası üçün əlavə resurslar və uzun müddət gərəkdir.
Daha vacib bir məqama diqqət yetirmək lazımdır. Təsəvvür edin ki, bir hektar sahədə samanın yandırılması nəticəsində 40-50 kiloqram azot, 70-80 kiloqram fosfor, 90-100 kiloqrama qədər kalium elementi və 1-1,5 ton humus itirilir. Mövcud itkini kompensasiya etmək üçün torpağın hər hektarına 10-15 ton üzvi gübrə vermək lazımdır. Eyni zamanda, biçindən sonra taxıl sahələrinin yandırılması növbəti ildə həmin sahədə becəriləcək bitkilərin məhsuldarlığının 20-30 faiz azalmasına səbəb olur.
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri İmran Cümşüdovun qənaəti ondan ibarətdir ki, arpa və buğda biçini zamanı müasir kombaynlardan istifadə etməklə saman doğranaraq mulça şəklində sahəyə səpilməli və ya biçindən dərhal sonra saman yandırılmadan sahədən daşınaraq çıxarılmalıdır. Becəriləcək hər bitkiyə uyğun fosfor və ya kompleks gübrələr verilərək şum və ya 10-12 santimetr diskləmə, eləcə də sıfır torpaq becərməsi aparılmalı, torpaq səpin üçün hazırlanmalı və aralıq bitkilərin toxumlarının səpinləri həyata keçirilməlidir.
Hesab edirik ki, əlavə şərhə ehtiyac yoxdur. Biçilmiş zəmi sahələrinin yandırılmasının mənfi tərəfləri də məlumdur, belə hadisələri qəsdən törədən insanlar üçün müəyyən edilən hüquqi prosedurlar da. Qalır fermerlərin biçindən əvvəlki və sonrakı dövrlərdə şum aparılana qədər torpaqlarının nəzarət altında saxlanılması. O zaman torpaq əlavə zərərə məruz qalmaz.

Ə.SƏLİMOV,
“Azərbaycan”