Alternative content

18:26 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dmitri Savelyev: Rusiya və Azərbaycanın strateji əməkdaşlığı dərin tarixi köklərə malikdir
Dmitri Savelyev: Rusiya və Azərbaycanın strateji əməkdaşlığı dərin tarixi köklərə malikdir
ANA SƏHİFƏ / SİYASƏT
02:08 06.08.2018

 

Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev AZƏRTAC-a müsahibəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin təkcə Azərbaycan üçün deyil, Rusiya üçün də əhəmiyyətli olması, həmçinin müasir Rusiya-Azərbaycan münasibətlərinin perspektivləri barədə danışıb.

 

-Bu il Azərbaycanda əlamətdar tarix – Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd edilir. Siz müasir Azərbaycan-Rusiya münasibətlərinin formalaşmasında Azərbaycan Xalq Cümhuriyyətinin oynadığı rolu necə qiymətləndirirsiniz?

-Rəhbərlik etdiyim Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu Bakıda yubiley tədbirlərində iştirak edib. Çox səmimi qarşılanmağımızı qeyd etməliyəm və buna görə azərbaycanlı dostlara və həmkarlara minnətdarlığımızı bildiririk. Azərbaycan Xalq Cümhuriyyətinə gəlincə... Dünyəvi dövlət, demokratik quruluş, kişi və qadın bərabərliyi, o dövr üçün olduqca müasir seçki sistemi və hüququ – bütün bunlar müsəlman Şərqi tarixində ilk respublikanı səciyyələndirir. Bu ənənələr müasir Azərbaycan Respublikasında da davam edir. Prezident İlham Əliyevin rəhbərliyi altında müasir Azərbaycan dünya ölkələrinin çoxuna nümunədir.

 

-Rusiya və Azərbaycan arasında ortaq cəhətlərin olmasını çoxları qeyd edir. Siz rusiyalıların və azərbaycanlıların hansı mənəvi-əxlaqi xüsusiyyətlərini, mədəni ənənələrini daha mühüm hesab edirsiniz?

-Rusiyalılar da, azərbaycanlılar da daim ünsiyyətə açıq, səmimi, qonaqpərvər, istiqanlıdırlar, hər hansı ədalətsizliyə və ayrı-seçkiliyə qarşı həssasdırlar. Onları vətənpərvərlik və dərin milli qürur hissləri yaxınlaşdırır. Rusiya Federasiyası və Azərbaycan xalqlarının mədəni ənənələrində də ortaq cəhətlər çoxdur. Xalqlarımız ənənəvi mədəni dəyərlərə - əxlaq, ailə dəyərlərinə söykənir, Qərbin fəal şəkildə zorla qəbul etdirmək istədiyi yalançı dəyərləri rədd edir. Qeyd edim ki, Azərbaycan Xalq Cümhuriyyəti də Rusiya kimi 100 il əvvəl maarifçi Avropa yolunu – dünyəvi dövlət, demokratik quruluş, kişi və qadınların hüquq bərabərliyi və ənənəvi mənəvi dəyərlərə istiqamət götürüb. Lakin zaman-zaman vəziyyət dəyişib. Müasir Avropa və Qərb, ümumilikdə, bir çox məsələdə nəinki nümunə götürüləsi deyil, hətta bunun əksinədir. Biz rusiyalılara və azərbaycanlılara öz mədəni norma və dəyərlərimizə söykənmək, bir-birimizdən öyrənmək, ölkələrimizin inkişafında öz yolumuzu tutmağımız mühümdür.

 

-Biz keçmişdən danışdıq. Sizin fikrinizcə, Azərbaycan-Rusiya münasibətlərini gələcəkdə nə gözləyir?

-Bizim çox hörmətli liderlərimiz Vladimir Vladimiroviç Putinin və İlham Heydər oğlu Əliyevin görüşləri, cəmiyyətlərimiz arasında bütün səviyyələrdə çoxsaylı qarşılıqlı əlaqələr xalqlarımız arasında dostluğu təbii yolla möhkəmləndirir. Azərbaycan Respublikasının səfirliyi Moskvada, Dövlət Dumasının yaxınlığında yerləşir. Səfirliyin yanındakı bağçada Müslüm Maqomayevin abidəsi ucalır. Bu abidə Rusiya və Azərbaycan mədəniyyətlərinin vəhdətinin rəmzidir. Bu, hər iki xalq üçün tanınmış simadır. Ənənələr isə davam edir - Rusiyada, futbol üzrə dünya çempionatının bağlanışına həsr edilmiş konsertdə Böyük Teatrda opera müğənnisi, Azərbaycanın Xalq Artisti, Rusiya opera səhnəsinin ulduzu, lakin əslən Azərbaycandan olan Yusif Eyvazov çıxış edib. Bu, onu göstərir ki, Rusiya və Azərbaycanın strateji əməkdaşlığı çox şey vəd edən gələcəyə malikdir.

Əminəm ki, biz Rusiya Federasiyası və Azərbaycan Respublikası xalqları arasında bütün sahələrdə münasibətləri bundan sonra da inkişaf etdirməliyik. Çünki bu, dövlətlərimizin inkişafına yeni təkan verəcək.

 

AZƏRTAC