Alternative content

01:31 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Paşinyan Rusiya əleyhinə etiraza hazırlaşır
Paşinyan Rusiya əleyhinə etiraza hazırlaşır
ANA SƏHİFƏ / SİYASƏT
12:08 07.08.2018

 

Ermənistan özünü yeni problemlər məngənəsinə yuvarlayır

 

Ermənistanda Nikol Paşinyan iqtidarının sələfi olan hakimiyyət təmsilçilərinə qarşı başladığı kampaniya bu ölkənin daxili ictimai-siyasi həyatı ilə yanaşı, beynəlxalq münasibətlərinə də mənfi rakursdan təsir göstərməkdədir. Amma buna rəğmən, ölkədə repressiya dalğasının genişlənməkdə olduğu müşahidə edilir. Hətta indi o da məlum olub ki, 2008-ci ilin mart hadisələri ilə əlaqədar ölkədə konstitusiya quruluşunun devrilməsi üzrə açılan cinayət işi çərçivəsində sabiq prezident Serj Sarkisyan və keçmiş baş nazir Ovik Abramyan istintaqa cəlb ediləcək. Ermənistanın xüsusi istintaq xidmətinin rəhbəri Sasun Xaçatryan bununla bağlı bildirib: “İfadə alınması üçün dindirilməyə kimin çağırılacağına dair qərarı müstəntiq verir. Mən bir neçə dəfə bildirmişəm ki, əgər istənilən vəzifəli şəxs cinayət işi ilə bağlı hansısa qiymətli məlumat verə bilərsə, o dindiriləcək”.
Erməni istintaq orqanları “Qarabağ klanı”nın liderlərindən sayılan sabiq müdafiə naziri Seyran Ohanyan barəsində ittihamlar irəli sürüb. Ohanyan 1 mart 2008-ci ildə dinc nümayiş iştirakçılarının güllələməsinin təşkilində ittiham edilir. Ohanyan dinc nümayişçilərin güllələnməsi zamanı Ermənistan Müdafiə Nazirliyi Baş Qərargahının rəisi vəzifəsini tuturdu. Xatırladaq ki, keçən əsrin 90-cı illərinin əvvəllərində Seyran Ohanyan Qarabağın dinc mülki əhalisinə qarşı hərbi-cəza əməliyyatlarında bilavasitə iştirak edib. Nəticədə, Ohanyan sonradan separatçı “DQR” ordusunun komandanı vəzifəsini tutub. Proseslər göstərir ki, “Qarabağ klanı”nın üzvü olan bu şəxs də əməllərinə görə cavab verəcək.
Digər məlumata əsasən, Ermənistanın sabiq baş nazirinin müavini Armen Gevorqyana qarşı da 2008-ci ilin 1-2 mart hadisələri ilə əlaqədar açılan cinayət işi üzrə ittiham irəli sürülüb. Ermənistan xüsusi istintaq xidmətinin rəisi Sasun Xaçatryan bununla bağlı maraqlı məqamlar açıqlayıb: “Wikileaks” saytının materiallarına əsasən, konstitusiya məhkəməsinin hakimi Valeriy Poqosyana təzyiq edilib. O, Serj Sarkisyanın xeyrinə qərar çıxarması üçün Ermənistanın ikinci prezidenti Robert Koçaryan administrasiyasının nümayəndəsi tərəfindən ona təzyiq olunduğu barədə şikayət edib. “Wikileaks”in dərc etdiyi həmin məlumat öz təsdiqini tapıb. Armen Gevorqyan və daha bir məmur konstitusiya məhkəməsinin hakimi Valeriy Poqosyana təzyiq etməyə cəhd göstəriblər. Ona qarşı cinayət məcəlləsinin 332-ci maddəsinin 3-cü bəndi - ədalət mühakiməsinə maneçilik üzrə ittiham irəli sürülüb. Bu cinayətə görə 6 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Qabaqlayıcı tədbir kimi, ölkəni tərk etməməsilə bağlı Gevorqyanın üzərinə öhdəlik qoyulub”.
Xatırladaq ki, Armen Gevorqyan 2007-ci ilin iyunundan 2008-ci ilin aprelinədək Ermənistan milli təhlükəsizlik şurasının katibi olub.
2008-ci il martın 1-də Ermənistanda keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü və ölkədə konstitusiya quruluşunu devirmək cəhdi ilə əlaqədar açılan cinayət işi çərçivəsində Ermənistanın keçmiş prezidenti Robert Koçaryan və Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fəaliyyətdə olan baş katibi Yuri Xaçaturov həbs ediliblər. Xaçaturov hələlik zaminə çıxa bilib.
Bir daha qeyd edək ki, Yuri Xaçaturov 2008-ci ilin mart hadisələri zamanı Ermənistanın konstitusiya quruluşunun devrilməsində ittiham olunur. Ona rəsmi ittiham iyulun 26-da irəli sürülüb. İyulun 27-də isə məhkəmə onun girov qarşılığında zaminə buraxılması barədə qərar çıxarıb. Ermənistan xarici işlər nazirliyi bəyan edib ki, Yerevan Xaçaturovu əvəz etməyi təklif edib. Qeyd edək ki, Vaqarşak Arutyunyan 1999-2000-ci illərdə Ermənistanın müdafiə naziri vəzifəsini tutub.
Baş verənlər, xüsusən də Yuri Xaçaturov ətrafında olanlar Rusiyanın Nikol Paşinyan iqtidarından narazılığını artırıb. Hətta bu günlərdə Rusiya xarici işlər naziri Sergey Lavrov məsələyə sərt münasibət bildirib: “Ermənistanda baş verən hadisələr ölkənin yeni rəhbərliyinin sələflərinin təqib edilməyəcəyinə dair vədlərinə ziddir. Yerevanın müttəfiqi olan Rusiya erməni dövlətinin sabitliyində həmişə maraqlı olub və bu baxımdan orada baş verənlər bizi narahat etməyə bilməz. Bu həm də Ermənistanın MDB məkanında təmsil olunduğu təşkilatların normal işinin təminatı nöqteyi-nəzərdən çox vacibdir. Son günlər ərzində biz narahatlığımızı bir neçə dəfə Ermənistan rəhbərliyinə bildirmişik. Vəziyyətin konstruktiv məcrada inkişaf edəcəyinə ümid edirik”.
Erməni politoloq Stepan Danielyan da Nikol Paşinyanın Moskvanı qıcıqlandıran davranış və bəyanatlarının Ermənistan üçün ağır fəsadlar törədəcəyi ilə bağlı xəbərdarlıq edib. Onun fikrincə, hazırda Ermənistan daxilindəki ən qalmaqallı siyasi hadisələri - Koçaryanla Kollektiv KTMT-nin fəaliyyətdə olan sədri Yuri Xaçaturov ətrafında cərəyan edən prosesləri Rusiya özü üçün təhqir hesab edir. Danielyanın sözlərinə görə, Moskva Yerevan rəhbərliyinin davranışlarını Dağlıq Qarabağ məsələsi ilə əlaqələndirəcək.
Bu mənada erməni politoloq hesab edir ki, son günlər Ermənistan milli konqresinin aktivliyi və Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi barədə sensasiyalı bəyanatlar səsləndirilməsi təsadüfi deyil: “Odur ki, Ermənistan siyasi gündəminin bir nömrəli məsələsi Rusiya ilə münasibətlər olacaq. Lakin mən belə başa düşürəm ki, Paşinyan 17 avqusta dəstək mitinqi təyin etməklə antirusiya aksiyasına hazırlaşır. Ermənistanın hazırkı durumunu nəzərə alsaq, indi hər şey bizim üçün təhlükə ehtiva edə bilər. Bu o demək deyil ki, biz Rusiya ilə suveren-vassal münasibətlər sistemini qorumalıyıq. Lakin Yerevanın son addımları, xüsusən də KTMT baş katibinin məsələsi ilə bağlı tələsik davranışlarını anlamaq çətindir. Xaçaturovu əvvəlcə tutduğu postdan geri çağırıb, bundan sonra ona qarşı istintaq prosesini başlatmaq da olardı”.
Lakin Danielyanın fikrincə, artıq gecdir və Rusiya ilə Ermənistan arasındakı mübahisəli məsələlərin müəyyən nəticələri olacaq: “Ola bilər ki, sərhəddə gərginlik yaransın, həmçinin sanksiya formasında olmasa da, iqtisadi məhdudiyyətlərin tətbiqi mümkündür. Məsələn, Yuxarı Larsdan keçən yollar bağlana bilər. Bu cür tədbirlər Ermənistan ictimai rəyinə də mənfi təsir göstərəcək. Lakin ilkin mərhələdə əhali antirusiya əhvalında olsa da, daha sonra etirazların istiqaməti Paşinyan hökumətinə qarşı çevriləcək”.
Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov da açıq bildirir ki, hazırda Rusiya-Ermənistan münasibətləri heç də yaxşı dövrünü yaşamır: “Bunun əyani sübutu KTMT-nin baş katibi Yuriy Xaçaturov haqqında həbs qətimkan tədbirinin seçilməsi, Rusiyanın Ermənistandakı hərbi bazası ətrafında baş verənlər, Rusiya XİN rəhbəri Sergey Lavrovun bəyanatıdır. Lavrovun bəyanatı aydın şəkildə iki hökumət arasında anlaşılmazlığın olmasının göstəricisidir. Antirusiya mövqeyi süni şəkildə yaradılır”.
O qeyd edib ki, Rusiya XİN rəhbərinin çıxışı erməni-rus münasibətlərinin gələcək inkişafı baxımından narahatlıq doğurur: “Yeni hökumət Rusiya ilə münasibətlərə diqqət etməlidir. Üç prezidentin dövründə Rusiya ilə münasibətlər xüsusi əhəmiyyət kəsb edirdi. Bu qısa müddət ərzində baş verən ictimai hadisələr göstərir ki, Ermənistan və Rusiyanın saat əqrəbləri müxtəlif istiqamətlərdə hərəkət edir”.
Bütün bunlar qarşıdakı günlər ərzində Ermənistanı yeni daxili və xarici problemlərin gözlədiyini deməyə əsas verir.

Elçin CƏFƏROV,
“Azərbaycan”